Əcnəbilərin çəkdiyi Xocalı filmləri barədə xüsusi ictimai rəy var

Şeyx Əbdül Mahmudbəyov: "Sonsuz Dəhliz" sənədli filmi bir sıra ölkələrdə izdihamla qarşılanıb"

 

"Milliyyətindən asılı olmayaraq, kimsə bizim yaralı yerimiz olan Xocalı faciəsi haqqında nəsə çəkib dünya ictimaiyyətinə çatdırırsa, həmin şəxsə yalnız əhsən düşür"

 

Xocalı soyqırımı Azərbaycan xalqının tarixində qanla yazılan səhifədir. Azərbaycanın gözəl yurdu olan Xocalı bir gecənin içində yerlə-yeksan edildi. O gecə dinc sakinlər, əksəriyyəti də qadın və uşaqlar olan insanlar qətlə yetirildi. Tarixdə misli görünməmiş qətliam həyata keçirildi.

Xocalı faciəsi haqqında filmlər, tamaşalar hazırlanıb. Hazırlanan filmlərdə Xocalı faciəsində dinc sakinlərin necə qətl edilməsi göstərilir.

Yerli rejissorlarla yanaşı, əcnəbilər də Xocalı faciəsi haqqında kino hazırlayıb. Özü də onların Xocalı faciəsi haqqında çəkdiyi film beynəlxalq müsabiqədə qalib olub.

Litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu "Endless Corridor" (Sonsuz Dəhliz) sənədli filmi ABŞ-ın "Accolade Film Competition" adlı nüfuzlu kino nəşrinin "Global Film Awards" müsabiqəsinin "Humanitar mükafat"ına layiq görülüb. Həmin mükafat "Müstəsna nailiyyət" nominasiyası üzrə verilib.

"Sonsuz Dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyanalman, ərəb dillərinə tərcümə edilib.

Film Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyasında və İsrailin"Channel 1" televiziya kanalında nümayiş etdirilib.

Xatırladaq ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya FilmTeleviziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. "Sonsuz Dəhliz" sənədli filmi prodüsserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olan hadisə şahidləri ilə görüşlərində lentə alınan xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak edən şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Kinorejissor Şeyx Əbdül Mahmudbəyov Xocalı faciəsi ilə bağlı ölkəmizə dəstək verən hər kəsə təşəkkür etdi. Kinorejissor "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, dünyanın hər bir yerində fəaliyyət göstərən erməni diaspor təşkilatları ancaq Azərbaycanın nüfuzunun aşağı salınması ilə bağlı fəaliyyət göstərir: "Onlara alternativ cavab verilməyəndə dünya ölkələri onlara inanır. Xocalı faciəsi ilə bağlı çoxlu sayda filmlər hazırlanmalıdır. Xocalı faciəsi haqqında həm yerli, həm də xarici rejisorlar film çəkə bilər".

Ş.Ə.Mahmudbəyovun sözlərinə görə, o, "Qan yaddaşı" adlı sənədli film çəkib: "Bu filmin dünya ekranlarına çıxması üçün ağız açmadığım qapı qalmayıb. Məqsədim bu filmi beş-altı dilə tərcümə etmək və dünya ekranlarına çıxarmaqdır. Səsimə səs verən yoxdur. Bu film dəlil-sübutlar əsasında ekranlaşdırılıb. O filmə baxmısınız, özünüz görmüsünüz ki, orada necə dəhşətli faktlar açıqlanıb, özü də erməni ziyalılarının, tarixçilərinin öz dili ilə. Həmin faktları vaxtilə Ermənistanda yaşayan ziyalılarımızdan almışam. Real faktlarla ermənilər özlərini rüsvay edir. Dədə-babadan türklərə sığındıqlarını bildirən erməni tarixçiləri yurd-yuvalarının olmadığını etiraf edirlər. Özləri deyirlər ki, biz türkün yanında adam olmuşuq, onlardan görüb-götürmüşük. Yoxsa ki, onların nə mədəniyyəti olub, nə mətbəxi, nə də tarixi. "Qan yaddaşı" filmi iki dəfə Türkiyədə nümayiş olunub, özü də yüksək səviyyədə qarşılanıb".

Həmsöhbətimizin sözlərinə görə, Xocalı faciəsi haqqında

litvalı rejissor Aleksandras Brokasın çəkdiyi "Sonsuz Dəhliz" sənədli filmi bir sıra ölkələrdə izdihamla qarşılanıb: "Milliyyətindən asılı olmayaraq, kimsə bizim yaralı yerimiz olan Xocalı haqqında nəsə çəkib dünya ictimaiyyətinə çatdırırsa, həmin şəxsə yalnız əhsən düşür. "Sonsuz Dəhliz" filmi dünyanın hər bir ölkəsində yayılmalıdır ki, ermənilərin dinc Azərbaycan xalqını necə qətl etməsi hər kəsə bəlli olsun. Bu mövzuda çəkilən filmlərin sayı artmalıdır".

Günel CƏLİLOVA.

Bakl xəbər.- 2016.- 9 fevral.- S.13