Mərhum aşıq Aydın Çobanoğlunun 65 illik yubileyi qeyd edildi

Məhərrəm Qasımlı: "O, Azərbaycan aşıq sənəti tarixinə həm də bir fədakar təşkilatçı kimi daxil oldu"

 

İyunun 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə aşıq Aydın Çobanoğlunun 65 illik yubileyinə və onun "Ömrün etməyəcək vəfa dedilər" adlı kitabının və "Səyyadı" adlı CD diskinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Bakı-Xəbər"ə məlumat verən AAB-nin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, tədbiri Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açıb. O, çıxışında "Aydın Çobanoğlu Azərbaycan aşıq sənətinin elə bir siması idi ki, dünyasını vaxtsız dəyişsə də, sənətsevərlərin, yaxınlarının və dostlarının qəlbində hər zaman sağdır, özündən sonra qoyduğu zəngin ədəbi irsecazkar səsi, bənzərsiz ifası ilə yaşayır və zaman-zaman da yaşayacaq. Qısa ömründə böyük bir sənət yolu keçən Aydın Çobanoğlu bu gün də bizimlədir, bizim sıramızdadır. O, bütün varlığı ilə saza bağlı idi. Aydın Çobanoğlu həm də təşkilatçı bir aşıq kimi yaddaşlarda yaşayır. Təsadüfi deyil ki, Hüseyn Arif Aşıqlar Birliyinə rəhbərlik edəndə sədrin müavini vəzifəsini ona etibar etmişdi. Bu baxımdan o, başqalarına nümunə idi. O, Azərbaycan aşıq sənəti tarixinə həm də bir fədakar təşkilatçı kimi daxil oldu. Aşıqlardan ibarət ilk ailə ansamblını da o yaratmışdı" - deyə bildirib.

Tədbirin aparıcısı, əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədli də Aydın Çobanoğlu ilə bağlı xatirələrini söyləyib, aşıq sənətinin inkişafı naminə xidmətlərindən söz açıb.

Tədbirdə çıxış edən Osman Əhmədoğlu, Əkbər Qoşalı, Vəliyəddin Misiroğlu və Məlahət Yusifqızı da ölməz sənətkarla bağlı ən şirin xatirələrini dilə gətirib, onun bənzərsiz sənətkar olduğunu vurğulayıblar.

Aşıqlardan əməkdar mədəniyyət işçiləri Əli Quliyev, Əhliman Rəhimov, Ulduz Quliyeva, Samirə Əliyeva və Nemət Qasımlı, əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" qrupu, Əli Tapdıqoğlunun rəhbərlik etdiyi Şirvan aşıqları qrupu, Təbrizdən gəlmiş aşıq Vədut Qaradağlı, Altay Məmmədli, İlham Aslanbəyli, Şaiq İncəli, Avdı Musayev, Şəhriyar Kərimov, Elməddin Məmmədli, Ramin Qarayev, Qabil Abduyev, İsa Qaraxanlı, Şəhriyar ŞahverdiyevRoman Azaflının, eləcə də əməkdar artist Zakir Əliyevin çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Sonda Aydın Çobanoğlunun nəvələri Aydın və Nərgiz babalarının şeirini söyləyib, qızı Aytən Aydınqızı isə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbir yubilyarın oğlu Səyyad Aydınoğlunun ifası ilə yekunlaşıb.

Xatırladaq ki, aşıq Aydın Çobanoğlu (Musayev) 1951-ci il yanvarın 18-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1972-ci ildə böyük sənət dünyasına qədəm qoyan A.Çobanoğlu Ümumittifaq festivalının, 1977-1979-cu illərdə gənc aşıqların respublika müsabiqələrinin qalibi, 1984-cü ildə Polşa Respublikasında keçirilən 11-ci Beynəlxalq folklor festivalının və 1987-ci ildə 2-ci Ümumittifaq xalq yaradıcılığı festivalının və bir sıra digər festivalların laureatı olub.

"Abşeron" və "Günay" ailə ansambllarını, Respublika Aşıqlar Birliyinin nəzdindəki qızlardan ibarət "İncəgülü" aşıqlar ansamblını yaradıb. Aydın Çobanoğlu 1993-cü il martın 23-də faciəli şəkildə dünyasını dəyişib.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 26 iyun.- S.3