Mətbuata dövlət qayğısının müasir kamil modeli - azərbaycançılığın praktik nümayişi kimi...

III yazı

Azərbaycançılıq ideologiyasının formalaşmasında, təbliğində, yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı bu müqəddəs ideologiyanın ən güclü daşıyıcısıdır. Milli mətbuatımız və azərbaycançılıq yüz ildən artıqdır yol gəlir. 141 ildir milli mətbuatımız azərbaycançılıq ideologiyasının yorulmaz tərənnümçüsü, təbliğatçısı kimi özünü göstərə bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müasir mətbuat tariximizdə mühüm bir hadisə kimi dəyərləndirilir. Həqiqətən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə yaradılan qurum mətbuata, jurnalistlərin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərdi. Mübaliğəsiz demək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlaması media qurumlarının, eləcə də jurnalistlərin həyatını dəyişdi. Fondun davamlı olaraq həyata keçirdiyi layihələrin sayı çoxdur, eyni zamanda da keyfiyyəti ilə seçilir. Ölkəmizin aparıcı KİV-nin fəaliyyətində hissediləcək qədər rol oynayan Fond mütəmadi olaraq mətbuat orqanlarını qayğı ilə əhatə edir. Azərbaycan dövlətinin media ilə bağlı siyasətini, mətbuat nümayəndələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını bu qurum həyata keçirir desək yanılmarıq. Azərbaycançılığın təbliğində, dövlətçilik maraqlarının qorunmasında, vətəndaş mövqeyini mətbuatda əks olunmasında mediamız sözsüz ki, böyük işlər görür. Fondun həyata keçirdiyi layihələrin də ana xəttini azərbaycançılıq, dövlətçilik, milli maraqlar, dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin təbliği təşkil edir. Ölkə başçısı yerli mediaya kifayət qədər dəstək göstərir.

Həqiqət bundan ibarətdir ki, İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə belə bir mühüm dövlət qurumunun yaradılması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun gücləndirilməsi məqsədindən irəli gəlib. Məlumdur ki, Fond ölkədə fikir plüralizminin, söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin səmərəli təşkili sahəsində həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq öz fəaliyyətini "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"na uyğun qurub və bu mühüm sənəddən irəli gələn vəzifələri uğurla reallaşdırır. 7 il müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalist peşəkarlığının yüksəldilməsi, habelə KİV-lərin dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə cəlb edilməsi məqsədilə redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərilib.

Gizlin deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması günün tələblərinə cavab verən mühüm addım olaraq dəyərləndirilir. Məlumdur ki, bu, ölkəmizdə KİV-lərə göstərilən qayğının təzahürüdür. Ekspertlər qeyd edir ki, yarandığı vaxtdan bu günə qədər Fond qarşısına qoyulan əsas məqsədləri, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım etmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəni gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək vəzifələrini layiqincə yerinə yetirib, ölkəmizin informasiya məkanında, jurnalist birliyində nüfuz qazana bilib. Ekspertlər vurğulayır ki, Fondun həyata keçirdiyi mühüm layihələr, çoxsaylı tədbirlər, müxtəlif təşkilat və qurumlarda media rəhbərləri ilə mütəmadi görüşlər, aktual mövzularda müsabiqələr kütləvi informasiya vasitələri ilə bağlı qarşıya çıxan problemlərin həll olunmasına xidmət edib, Azərbaycan jurnalistikasının inkişafına böyük fayda verib.

Qeyd edək ki, Fondun gördüyü çoxsaylı işlər sırasında fərdi jurnalist yazıları müsabiqəsi xüsusi yer tutur. Bu müsabiqələrdə jurnalistlər iştirak edir. Fond həm dövlət qurumları ilə, həm də müstəqil şəkildə fərdi jurnalist yazı müsabiqələri keçirir. Ayrı-ayrı qəzetlərin, sayt və portalların əməkdaşları bu müsabiqələrə qatılır. Fondun keçirdiyi müsabiqələrdən jurnalistlərə böyük sevinc payı düşür. Bilirik ki, ayrı-ayrı kütləvi informasiya vasitələrinin layihələrinin maliyyələşdirilməsi ənənəsi də Fond tərəfindən formalaşdırılıb.

Qeyd edək ki, mətbuata göstərilən çoxşaxəli qayğının müəllifi Azərbaycan dövlətinin başçısı İlham Əliyevdir.

Bildirək ki, milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyevin mətbuat tarixində ilk dəfə olaraq jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı bu sahədə çalışanların ürəyindən xəbər verdi. Məlum olduğu kimi, Sərəncamda Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, daim dövlətin diqqət və qayğısı ilə əhatə olunması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi xüsusi qeyd edilirdi. Sənədə əsasən, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsait ayrılmışdı. Artıq o bina bir neçə ildir həmkarlarımızın ixtiyarına verilib. Birinci binanın açılış mərasimində ölkə başçımız ikinci jurnalist binasının da təməlini qoydu. Bildirək ki, jurnalistlər üçün tikilən ilk binanın açılış mərasimi 2013-cü ilin 22 iyul tarixində baş tutdu. Həmin mərasimdə ölkə başçısı İlham Əliyev geniş nitq söylədi: "...Mən bir daha, əziz dostlar, sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Qeyd etmək istəyirəm, bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin sayı hələ də var. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcək. İstisna etmirəm ki, gələcəkdə bu yerə "Jurnalistlər şəhərciyi" deyəcəklər...".

Sözsüz ki, bu böyük diqqət və qayğıdır. Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bütün sərəncamları mətbuat işçilərini sevindirir. Bu da sirr deyil ki, dövlət qayğısını jurnalist yaxından hiss edir.

Bu il iyulun 21-də ölkə başçısı mətbuata növbəti qayğısını göstərib. Belə ki, Prezident qəzetlərə 1 milyon, jurnalistlər üçün yaşayış evinin tikintisinə isə əlavə 3 milyon manat ayırıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzalayıb. Əlbəttə, bu sənəd böyük əhəmiyyətə malikdir. Ölkə başçısının mətbuata hərtərəfli qayğısı sayəsində jurnalistlərin, media mənsublarının sosial vəziyyəti yaxşılaşmağa doğru gedir. Dövlət qayğısını öz üzərində hiss edən jurnalist həm vətəndaş mövqeyindən çıxış edəcək, həm də peşəkarlıqla fəaliyyətini davam etdirəcək. Çünki dövlət jurnalistlərə qayğı göstərir. Bu qayğı isə 141 yaşlı milli mətbuatımızın dizlərini bərkidir, onu ayaqda saxlayır. Mübaliğəsiz deyərdik ki, dünyanın heç bir yerində bizim ölkədə oluğu kimi mətbuata dövlət qayğısı yoxdur.

Mətbuatımıza dövlət qayğısı mətbuatımızı çox böyük bəlalardan xilas etdi desək, bizə irad bildirən olmaz. Bu gün milli mətbuatımız Cənubi Qafqazda yüksək səviyyədə inkişaf etmiş media kimi tanınır. Azərbaycan mətbuatı 141 ildir regionda öz çəkisi, səviyyəsi ilə seçilir.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 23-25 iyul.- S. 15.