Şəbəkə ustası Rafiq Allahverdiyevin emalatxanasındakı möcüzələr

"Təzə Pir", "Əjdərbəy", "Bibiheybət" məscidlərini şəbəkə üsulu ilə bəzəyən sənətkar: "Bu sənəti yaşatmaq naminə əlimizdən gələni edirik ki..."

Bakı qaynar qazana bənzəyir. İllah da külək əsəndə adama elə gəlir ki, bütün şəhər ayaq üstədir. Küləkli günlərdən birində görkəmli şəbəkə ustası Rafiq Allahverdiyevin "20 Yanvar" metrostansiyası yaxınlığındakı şəbəkə emalatxanasına üz tutduq. Açığı, bu görüş bir neçə ay əvvəl baş tutmalı idi, lakin ustanın şəhərdə olmaması görüşümüzü soyuq və küləkli payız gününə saxladı.

R.Allahverdiyevin emalatxanası gözdən uzaq bir məkandadır. Sakit, xudmani emalatxanada şəbəkə sənətinə aid materiallar, yarımhazır nümunələr, şəbəkənin hazırlanması üçün müxtəlif formalı və ölçülü dəzgahlar, texniki cihazlar var. R.Allahverdiyev uzun illərdir bu sənətlə məşğul olur. Bu sənətə o qədər bağlıdır ki, bu onun övladlarının da şəbəkə sənətinə bağlanmasına gətirib çıxarıb.

R.Allahverdiyev əslən qədim Şuşa şəhərindəndir. Şuşada şəbəkə Rafiq kimi tanınmış sənətkarı Bakıda da öz işinin ustası kimi tanıyırlar. Usta Rafiq Azərbaycan memarlığının inciləri sayılan bir sıra binaların şəbəkə üsulu ilə işlənməsində yaxından iştirak edib. Onun əlinin və ürəyinin istisindən, mehrindən yaranan şəbəkə nümunələri olduqca diqqətçəkəndir. R.Allahverdiyevin yaratdığı şəbəkələr, sözün həqiqi mənasında, ürəklərə yol açır...

Şəbəkə babaların əmanəti kimi...

Bəli, elə sənət növləri var ki, onlar dil açıb danışmağı bacarır. Bircə baxışın, bircə toxunuşun bəs edər ki, o sənə hekayətlər, əhvalatlar danışsın, ovqatını dəyişsin, gah güldürsün, gah da düşündürsün.

Qədim xalq sənət növlərimizdən biri də şəbəkədir. Ötən çağlardan üzü bəri yol gələn, gah yorulan, gah inadkarlıqla yoluna davam edən bir sənət növü olub şəbəkə.

Şəbəkə xalq sənəti növü sırf Azərbaycana məxsusdur. Azərbaycan sənətkarlarının incəliklə, zərifliklə işlədiyi şəbəkə üsulu memarlığımıza qeyri-adi gözəllik bəxş edib.

Bildirək ki, şəbəkə sənətinin tarixi haqqında səhih məlumat yoxdur. Keçmiş zamanlarda saraylar, varlı insanların malikanələrində bu sənət incisinin gözəlliyindən geniş istifadə edilirdi.

Onu da yadınıza salaq ki, XVIII əsrdə inşa edilən Şəki Xan Sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsi kimi tarixə düşüb. Məlumdur ki, sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla, bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistin marağına səbəb olur.

Şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verir.

Vurğulayaq ki, hazırda Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur. Otellər, abidələr üçün sifarişlər də şəbəkə ustaları tərəfindən qəbul olunur.

Məlumdur ki, ağac (taxta) və rəngli şüşələrin birləşməsilə yaranan və şüşə bəzəmə üsulu olaraq xarakterizə edilən şəbəkə sənəti qeyri-adi dərəcədə gözəlliyi ilə seçilir.

Sənətkarların verdiyi bilgiyə görə, şəbəkə qoz, şimşir, palıd, qara və qırmızı şam, fıstıq, göyrüş ağacından hazırlanır. Onun "Cəfəri", "səkkiz", "on altı", "Gülabi", "Şəms", "Gollum" və "bend-i rumi" kimi növləri var.

Şəbəkə sənətini yaşadan ustalar...

Məscidlərdə və dini ziyarətgahlarda, muzeylərdə olarkən qapı və pəncərələrin, eləcə də arakəsmələrin şəbəkə üsulu ilə süslənməsinə maraqla, heyrətlə baxırıq. Sənətin gözəllik donunda təqdim edilməsi həqiqətən də sevinc gətirir.

Şuşalı şəbəkə ustası R.Allahverdiyev deyir ki, ixtisasca mebel texnoloqudur, amma öz sahəsi ilə deyil, şəbəkə sənəti ilə məşğul olur: "Bu sənətlə uzun illərdir məşğul oluram. Tək işləmişəm, oğlanlarım da mənimlə işləyir. Şəbəkə sənəti çox çətin, maraqlı, həm də bahalı işdir. Mən özüm bu sənəti Şəkidə öyrənmişəm. Ustadım, məşhur şəbəkə ustası, SSRİ Rəssamlar İttifaqının üzvü Əşrəf Rəsulovdan öyrənmişəm. Bu sənət hazırda özünün inkişaf dövrünü yaşayır. 10-12 şəbəkə ustası var ki, bu sənətin yükünü çiyinlərinə alıblar. Usta Əşrəf bu sənəti olduqca yüksək səviyyədə yaşadırdı. Keçən əsrin 70-80-ci illərində şəbəkə sənəti özünün böhran dövrünü yaşayırdı. Demək olar ki, ölmək üzrə idi. Lakin bakılı usta Şamil və şəkili usta Əşrəf şəbəkə sənətini ölməyə qoymadılar. Allah hər ikisinə rəhmət eləsin! Ustamın oğlu Tofiq Rəsulov bu gün şəbəkə sənətini çox yüksək səviyyədə yaşadır. Azərbaycanın şəbəkə ustalarının əl əməyi nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda çox məşhurdur. Mənim də xaricdə əl işlərim var, ancaq çox deyil. Əsas işləri burada görmüşəm".

"Şəbəkə sırf əl əməyindən yaranan bir sənətdir"

R.Allahverdiyevlə söhbət zamanı gözümüzü emalatxananın divarlarında gəzdirdik. Divarlarda qatar-qatar düzülən şəbəkə materialları diqqətimizi cəlb etdi. Bu nümunələr arasında sənətkara verilən mükafat da diqqətimizdən yayınmadı.

Usta danışır ki, 1987-ci ildə Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və SSRİ Xalq Təsərrüfatı Sərgisinin gümüş medalına layiq görülüb. Ustadan soruşduq ki, şəbəkə hansı ağac növlərindən ərsəyə gətirilir, onun gözəlliyini daha da cilalamaq üçün tələb olunan rəngli şüşələri haradan əldə edir?

"Şəbəkəni lap əvvəllər ustalar əsasən xan çinardan hazırlayıb. Bilirsiniz ki, hazırda xan çinar "Qırmızı kitab"a düşüb. Bu səbəbdən də o ağacdan istifadə edilmir. Əsasən göyrüş, fıstıq, qara və qırmızı şam ağaclarından hazırlayırıq. Şəbəkəni həm yerli, həm başqa respublikalardan gətirilən taxta ilə ərsəyə gətiririk. Şüşələri isə xaricdən alırıq. Material çox bahadır. Biz də çalışırıq ki, o materialı əldə edib sifarişləri yerinə yetirək. Əvvəl işimiz çox idi, ancaq son bir ildə zəifləyib. O da ümumi vəziyyətlə əlaqədardır. Bir neçə nəfər şəbəkə ustası var. Hamımız da bir-birimizi tanıyırıq. Ara-bir sərgilərdə iştirak edirdim, amma son vaxtlar etmirəm. Memarlar məni yaxşı tanıyır.

Bu sənəti yaşatmaq naminə əlimizdən gələni edirik ki, əcdadlarımızın sənəti itməsin, yaşasın. Şəbəkədə bir yol var, bütün sənətkarlar eyni yolla gedir. Lakin onları bir-birindən fərqləndirən cəhət zövq və əl işinin zərifliyidir. Elə sənətkar var ki, zövqlə, ürəklə işləyir, eləsi də var işləmək xatirinə işləyir. Bu sırf əl əməyindən yaranan bir sənətdir. Burada nə yapışqandan, nə də digər vasitədən istifadə edilir. Ənənəni necə qəbul etmişiksə, elə də gələcək nəsillərə ötürməliyik. Gənclər bu sənətə maraq göstərməlidir ki, sənət yaşasın. Təəssüf ki, bir çoxu maraq göstərmir. Bəzən görürsən böyük iş götürürəm, hansısa bir gəncə deyirəm ki, gəl, mənə kömək et, aylıq maaşını verəcəyəm. Bir ay işləyir, sonra da çıxıb gedir.

Bu gün dövlətimiz, eləcə də Heydər Əliyev Fondu xalq sənətinə xüsusi diqqət və qayğı göstərir. Bu təqdirəlayiq haldır".

"Adım heç bir yerdə qeyd edilmir"

Şəbəkə ustası R.Allahverdiyev qədim məscidlərin, xalqımız üçün əhəmiyyət daşıyan binaların restavrasiyasında yaxından iştirak edib. Bu gün usta Rafiqin əl işləri Azərbaycanın müxtəlif yerlərində yaşayır. Çoxlarımız bilmirik ki, R.Allahverdiyev hansı dəyərli işlərin müəllifidir.

Onun ərsəyə gətirdiyi işlər İsveçdəki Azərbaycan evini bəzəyir, bundan başqa, sənətkar daha böyük işlər görüb: "Mən xeyli işlər görmüşəm. Deyərdim ki, gördüyüm işin miqyası çox genişdir. Tez-tez televiziyalarda şəbəkə ilə işlənmiş binaları, məscidləri göstərirlər. Ancaq altına yazmırlar ki, bu binanı şəbəkə üsulu ilə R.Allahverdiyev süsləyib, işləyib. Yaxşı olardı ki, bunu qeyd etsinlər. Bugünkü nəsil bilsin ki, kim hansı işi görüb? Mən Bakıda xeyli iş görmüşəm. Bibiheybət məscidinin pəncərələri, qapısı və orada görülən digər şəbəkə işləri mənə aiddir. "Təzə Pir", "Əjdərbəy", "Bibiheybət", Buzovna kənd məscidində, Mir Möhsün Ağa Ziyarətgahında, Heydər Əliyev Fondunun maliyyəsi hesabına inşa olunan Qəbələ şəhər məscidinin qapı-pəncərəsinin şəbəkə işini mən görmüşəm. Şəhidlər Xiyabanının girişindəki şəbəkə işi də mənə aiddir. Xaçmazda "Xalqlar dostluğu" və Xalça muzeylərinin, Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin şəbəkə işini görmüşəm. Ancaq heç bir yerdə adım qeyd edilmir. Bu məni narahat edir. Adım qeyd edilsə yaxşıdır. Bu qədər iş görmüşəm, ancaq bir adam emalatxananın qapısını döyüb demir ki, bu işləri sən görmüsən? Mənimlə maraqlansalar, yaxşı olardı. Çünki bunu sənətimə maraq və dəyər kimi qəbul edərdim".

Usta R.Allahverdiyev müasir şəbəkə sənətinin odqoruyanlarından biri kimi babalarımızın əmanətinə xəyanət etmədən onu yaşadır. Sənətə bağlı olan usta Rafiq yüzlərlə şəbəkə işinə nəfəs verib. Əlbəttə, bu işlərin hər biri vətənin yaraşığına çevrilib. Usta deyir ki, vaxtilə Şuşada şəbəkə işləri görüb, o işlər muzeyləri bəzəyib, lakin ermənilərin Şuşanı qəsb etməsi nəticəsində o işlərin salamat qalmasına inanmır. Deyir ki, sağlıq olsun, Şuşa qaytarılsın, əlinin hərarəti, ürəyinin işığı, gözlərinin nuru ilə Şuşada şəbəkə işləri görəcək. Təki Şuşa azad olunsun!

Usta R.Allahverdiyevin emalatxanasından ayrılıb geri qayıdırıq. Fikrimizdən keçir ki, şəbəkə kimi qeyri-adi sənət növü ilə məşğul olan adam həqiqətən də xoşbəxtdir. Gözəlliyin cilalandığı sənət, əlbəttə ki, əbədi yaşamalıdır. Necə ki, onu ustad Rafiq kimi sənətkarlar əbədi olaraq yaşatmağa çalışır. Şəbəkə sənəti ölməyəcək, bugünkü nəsildən sabahkı nəslə, onlardan da başqa nəsillərə ötürüləcək.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.-17 noyabr.- S.15