Azərbaycanda islam dini abidələrinə dövlət dəstəyi, tolerantlıq və azərbaycançılıq ifadəsi...

 

III yazı

 

Milli tolerantlığı, multikulturalizmi, birgə yaşayışın sivil formasını Azərbaycanda görmək olar. Qeyd edək ki, burada həm islam, islama qədərki dini məbədlər, həm də xristian abidələri, qeyri-islami inanc yerləri mövcuddur. Azərbaycanda islam dininin çoxəsrlik tarixi var və ölkə əhalisinin 96 faizi bu dinə tapınır.

Azərbaycançılığı dövlət siyasətinə çevirən, tolerantlıq və multikulturalizmi cəmiyyətimizdə bərqərar edən Azərbaycan dövlətinin heç bir ayrıseçkilik qoymadan dini abidələrə eyni dərəcədə qayğı göstərməsi diqqətdən yayınmır.

Ziyarətgahlarımızdan danışarkən Xızır-zində baba ziyarətgahını da unutmamalıyıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytında qeyd edilir ki, bu ziyarətgah Siyəzən rayonu yaxınlığındakı uca bir dağın başında yerləşir: "Bu dağ 124 min peyğəmbərlərimizdən biri - əbədiyaşar Xızır-zində babanın qədəmgahıdır. Bir gün Xızır-zində baba özündən kiçik qardaşları - Xızır İlyası və Xızır Nəbini yanına çağıraraq deyib: düşün aşağı, dənizdən su gətirin, dəstəmaz alıb günorta namazına hazırlaşım. İki qardaş dağdan aşağı düşür, lakin suyu gətirib çıxarmırlar. Rəvayətə görə, həmin deyilən yerdə dənizin içərisində qardaşlar daşa dönüb. Bu hadisədən sonra bütün ətraf rayonlardan, kəndlərdən Xızır-zində babaya ziyarətə gəliblər. Ürəyində arzu-niyyət tutanlar bu ziyarətgahdan naümid qayıtmayıb".

Babadağ ziyarətgahı haqqında da saytda məlumat verilir. Saytda qeyd edilir ki, Babadağ ziyarətgahı uca bir zirvə olub, hündürlüyü 3629 metrdir. Bu dağın şimal hissəsi Quba zonasına, cənub hissəsi isə İsmayıllı zonasına düşür. Hər il yay mövsümündə camaat bura ziyarətə gəlir: "Həzrəti Babadağ ziyarətgahına zəvvarların gəlməsi iyul ayından başlayaraq avqust ayının axırlarına kimi davam edir.

Bəzi araşdırmalarda deyilənlərə görə, Həzrəti baba Məhəmməd peyğəmbər (s.ə.) dövründə anadan olub. Atası Qərani kişi övladının olmamasından peyğəmbərin (s.ə.) yanına gəlib şikayət edir. Peyğəmbər (s.ə.) ona xeyir-dua verir ki, get evlən, ikinci arvadından bir oğlun olacaq. Adını Məhəmməd qoyarsan. Ancaq Baba çağırarsınız. Deyilənlərə görə, Həzrəti Baba gənc yaşlarında bir gün yuxuda görür ki, ağsaqqal nurani qoca ona deyir ki, sənin yerin Şamaxı rayonundan xeyli aralıda olan uca və qarlı dağın başıdır. Səhəri gün Həzrəti Baba sübh tezdən durub anasına və analığına deyir ki, yığışın, getməliyik. Onlar uzun müddət getdikdən sonra Həzrəti Baba ögey anasına deyib ki, anacan, sən bu dağın ətəyində qal, mən anamla dağa çıxım, sağ qalsam gəlib səni də apararam. Babanın bu sözündən inciyən ana ona deyir ki, demək sən burada ögeyliyini bildirdin?

-Xeyr, anacan, mən bəlkə geri qayıda bilmədim. Allah yolunda şəhid oldum, bir vaxt olar ki, bu dağlara ziyarətə gələnlər bizə bir dəfə baş çəksələr, səni iki dəfə ziyarət etmiş olarlar. Bundan sonra Həzrəti Baba anası ilə ensiz cığırlarla qarlı dağa qalxıb. Dağın ortasına çatanda onlar balaca bir çuxurda büllur kimi şəffaf su görüb ondan doyunca içirlər. Həzrəti Baba dağın üstündə əkin əkirmiş. Buğda əvəzinə boranıya bənzər tərəvəz məhsulu yetişibmiş. Həzrəti Baba hirslənib bitkini yerə çırpıb. Bu zaman boranının içindən sarı buğdalar tökülüb. Həzrəti Baba Allahdan bağışlanmasını diləyib. Elə bu anda dağın Qibləyə olan hissəsindən səda gəlib: "Ya Həzrəti Baba, sənin günahından keçildi, indi ömrün başa çatıb". Həzrəti Baba həmin anda səs gələn - Qiblə tərəfdən qeyb olub. Anası oğlunun qeyb olduğunu bilib Allaha yalvarır ki, mənim də canımı al, balama qovuşdur. Anası da dünyasını burada dəyişib. Xeyli vaxtdan sonra ögey ananın qulağına Həzrəti Babanın haqqa qovuşması ilə bağlı səmadan bir səs gəlib. Ögey ananın da ömrü burada başa çatıb. Onun məzarı "Qurbangah" deyilən yerdə yerləşir. Həmin məqbərə 2001-ci ildə inşa olunub. Əsrlər keçməsinə baxmayaraq, inamlı və mömin insanlar Həzrəti Babanı müqəddəs bir övliya kimi ziyarət edir".

Şeyx Cüneyd piri haqqında komitənin saytında yazılır ki, Ərdəbil hakimi Şeyx Cüneyd və onun oğlu Qızılbaş hərəkatının banisi Şeyx Heydərin hakimiyyəti dövründə Ərdəbilin tərkibinə Cənubi Azərbaycanın bütün şərq bölgəsi, Talış ərazisi, Qaradağ və Muğan düzünün bir hissəsi daxil idi: "Müstəqil Səfəvi dövlətini yaratmaq istəyən Şeyx Cüneyd Şirvanşah I Xəlilullaha məğlub olaraq 1460-cı ildə vəfat edib. Onun məzarı Qusar rayonunun Həzrə kəndində yerləşən pirdədir. Kəndin adı böyük ehtimalla Şeyx Cüneydin

"Həzrət" ləqəbi ilə bağlı meydana gəlib. Ərdəbil hakimi Sultan Şeyx Cüneyd Səfəvinin türbəsini (hicri. 951 miladi. 1544-1545-ci illərdə) I Şah Təhmasibin əmri ilə onun

vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xacə Ziyaəddin Nizamül-Mülkün oğlu Ağa Məhəmməd tikdirib. Düzbucaqlı plana malik türbə bişmiş kərpicdən inşa edilib. Şeyx Cüneydin məzarı üstündə çərçivə içərisinə alınmış bərk ağacdan düzəldilmiş sənduqə var. Türbənin üzəri böyük günbəzlə örtülüb. Türbənin qərb qapısında yeddi sətirlik ərəb dilində nəsx xətti ilə yazılmış kitabə mövcuddur.

Dəvəçi rayonunun Uqah kəndində yerləşən Soltan baba piri haqqında saytda bildirilir: "Vaxtilə bu tikilinin çəkilmiş fotoşəklindən məlum olub ki, əvvəllər qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə olub. Kitabədən burada sufiliyi təbliğ edən cəmiyyətin şeyxi Əbu Bəkrin məqbərəsi yerləşdiyi bilinib. Oradakı türbə Sultan Fərruxzad ibn Axsitanın zamanında Nasirin oğlu Nəcəf Məhəmməd tərəfindən (hicri. 594, miladi 1197-1198) inşa etdirilib".

Seyid Əhməd piri haqqında məlumat verən sayt qeyd edir ki, bu ziyarətgah- Seyid Əhməd piri Lənkəran-Astara şose yolunun sağ tərəfində yerləşən meşəlikdəki Maşxan kəndinin

qəbiristanlığındadır. Bildirilir ki, məqbərə Sultan Əhməd ibn Kərimə məxsusdur. "Maşxan" sözü "biz şeyxlər" mənasında işləndiyi üçün kəndin adının buradakı şeyxlərlə əlaqədar meydana gəldiyi güman edilir. Babadilim piri isə Quba şəhərinin Hapıt kəndində yerləşir. Məlumata görə, bu zaviyə binasının üzərindəki mövcud kitabələrdən bəlli olub ki, burada Şeyx Kamil, Şeyxzadə, Şeyx Mir Hacı, Şeyx Səid, Şeyx Cami, Şeyx Tahir, Şeyx Camal, Şeyx Rəhim, Şeyx Ağa, Mir Məhəmməd, Şeyx Şirzad, Şeyx Arif Nurunun oğlu ibn Məhəmməd, Fətəlixan, ustadları

Cəfər və şamaxılı Haşim fəaliyyət göstərmişlər: "Sufilik mərkəzi kimi fəaliyyət göstərən zaviyənin X-XI əsrlərdə

inşa edildiyi ehtimal olunur.

Əlibaba piri isə Bakının 50 km-də, Xəzərin şərq sahilində, Türkan qəsəbəsindəki köhnə qəbiristanlıqda yerləşir.

Türbədəki qəbrin kitabəsində mərhumun adı pozulduğuna baxmayaraq, əhali arasında burada xalq yolunda

şəhid düşmüş Əlibaba adlı şəxsin dəfn olunduğu söylənir. Qəbri ziyarətgaha çevrilmiş bu insanın XIII əsrdə

yaşadığı güman edilir.

Qara paltar piri isə Buzovnada yerləşir. Buzovna qəsəbəsinin Nazranlı məhəlləsindəki Qara paltar piri nəsrani Bəhramə Səmavərzinin adı ilə bağlıdır: "O, hicri təqvimilə (h. 706, m. 1306) vəfat edib. Buna bənzər abidələr Abşeronun Yeni Suraxanı və Şağan kəndlərində də var. Şağan kəndində yerləşən türbə Bulqaq (Əbul-həqq) bin Bulqərara məxsusdur. O, hicri təqvimilə (h. 720, m. 1320-1321) vəfat edib. Suraxanıdakı türbənin bəzi yazıları köhnələrək silindiyindən, bu qəbrin hicri təqvimilə 803-cü ildə vəfat etmiş Gərşivəzin oğluna aid olduğu haqda məhdud məlumat

bilinməkdədir. Həmin abidələrin xaçpərəst xristianlara məxsus olduğu ehtimal edilir. Şağan türbəsinin

içərisindəki daşlar görünməsin deyə, tikilinin qapısı daşla hörülüb. Buzovnadakı türbənin içərisindəki xaçlar isə suvaqla örtülüb. Adıçəkilən abidələr tarixi yöndən böyük əhəmiyyətə malikdir. Belə ki, Alban xaçı Qafqazda ən qədim hesab olunur".

Xanağa piri haqqında məlumat verən komitə saytında qeyd edilir ki, Naxçıvanın Ordubad şəhərinin Xanağa kəndindədir. Pir binasının divarındakı kitabələrdən burada Seyyid

Həmid oğlu Seyyid Tahirin (h. 707, m. 1307-1308) və Şeyx Nurəddinin oğlu Şeyx İslamın (h. 1010, m. 1601-1602) qəbirlərinin olduğu bilinir. Tədqiqatlar nəticəsində pirin yerində daha öncə xanəgahın (şeyxlərin, dərvişlərin ibadət etdikləri yer) yerləşdiyi zənn edilir. Kəndin adının da məhz xanəgahlarla əlaqədar meydana gəldiyi güman edilir.

Düylün piri də Naxçıvanda yerləşir. Komitənin saytında qeyd edilənə görə, üzərində yazılı kitabəsi olmadığı üçün Ordubadın Düylün kəndindəki pirin tarixi və burada dəfn olunanın kimliyi barədə dəqiq məlumat əldə etmək mümkün deyil. Lakin onun sufi təriqətlərindən olduğu və XIV əsrdən

əvvəl fəaliyyətə başladığı ehtimal edilir.

Seyid Camaləddin piri isə Lənkəran-Astara şose yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerləşən pir, Şeyx Səfi Ərdəbilinin ustadı Tacəddin İbrahimin (Şeyx Zahidin) mürşidi Eynəzzaman Camaləddin Gilinin adı ilə bağlıdır. Butəsər mahalının Malvan kəndindən olan Seyid Camaləddin ömrünün çox hissəsini Astarada yaşayıb, sufizmi

təbliğ edib.

Babagil piri haqqında məlumat verilən komitə saytında qeyd edilir ki, vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaran (Dəmirçilər) kəndində məskunlaşmış Sultan babanın adı

ilə bağlıdır: "Onun ləqəblərindən biri talışca "Asnaqaran", farsca "Ahəngəran" olub. "Babagil" sözünün mənası isə yerli əhalinin dediyinə görə, "Gilanlı baba" deməkdir. Sufi şeyxinin əsl adı bəlli deyil. Onun XI əsrdə yaşadığı ehtimal edilir.

Aza piri isə Ordubadın Aza kəndində yerləşir: "Pirin tədqiqi vaxtilə burada mövcud olmuş, XI-XII əsrlərdə Yaxın

Orta Şərqdə məşhur olan Aza şəhərinin yerinin təsbit edilməsində mühüm rol oynayıb. Orta əsrlərdə bu

şəhər sənətkarlıq, ticarət, üzümçülük və şərabçılığı ilə məşhur idi. Adıçəkilən şəhərin monqol hücumları zamanı tənəzzül etdiyi güman edilir. Aza pirində qəbri ziyarətgaha çevrilmiş Mövlanə Şəmsəddin Məhəmməd dəfn edilib (h. 892, m. 1487). Pirin ətrafında qoyun formasında üç qəbirüstü daş mövcuddur. Bunlardan ikisinin kitabəsi yoxdur. Üçüncü kitabədən isə buradakı məzarın Səfər adlı şəxsə aid olduğu bilinir".

Diribaba piri Mərəzə ərazisindəki bir qayalıqdakı mağaranın içindədir. Diribaba Şirvanşah Şeyx İbrahimin müridi olmuş və şeyx kimi fəaliyyət göstərib. Rəvayətə görə, Diribaba Seyyid İbrahimin tövsiyəsilə daim dizi üstə oturub Allaha dua etdiyindən, onu ziyarət edənlərin təsəvvüründə belə qalmış və bununla əlaqədar olaraq pir "Diribaba" adlandırılıb.

Saytda bildirilir ki, Həzrəti Şeyx Mənsur piri Qəbələnin Həzrə kəndində yerləşir. Buradakı abidələr XIV-XVI əsrlərə aiddir, Şeyx Mənsur Şirvanşah I Şeyx İbrahimin dövründə (1382-1417) yaşayıb, Həzrə türbələrinin tədqiqi nəticəsində bu abidələrin Şirvan-Abşeron memarlığı məktəbinə aid Şamaxı ustalarının inşası olduğu aşkar edilib.

Saytda Dədəgünəş piri haqqında da məlumat verilir. Bildirilənə görə, Şamaxının Dədəgünəş kəndinin meşəliyində yerləşir. Yerli əhali buradakı məqbərəni "Piri Sultan

Dədəgünəş" adlandırmışlar. "Dədəgünəş" XII əsrdə yaşamış alim, təbib və filosof Kafiəddin Ömər ibn Osmanın ləqəbidir. Rəvayətə görə, Dədəgünəş kəndinin yaxınlığındakı Məlhəm kəndində vaxtilə müalicəvi xüsusiyyətlərə malik kükürdlü su və palçıq yataqları olub. Dədəgünəş insanları bu məlhəmlər vasitəsilə müalicə etdiyindən, ona "yerin və göyün günəşi" deyilib.

Saytda Ağbil piri haqqında da bəhs edilir. Yazılana görə,

Qubanın Ağbil kəndindəki qəbiristanlıqdadır. Şirvanşah II Xəlilullah vaxtında yaşamış Şeyx Məzyədin, Şeyx Bəyazidin, sufi Rəfiəddin və şəhid Şah Muradın burada dini fəaliyyət göstərdiyi kitabələrdən aydın olub. "Şeyx Məzyəd" türbəsi Sultan oğlu Sultan Xəlilullahın vaxtında sufi Rəfiəddinin oğlu Şeyx Məzyədin qəbri üzərində (hicri 940, miladi 1533-1534) inşa edilib.

Sofi Həmid piri haqqında məlumat verən sayt vurğulayır ki, "Sofi Həmid piri" abidələr kompleksi Şirvan şəhəri ərazisindədir: "Buradakı türbənin XIV əsrdən əvvəl

tikildiyi ehtimal edilir. Türbə qarşısında Sofi Həmidin bir neçə müridinin abidələri də mövcuddur. Sofi Həmidin

Bektaşiyyə təriqətinin qollarından birinin şeyxi olduğu güman edilir".

Qəbələ şəhərində yerləşən Şeyx Baba piri də zaman-zaman insanların tapındığı ocaq olub. Məlumata görə, Qəbələ şəhərinin Həmzəli kəndində pirdəki məqbərə Seyyid Şeyx Məhəmmədə aiddir. Şeyxin vəfatı və pirin inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Türbənin ətrafında XV-XVI əsrə aid sənduqə formalı xatirə abidələri var. Məqbərə dini, sosial-iqtisadi, siyasi mərkəz kimi XIV əsrin əvvəllərindən başlayaraq fəaliyyət göstərib.

Babaratma piri isə Şəki şəhəri Babaratma kəndində yerləşir. Kənddəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir: "Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (hicri 1005, miladi 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. "Babarta" "Baba ribat" sözünün təhrif olunmuş şəklidir. Mənası "xanəgah şeyxi" deməkdir".

Şeyx Yusif piri isə Yevlaxın Ərəbbəsrə kəndində yerləşir. Pirdə Mövlana Yusif Əfəndi ibn Məhəmməd ibn Yusif əl-Bəsrəi

(hicri 1324, miladi 1906) dəfn edilib. Şeyx Yusif Hacı Şeyx Yusif padar Hacı Əli Babanın müridi, o da dərviş

Evliya Həvinin müridi, o da Hacı İsmayıl Siracəddin Şirvaninin müridi olub. Şeyx İsmayıl, həmçinin, XIX

əsrdə Dağıstanda Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çevrilmiş xalq hərəkatına başçılıq etmiş

Şeyx Şamilin də mürşidi olub.

Piri Mərdəkan haqqında da saytda bilgi verilir. Yazılana görə, Şamaxının cənubi-şərqindəki Göylər kəndində, qədim Şamaxı-Cavad-Ərdəbil yolu üzərində xalq arasında "Piri Mərdəkan" adı ilə tanınan dini abidə kompleksi var. Buradakı Şeyx Tair Tac əl-Hüda Mədakani ibn Əlinin dəfn olunduğu türbə (hicri 600, miladi 1203-1204) Şirvanşah III Mənuçöhrün oğlu Fərruxzadın əmri ilə inşa edilib. Bir müddətdən sonra şeyxin və türbənin adı təhrif olunaraq "Mədakani" sözü "Mərdəkan" şəklinə salınıb. "Mədək" Cənubi Azərbaycanda, Həsənəbadın 27 km cənub-şərqində yer adıdır. "Ani" isə məkan

şəkilçisidir. Saytda qeyd edilir: "Qədim Azərbaycanın sənət və tarix elmi baxımından çox dəyərli olan bu memarlıq nümunələrinin inşa edildiyi vaxtdan bizi əsrlər ayırsa da, həmin abidələrdə həkk edilmiş dini və mənəvi dəyərlərimiz əks etdirilərək bizim dövrə qədər qorunub saxlanıb. Dini abidələr yuxarıda qeyd edilmiş bir sıra xüsusiyyətlərlə yanaşı, eyni zamanda, keçmişimiz barədə misilsiz informasiya mənbəyi rolunu daşıyaraq, gələcək nəsillərə ötürülməsinə xidmət edir".

Azərbaycan Respublikası rəhbərliyi dini müqəddəs ocaqlara həmişə qayğı göstərib. Bu da ondan irəli gəlir ki, dövlətimiz milli, dini kimliyimizə sahib çıxır.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2016.- 29 iyul.- S. 15.