Mədəniyyətlər arası dialoq və multikulturalizmin Azərbaycan modeli...

Mədəniyyət ən uğurlu dildir. Bu dillə insanlar bir-birini anlayır. Qeyd edək ki, mədəniyyətlərin qovuşması olduqca böyük bəhrə verir. Xalqlar dostlaşır, mədəniyyətlər bir-birini inkar etmir. Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman mövcud olub. Bilirik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun multikulturalizmə təsiri əvəzsizdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Günel Baxışova "Azərbaycanda mədəniyyətlərarası dialoq multikulturalizmin şərti kimi" məqaləsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin" fikri ilə başlayır.

G.Baxışova yazır ki, yaşadığımız zaman mədəniyyətlər və dinlər arasındakı yaxınlaşmanın dilə gətirilərək dialoqların qurulduğu, bunun nəticəsində mədəni-dini fərqliliklər üçün xoşgörünün axtarıldığı və bir arada sülh şəraitində yaşaya bilmək üçün maksimum səylərin göstərildiyi bir zamandır: "Biz insanlar fitrətən elə yaradılmışıq ki, digər insanlarla əlaqə qurmağa və onları anlamağa ehtiyacımız olur. Dünya tarixini bu baxımdan həm də dinləri və mədəniyyətləri əhatə edən bəşəri dialoqlar, münasibətlər tarixi kimi də dəyərləndirə bilərik. "Dialoq çağı" deyilən indiki vaxtda bunun vacibliyi daha çox hiss edilir. Dialoqun iki faydası var: Birincisi, fərqli qrup və mədəniyyətlərin maddi və mənəvi dəyərləri ilə tanış olmaq, ikincisi isə, məlumat və təcrübə mübadiləsində olmaq. Mədəniyyətlərarası dialoq mühitində müvəffəqiyyətli olmaq üçün beynəlxalq anlayışları, siyasətləri tanımaq və digər mədəniyyətlərin xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Maraqlısı da odur ki, mədəniyyətlərarası dialoqda müvəffəqiyyətin təməli, həmçinin, insanların ilk öncə öz mədəniyyətlərinə qarşı həssaslıq göstərməsinə əsaslanır.

Aparılan müxtəlif araşdırmalar nəticəsində mədəni müxtəlifliklərin fərqində olan, bu fərqliliklərə hörmət göstərən və mədəni müxtəlifliyi qarşılıqlı anlaşma yolu ilə üstünlüyə çevirə bilən ölkələrin müvəffəqiyyət əldə etdiyi görünür. Multikultural cəmiyyətlərdə rəvan inkişaf halları yaşanır və dövlətin beynəlxalq aləmdə təhlükəsizliyi yüksək səviyyədə təmin oluna bilir. Çoxmədəniyyətli mərkəzə çevrilmə mədəniyyətlərin qarşılıqlı şəkildə qovuşmasına və hər bir mədəniyyət tərəfindən islah olunmasına səbəb olur. Mədəniyyətlərin qarışması zamanı xalqların nümayəndələri müsbət dəyərləri, üstün cəhətləri qəbul etməklə, əksər hallarda öz mədəniyyət stereotiplərindən azad olur və islah olunurlar. Burada fərqli dinlərdən insanlar paylaşdıqları ortaq bir ictimai mühitdə plüralizm anlayışı içində həyatın ortaq istiqamətlərini və ya ədalət, sülh, insan hüquqları kimi cəmiyyətin ciddi məsələlərini birlikdə həll etmənin yollarını axtara bilirlər. Bu cür görüşlər sayəsində mədəniyyətlər arasındakı qarşılıqlı xidmətin yayılması və müsbət niyyət və səmimiyyət alış-verişinin artması səbəbilə həyatın "insani" istiqamətləri ortaya çıxır".

G.Baxışova yazır ki, dünyada gedən proseslər bu gün bu məsələləri: sülh şəraitində bir arada yaşama, mədəniyyətlərarası dialoqun vacibliyini gündəmə yenidən gətirib. Bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini əhatə edən humanitar məsələlər həssas yanaşmanı tələb edir. Mədəniyyətlərin dialoqu dünyada sabitliyin qorunması, problemlərin qarşısının alınması, həll edilməsi baxımından çox əhəmiyyətlidir: "Son zamanlar dünyada digərlərinə qarşı dözümsüzlükdən qaynaqlanan qaynar nöqtələr formalaşmağa başlamışdır. Müharibələr, toqquşmalar üçün zəmin formalaşır, milli, dini zəmində qarşıdurmalar baş verir, məzhəb zəminində qardaş qanı tökülür. Bu problemlərin kökündə eyni məxrəcə gələrək dialoq qura bilməmək, bir sözlə, "dialoqsuzluq"dayanır. Qloballaşma millətlərin dünya sisteminə inteqrasiyasının sürətləndirilməsinə təsir edir, müasir nəqliyyat vasitələrinin və iqtisadi əlaqələrin inkişafı ilə güclənir, kütləvi informasiya vasitələrinin insanlara təsirini gücləndirir. Bu, xalqlar arasında mədəni kontaktların genişlənməsinə imkan verir və insanların miqrasiya proseslərini güclənidirir. Fərqli mədəniyyətlərin mövcudluğunun qorunması, mədəni müxtəlifliyin zənginliyini dərk etmək, qarşılıqlı inam və anlaşma şəraitində mədəni əməkdaşlığa hörmətlə yanaşma qloballaşma dövründə mədəniyyətlər və dinlərarası dialoqun davam etdirilməsinə zəmin yaradır. Mədəni müxtəlifliyin tanınması ilə bağlı BMT Konvensiyasına qoşulan Azərbaycan Respublikası mədəniyyətlərarası dialoqun zəruriliyini dərk edərək Şərq və Qərb ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsinə rəvac verməkdədir. Müstəqillik əldə etməyimizlə başlayan bu qısa, lakin uğurlu yolda multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən siyasi kursuna çevrilmişdir. Multikulturalizm siyasəti ölkənin demokratik inkişafının, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsi, ölkədə etnik-mədəni dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə yönələn bir siyasət kimi, multikultural təhlükəsizlik - milli təhlükəsizliyin mühüm komponenti kimi nəzərdən keçirilir. Çoxmədəniyyətlilik həm də dövlətlər ətrafında möhkəm əsaslı sərhədləri, sanki arxayın sərhədləri (təhlükəsiz sədləri) meydana gətirir. Xalqların qarışması nəticə etibarilə dövlətlər arasında məcburi barışıqları yaradır və qarşılıqlı güzəştləri meydana gətirir. Baxmayaraq ki, bu termin günümüzdə nisbətən yeni sayılır, ancaq tarix boyu Azərbaycanda multimədəniyyətlik mövcud olmuşdur. Burada əsrlər boyu milli mənliyini, dəyərlərini qoruyan digər xalqlara hörmətlə yanaşılmışdır".

Tədqiqatçının yazdığına görə, Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Azərbaycan mədəniyyətlər və dinlərarası münasibətlərin durumu, etnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baxımından dünyada örnək ola bilər".

G.Baxışovanın bildirdiyinə görə, bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir: "Bu, həmçinin, bizim özünəməxsusluğumuzun tərkib hissəsidir.

Azərbaycan dünyəvi, sivil bir dövlət olaraq həmişə dini ekstremizmə qarşı çıxmış, dini dözümsüzlüyü pisləmiş və bu sahədə başqa dövlətlərlə əməkdaşlıq etmiş və etməkdədir.

Azərbaycan terrorizmə, dini ekstremizmə qarşı mübarizə aparan ölkələrlə əməkdaşlığa üstünlük verir. Mədəniyyətlərarası dialoq anlayışının əslində dünya üzərindəki mədəni müxtəlifliyin fərqində olmasının bir nəticəsi kimi ortaya çıxdığı görülməkdədir. İnsan bildiyi və vərdiş etdiyi şeylərin xaricinə çıxmağa hər zaman müsbət baxmaz, bilmədiyi, tanımadığı ilə dost olmaqda tərəddüdlər yaşayar. Halbuki, dünya getdikcə qlobal bir kənd halını almaqdadır. Artıq ayrı irq, din və mədəniyyətlərdən insanlar eyni məkanda yaşamaqdadır. Bu səbəblə multikultural həyata uyğunlaşmaq və müxtəlif mədəniyyətlərdən insanlarla dialoq qurmağımız gözlənilən prosesdir. Nəticədə həm mədəniyyətlərarası, həm də dinlərarası əlaqələr vasitəsilə ortaya çıxacaq yaxınlaşmalar fərqli mədəniyyət və ənənələrə mənsub insanların bir-birini rədd və inkarı buraxıb, bir-birini qəbul etməyə yanaşmalarına və dini inanclarına daha uyğun bir mühit formalaşdırmalarına səbəb olacaq. Bu cür yanaşmaların ən əhəmiyyətli faydası tolerantsızlıqdan tolerantlığa, qınamaqdan şəfqətli olmağa, düşmənçilikdən humanist dostluğa, rəqabətdən birliyə, kompromisə, ədavətdən xilas olunmağa və xaosdan nizamlı həyat tərzinə götürməsidir. Azərbaycan bu istiqamətdə dünyaya mühüm töhfə verir. Nəinki öz ölkəsindəki mədəni-dini müxtəlifliklə cəmiyyət-dövlət arasında qurulan təqdirəlayiq dialoq mühiti, multikultural siyasətinin uğuru, o cümlədən dünyanın digər ölkələri ilə, nüfuzlu təşkilatları ilə qurulan dialoq təkcə Azərbaycan üçün deyil, bütün region, dünya üçün əhəmiyyətlidir. Bu gün dünya ictimaiyyətində "mədəniyyətlərarası dialoq" amilini gücləndirmək təşəbbüslərinin genişlənməsi Azərbaycana beynəlxalq arenada daha möhkəm nüfuz və etibar qazandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, burada həm islam, həm xristian, həm də digər dinlərin tarixi-mədəni irsinə böyük hörmətlə yanaşılır. Bu baxımdan Azərbaycanın heç bir tərəddüd etmədən dünyanın dörd bir tərəfində dialoqa cəhd göstərməyə tam mənəvi haqqı çatır.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi ölkə xaricində də yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi kimi Roma-Katolik Kilsəsinin başçısı olmuş II İohann Pavelin 2002-ci ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq kifayətdir: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu, milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür".

Dövlət müşaviri Kamal Abdulla çıxışlarının birində qeyd edib ki, Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgəyaşama", "Azərbaycan - tolerantlıq məkanı" layihələrini xüsusi qeyd etmək olar. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verir. Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir".

Prezidentin dediyi kimi, ölkəmizdə dözümlülüyün və tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyidir". Baxışova qeyd edir ki, bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyəti və sivilizasiyalarının qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.

"Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna, habelə İlk Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanması ölkə başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması dövlətin humanizmə, birgəyaşayış ənənələrinə verdiyi önəmi əks etdirir".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 27 dekabr.- S.15