Səhnəmizin iftixarı

Əslində mən onu bir aktyor kimi lap çoxdan tanıyırdım. Hələ tələbə ikən izlədiyim istedadlı aktyorumuz Lütfi Məmmədbəyovun çəkdiyi "İtkin gəlin" çoxseriyalı televiziya tamaşasından. 90-cı illərdə bu tamaşa televiziya məkanında böyük uğur qazandı. Yaratdığı "Əbdül" obrazı uzun illər tamaşaçıların yaddaşından silinmədi.

Tale elə gətirdi ki, gəncliyimdən daxilimdə vulkan kimi yığışıb qalan səhnə məhəbbətimi, teatr sevgimi reallaşdırmaq üçün teatrda işləmək təklifi aldım. Ağlıma belə gəlməzdi ki, bundan sonrakı taleyimi İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə bağlayacam.

Bəli, deyirlər ki, həyatda nəyinsə sonu nəyinsə başlanğıcıdır. Onu da deyirlər ki, həyatda təsadüfi heç yoxdur. Zaman-zaman bu fəlsəfi qanuna inananlar da oldu, inanmayanlar da. Mən inananlardan olduğum üçün aldığım təklifi dəyərləndirərək Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yollandım. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevlə ilk görüşümüz o qədər ürəkaçan olmadı. Ömrünün 30 ildən çoxunu teatra həsr edən, öz peşəsini dəli kimi sevən, neçə-neçə əsərə səhnə taleyi verən İftixar müəllim bu sənətin gözəllikləri ilə yanaşı, teatrın çətinliyindən söz açaraq "Zülfiyyə xanım, mən inanıram ki, siz yaxşı pedaqoqsunuz, amma aktyor sənəti olduqca çətindir. Əgər sizdə bu alınmasa, məndən inciməyin, yollarımız ayrılacaq" - deyərək məni incitsə , ruhdan düşməməyə söz verdim. hər şeyi zaman göstərəcək deyərək, hər gün böyük şövqlə teatra işə getdim.

135 illik tarixi olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının fədakar aktyorları ilə çiyin-çiyinə işləmək mənə böyük zövq verirdi. Günlər keçdikcə, səhnədə ilk addımlarımı atdıqca, bu sənətin doğrudan da çətin olduğunu dərk etdim. İftixar müəllim tez-tez məşqlərimizə gələr, öz təkliflərini gənc rejissorlarla bölüşər, aktyorlara peşəkar tövsiyələrini verər, hətta lazım gələndə mizanları ustalıqla bizə göstərərdi. Günlər keçdikcə, onun mənə teatr haqqında dediyi çətinliklərin həqiqət olduğunu anladım.

İftixar müəllim teatrda elə gözəl mühit yaradıb ki, bu ancaq alqışa layiqdir. Ənənəvi olan bu teatrda on illərlə formalaşan qaydalar, münasibətlər hökm sürür. Rəhbərin formalaşdırdığı ənənə sənətə, sənətkarın istedadının üzə çıxmasına dəstəkdir.

İftixar Piriyevin müəllifi olduğu "Qurtuluş dastanı"nda yaratdığı ulu öndərin obrazı məşqlər zamanı məni valeh edirdi. Aktyor bu obrazı o qədər daxili dünyasına hopdurur ki, sanki gözümün önündə dahi Heydər Əliyevi görürdüm. Bu da bir aktyor kimi İ.Piriyevin Heydər Əliyev dühasına böyük məhəbbətindən irəli gəlir. Aktyor oynadığı obrazın daxili psixoloji qatlarını təbii ifadə təsvir vasitələri, mənalı baxışları həddindən artıq oxşar, ürəyəyatımlı, koloritli səsi ilə elə möhtəşəm çatdırır ki, tamaşaçı göz önünə əzəmətli ulu öndəri gətirir. Bu məqamda aktyor dünyanı tamşaçıya bağışlayır.

İ.Piriyevin təkcə aktyor yox, təşkilatçı, yaradıcı, müstəqil təfəkkürlü sənətkar kimi bir xidməti onun yaratdığı poeziya nümunələridir. O poeziya nümunələri ki, onların çoxu Azərbaycan musiqisində hitə çevrilib:

Boynu bükük xatirədir,

Mənim ömür nəğmələrim.

Qərib-qərib hey əl edir,

Mənim ömür nəğmələrim.

Saçlarımda mehə dönüb,

Gözlərimdə şehə dönüb,

Qəmə-qüssəyə bürünüb,

Mənim ömür nəğmələrim.

Niyə yozulmur bu yuxu?!

Unudulmur niyə qoxun?!

Bəsdir susdun, bir az oxun,

Mənim ömür nəğmələrim.

Bu şeirləri oxuduqca şairin misra-misra kövrəldiyi, kövrələ-kövrələ sözün işığında bir ömür yaşadığı bəlli olur:

İçimdə dəli bir sevgi yaşayır,

Ağlayıb hönkürür hirsi tutanda.

Gözümdən göylərə yağış daşıyır,

Göylərin susuzluq vaxtı çatanda.

İçimdə dəli bir sevgi yaşayır,

Məni ovundurur hirsi yatanda.

Göylərdən gözümə işıq daşıyır,

Gecə gözlərimə zülmət qatanda

- deyən müəllifin məhəbbət adlı munis bir aləmə özünəməxsus fərdi baxışlarının şahidi oluruq. Eyni zamanda, hamımızın yaşadığı gözəl hissləri yeni deyim tərzilə elə gözəl canlandırır ki, oxucularını düşünməyə sövq edir.

Aristotelin "Poetika" əsərində belə bir fikir var: "Həyəcanlanmayan həyəcanlandıra bilməz!". Bu tendensiyanı şair İftixar bədii yaradıcılığında da əks etdirərək qarma-qarışıq dünyamızın nəşəsini, gözəlliyini, əzabını, həsrətini, nisgilini yaşaya-yaşaya poetik şəkildə deyərək taleyindən şikayət edir:

Bu qərib ömrümün kirayəsində

Yaşayan canıma yazığım gəlir.

Alnıma yazılan əzablarımın

Ağrısı-acısı ərşə yüksəlir.

Bu qərib ömrümə yazığım gəlir,

Bu qərib ömrümün kirayəsindən

Bu yazıq canımı aparın birdən.

Qəlbində vətən ağrısı, vətən dərdi köklənən şair insanların vətənə sahib çıxmamağından gileylənərək ona göz yaşlarını silməyini tövsiyə edir:

Ağlama, Vətən!

Onsuz da bizdən sənə oğul olan deyil!

Dost var, düşmən var,

Gözlərinin yaşını sil!

Ağlama! Ağlama, Vətən!

İftixarın şeirlərində sözün nizamı o qədər maraqlıdır ki, şeirdəki təkrar ifadələr sanki coşqun dənizin ləpələrinə bənzəyir:

Mənim könlümə dəyməyin,

Könlümdə sevgim yaşayır.

Mənim sevgimə dəyməyin,

Sevgimdə şeirim yaşayır.

Mənim şeirimə dəyməyin,

Şeirimdə ömrüm yaşayır.

Mənim ömrümə dəyməyin,

Ömrümdə ölümüm yaşayır.

Sənət adamı üçün məfkurə tutumu, düşüncə əhatəliliyi çox vacib xüsusiyyətdir. Görünür, uca Tanrıya olan sevgisindəndir ki, bu qabiliyyəti Allah İftixar müəllimə tərəddüd etmədən bağışlayıb. Elə bu səbəbdəndir ki, o öz qələmini ədəbi janrların bir neçə növündə uğurla sınaqdan keçirib: Şair, dramaturq, alim İ.Piriyev ən əsası da aktyordur.

 

Hörmətli, İftixar müəllim, bu yazı əslində sizin şəxsiyyətinizin, insanlığınızın, şairliyinizin, sənətkarlığınızın fonunda çox kiçikdir. Hətta onu da bilirəm ki, bunu oxuyanda məni danlayacaqsınız. Çünki sizin özünütəbliğdən xoşunuz gəlmir. Ancaq bu istidə ürəyimin perik düşən duyğularını bir yerə cəmləyib sizə doğum günü təbriki yazmaq istədim. Könlümcə ifadə edə bildimmi, bilmirəm. Onu bilirəm ki, bu gün sizin doğum gününüzdür. Doğum gününüz mübarək, müəllim! Sizə gözəl, sağlam ömür diləyirəm. Çoxlu tamaşaçı alqışı, gözəl səhnələr nəsibiniz olsun! Uzun illər birlikdə işləmək arzusu ilə

Zülfiyə Eldaqızı sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bakı bər.- 2016.- 7 sentyabr.- S.15.