Azərbaycanda islam dini abidələrinə dövlət dəstəyi, tolerantlıq və azərbaycançılıq ifadəsi...

 

II yazı

 

Dini, milli tolerantlığı, multikulturalizmi, birgə yaşayışın sivil formasını Azərbaycanda görmək olar. Qeyd edək ki, burada həm islam, islama qədərki dini məbədlər, həm də xristian abidələri, qeyri-islami inanc yerləri mövcuddur. Azərbaycanda islam dininin çoxəsrlik tarixi var və ölkə əhalisinin 96 faizi bu dinə tapınır.

Azərbaycançılığı dövlət siyasətinə çevirən, tolerantlıq və multikulturalizmi cəmiyyətimizdə bərqərar edən Azərbaycan dövlətinin heç bir ayrıseçkilik qoymadan dini abidələrə eyni dərəcədə qayğı göstərməsi diqqətdən yayınmır.

Ölkə başçısının qayğı göstərdiyi dini abidələrdən biri də Şamaxı Cümə məscididir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında Şamaxı Cümə məscidinin tarixi taleyi haqqında məlumat verilir: "Qədim Şamaxı şəhəri ərazisində yerləşən bu məscid Azərbaycan Respublikasının ərazisindəki ən qədimməsciddir. Memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı zonası, xüsusilə Şamaxı şəhəri XIX əsrin ikinciyarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Demək olar ki, elə bu vaxt, yəni Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrdə Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılıb. Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar, ərəb yazılarına əsasən, Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilib və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir. Qədim məscidin planı əldə olunmayıb. Lakin rus knyazı rəssam Q.Qaqarin, Azərbaycanın bir çox memarlıq abidələri kimi, 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı, hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, irihəcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır. Məscidin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyükona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur. 1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasım bəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlandı.

1902-ci ildə yenidən baş vermiş güclü zəlzələ zamanı Cümə məscidinə böyük ziyan dəymişdi. 1903-cü ilin oktyabrında Cümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivər bəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin layihələndirilməsi tapşırıldı".

Məsciddən bəhs edilərək məlumat verilir ki, tikinti işləri sürətlə aparıldı (özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu), lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivər bəy Əhmədbəyov tikintini tərk etdi: "Komitə məscidin layihə işlərinin davam olunmasını mülki mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı, həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı. 1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə islam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddisimmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çoxplanlı, rəngarəng memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvari tacbəndlərlə sıralanmış üfüqi həcmi üzərində göyə ucalansonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti var".

Komitənin saytında Gəncə Şah Abbas məscidi haqqında da məlumatlar yer alıb. Məlumatlara görə, Şah Abbas məscidi 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib: "Şah Abbas məscidi Cümə məscidi kimi də tanınır. Şah Abbas (Cümə) məscidi XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir.

Ümumi həcmi kub şəklində olan bu abidənin böyük diametrli günbəzlə örtülməsi, ümumiyyətlə, həcm cəhətdən diqqəti cəlb edən quruluş yaradır. Burada binanın həcminin həllinə daha çox diqqət yetirilmiş, xaricə açılan portal-eyvanlar sadə, lakin dərin həcmli verilib. Şah Abbas məscidinin ətrafında yerləşən mədrəsə hazırda dağılıb. Məscidin qarşısında qoşa minarə XVIII əsrin sonlarında inşa edilib. Məşhur Azərbaycan şairitarixçisi Abbasqulu ağa Bakıxanov Şah Abbas məscidinin məşhur alimmemar Şeyx Bahəddin tərəfindən tikildiyini məlumat verir.

Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığından və qırmızı kərpicdən istifadə edilib. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə də tikilib. 1920-ci ildə rus bolşevikləri tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilib. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da, əyilmiş minarəni tam bərpa etmək mümkün olmur".

Saytda qeyd edilir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti və Gəncə küçələrinin kəsişməsində yerləşən bina hazırda məscid kimi fəaliyyət göstərir.

Şəki Cümə məscidindən də danışmaq istəyirik. Komitənin saytında verilən bilgiyə görə, XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilib: "Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daşağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan verib.

Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilib. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənib. Məscidin məkanı sadə həll olunub. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. "N" şəklində olan məscid kompleksi ikimərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənib".

Pirlər və ziyarətgahlar Azərbaycanda ən müqəddəs məkanlar hesab edilir. Əhalinin bu ocaqlara kütləvi axını onu göstərir ki, bizdə dini-mənəvi dəyərlərə böyük önəm verilir.

Komitənin saytında qeyd edilir ki, Azərbaycan torpağı daim Əhli-Beyt (ə) ailəsinin sığınacaq yerlərindən biri olub: "Buna misal olaraq Bakıda Bibiheybət, Bakının Nardaran kəndində Rəhimə xanım ziyarətgahı, Bülbülə kəndindəki İmamzadə, Bakının Bilgəh kəndindəki Leyla xanım ziyarətgahı və başqa ziyarətgahları qeyd etmək olar. Bu məkanlarda imam (ə) övladları dəfn olunub və hər zaman xalqımız tərəfindən böyük ehtiramla ziyarət olunur. Belə ziyarətgahlar ölkəmizin müxtəlif bölgələrində də mövcuddur. Onlardan Gəncə, Bərdə İmamzadəsini və s. nümunə göstərmək olar".

Naxçıvanda yerləşən məşhur Əshabi-Kəhf ziyarətgahı haqqında saytda qeyd edilir ki, Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-Kəhf ərəb dilində "mağara adamları" deməkdir: "Eyni adlı yerin Kiçik Asiyaya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın "Kəhf" ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur".

Qeyd edilir ki, Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılıb, zəvvarlar üçün şərait yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub.

Məşhur Mirmövsüm ağa ziyarətgahı da xalqımızın ziyarət etdiyi məkanlardandır. Nəinki vətəndaşlarımız, hətta xarici ölkələrdən gələnlər də həmin ocaqlara gedir. "Xalqımızın ümid, pənah yeri olan Mirmövsüm ağa ziyarətgahı Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşir. Bu müqəddəs şəxsin əsl adı və soyadı Mirböyük Ağa Mirabutalıb oğlu Mirmövsümzadədir. Atası Mirabutalıbın soykökü VII imam Museyi-Kazıma (ə) bağlanır. Ulu babaları Kərbəlada doğulub. XIX əsrin axırlarında Mirabutalıb ağa Azərbaycana köçür. Ağanın 3 oğlu və 3 qızı olub. Oğullarından Mirmövsüm ağa 1883-cü ildə İçərişəhərdə anadan olub. Mirmövsüm ağa sirli, kəramətli, bəsirət gözlü müqəddəs imam-peyğəmbər övladı idi. Ağanın sağlığında neçə-neçə insan onu ziyarət edər, onun nurlu simasından özlərinə ilahi pay alar, şər işlərdən uzaq olardılar. Ağa xəstə olduğu üçün bacısı Qönçə-Səkinə xanım ailə həyatı qurmamış, ömrü boyu qardaşına xidmət edib. Məhz bacısının vəfatına dözə bilməyən Mirmövsüm ağa da az müddətdən sonra - 1950-ci ildə haqq dünyasına qovuşub. İndi möhtəşəm ziyarətgahlardan olan Mirmövsüm ağa ziyarətgahı zəvvarların pənah apardığı ən müqəddəs yerlərdən biridir"-fikirləri də Komitənin saytında yer alıb.

Komitənin saytında Gəncə İmamzadəsi haqqında yığcam məlumatlar yer alır: "İmamzadə, yaxud Göy imam türbəsi VIII əsrə aid tarixi abidədir. Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınan İmamzadə kompleksidir. Abidənin xalq arasında bu cür adlandırılması kompleksə daxil olan binalar içərisində əsas yer tutan türbə binasının günbəzinin göy kaşı örtüyü ilə əlaqədardır. Kompleksin özəyini təşkil edən həmin tikili əsas bina olmaqla bərabər, onun ən qədim hissəsidir. Hazırda aşağı kub hissədən və hündür boyun üstündə yüksələn günbəzdən ibarət olan bu bina, şübhəsiz ki, vaxtilə daha böyük ərazini əhatə edib. Türbə sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgah şəklini almış və onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilib".

Məlumatlara görə, İmamzadə türbəsində şiə müsəlmanların 5-ci imamı Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Saytda bildirilir ki, bu faktı məqbərənin günbəzinin daxili səthindəki yazılar da təsdiq edir: "Bu şərəfli cənnət bağçası babasının hicrətindən 120 il sonra vəfat etmiş İmam Məhəmməd Bağır oğlu-ona salam olsun-Mövlanə İbrahimin türbəsidir". Bildirilənə görə, hicri tarixi ilə 120-ci il milad təqviminin 740-741-ci illərinə uyğundur: "İmamzadə Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. Xüsusən aşura mərasimləri zamanı bura on minlərlə müsəlman toplaşır. Son iki əsrdə İmamzadədə bərpa işləri 1878-79-cu illərdə polkovnik İsrafil bəy Yadigarzadənin və 1993-cü ildə Hacı Vaqif Vəliyevin xeyriyyəçilik təşəbbüsləri ilə aparılıb. Türbənin XIV əsrin sonu-XV əsrin əvvəllərində, kompleksin isə XVII əsrdə inşa edildiyi ehtimal olunur. Kərpicdən tikilmiş türbənin hündürlüyü 12 m-dir, mehrabı yoxdur. Günbəzin xarici səthi kaşılı kərpiclə örtülüb. Gəncə xüsusən yerli əhali tərəfindən İmam Hüseyn şəhəri də adlandırılır. Bu ifadənin "İmamzadə" türbəsi ilə əlaqədar olduğu bildirilir".

Bərdə İmamzadəsi haqqında da saytda məlumat var. Qeyd edilir ki, Bərdə şəhərində yerləşən İmamzadədə - bu qədim ziyarətgahda İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmailin qəbri yerləşir. Məlumatlara görə, o dövrlərdə Əbbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə İsmayil daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan torpağına sığınır. Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayilin məskunlaşdığı yer olur. Saytda bildirilir ki, o, ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını dəyişir. Hazırda da bura xalqımızın daim ziyarət etdiyi yerlərdən biridir. XII əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür: "Maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub. Tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Ensiklopediyada bu ziyarətgah "Tacir İbrahim" adı ilə qeyd olunub. 1868-ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub".

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2016.- 28 iyul.- S. 15.