Azərbaycan xalq cümhuriyyəti dövründə kitabxanaların yaradılması siyasəti azərbaycançılıq təcəssümü kimi...

I yazı

Azərbaycançılığın geniş şəkildə təbliğ olunduğu məkanlardan biri şübhəsiz ki, kitabxanalardır. Kitabxanaların azərbaycançılıq ideologiyasının yayılmasında, inkişafında, şüurlarda özünə yer tutmasında əhəmiyyətli rolu var. Kütləvi kitabxanalarda saxlanan kitablar oxucuların ixtiyarına verilir və onlardan istifadə edən hər bir oxucu kitablardan çox şey öyrənir.

Ekspertlər qeyd edir ki, Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir və bu sərvət azərbaycançılıq xəzinəsinin ən vacib elementidir. Tədqiqatçılar vurğulayır ki, xalqımızın yaratdığı qiymətli tarixi mədəni, ədəbi-bədii, elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında, cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Azərbaycanda kitabxana işinin tarixi haqqında araşdırma apararkən aydın gördük ki, bu sahə də azərbaycançılıq ruhundan qaynaqlanıb.

Tanınmış alim, professor Abuzər Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" kitabının I fəslində Azərbaycanın kitabxanaçılıq tarixini araşdırıb. O, kitabının "Azərbaycan Demokratik Cumhuriyyəti dövründə Azərbaycanda kitabxana işi (1918-1920-ci illər)" bölümündə yazır ki, ADR-in 1918-1920-ci illərdə mədəni quruculuq sahəsində həyata keçirdiyi tədbirlər içərisində kitabxana işi ilə bağlı atılan addımlar mühüm yer tutur: "Keçmiş quruluşlardan müstəqil Azərbaycan hökumətinə kitabxana işi sahəsində olduqca pis bir miras qalmışdı. Əhaliyə xidmət edən mütəşəkkil kitabxana şəbəkəsi yox idi. Çar Rusiyasının müstəmləkəçilik siyasəti ucqarlarda yerli əhaliyə xidmət edən dövlət kitabxanaları yaratmağa və onları maliyyələşdirməyə imkan vermirdi. Yerli əhalinin dilində kitablar saxlayan milli kitabxanaların təşkilinə böyük çətinliklə icazə almaq mümkün idi. XX əsrin əvvəllərində Bakı şəhərində və Azərbaycanın rayonlarında qeyri-dövlət təşkilatları, cəmiyyətlər və ayrı-ayrı şəxslər tərəfindən təşkil edilmiş kitabxanaların bir çoxu 1917-1918-ci illər arasında baş verən hökumət dəyişiklikləri, vətəndaş müharibəsi və mövcud çətinliklər nəticəsində öz fəaliyyətini dayandırmışdı. Belə çətin bir şəraitdə hakimiyyətə gələn Azərbaycan hökuməti bütün maarif və mədəniyyət müəssisələrinə rəhbərliyi Xalq Maarif Nazirliyinə həvalə etdi. Nazirliyin həyata keçirdiyi tədbirlər içərisində kitabxanaların qeydinin aparılması, onlarınşəbəkələrinin bərpa edilməsi, kitablarla, avadanlıqlarla təmin edilməsi mühüm yer tuturdu. Hökumət məktəb şəbəkəsini qaydaya salarkən məktəb kitabxanalarının bərpa və inkişaf etdirilməsini, onların ilk növbədə dərsliklər, dərs vəsaitləri və digər kitablarla təmin edilməsini lazım bilmişdi. Bu vaxt respublikada 700-ə qədər məktəb var idi. Məktəblərin əksəriyyətində kitabxanaların olmasını nəzərə alsaq, Maarif Nazirliyinin böyük təhsil kitabxana şəbəkəsinə malik olması aydınlaşar. Bunu nəzərə alan nazirlik 1918-1920-ci illərdə Türkiyədən 20 min nüsxədən artıq dərslik, dərs vəsaiti və digər kitablar alıb məktəb kitabxanalarına vermişdi. Ölkədə olan maliyyə çətinliklərinə baxmayaraq, parlament 1919-cu il sentyabrın 18-də xalq məktəbləri kitabxanalarına türk dilində kitablar almaq üçün bir milyon manat pul buraxılması haqqında qanun qəbul etdi. Bu pula Maarif Nazirliyi Türkiyədən və başqa ölkələrdən qiymətli tədris kitabları alıb məktəb kitabxanalarına göndərmişdi. Nazirlik kitaba olan böyük ehtiyacı nəzərə alaraq Türkiyə ilə yanaşı, qonşu Rusiyadan, Gürcüstandan və Avropa dövlətlərindən xeyli kitab almağa müvəffəq olmuşdu. Parlament 1919-cu ildə təhsil müəssisələri kitabxanalarını kitabla təchiz etmək haqqında hökumətin təqdimatına əsasən xüsusi qanun qəbul etmişdi. Qanun bütün məktəb kitabxanalarının Azərbaycanda nəşr edilən kitab, jurnal, məcmuə və qəzetlərin məcburi nüsxələri ilə təchiz edilməsini; xarici ölkələrdən alınan kitabların ilk növbədə kitabxanalara verilməsini; öz fəaliyyətini dayandırmış məktəblərin, kitab mağazalarının anbarlarında saxlanan ədəbiyyatın kitabxanalara paylanmasını; ayrı-ayrı şəxslərin, müəssisələrin və xeyriyyə cəmiyyətlərinin kitabxanalarının kitabla təchiz olunmasına cəlb edilməsini zəruri hesab edirdi. Bu qanun öz demokratik prinsiplərinə görə böyük mədəni əhəmiyyət kəsb edirdi". Tədqiqatçı yazır ki, Azərbaycan Xalq Cumhuriyyəti hökuməti məktəb kitabxanaları ilə yanaşı, o dövrdə xalq kitabxanaları-qiraətxanaları adlandırılan və bilavasitə yaşlı əhaliyə xidmət edən kitabxanaların fəaliyyətini nəzarətə almaqla onlara hər cür kömək etməyə çalışırdı. A.Xələfovun yazdığına görə, bu tip kitabxanaların əksəriyyəti qeyri-dövlət təşkilatlarına, cəmiyyətlərə və ayrı-ayrı şəxslərə mənsub idi. Maarif Nazirliyi kitabxanaları olan bütün təşkilatlara, cəmiyyətlərə və şəxslərə mətbuat vasitəsilə müraciət edib öz fəaliyyətini davam etdirməyi, onlara kömək göstərməyin vacibliyini bildirmişdi. Ölkənin mədəni inkişafında xalq kitabxana-qiraətxanalarının təşkilinə böyük əhəmiyyət verən Xalq Cumhuriyyəti yeni kitabxanalar təşkil etməklə, mövcud kitabxanaların fəaliyyətini davam etdirməsinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə, ilk növbədə kitablarla təmin edilməsinə xüsusi diqqət yetirirdi.

Alim öz tədqiqatında bir sıra maraqlı məqamlara toxunur: "Mən XX əsrin əvvəllərində kitabxana işinin tarixini öyrənərkən o dövrdə, əsasən sovet dövründə formalaşmış statistikanın düzgün olmadığı qərarına gəlmişəm. Ona görə də öz şəxsi mülahizələrimi şərh etməyi vacib sayıram. Sovet dövründə formalaşmış və dövriyyəyə buraxılmış statistikaya görə, Azərbaycanda 1913-cü ildə 95 min kitabı olan 25 kitabxana və 1920-ci ildə isə 25 min kitabı olan 11kitabxana olub. Mən bu dövr kitabxana işinin tarixini öyrənib ümumiləşdirərkən belə qənaətə gəlmişəm ki, bu rəqəmlərin hər ikisi səhv rəqəmlərdir. Bu statistikanı bu cür formalaşdırmaqda sovet tarixçilərinin əsas məqsədi maarif və mədəniyyətin mövcud durumunu əks etdirən düzgün bir statistika formalaşdırmaq yox, siyasi nəticələrə əsaslanan statistika formalaşdırmaq idi. Statistikanı saxtalaşdırmaqda sovetoloqların əsas məqsədi xalqın keçmiş nailiyyətlərini inkar etmək, bütün müvəffəqiyyətləri sovet quruluşunun adına çıxmaq idi. Sovet statistikası respublika əhalisinin də 97 faiz savadsız olduğunu iddia edirdi. Halbuki, tarixçilərimizin son tədqiqatları göstərir ki, 1920-ci illərdə respublika əhalisinin 30 faizi savadlı olub.

Azərbaycan Xalq Cumhuriyyətinin ideoloji fəaliyyətinin başlıca istiqamətlərindən biri milli özünüdərkin dirçəldilməsinə xidmət edən, dövlətçiliyin möhkəmləndirilməsinə çalışan milli konsepsiyanın yaradılması və inkişaf etdirilməsi idi. Bu sahədə hökumət xeyriyyə cəmiyyətləri, milli mədəni-maarif qurumları, fəaliyyətini genişləndirən həmkarlar ittifaqı təşkilatları, kooperativ təşkilatlarla əməkdaşlıq edirdi. Bu təşkilatların ətrafında toplanmış milli ziyalılarımız müstəqil dövlətin möhkəmləndirilməsi, mədəni-maarif müəssisələrinin təşkilində və fəaliyyətində iştirak edir, təbliğat və təşviqat işləri aparırdılar".

A.Xələfov kitabında yazır ki, kitabxanalar haqqında sovet statistikasında nə məktəb kitabxanaları, nə qeyri-hökumət təşkilatlarının kitabxanaları, nə xeyriyyə cəmiyyətlərinin kitabxanaları, nə də ictimai kitabxanalar nəzərə alınırdı: "Halbuki, 1917-ci ilə qədər respublikada göstərilən kitabxanaların böyük şəbəkəsi mövcud idi. Başa düşmək olmur, bu kitabxanalar necə oldu? Hamısı bir-iki ilin içində məhv olmuşdumu?

Müstəqillik illərində Azərbaycanın mədəni həyatında hələ əsrin əvvəllərində yaranmış "Nicat", "Nəşri-maarif", "Səfa" və s. cəmiyyətlər mühüm rol oynayırdı. Bu cəmiyyətlər özlərinə məxsus mədəni-maarif müəssisələrinin, kitabxana-qiraətxanaların, klubların, dərnəklərin işini canlandırır, Azərbaycan dili kursları təşkil edir, yoxsul əhaliyə köməklik edirdilər. Bu cəmiyyətlərin hələ XX əsrin əvvəllərindən formalaşmış kitabxanaçılıq fəaliyyəti daha da genişlənmişdi. Özlərinə məxsus kitabxana və qiraətxanaları yeni ədəbiyyatla təkmilləşdirir, yeni qiraətxanalar təşkil edirdilər. Cəmiyyətlərin kitabxana-qiraətxanalarında milli ədəbiyyatın toplanmasına və təbliğinə, kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilirdi. Hökumət də öz tərəfindən cəmiyyət kitabxana-qiraətxanalarına kitab və dövri mətbuat almaqda kömək edir, onların işini əlaqələndirməyə çalışırdı. Belə cəmiyyətlər təkcə Bakıda deyil, Azərbaycanın rayonlarında da fəaliyyət göstərirdi. Hökumətin cəmiyyətlərə, ittifaqlara, ictimai birliklərə münasibətdə yürütdüyü liberal siyasət onların fəaliyyətinin daha da genişlənməsinə səbəb olurdu. Rəsmi statistikaya görə, 1920-ci ildə Azərbaycanda 700-dən artıq ümumtəhsil məktəbi olub. Məktəblərin nizamnaməsinə görə, bütün məktəblərdə kitabxanalar olmalı idi. Belə hesab edək ki, məktəblərin kiçikliyindən, böyüklüyündən, maddi imkanından asılı olaraq, məktəblərin bir çoxunun kitabxanası olmayıb. Hər halda, 700 məktəbdən təxminən yarısının kitabxanasının olmasını ehtimal etsək, 1920-ci ildə respublikamızda 400-ə yaxın məktəb kitabxanası olub. Digər ictimai kitabxanalar haqqında da belə fikir yürütsək və XX əsrin əvvəllərində respublikada fəaliyyət göstərən kitabxanaları təxmini hesablasaq, 100-ə yaxın xalq kitabxana-qiraətxanasının fəaliyyət göstərməsi aşkara çıxır. Belə hesab edək ki, 1917-1920-ci illərdəki çətin şərait üzündən bu kitabxanaların bir çoxu bağlanmışdı. Ancaq demək olmaz ki, hamısı bağlanmışdı. Təxmini hesablamalara görə, bu kitabxanaların yarıya qədəri öz fəaliyyətini davam etdirmiş, fəaliyyətini davam etdirə bilməyənlər də öz fondunu qoruyub saxlamışdı. Bütün bunları nəzərə alaraq biz belə hesab edirik ki, sovet statistikası tərəfindən formalaşmış "1920-ci ildə Azərbaycanda 95 min kitab fondu olan 11 kitabxana vardı" fikri yanlışdır, mövcud şəraiti əks etdirmir. 1919-cu ilin əvvəllərində Bakı və onun rayonlarında mədəni-maarif cəmiyyətlərini birləşdirmək təşəbbüsü göstərilmişdi. Bu cəmiyyətlərin konfransının çağırılması üçün təşkilat komitəsi yaradıldı".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 20 sentyabr.- S.15