Aşıq sənəti və azərbaycançılığın vəhdəti...

 

I yazı

 

Milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlətin həyata keçirdiyi işlər olduqca çoxdur. Milli musiqimiz, milli musiqi alətlərimiz xalqımızın dünyagörüşünü əks etdirir. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir. Aşıq sənəti özündə dilimizi, tariximizi, mənəvi keyfiyyətlərimizi, sözmusiqi sərvətimizi qoruması, dövləti, dövlətçiliyi ruhunda yaşatdığı üçün azərbaycançılığa xidmət edir.

Milli musiqimiz varsa, xalqımız da yaşayır. Məlumdur ki, ozan-aşıq sənəti xalqımızın arxaik dövrdə yaratdığı milli sənətdir. Bunu mərhum professor, folklorşünas Mürsəl Həkimovun "Xalqımızın deyimləri və duyumları" kitabında yer alan "Qarunun intiqamı" əsatirindən çıxış edərək qeyd edirik.

Bildiyimiz kimi, Azərbaycanda aşıq sənəti qədim zamanlardan yüksək mərtəbəyə layiq bilinib. Sazımızın dövlət qayğısı ilə əhatələnməsi daha çox orta əsrlərdə özünü göstərib. Saz el içindən birbaşa saraya, mötəbər bir məkana qədəm qoyub. Orta əsrlərdə sazımızın ən böyük himayədarının Səfəvi dövlətinin başçısı Şah İsmayıl Xətai olduğunu bilirik. O haqda da məlumatımız var ki, Xətai sazı sarayın ən sevilən alətinə çevirib, aşıqları saraya gətirib, onların da iştirakı ilə sazımızı-sözümüzü, ana dilimizi, mədəniyyətimizi yaşadıb, qayım-qədim edib.

Məlumdur ki, bu gün dövlətimiz Xətai ənənəsini davam etdirərək aşıq sənətini öz himayəsinə alıb. Aşıq sənəti, sözün əsl mənasında, Azərbaycan dövləti tərəfindən qorunur, ona diqqət göstərilir.

Aşıq sənəti xalq arasında hər zaman hörmətlə qarşılanan bir sənət kimi sovet illərində də inkişaf edib. Düzdür, bolşevik hakimiyyəti aşıqların nüfuzundan, ağsaqqallığından, ifasından öz ideologiyasının maraqlarına uyğun istifadə edib. Amma bununla belə, aşıqlar respublika səviyyəli sənətkarlar kimi aşıq sənətini layiqincə təbliğ edib. Aşıq sənətinə bəslənən hörmət nəticəsində neçə-neçə ustad sənətkar dövrün orden və medalları, fəxri fərmanları ilə təltif edildi. Onlar Azərbaycan Respublikasının Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüyündə dəfələrlə iştirak etdilər. Azərbaycan aşıqları hər zaman xalqımızın milli maraqlarından çıxış edib. Aşıqları xalq da sevib, dövlət də. Azərbaycan aşıq sənəti tarixi ənənələrdən çıxış edərək bu gün də yaşayıb nüfuz etməkdədir. Milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsindən danışanda burada aşıq sənətinin də adını xüsusi çəkmək istəyirik. Azərbaycan aşıqları müstəqil Azərbaycan dövlətində yaşadıqlarından fəxr duyurlar. Azərbaycan dövləti də hər zaman aşıq sənətinin inkişafına çalışıb, bu güno xeyirxah işi davam etdirməkdədir.

Məlumdur ki, Azərbaycan dövləti özünün mədəniyyət siyasətini qurub, xüsusi mexanizmlərlə mədəniyyət sahəsini yönləndirə bilir. Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut edir ki, Azərbaycanda dövlət müstəqilliyi getdikcə möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir. Dövlətçiliyin, azərbaycançılığın təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən mərhum prezidentimiz Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında bildirirdi: "Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik".

Bu fikir əslində mədəniyyətin, mənəvi dünyamızın dayaqlarından olan aşıq sənətinə də aid edilə bilər. Aşıq sənətinə Heydər Əliyevin xüsusi münasibəti olduğunu çoxlarımız bilirik. Hətta bəzi alimlər deyir ki, H.Əliyev hələ sovet illərində Azərbaycanın musiqi məktəblərində saz sinfinin açılmasının vacib olduğunu deyib. Bu gün onun yolunu, yürütdüyü mədəniyyət siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı ilə Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir. Aşıq sənətinə göstərilən qayğı da bura aiddir.

Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülən işlər Heydər Əliyev Fondunun rəhbərliyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Bu məqsədlə "Azərbaycan aşıq sənəti" faylı hazırlanaraq UNESCO-ya təqdim edildi. Müvafiq fayl hazırlanıb hökumətlərarası komitənin iclasında müzakirə olunmaq üçün UNESCO-ya təqdim olunduqdan sonra bu yolda atılan növbəti addım aşıq sənətinin təbliği və inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlanması oldu. Planın həyata keçirilməsi ilə bağlı "dəyirmi masa"nın təşkili, Aşıqlar Birliyinin bərpası məqsədilə aşıqların qurultayının keçirilməsi, aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkil olunması, Aşıqlar Birliyinin yaradılması, fəxri adların verilməsi, aşıqların yubileylərinin qeyd olunması, kitabların və notların çap edilməsi, ortaali musiqi məktəblərində aşıq sənətinin tədris olunması və s. istiqamətlərdə genişmiqyaslı işlər görülüb. Bununla yanaşı, Azərbaycan dövləti və Fransanın "Maison des cultures du Monde" şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda və Fransada CD disklər buraxıldı, Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərlərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış etdi, keçirilən bir sıra digər dövlət əhəmiyyətli tədbirlərə cəlb edildi, habelə bu istiqamətdə nazirlik tərəfindən təşviqat işləri və lobbiçilik fəaliyyətləri həyata keçirildi. Azərbaycan dövlətinin, xüsusilə UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr-2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində UNESCO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında UNESCO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir. Aşıq sənətinin səsinin UNESCO-da əbədiləşdirilməsi Azərbaycan dövlətinin qayğısı sayəsində baş verdi. Bu, milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsi sahəsində atılan addımlardan biri kimi aşıq sənətinin ictimaiyyətdə nüfuzunu qaldırdı. Vaxtilə Azərbaycan aşıqları mötəbər tədbirlərə, dövlət konsertlərinə dəvət edilmirdi. Bu da təbii ki, sazsevərləri və aşıqlarımızı narahat edirdi. Televiziyalar da aşıqlara elə də geniş yer vermirdi. Amma bu gün dövlətimizin saza münasibəti, Heydər Əliyev Fondunun bu sənəti qanadları altına alması aşıq sənətini yüksəklərə qaldırıb. Bu məsələdə artıq dövlət və ictimaiyyətin maraqları uyğunluq təşkil edir. Hazırda bir neçə televiziyada aşıq sənətilə bağlı proqram nümayiş olunur. İctimai Televiziyada hər həftə "Ozan məclisi" efirə verilir. Xeyli müddət əvvələ qədər Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində, AzTV-də nümayiş olunan ("Mədəniyyət" kanalında) "Musiqi xəzinəsi" proqramının həftədə bir sayı saat yarım olmaqla aşıq sənətinə, onun təbliğinə, ustad və yeni nəsil aşıqların ifasına, söz-söhbətinə həsr edilirdi. "Musiqi xəzinəsi"nin aşıq sənətinə həsr edilən bölümünün müəllifi və aparıcısı Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı idi. Təəssüf ki, M.Qasımlının səhhətində yaranan problem verilişin yayımının dayanmasına səbəb oldu. Bununla belə, ana televiziyamızda aşıq sənətinin təbliğinə yer verilir. Arzu edərdik ki, televiziyaradiolar dövlətin aşıq sənətinə qayğısına dəstək olaraq efirlərində aşıq sənətinin təbliğinə daha çox yer versin, gənc aşıqların, orta yaşlı və qocaman aşıqların ifalarından ibarət konsert proqramları təqdim etsin. Bu vacib məsələdir.

Azərbaycanda aşıq sənəti dövlət qayğısı ilə əhatələnib. Aşıqlar da azərbaycançılığa, dövlətçiliyə xidmət edir. Bilirik ki, Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra, bir sıra sahələr kimi, aşıq sənətinə də qayğı göstərdi. Bunun nəticəsində də aşıq sənəti, saz məktəblərdə tədris edilməyə başladı. Məlumdur ki, Azərbaycanda aşıq sənəti, sazın tədrisi artıq musiqi məktəblərində, kolleclərdə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) geniş şəkildə həyata keçirilir. Aşıq sənətinə ölkə gəncləri xüsusi maraq göstərir.

Professor M.Qasımlının sözlərinə görə, Azərbaycanda dövlətin saza özəl münasibəti bu sahəni inkişaf etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə Gədəbəydə inşa edilən aşıqlar evinin bu siyasətin nəticələrindən biri kimi həm ictimaiyyətin, həm də aşıqların razılığına səbəb olub: "Azərbaycan dövləti aşıq sənətinə çox böyük qayğı göstərir. Dövlətin aşıq sənətinə göstərdiyi qayğı razılıqla qarşılanır.

Saza son illər çox böyük dəyər verən dövlətimiz bununla xalqımızın ulu sənətini yaşadır. Bilirsiniz aşıq sənətinə nə qədər gənclər gəlir? Bu sevindirici haldır. Bu gün aşıq sənətinin təbliğində yeni yaranan folklor qruplarının da əhəmiyyətli rolu var. Mən bu sıradan "Çeşmə", "Buta" sazçı qızlar folklor qruplarının adını çəkə bilərəm. Onlar aşıq sənətinin ənənələrini yaşatmaqla yanaşı, həm də öz ədəb-ərkanları ilə seçilir. Aşıq sənətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisi müsbət haldır, burada təhsil alan gənclərin səviyyəsi də yüksəkdir. Aşıq sənətinin, sazın təbliğində onların gələcəkdə fəaliyyəti daha işıqlı olacaq. Çünki onların hamısı istedadlıdır. Keçən illərdə yapon qızının, son zamanlar amerikalı qızın saza maraq göstərməsi sazımızın dünya musiqi düzənində özünə yüksək yer tutması ilə bağlıdır, sözsüz ki, bu, dövlətimizin, Heydər Əliyev Fondunun saz sənətini qorumaq, təbliğ etmək, yaşatmaq naminə atdığı addımlarla bağlıdır".

Məlumat üçün vurğulayaq ki, 2008-ci ildə Azərbaycan Aşıqlarının V qurultayı keçirildixalq şairi Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri seçildi. Mərhum şairimiz Zəlimxan Yaqub fəaliyyəti dövründə aşıq sənətinin inkişafına güclü təkan verdi. Zəlimxan Yaqubun sədr seçildiyi Birliyin qurultayı aşıq sənətinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu sənətə dövlətin qayğı və diqqəti daha da artdı. Aşıq sənəti Azərbaycanın dövlət sərhədlərini aşaraq beynəlxalq aləmdə daha geniş miqyasda təbliğ olunmağa başlandı. 2009-cu ildə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi ki, bu da dövlət qayğısının daha bir təcəssümü idi.

2008-ci ildə keçirilən qurultay Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətində də yeni mərhələnin başlanğıcı oldu. Həmin illərdə Zəlimxan Yaqub dövlətin qayğı və diqqətinə söykənərək aşıq sənətinin inkişafı naminə böyük layihələrə start verdi. Aşıqlara fəxri adlar verildi.

Onun dövründə ustad aşıqlar - Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Quliyeva Prezident təqaüdçüsü oldular. 20-yə yaxın aşıq (hazırda yaşayanlar nəzərdə tutulur) fəxri ad daşıyır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Sərəncamı ilə 6 nəfər aşığa "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.

Klassikçağdaş aşıqlarımızın yubileyləri dövlət səviyyəsində qeyd olunur, onların kitabları və barələrində xatirə kitabları nəşr olunur.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2016.- 30 iyul- 1 avqust.- S. 15.