Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz və İsmayıllı tarixdiyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi...

I yazı

Xalqımızın və dövlətimizin tarixini özündə yaşadan, təmsil etdiyi bölgənin mədəniyyətini, maddi dəyərlərini, mənəvi mirasını özündə əks etdirən tarix-diyarşünaslıq muzeyləri gerçək bir azərbaycançılıq mərkəzləridir. Azərbaycanın elə bölgələri var ki, həmin bölgədə aparılan arxeoloji qazıntılar zamanı saysız tarix yadigarları üzə çıxarılıb.

Tarix-diyarşünaslıq muzeyləri azərbaycançılığın geniş səviyyədə təbliğində mühüm rola malikdir. Azərbaycan tarixini, mədəniyyətimizin ayrı-ayrı inkişaf dövrlərini təbliğ edən tarix-diyarşünaslıq muzeylərindən məktəblilər, tələbələr, gənclər, turistlər bəhrələnir. Hər bir tarix-diyarşünaslıq muzeyi bir azərbaycançılıq ünvanıdır.

Azərbaycanda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri haqqında silsilə şəkildə araşdırma xarakterli yazılar dərc edirik.

Bir məsələni də qeyd edək ki, respublikamızın bir sıra bölgələrində müxtəlif xalqların, dinlərin nümayəndələri birgə yaşayır. Multikultural ənənənin bərqərar olduğu və tolerantlığın geniş şəkildə yayıldığı Zaqatala rayonu milli və dini cəhətdən fərqli palitraya malikdir. Burada müxtəlif xalqların, dinlərin nümayəndələri əminamanlıq şəraitində yaşayır.

Qeyd edək ki, 1967-ci ildə yaradılan Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi özündə böyük tarixi həqiqəti yaşadır.

Məlumatlara görə, muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən düzəldilmiş məişət əşyaları toplanıb. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan hazırlanmış bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri, silahlar və hədiyyələr daxildir.

Qeyd edək ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Azərbaycan əlyazması tarixi əsərlərinin qorunması sahəsində aparılan işə uyğun olaraq, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarından Ruhəngiz Əhmədova, Aynur Rəcəbova, Aynur Mirzəyeva, Samirə Qurbanova, Şahru Zərqənəyeva bu ilin yanvar ayında Konya bölgə yazma əsərlər kitabxanasında və Süleymaniyyə yazma əsərlər kitabxanasında təşkil edilmiş əlyazmaların qorunması, təmizlənməsi, bərpa edilməsi ilə bağlı xüsusi olaraq təşkil edilmiş təlim kurslarında iştirak edib.

Məlumatlara görə, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində qədim əlyazmaların və kitabların bərpası işi aparılır və artıq 50-yə yaxın kitab muzey işçiləri tərəfindən bərpa edilib. Muzeyşünaslar vurğulayır ki, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin tariximizin qorunması, bərpası, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı işlərin içərisində kitabların bərpası işi xüsusi olaraq fərqlənir və gələn qonaqların, rayon ictimaiyyətinin diqqətini cəlb edir. Vurğulayaq ki, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycanın rayonları arasında ilk yaranmış muzeylərdən biridir və burada əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur, burada 2000-dən çox əlyazma və kitab qorunur, muzeyin əsas fondunda 4685 eksponat var.

Muzeyşünaslar vurğulayır ki, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi bölgənin ən qədim muzeylərindən biri olmaqla yanaşı, eksponat zənginliyi ilə də seçilir. Dövlət Əlyazmaları İnstitutundan sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi həm də qədim kitab və əlyazmaların bərpa edildiyi yeganə məkandır.

Zaqatala ilə qonşu olan Balakən rayonunun da zəngin təbiəti, böyük tarixi var. Milli tərkibinə görə rəngarəng olan Balakən rayonunda Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Qeyd edilənə görə, muzey 1984-cü ildən fəaliyyət göstərir. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılıb. 2006-cı ildə isə Balakən Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışı olub.

Vurğulayaq ki, Balakən Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışı rayon ictimaiyyəti üçün böyük hadisə olub. Çünki uzun illər uyğunlaşdırılmış, darısqal binada fəaliyyət göstərib. Qeyd edilənə görə, muzeyin ümumi sahəsi 322,7 kv.m., ekspozisiya sərgi sahəsi 232 kv.m., fond saxlama sahəsi 12 kv.m-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 1800-ə yaxın eksponat var. Onlardan 2-si nəqqaşlıq, 7-si qrafika, 15-i tətbiqi incəsənət məmulatı, 77-si arxeoloji əşyalar, 336-sı məişət və etnoqrafik əşyaları, 87-si fotoşəkil, qalanları isə digər qrupa daxil olanlardır. Həmin əşyalar rayonun 3500-4000 illik tarixini əks etdirir. Muzeydə "Min bir dərdin dərmanı" guşəsində rayonda bitən 102 növ dərman bitkisinin izahlı kolleksiyası, "Yerüstü və yeraltı sərvətlərimiz" guşəsində isə rayonda bitən 46 növ oduncaqlı ağacların xüsusi hazırlanmış nümunələri, mebel taxtası hissəcikləri, rayondakı Filizçay polimetal yataqlarından gətirilmiş filiz nümunələri nümayiş etdirilir.

Onu da vurğulayaq ki, Balakən Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin, azsaylı xalqlardan olan avar və ingiloyların adət və ənənələrini, məişət əşyalarını nümayiş etdirən guşə də təşkil olunub.

Şəkidə fəaliyyət göstərən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi də diqqəti cəlb edir.

Muzeyşünasların verdiyi məlumata görə, 1925-ci ildən fəaliyyət göstərən muzey çox zəngindir. Şəki Tarix-Diyarşünaslıq Muzeyinin keçmiş binası 1895-ci ildə rus ordusunun kazarması kimi tikilib. Sonralar bina müxtəlif məqsədlərlə istifadə olunub. 1980-ci ildə isə Şəki Tarix-Diyarşünaslıq Muzeyi bu binaya köçürülüb. Elə həmin ildə də bina sonuncu dəfə əsaslı təmir olunub.

Qeyd edək ki, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində 5000-ə yaxın eksponat qorunub saxlanır.

1980-ci ildən fəaliyyət göstərən Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi haqqında da danışmaq yerinə düşərdi. Bu muzeyin əsas fondunda Qəbələnin, Azərbaycanın 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Məlumatlara görə, arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir.

Bildirək ki, muzeydə vaxtaşırı olaraq kütləvi tədbirlər keçirilir, tarix və ədəbiyyat dərslərinin tədrisinə şərait yaradılır. Muzey barədə üç yüzdən çox qəzet, jurnal məqaləsində bəhs olunub, müxtəlif televiziya kanallarında süjetlər göstərilib, əlliyədək kitabda məlumat verilib, bir neçə televiziya filmi çəkilib.

Muzey 2004-cü ildə yeni binaya köçürülüb. Muzeyin 900 kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası var.

Məlumatlara görə, qədim Qəbələdən tapılmış arxeoloji materialların dörd minə qədəri Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə, tədqiq və nümayiş etdirilir. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin həyətində mühafizə olunan sarkofaq (daş qəbir - e.ə. IV-III əsrlər), daş qoç fiquru (XV əsr), Sənduqələr (XIII-XIX əsrlər), sütunaltıları (e.ə. II-I əsrlər) maraq doğurur.

Muzeylə bağlı məlumatlarda qeyd edilir ki, muzeyin barısı daşdan hörülüb. İçəriyə daxil olmaq üçün qapı isə hörülmüş barının bir hissəsidir və ilk baxışdan qapını seçmək mümkün deyil. Yalnız divara toxunduqdan sonra hasara hörülmüş daş aralanır və muzeyə daxil olursan. Muzeydə Qəbələnin fauna və florasını əks etdirən otaq da var.

Ölkəmizin başçısı İlham Əliyev Qəbələyə səfəri zamanı Tarix-Diyarşünaslıq Muzeyində olmuş, Qafqaz Albaniyası dövrünə aid eksponatlara maraqla baxmış, bunları yüksək qiymətləndirmiş, Azərbaycanın qədim tarixə malik olmasını sübut etdiyini bildirib. Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi haqqında məlumat toplusunda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb: "1980-cı illərin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Qəbələ Diyarşünaslıq Muzeyi, şübhəsiz, öz eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ Azərbaycanın qədim torpağıdır, eramızdan əvvəl yazılmış mənbələrdə Qəbələnin adını çəkirlər. Biz öz tarixi və mədəni irsimizə böyük diqqətlə yanaşırıq. Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Qəbələ Diyarşünaslıq Muzeyi bu vəzifələri uğurla yerinə yetirir. Qəbələlilərə öz dərin hörmət və məhəbbətimi bildirirəm".

Məlumatlara görə, Qəbələ respublikamızın gözəl, dilbər guşələrindən biri olduğundan, bu rayona çoxlu sayda tanınmış qonaqlar gəlir. Onlar mütləq Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkir, buradakı nadir eksponatlara heyranlıqla tamaşa edir. Muzeyin xatirə kitabını vərəqlədikcə, buraya kimlərin gəlməsi bir daha aydın olur. Rəy kitabında ölkəmizin adlı-sanlı akademiklərindən mərhum Ziya Bünyadovun, Qara Əhmədov, Budaq Budaqov, Mirməmməd Cavadzadə, Cahangir Qəhrəmanovun, tanınmış incəsənət xadimlərindən Rəşid Behbudov, Əbülfət Əliyev, Hacıbaba Bağırov, Habil Əliyevin, Milli Məclisin deputatlarından Fəttah Heydərov, Bəxtiyar Əliyevin, xalq şairi mərhum Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqubun, ictimai-siyasi xadimlərdən Hidayət Orucov, Ədalət Vəliyevin, əməkdar elm xadimi Seyfəddin Qəndilovun, nazirlərdən Kəmaləddin Heydərov, Səfər Əbiyev, səfirlərdən Namiq Abbasov, Vilayət Quliyev, Polad Bülbüloğlunun, xarici qonaqlardan Tur Heyerdal, Oljas Süleymenov, Əhməd Şmidenin, Qətər dövlətinin müdafiə naziri Həməd Bin-Əli Əl-Atiyyənin, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Rino Harnişin, Misir, İran, Litva və digər ölkələrin Azərbaycandakı sabiq səfirlərinin ürək sözlərini oxuduqca bir daha şahidi olursan ki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi çox dəyərli və qədim tarixə malik eksponatlarla zəngindir.

Məlumatlara görə, Tarix-Diyarşünaslıq Muzeyinin doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası var. Bura rayon sakinlərinin ən çox baş çəkdiyi yerlərdən biridir. Muzeydə mütəmadi olaraq sərgi və maarifləndirmə işləri aparılır. Azərbaycanın Müstəqillik gününə, 20 Yanvar faciəsinə, ədəbiyyat, elm və incəsənət xadimlərinin yubileylərinə, Milli Musiqi Gününə, 8 mart - Qadınlar bayramına və digər bayramlara həsr olunmuş tədbirlər, sərgilər keçirilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" və "Müasir İncəsənət Muzeyinin yaradılması" haqqındakı sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Dövlət başçısı milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək, daim artan iqtisadi potensialın tempinə uyğun olaraq, mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə, xalqa xidmət etməsini zəruri sayır. Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən, maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən-günə şöhrətlənən müstəqil dövlətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi və yaşamasıdır. Muzey rəhbərliyi milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması yolunda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.-28 sentyabr.- S.15