Beynəlxalq Muğam Mərkəzində Salatın Əhmədlinin 60 illik yubileyi keçirildi

Söz əbədi cavan məfhumdu. Nə qədər əvvəl deyilməyindən asılı olmayaraq  öz gözəlliyini, cilvəsini qoruyub saxlaya bilir. Söz gözəllikdən biçildiyi üçün heç zaman qocalmır, müdrikləşsə də “ürəyi” cavan qalır.

Zaman bizə verdiklərini öz vaxt dəyirmanında üyüdüb bəzən bir heçə, bəzən isə qiymətli bir inciyə çevirir. Odur ki, zamandan ala bildiklərimizi qənimət bilməliyik. Uca söz zamanın dəyirmanından diri və urvatlı çıxıb həmişə. Müdriklər sözün tükənməz sərvət olduğunu deyəndə əslində onu demək istəyiblər ki, sözün analar kimi keşikçisi, xiridarı var. Qadın sözə bənzəyir elə, söz də qadına. Gözəllik çuğlaşanda aləm yaranır. Bu gün qadın bütün istiqamətlərdə hərəkətverici qüvvəyə çevirilib. Sevinirəm ki, qadınlar ədəbiyyatda,sənətdə, elm-texnika sahəsində xarüqələr yaradır...

Qadın var ki, biz onun ancaq bir tərəfini görə bilirik,qadın da var ki, həyatı, fəaliyyəti, yaradıcılığı gerçək bir örnəkdir. Örnək qadınlardan biri də ədəbiyyyatşünas, publisist, şair-yazıçı, tədqiqatçı, filologiya üzrə  fəlsəfə doktoru, AYB üzvü, Azərbaycan Dövlət Memarlıqİnşaat Universitetinin dossenti  Salatın Əhmədlidir. Salatın Əhmədli söz sənətinə, elmə böyük töhfələr verib. Yorulmadan çalışan, yazıb-yaradan Salatın xanımın ömründən müəllimliyə, yazarlığa, analığa, nənəliyə, vətəndaşlığa ayrılan çığırlar onu səadətə qovuşdurub. Hər cığırın başında onu tükənməz məhəbbət qarşılayıb. Oktyabrın 20-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Salatın Əhmədlinin 60 illik yubileyi qeyd edildi. Tanınmış qələm sahibinin 60 illik yubiley gecəsində görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri iştirak edirdi.

Gecənin aparıcı tanınmış aktrisa Mehriban Zəki S.Əhmədli ilə bağlı olduqca maraqlı təqdimat etdi. Salatln xanımın ömründən yarpaqlar təqdim edildi. Bu barədə hazırlanan videoçarxda xanım yazarın həyat, yaradıcılıq kitabının səhifələri vərəqləndi. Qeyd olundu ki, Salatın Alı qızı Əhmədli  18 oktyabr 1956-cı ildə Ağstafa rayonun  Poylu qəsəbəsində doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirib.

Qeyd edək ki, S.Əhmədlinin 2008-ci ildə "Xalq şairi Nəriman Həsənzadəyə  Poylu beşiyimdən məktub" (I-II nəşr), "Səfərnamə", "Ömrünü Qazaxda yaşayan şair", "Həcc ziyarəti", "Hüseyn Cavidin ev muzeyi", "Sənsiz" (tərtibçi), "Azərbaycan Poeziya çələngi" (iki müəlliflə), "Məhsəti" Ensiklopedik Toplu (iki müəlliflə), "XIX əsr Azərbaycan ədəbiyyatı" I cild, "Poeziya" (iki müəlliflə), "Şairlər vətəni bizim tərəflər" (Antologiya, iki müəlliflə) kitabları və "Heydər Əliyevin dil siyasəti" monoqrafıyası işıq üzü görmüşdür. "Heydər Əliyevin dil siyasəyi" kitabı Türkiyədə çap olunmuşdur. Xeyli sayda elmipublisistik məqalələri xaricdə və respublikanın dövrü mətbuatında çap edilibdir.

“Heydər Əliyevin dil siyasəti” və “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyaları və digər elmi-publisistik əsərləri ilə birgə “Analar köç edəndə”, “Yol gedir Naxçıvana”, “Bir elatın dastanı”, “Kişilik səngəri” və “Uçurulmuş sədlər”, “Baş daşı əhvalatı” kitabları, oxucuların ixtiyarına verilən onlarca bədii-publisistik, elmi-monoqrafik (tədqiqat, poeziya, nəsr, dilçiliklə bağlı) kitabları müəllifin yaradıcı təxəyyülünün məhsuludur. Onun Qarabağ müharibəsi və Xocalı soyqırımına həsr etdiyi əsərləri bir çox dillərə tərcümə edilib. Təkcə “Baş daşı əhvalatı” kitabı rus, ingilis dillərinə tərcümə edilərək 55 ölkədə yayımlanıb. S.Əhmədlinin “Səfərnamə”sini oxuyan mərhum akademik Budaq Budaqov əsəri belə qiymətləndirdi:”Mən Salatın xanımın bu kitabını oxuyarkən əsərdən çox faydalandım. Salatın xanımın səyahət etdiyi bir çox ölkələrdə mən də olmuşam. Lakin buna baxmayaraq, mən kitabdan yeni-yeni informasiyalar aldım. Müəllifin bu əsəri düşünə-düşünə yazılıb. Ona görə də kitabda oxucu üçün faydalı informasiyalar çoxdur. Bu kitabı oxuyarkən hər bir oxucunun daxili dünyası zənginləşir, əsərdən mənəvi zövq alır. Mən Salatın Əhmədlinin bu kitabını bəyənir və oxucuların onu oxumasını məsləhət görürəm."

Gecənin aparıcısı qeyd etdi Salatın xanım indiyə qədər saysız mükafatlara layiq görülüb. 60 illik yubileyi münasibəti ilə isə Mədəniyyət və Turizm Nazirliyinin döş nişanı ilə təltif edilib. Bildirildi ki, yazıçının 60 illik yubileyi münasibəti ilə AYB xanım yazarın əsərlərini 12 cilddə nəşr edib.

AYB katibi İlqar Fəhmi səhnəyə çıxaraq yubliyarı təqdim etdi. AYB rəhbərliyinin ona ünvanladığı təbriki və fəxri diplumu Salatın xanıma təqdim etdi. İ.Fəhmi bildirdi ki, S.Əhmədlinin ömür yolu həqiqətən də gənclik üçün böyük örnəkdir.

Yubliyar səhnəyə çıxaraq qonaqları salamladı, onlara “xoşgəldin” etdi... Sonra isə səhnəyə respublikanın əməkdar artisti Ramil Qasımov dəvət edildi. O, ölməz “Alagöz” mahnısını ifa etdi.

Akademik Teymur Bünaydov isə S.Əhmədlinin yaradıcılığını, şəxsiyyətini yükəsk qiymətləndirərək onun əsərlərindən, toplayıb nəşr etdirdiyi folklor nümunələrindən, kövrək, həzin bayatılardan danışdı.

Əzizinəm öz anam

Qoynu dolu söz anam

Mən layla istəyirəm

Qoy söyləsin öz anam!

Teymur müəllim vurğuladı ki, Salatın xanım elinə, obasına, xalqına, ailəsinə sədaqətli qadındı. Onun ziyalı, dəyərli bir xanım olduğunu deyın Teymur Bunyadov fikrini “Qadın gözəldi, qadın həm də ziyalı olanda ikiqat gözəl olur” sözləri ilə tamamladı.

Səhnəyə xalq artisti Azər Zeynalov çıxdı, “Şükriyyə” mahnısını ilə S.Əhmədlini təbrik etdi. Onu röyalda tanınmış pianoçu Emil Əfrasiyab müşaiət edirdi. Gəncxanındə Səbinə Ərəbli isə “Güləbatın”! xalq mahnısını ifa etdi. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstotutunun direktoru, professor Muxtar İmanov çıxış edərək S,Əhmədlinin çoxşaxəli yaradıcılığından və fəaliyyətindən danışdı.

S.Əhmədlinin 60 illik yubiley gecəsində yazar xanımın yaradıcılığı, şəxsiyyəti haqqında dəyərli fikirlər səsləndirildi...Salatın xanımı biz də təbrik edir, ona can sağlığı, söz ömrü qədər ömür diləyirik!

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 22-24 oktyabr.- S.12