"Azərbaycan torpaqlarında ikinci erməni dövləti olmayacaq" - erməni saxtakarlığının tarixi köklərinin ifşası azərbaycançılığın müdafiə istiqaməti kimi...

II yazı

 

Müxtəlif zamanlarda tarixi Azərbaycan torpaqlarının ayrı-ayrı dövlətlər arasında bölünməsi halları olub. Qərbi Azərbaycan torpaqlarının ermənilərə verilməsi, burada erməni dövlətinin yaradılması tarixi yaxın dövrlərə təsadüf edir. Bilirik ki, indiki Ermənistan Respublikası dədə-baba yurdumuz Qərbi Azərbaycan torpaqlarında yaradılıb. Azərbaycanın bir parçası olan Qərbi Azərbaycan əski türk-oğuz yurdudur.

Tarix üzrə fəlsəfə doktoru Gültəkin Nəcəfli "Geostrategiya" jurnalının mart-aprel tarixli sayında yer alan "Azərbaycan torpaqlarında erməni dövləti yaradılması məqsədilə tərtib olunan layihələr" (XVIII əsrin I rübü) məqaləsində dəyərli faktlar üzə çıxarıb. Gültəkin xanım yazır ki, həmin layihədə hərbi plan tam olaraq əks olunub: "Layihənin əsas müddəaları aşağıdakılardan ibarətdir:

"1) Əlahəzrət (I Pyotr-G.N) bu yürüş üçün 15 min süvari və 10 min piyadadan ibarət 25 minlik qoşun ayırmalıdır. Bunlar əsasən sərhəd bölgələrindən - Niyazabad, Həştərxan kazaklarından və çərkəzlərdən ibarət olmalıdır ki, yürüş şübhə doğurmasın. 6 hərbi səhra topu, 100 bomba, barıt, mərmi və s. hərbi sursatların götürülməsi lazımdır; 2) Həmin qoşun iki hissəyə bölünməli - 5 min atlı və 5 min piyadadan ibarət olan 10 minlik qoşun gəmilərlə Niyazabada gəlməli və oradan quru yolla 20 milya 3 günlük məsafədə yerləşən Şamaxı istiqamətində irəliləməlidir. Bu şəhərdə daş divarlarqalalar yoxdur, yalnız xana məxsus 150 nəfər hərbçi var və şəhəri 10 min xristian süvarisinin köməyi ilə 2 saat müddətinə ələ keçirmək mümkündür. Şəhərdə yerli əhali əsasən hərbçilərdən deyil, erməni tacirlərindən ibarətdir; 3) "Şamaxının tutulması "Ermənistan torpağı"na girmək üçün ilk açardır". Şamaxıya daxil olan 10 min nəfərlik qoşun sonra 4 alaya bölünməli: 1-ci alay xanın 100 nəfərlə yaşadığı qalan sakinləri isə ermənilərdən ibarət olan Gəncəyə, 2-ci alay bəyin 20 nəfərlə yaşadığı Loriyə, 3-cü alay yenə bəyin 20 nəfərlə yaşadığı Qafana, 4-cü alay isə xanın 200 nəfərlə yaşadığı və həm də erməni yüzbaşılarının olduğu Naxçıvan üzərinə getməlidir; 4) Naxçıvan şəhərinin yaxınlığından axan Araz çayı İranla Ermənistan torpağının sərhəddini təşkil edir. Bu çayın ələ keçirilməsi ordunu yedizdirmək üçün faydalıdır. Şamaxıdan Araza kimi yollar təhlükəsizdir. Ordunu yedizdirmək və atları yemlə təmin etmək üçün bütün hərbi hissələri Naxçıvan şəhərinə yerləşdirmək lazımdır; 5) Naxçıvan şəhərindən 15 mil kənarda əhalisi ancaq ticarət və sənətkarlıqla məşğul olan farslardan (azərbaycanlılar- G.N.) ibarət Orduval (Ordubad - G.N.) şəhəri yerləşir. Dünyanın heç bir yerində bu qədər varlı insanlar yaşamır. Onların müxtəlif silah, ərzaq və 100 min süvarini geyindirə biləcək parçaları var; 6) Naxçıvan tutulduqdan sonra orada olan erməni yüzbaşıları erməni hərbçiləri ilə birləşəcək, burada dövlət gerbi və bayrağını qəbul edib, digər şəhərləri azad etmək üçün böyük güc və nifrətlə düşmən üzərinə gedəcəklər; 7) 5 min nəfərlik qoşun Naxçıvandan 20 mil uzaqlıqda yerləşən, daş qalası, 30 topu və 200 nəfərlik hərbi xidmətçisi olan İrəvan şəhəri üzərinə gedəcək. Bura qala şəhər deyil, Eoranı sürətli və gözlənilməz hücumla, döyüşsüz tuta bilərik. Burada barıt anbarı və digər hərbi sursatlar ermənilərin əlindədir və bu şəhərdə 300 nəfərdən artıq erməni yaşayır. Şəhərin 2 darvazası, 1 gözətçi məntəqəsi var və şəhər divarlarından kənarda gözətçi məntəqəsi yoxdur. Şəhərin ətrafında böyük meyvə bağları olduğu üçün gecə vaxtı ora yaxınlaşmaq və şəhərdəki 300 nəfər erməni ilə danışığa girib darvazaları açdıraraq şəhəri almaq çətin deyil; 8) İrəvandan hərəkət edən rus qoşunları Naxçıvandan 30 mil uzaqda yerləşən, varlı və böyük şəhər olan Təbrizi zəbt etməlidir. Əhalisi az miqdarda xristianlardan və əksəriyyəti müsəlmanlardan ibarət olan bu şəhərdə 80 topaçoxlu hərbi sursata malik olan xan yaşayır. Lakin burada xüsusi ordu və möhkəm qalalar yoxdur. Dioqanal üzrə uzunluğu 2 saatlıq yol olan bu şəhəri ələ keçirməklə çoxlu mənfəət götürmək olar, çünki bu şəhər 100 min döyüşçünü geydirə və yedizdirə bilər; 9) 15 minlik rus qoşunu quru yolla Gürcüstana daxil olmalı idi. Gürcü xanı islamı qəbul etsə də, döyüşçülərin hamısı xristianlardır. Xan dərhal yenidən xristianlığı qəbul edərək ordusu ilə birlikdə rus qoşunlarının tərəfinə keçəcək; 10) Təbriz şəhəri alındıqdan sonra isə ordunu dörd bir tərəfə səpələmək lazımdır ki, ətrafdakı varlı kəndləri soyub-talasın". Göründüyü kimi, İsrail Orinin 1701-ci il 25 iyulda rus çarına təqdim etdiyi 18 bənddən ibarət layihəsində rus qoşunlarının Azərbaycan torpaqlarına hərəkət istiqamətləri, strateji planları, taktiki üsulları belə qabaqcadan hazırlanmışdı. İ.Orinin tərtib etdiyi saxta müraciətlərdə Azərbaycanın tarixi torpaqlarında guya çox sayda erməninin yaşadığı şişirdilmiş rəqəmlərlə verilmiş, İrəvan, Naxçıvan və Şamaxı şəhəri "ermənilərə məxsus şəhər" kimi təqdim edilib. Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ bölgələrində yaşayan xristian əhalinin sayı dövrün müfəssəl dəftərlərində qeydə alındığı üçün bu layihələrdə təqdim edilən xristian əhalinin sayı barədə məlumatlar yalandan başqa bir şey deyil. 1728-ci il tarixli "Müfəssəl dəftər"ə görə, İrəvan əyaləti üzrə qeydə alınmış 71.583 nəfərdən 43,784 nəfəri (61,2 %) türk-müsəlman, 27.799 nəfəri (38,8 %) isə xristianlar olmuşdu. 1727-ci il tarixli "Müfəssəl dəftər"ə görə, Gəncə-Qarabağ əyaləti üzrə qeydə alınmış 121.975 nəfərdən 80,340 nəfəri (65,9 %) türk-müsəlman, 37.885 nəfəri (31 %) xristianlar və 3.750 nəfəri (3,1 %) isə kürdlər olmuşdu. 1727-ci il tarixli "Naxçıvan Müfəssəl dəftər"in məlumatlarına görə, o zaman Naxçıvan əyalətində 60 min nəfərdən artıq əhalinin yaşadığı məlum olur. "Naxçıvan Müfəssəl dəftər"inin verdiyi məlumatlar üzrə qeyri-müsəlmanların sayını hesabladıqda Naxçıvan sancağına məxsus 14 nahiyədən 12-də cəmi 3.153 nəfər qeyri-müsəlmanın yaşadığını müəyyən etmək olur. Hər üç bölgədə qeydə alınan qeyri-müsəlman əhalinin sayı ümumilikdə 68.837 nəfər edir. Aydındır ki, 68 mindən artıq əhalinin 100 minlik hərbi qüvvə çıxarması qeyri-mümkün idi.

1703-cü il noyabrın 22-də İsrail Ori yenidən I Pyotrun diqqətini Səfəvi dövlətinin torpaqlarına - Cənubi Qafqazın, o cümlədən, məhz İrəvanın işğalına yönəltmək məqsədilə üç dəniz arasında xəyali "Böyük Ermənistan" təsvir edilmiş "ölkəmizin xəritəsi" adlandırdığı xəritə-planını çara təqdim etdi".

G.Nəcəfli qeyd edir ki, sözügedən xəritədə Xəzər, Qara və Aralıq dənizləri arasında "Böyük Ermənistan" təsvir edilib. Alimin qeydlərinə görə, sənədi şərh edən Q.A.Ezovun fikirləri maraq doğurur: "Orinin çara təqdim etdiyi xəritədən aydın olur ki, bütün ölkədə İrəvan qalası kimi möhkəm qala yoxdur. Qalanı aldıqdan sonra bütün ölkəni ələ keçirmək asandır. Bununla da İstanbula və yunanların və ermənilərin yaşadığı, qalaların az olduğu Şərqi Anadoluya birbaşa yol açılır". G.Nəcəflinin vurğuladığına görə, İsrail Ori bu uydurma informasiyaları verməklə I Pyotru təkcə Cənubi Qafqaz üzərinə hərbi yürüşə deyil, həm də Osmanlı imperiyasının qərb torpaqlarının da işğalına təhrik edirdi. Əslində həmin dövrdə I Pyotrun Cənubi Qafqaza yürüşü məsələsi beynəlxalq vəziyyətlə sıx bağlı idi: "İsveçlə müharibə edən çar hökuməti dövrün güclü dövləti olan Osmanlı imperiyası ilə toqquşmaq istəmirdi. Buna görə də Rusiya çarının əmri ilə ilk əvvəl bu ərazilərə müəyyən təbliğat və təşviqat məqsədli "nümayəndələr" göndərilirdi. Həmin ərazilərə "tacir", "qasid" adı altında göndərilən casuslar gələcək hərbi əməliyyatlar meydanını, hərbi yürüşün keçəcəyi regiondakı əhalinin vəziyyətini, ümumiyyətlə, hücum edəcəyi ərazilərin təbii-coğrafi şəraitini öyrənməli idi. Rusiya çarı tərəfindən polkovnik rütbəsi verilən İ.Ori 1707-ci il fevralın 1-də çarın fərmanı ilə səfir səlahiyyəti ilə, müxtəlif dövlətlərdən olan 50 mütəxəssisdən ibarət nümayəndə heyətinin başçısı kimi Səfəvi sarayına göndərildi. İ.Oriyə Rusiya təbəəsi kimi Moskvadan Həştərxana və Şamaxıya qədər gəmi ilə ticarətlə məşğul olması, eyni zamanda gizli xəfiyyə kimi məlumatlar toplayıb Rusiya sarayına çatdırması, xristian əhalisi arasında təbliğat aparması barədə də xüsusi göstəriş verilmişdi. Şamaxıya gələn erməni "elçisi" burada İsfahana getməsi üçün Səfəvi şahından 2 il icazə verilməsini gözlədi. Həmin müddətdə İ.Ori elçi səlahiyyətlərindən yararlanaraq Qarabağa silah daşınmasını təşkil etdi. İsfahandakı fransız səfirinə istinad edən Kruşinski yazırdı: "Fransa qoşununda bir müddət qəhvəçilik etmiş İsrail Orinin padşah məclisində əyləşmək qabiliyyəti yoxduro alçaq ermənilərdəndir". Sultan Hüseyn Rusiya ilə münasibətləri pozmamaq xatirinə Orinin Şamaxıdan İsfahana gəlməsinə icazə verdi. P.Buşev yazırdı ki, İ.Oriyə İrandakı vəziyyətlə bağlı Peterburqu məlumatlandırmaq həvalə olunsa da, o, ölkənin müflisləşməsi barədə ümumi sözlərdən əlavə heç bir qiymətli məlumat verə bilmədi. Moskvaya qayıtmağa cəhd edən Ori 1711-ci ildə Həştərxanda xəstələnərək öldü. Beləliklə, onun Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq ideyası yarımçıq qaldı. Orinin ölümündən sonra Azərbaycan ərazisində erməni dövləti qurmaq planlarını əsrin əvvəllərindən bəri onunla bir yerdə olan Minas Tiqranyants davam etdirdi. 1714-cü il noyabırın 20-də vardapet Minas ermənilərin Rusiya himayəsinə qəbul edilməsi, Xəzər dənizi sahilində monastır və Peterburqda erməni kilsəsinin tikilməsinə icazə verilməsi barədə özünün 6 maddəlik layihəsini Rusiya hökumət dairələrinə təqdim etdi. Şahid yazır ki, bu layihənin əsasını İ.Orinin vaxtilə təklif etdiyi planlar təşkil edirdi. Burada ermənilərin ruslar tərəfindən himayəyə alınması və müsəlman hakimlərinə qarşı üsyan qaldırması nəzərdə tutulurdu. Rusiyanı "xilaskarlıq missiyası" bəhanəsi ilə Cənubi Qafqaza hücuma təhrik edən ermənilər rus məmurlarına müxtəlif şirnikləndirici vədlər verərək bu hücumu tezləşdirmək istəyirdilər. Tarixi Azərbaycan torpaqlarında dövlət qurmaq istəyi ilə alışıb-yanan ermənilər dəfələrlə müxtəlif vasitələrlə ələ keçirdikləri, müsəlman-türk hökmdarlarına məxsus zinət əşyalarını "hədiyyə" adı ilə rus, gürcü hökmdarlarına rüşvət verməklə öz məqsədlərinə nail olmağa can atırdılar. I Pyotra bölgə ilə bağlı kəşfiyyat məlumatları lazım idi. Bu səbəbdən 1716-cı ildə I Pyotrun xüsusi fərmanı ilə M.Tiqranyants Cənubi Qafqaza ezam olundu. O, albanlara məxsus Gəncəsər və Üçkilsə katolikosları ilə görüşdü və I Pyotrun adından onları əmin etdi ki, tezliklə rus ordusu Cənubi Qafqaza qədəm qoyacaq. 1722-ci ilin sentyabrında ermənilər vardapet Minasın da iştirak etdiyi Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik keçirməyə başladılar. Dərbənd tutulduqdan sonra I Pyotr vəd olunan erməni və gürcü hərbi hissələri ilə Şamaxıda birləşmək niyyətində idi. Həmin dövrdə ermənilər tərəfindən hazırlanaraq rus çarına göndərilən məktublarda Xəzər dənizindən Qarabağa kimi mövcud olan yolların, dağların və digər təbii-coğrafi ərazilərin təsviri verilmişdi".

Tədqiqatçı yazır ki, 1722-1723-cü illərdə Rusiya Xarici İşlər Kollegiyasına göndərilən məlumatlar içərisində imperatorun yeni ələ keçirdiyi ərazilərin-əsasən Bakı, Dərbənd və Xəzər dənizinin qərb sahillərinin rus hərbçiləri tərəfindən tərtib edilmiş plan və xəritələri və bu bölgələrin təsvirləri ilə bağlı müxtəlif məzmunlu məlumatlar daha çox üstünlük təşkil edir: "Həmin dövrdə tərtib edilmiş sənədlərdə I Pyotrun Qarabağın xristian məlikləri ilə əlaqələr qurmağa çalışdığını və Xəzərsahili vilayətləri ələ keçirmək üçün "İran yürüşü"nə fəal şəkildə hazırlaşdığını izləmək mümkündür. 1724-cü il noyabrın 5-də QarabağQafan xristianları adından 3 nəfər Həştərxan ermənisi-keşiş Antoni, Pyotrkovxa Çələbi Rusiya Xarici İşlər Kollegiyasına "ermənilərin Rusiyanın himayəsinə daxil edilməsi" xahişilə göndərildi. Lakin I Pyotr Osmanlı dövləti ilə yenicə münasibətləri nizama salmış və özünə sərfəli sülh müqaviləsi bağlamışdı. Bu səbəbdən də erməni nümayəndəsinə verilən sənəddə bildirilirdi ki, Rusiya osmanlılarla bağladığı müqaviləyə əsasən ermənilərə açıq şəkildə yardım göstərə və onları müdafiə edə bilməyəcək. Yardım ancaq onların Gilan, Mazandaran, Bakı, Dərbənd və s. Xəzəryanı ərazilərə köçürülməsi ola bilər.

I Pyotrun ölümündən sonra Xəzərsahili vilayətlərin Rusiya tərəfindən işğal olunmuş torpaqlarını idarə edən rus qoşunlarının baş komandanı, general V.V.Dolqorukov rəsmi dairələrə dəfələrlə etdiyi müraciətində əfqanların başçısı Əşrəflə toqquşmada məğlub olan osmanlıların zəiflədiyini göstərir və yardım xahiş edən üsyançı ermənilərin xeyrinə rus ordusunun fəallaşdırılmasını təklif edirdi. Rusiya imperiyasının işğal etdiyi Səfəvi torpaqlarını əldə saxlamağa çalışan yeni hökmdar I Yekaterina (1725-1727) isə Səfəvi dövləti ilə münasibətləri gərginləşdirmək istəmirdi. Şah II Təhmasib (1722-1732) də rezidenti vasitəsilə göndərdiyi məktubunda I Yekaterinanı taxta çıxması münasibətilə təbrik edir, hər iki dövlət arasındakı xoş münasibətlərin qorunub saxlanmasını arzulayırdı.

Ümumiləşdirərək deyə bilərik ki, XVIII əsrin I rübündə erməni ideoloqlarının təqdim etdiyi layihələrdə qurulması planlaşdırılan erməni dövlətinin sərhədləri əsasən Azərbaycanın şimal-qərb torpaqları-Çuxursəd vilayəti, Gəncə-Qarabağ, qismən Cənubi Azərbaycan və Osmanlı dövlətinə məxsus Şərqi Anadolu ərazilərində nəzərdə tutulurdu. Əslində I Pyotrun Şərq siyasətinin hazırlanmasında və həyata keçirilməsində ermənilərin təqdim etdiyi layihə və hərbi planların rolu danılmazdır. I Pyotrdan sonra gələn Rusiya imperatorları ermənilərə münasibətdə ümidverici siyasət həyata keçirməyə üstünlük verirdilər ki, lazım gəldikdə ermənilərdən öz məqsədləri üçün istifadə edə bilsinlər".

G.Nəcəflinin bu yazısını əsl azərbaycançılıq işi adlandırmaq olar. Erməni saxtakarlığını, onların tarixi torpaqlarımıza qarşı irəli sürdüyü iddiaların səbəblərini faktlarla üzə çıxaran alimin fikirləri elm aləmi üçünçox maraqlıdır.

İradə SARIYEVA

Baki xəbər.- 2016.- 29 iyun.- S.15