Bir şair ömrü son baharda sonuna qovuşdu...

 “Taleh Həmidin adına verilmiş xoşbəxtlik İtdiyi üçün etibarsız sayılır…”

Səsi gəlməyəndə qəribsəyərdik həmişə. Bir müddət əvvəl danışmışdıq. Dedim çoxdandır görünmürsüz. Dedi şəkər macal verir ki... Söz verdi ki, arada vaxt edib gələcək “Bakı-Xəbər”ə. Danışılası o qədər sözü vardı ki hələ. Gələcəyəm dedi, ancaq gəlmədi. Daha doğrusu gəlməyə macalı olmadı. Yoxsa sözünə bütöv adam idi Taleh Həmid. Taleh müəllim kimi dəyərli insanların, qələm adamlarının, ictimai xadimlərin, ziyalıların dünyadan köç xəbəri adama ən doğma adamının itkisindən doğan sarsıntını yaşadır, hiss etdirir...

Taleh müəllimin vəfat etməsi ilə bağlı yayılan xəbərə inanmadıq. Şairin telefon nömrəsinə zəng vurduq, zəng çatırdı. Telefonu Taleh müəllimin yaxın dostu Anar müəllim götürdü. Yayılan xəbəri təəssüf hissi ilə təsdiqlədi. Anar müəllim bildirdi ki, Taleh Həmid səhər saatlarında dünyasını dəyişib mərhumun cənacəsi doğulduğu Şəmkir rayonunun Dəllər-Cəyir kəndinə yola salınacaq. Beləliklə, noyabrın 1-i görkəmli şair, publisist Taleh Həmidin vəfatı günü kimi tarixə düşdü.

Dünyamızın beş-on saf, qayğıkeş adamlarından birini itirmək o deməkdir ki, artıq mənəviyyat aləminə xal düşür. Şan-söhrətdən sevdasından uzaq adam idi Taleh müəllim. Böyük ideallara, gözəl, qiymətli əsərlərə hörüb toxuduğu ömrünü sadə şəkildə yaşayırdı. O qədər sadə insan idi ki, qarşındakının böyük bir söz adamı olduğunu sanki unudurdun. Taleh Həmid anadan şair doğulmuşdu...

Arzu eləmədim büllur sarayı,

Kimsənin yığdığı sona qalmayıb.

Şairlik Tanrının vergisi, payı,

Şairlər sevgidən şair olmayıb.

Atasını erkən itirmişdi. Həmişə deyirdi ki, anam bizi saxladı, böyüdüb ərsəyə çatdırdı. Ana haqqını heç vədə unutmurdu. Doğulduğu Şəmkirə o qədər bağlı idi ki, az qala hər söhbətində xəyalı oralarda idi. Taleh müəllim anasının daşa çevirilmiş ömrünün yaratdığı kədəri  “Anamın kövrək məzar daşı var...” şeirində yanğı ilə ifadə edirdi.

Yanına gələndə həsrətim sönür,

Ocağa çevrilir, alova dönür,

İçim pörşələnir, əlim isinir,

Anamın isti məzar daşı var!

Dinir, xəbər alır hər əhvalımı,

Kim daş çağırıbdı, bu daş zalımı?

İsladır quruyan yanaqlarımı,

Ay Allah, daşın da öz göz yaşı var!

Önündə varlığım çəkilir dara,

Bələnir yağışa, üz sürtür qara,

Ünvan göstərirəm qəlbidaşlara,

Anamın kövrək məzar daşı var!

Taleh müəəlim həyatda çox əziyyət çəkdi. Uzun müddət xəstəliklə mübarizə apardı. Müsahibələrindən birində deyirdi:Əlli yaşımı ağrılar, acılar içində, xəstəxanalar palatasında qarşıladım. Həyatımın ölüm-dirimlə mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən doğrudan da hər şey bitdi. Amma bitmədi. Tanrı mənə ömrün altmışını da qismət elədi. Ona görə həm uşaqlığımı, həm gəncliyimi, həm ömrün ahıl çağlarını özümə taleyin töhfəsi bilirəm”.

Unutdum ömrün

uzaq qatarında

xoşbəxtliyimi,

İtirdim tələbəlik illərində

İtirdiyim çantam kimi.

İndi qaldıqca

Uzaq-uzaq qütblər arasında mən

Təcili bir elan vermək

Keçir ürəyimdən.

Ağrılar var – sinəmboyu yayılır,

Taleh Həmidin adına verilmiş

xoşbəxtlik

İtdiyi üçün etibarsız sayılır…

Taleh müəllim həmişə deyirdi ki, xoşbəxtlik əbədi deyil, xoşbəxtlik bir andırHələ mən dünyada sonadək xoşbəxt olan bir insan görməmişəm. Hər halda bu, mənim fikrimdir. Bəlkə özünü əbədi xoşbəxt sayanlar var. Amma buna inanmağım gəlmir. İnsanın böyük arzuları qurtarırsa, onlar çin olmursa, əbədi xoşbəxtlər yoxdur…”

Bəli, hələ heç kəs xoşbəxtliyi doya-doya yaşaya bilməyib. Hər kəs xoşbəxtlikdən bircə qətrə dadıb. Taleh Həmid söz sənətində öz cığırı, izi olan şairlərdən biri kimi hər zaman üzdə olub. Səsi gəlib, sözünün boy-buxunu görsənib.

1985-ci ildə SSRİ Yazıçılaır Birliyinin üzvü olan Taleh Həmid 1986-cı ildə Respublika Lenin komsomolu mükafatı laureatına layiq görülüb.

Xatırladaq ki, Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkirin Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıbdır. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində Respublika Komsomolu mükafatına layiq görülüb. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb. Bir sıra mətbu orqanlarda - “Ulduz” jurnalında şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetində baş redaktor (1989-1992), “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) olub. 2005-2015-ci illərdə Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib.  “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” şeirpublisistik kitabları nəşr olunub. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.  2012-ci ilin noyabrında “VI Uluslararası Canakkala Seir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya  qoyulub. Yazıçılar Birliyinin üzvü idi...

Taleh Həmid yaddaşlarda insanlara ümid verən, həmsöhbətinin ovqatını yaxşı istiqamətdə dəyişən bir insan kimi qalacaq. Özünü elə aparırdı ki, qeyri-ixtiyari olaraq sən onu özünə doğma sayırdın. Taleh müəllim şair ömrü yaşadı, həyatını sözə bağladı. Sözonu ucaltdı, tanıtdı, yaddaşlarda, xatirələrdə əbədi etdi.

Şəmkir torpağı bu gün öz doğma balasını qarşılayacaq. Ana torpaq öz əziz balasını ağuşuna alacaq. Taleh müəllim anasına-İradə anaya qovuşacaq. Ancaq bu dünyadakı İradəsi - xanımı burada gözüyaşlı qalacaq. Həmişə deyirdi ki, bütün arxivləri yoxlatmışam, mənim anam Azərbaycanın ən yaşlı İradəsidir. Nəvəsi dünyaya gələndə Taleh müəllim özünü elə xoşbəxt sayırdı ki...Şairin xoşbəxt olduğu an başqa bir aləmdir... Taleh müəllim 64 yaşında köçünü çəkib getdi. Bir neçə dəfə ölümlə pəncə-pəncəyə gəlmişdi, lakin hər dəfə qalib ayrılmışdı əcəldən. Amma bu dəfə olmadı - kəmfürsət fələk onu ölümün ağuşuna atdı...

Bakı xəbər.- 2016.- 3 noyabr.- S.14