Kəmaləddin Heydərov sahibkarlara söz verdi...

Ənvər Fərəcov: "Mən bu görüşdə sahibkarlara ümumi sözlərlə verilən vədləri deyil, konkretlik hiss etdim"

"Ümid edirəm ki, bütün əlaqədar dövlət qurumları sahibkarlığın inkişafına bu şəkildə dəstək ifadə edəcək"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdən növbətisi fevralın 16-da Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla baş tutdu.

İki hissədən ibarət olan görüşdə əvvəlcə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə tikinti qanunvericiliyinin, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin ayrı-ayrı müddəalarının, tikinti sahəsində yeniliklərlə bağlı məlumatların, habelə tikintiyə icazə prosedurunun slaydlarla geniş izahatı verilib. Tədbirin davamı olaraq çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşdə məqsədin tikinti sahəsində fəallığın artırılması istiqamətində mövcud olan problemlərin və onların həlli yollarının müzakirəsi olduğunu bildirib.

Respublikamızda son illər, iqtisadiyyatın bütün digər sahələrində olduğu kimi, tikinti sektorunda da çox sürətli, geniş və çoxşaxəli inkişafın göz qabağında olduğunu deyən nazir Kəmaləddin Heydərov təkcə paytaxtımızda deyil, respublikamızın digər şəhər və rayonlarında yaşayış və sosial obyektlərin tikintisinin geniş vüsət aldığını xatırladıb. Çoxlu sayda yaşayış evləri, uşaq bağçaları, körpələr evi, məktəb binaları tikilmişinşa olunmaqdadır. Rayon və qəsəbələri birləşdirən, beynəlxalq əhəmiyyətli yollar salınır, körpülər, tunellər, parklar inşa edilir, abadlıq işləri görülür. Bütün bu işlər isə bilavasitə inşaatçıların və əsasən yerli şirkətlərin fəal iştirakı ilə həyata keçirilir.

Tikinti işlərini yüksək səviyyədə təşkil etmək üçün müvafiq normativ-hüquqi bazanın mövcudluğunu xatırladan nazir K.Heydərov 1 aprel 2015-ci ildə qüvvəyə minmiş "Tikintinin təşkili" normativ sənədində tikintinin təşkilinin bütün istiqamətlərinin öz əksini dolğun şəkildə tapdığını və inşaatçılardan yalnız buradakı müddəalara riayət edilməsinin tələb olunduğunu diqqətə çatdırıb.

Nazir gələcəkdə adamlarının problemlərinin müzakirə olunaraq aradan qaldırılması üçün tikinti şirkətlərinin də nümayəndələrinin iştirakı ilə ictimai şuranın yaradılmasını təklif edib.

Sonda sahibkarları tikinti sahəsindəki fəaliyyətlərini daha geniş, daha məzmunlu qurmağa, müasir, sürətlə inkişaf edən tələblərə uyğunlaşdırmaq üçün tədbirlər görməyə, təkliflərlə çıxış etməyə çağırıb və bu sahədə Fövqəladə Hallar Nazirliyinin öz səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib.

Görüşdə sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, suallar ətraflı cavablandırılıb, təkliflər dinlənib. Sahibkarlar tərəfindən səsləndirilən təkliflərin qiymətləndirilməsi və nəzərə alınması barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib, tədbirdə iştirak edən digər dövlət qurumlarının nümayəndələrinə isə onların həllinin tapması üçün tövsiyələr verilib. Sahibkarlar sərbəst fəaliyyət göstərmələri üçün ölkədə yaradılmış münbit şəraitə görə ölkə başçısına təşəkkür ediblər.

Fövqəladə Hallar Nazirliyi kimi bir qurumun rəhbəri tərəfindən sahibkarlara bu şəkildə dəstəyin və müəyyən vədlərin verilməsi sahibkarlığın inkişafında yeni mərhələ aça bilərmi?

Ekspert Ənvər Fərəcovun sözlərinə görə, belə təşəbbüslərin göstərilməsi olduqca vacibdir: "Prezidentin göstərişindən sonra məmurların yerlərdə əhali ilə görüşləri baş tutur. Fövqəladə Hallar Nazirliyi isə olduqca geniş səlahiyyətlərə malik bir dövlət qurumudur. Təbii ki, bunun sahibkarların işinə böyük faydası olacaq. Məlumdur ki, ölkədə geniş inkişaf edən sahələrdən biritikinti sektorudur. Yaranmış yeni situasiyada K.Heydərov tərəfindən belə bir dəstəyin ifadə olunması tikinti sektoruna böyük dəstək verəcək. Mən bu görüşdə sahibkarlara ümumi sözlərlə verilən vədləri deyil, konkretlik hiss etdim. K.Heydərov tikinti sahəsində sahibkarları maraqlandıran bütün maneələrin hansı şəkildə aradan qaldırılacağına dair fikirlərini açıqlayıb. Ümid edirəm ki, bütün əlaqədar dövlət qurumları sahibkarlığın inkişafına bu şəkildə dəstək ifadə edəcək".

Məhəmmədəli QƏRİBLİ

Bakı xəbər.- 2016.- 18 fevral.- S.11