Müsəlman Azərbaycan dini irs və dəyərlərə münasibətdə xristian Qərbə daha bir nümunə göstərir

 

 

Məhərrəm Zülfüqarlı: "Görülən işlər dünyada Azərbaycana münasibətin müsbət yöndə dəyişməsində mühüm rol oynayacaq"

"Bu həm də bəzi dairələrin islam dünyası barəsində yaratmaq istədiyi mənfi rəyə böyük zərbədir"

Məlum olduğu kimi, fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs MarçellinioPietro katakombalarının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mehriban xanım əvvəlcə Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs MarçellinioPietro katakombalarının bərpası ilə bağlı təqdimata qatılıb.

Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirib. O, katakombaların tarixi barədə məlumat verərək onların bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bərpa işlərindən sonra əldə edilən nəticələrin möhtəşəm olduğunu deyib: "Heydər Əliyev Fondunun dəstəyi ilə biz tarixi məkanı qoruya bildik".

Sonra katakombaların bərpasından bəhs edən film nümayiş olunub.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi bildirib ki, məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət edib, lakin müsbət cavab almadığını, yalnız Heydər Əliyev Fondunun bu çağırışa cavab verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilib. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilib.

Bütövlükdə, Heydər Əliyev Fondunun gördüyü bu nəcib xristian dünyasında islam ölkələrinə, islama, Azərbaycana münasibətin daha da dəyişməsində nə kimi rol oynayacaq?

Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının fikrincə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bununla bağlı gördüyü işlər, sözün əsl mənasında, təqdirəlayiqdir: "Fond tərəfindən müqəddəs Roma katakombalarının bərpası Azərbaycanın tolerant ölkə olmasını bir daha dünya miqyasında təsdiq etdi. Heç şübhəsiz ki, bu yöndə görülən işlər dünyada Azərbaycana münasibətin müsbət yöndə dəyişməsində mühüm rol oynayacaq. Xristian dünyası bir daha şahid oldu ki, Azərbaycan multikultural dəyərlərə, dünyanın mədəni irsinə necə böyük önəm verir. Bu həm də bəzi dairələrin islam dünyası barəsində yaratmaq istədiyi mənfi rəyə böyük zərbədir. Belə ki, hər fürsətdə islamı terrorla eyniləşdirməyə çalışırlar. Böyük bir tarixi məkanın bərpasını Azərbaycan öz üzərinə götürməklə, dini, mədəni dəyərlərə önəm verdiyini göstərdi. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək".

Vidadi ORDAHALLI

Bakı xəbər.- 2016.- 1 mart.- S.4