Diyarşünaslıq muzeyləri, Naxçıvan təcrübəsi - azərbaycançılıq təcəssümü kimi...

I yazı

Azərbaycan xalqı, dövləti milli-mənəvi, maddi dəyərlərimizə böyük sayğı göstərir. Tarixdən-tarixə yadigar qalan bu abidələr ana yurdumuzun bəzəyinə çevrilib. Azərbaycançılıq ruhunu özündə ifadə edən bu abidələr diyarımızın tükənməz var-dövlətidir. Milli dövlətçilik, mədəniyyət tariximizi canında daşıyan hər bir abidə azərbaycançılıq düşüncəsinin çiçəklənməsinə xidmət edir.

Azərbaycanın elə bölgələri var ki, orada tarixi-mədəni abidələr daha çoxdur və böyük tarixi əhəmiyyətə, çəkiyə malikdir. Naxçıvan Muxtar Respublikasının abidələri, muzeyləri, mədəniyyət örnəkləri bu baxımdan diqqəti cəlb edir. Bilirik ki, Naxçıvanda Yusif Küseyir oğlu türbəsi (1161-1162), Möminə Xatun türbəsi (1186-1187), qədim Naxçıvan şəhərinin xarabalıqları indiyə qədər yaşayır. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən Qarabağlar Tarix Memarlıq Kompleksi (XII-XIV), Qarabulaq nekropolu, Ordubad rayonunda yerləşən Ordubad Tarix-Mədəniyyət Qoruğu (XV-XIX), Mədrəsə (XVIII), Cümə məscidi (XVII) tarixin dəyərli abidələridir. Bu abidələrin hər birində azərbaycançılıq ruhu hakim kəsilib.

Naxçıvan Muxtar Respublikası muzeylərlə də zəngindir. Bu baxımdan Naxçıvan MR Dövlət Tarix Muzeyi, Muxtar Respublika ərazisində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin mövcudluğu diqqəti cəlb edir.

 

Qeyd edək ki, Naxçıvanda Kəngərli Tarix-Diyarşünaslıq Muzeyi, Şərur Tarix-Diyarşünaslıq Muzeyi, Culfa Tarix-Diyarşünaslıq Muzeyi, Sədərək Tarix-Diyarşünaslıq Muzeyi, Babək Tarix-Diyarşünaslıq Muzeyi, Ordubad Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə yaradılıb. Muzeyşünasların verdiyi məlumata görə, Naxçıvan Dövlət Tarix Muzeyi Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin, milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. saxlanan və nümayiş etdirilən muzeydir. Həmçinin muzeydə elmi-tədqiqat işləri aparılır, stasionar və səyyar sərgilər təşkil olunur, görüşlər, anım mərasimləri, elmi-nəzəri və təcrübi konfranslar, "dəyirmi masa" və s. maarifləndirici tədbirlər həyata keçirilir.

Naxçıvan Dövlət Tarix Muzeyi 1968-ci ildə dövlət statusu alıb. Muzeyşünaslar vurğulayır ki, Naxçıvan MR Dövlət Tarix Muzeyi ilə yanaşı, Muxtar Respublikada 6 regional tarix-diyarşünaslıq muzeyi də fəaliyyət göstərir. Bu muzeylər ərazisində yerləşdikləri rayonların ən qədim zamanlardan müasir dövrümüzədək tarix və mədəniyyətini əks etdirərək milli və tarixi yaddaşın qorunmasında və formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, Naxçıvan MR-in regional tarix-diyarşünaslıq muzeylərindən biri Babək Tarix-Diyarşünaslıq Muzeyidir. 2003-cü ildən istifadəyə verilən muzey Babək rayonunda sayılıb-seçilən mədəniyyət ocaqlarındandır. Muzeyşünaslar qeyd edir ki, muzeydə müasir həyatımızla yanaşı, rayonun qədim tarixini əks etdirən 3500-dən çox eksponat var. Babək rayonu Azərbaycanın, o cümlədən Naxçıvanın tarixi abidələrlə zəngin ən qədim guşələrindən biridir. Bu rayonun ərazisində yerləşən I Kültəpə, II Kültəpə, Qızılburun, Çalxanqala, Vayxır, Çovurqala kimi abidələr yalnız Azərbaycanın tarixinin öyrənilməsi üçün deyil, həmçinin, Cənubi Qafqaz və Yaxın Şərq tarixi-mədəni proseslərinin öyrənilməsi üçün əhəmiyyətə malikdir.

Məlumatlara görə, muzeydə tunc dövrünə aid daş alətlər, II Kültəpə qazıntılarından tapılmış məişət əşyaları, orta əsrlərə aid tikinti və məişət keramikası, milli geyimlər, xalçaçılıq məmulatları, tikmələr, misgərlik məmulatları, gümüş bəzək əşyaları və digər eksponatlar tariximizin dərin qatlarına işıq tutur, həmin dövrlərin öyrənilməsində mühüm tarixi faktlar kimi diqqəti cəlb edir.

Ordubad Tarix-Diyarşünaslıq Muzeyi də öz dəyərinə görə seçilən muzeylərdəndir. Məlumatlara görə, XVII əsr Azərbaycan memarlıq abidəsi Ordubad şəhərindədir. Böyük gümbəzdən və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. Gözəl memarlıq üslubunda inşa edilib. İlk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulub. Sonralar pəhləvanların güləşdiyi yer kimi xalq arasında Zorxana adı ilə tanınıb. 19-cu əsrin ortalarında "Əncüməni-şüəra" ədəbi məclisinin yığıncaqları burada keçirilirdi. 1985-ci ildə əsaslı bərpa olunub, 1990-cı ildən isə Ordubad Tarix-Diyarşünaslıq Muzeyi burada yerləşir. Tədqiqatçılar vurğulayır ki, Ordubad Tarix-Diyarşünaslıq Muzeyi nadir eksponatları ilə seçilir. Muzey əvvəlcə IX əsrin yadigarı olan Ordubad Cümə məscidində cəmi 150 eksponatla fəaliyyətə başlayıb. XIX əsrin sonu, XX əsrin əvvəlində bu bina ipək emalı sexi kimi fəaliyyət göstərib. Qədim tikili 1980-1984-cü illərdə tanınmış ordubadlı memar Zakir Babayev tərəfindən yenidən qurularaq bərpa edilib. Məlumatlara görə, Ordubad şəhərindən başqa oxşar bina yalnız Təbrizdə və Səmərqənddə mövcuddur. Hazırda burada nəinki qədim Ordubad, həm də bütün Naxçıvan bölgəsinin tarixi, mədəniyyəti, məişəti, adət-ənənəsi, məşğuliyyəti və s. əks etdirən yüzlərlə nadir eksponat qorunur.

Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi də Naxçıvan tarixini, azərbaycançılığı təbliğ edən bir mədəniyyət ocağıdır. Muzeyşünasların verdiyi məlumata görə, muzey Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli qərarı ilə yaradılıb. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan Tarix-Diyarşünaslıq Muzeyində hazırda 3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələri eramızdan əvvəl III-I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir. 5 şöbədən ibarət olan muzeydə XVI-XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunəsi, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir.

Tədqiqatçılar qeyd edir ki, müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunub. Muzeyin sərgi salonu kimi fəaliyyət göstərən foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sərgi stendi də buraya gələnlərə xoş təsir bağışlayır.

Onu da vurğulayaq ki, Naxçıvan MR-də fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinə ümumtəhsil məktəblərinin şagirdləri üçün ekskursiya təşkil edilir. 12 aprel 2016-cı il tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində Culfa Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında muzeyə baxış keçirilib. Tədbirdə rayonun 10 məktəbindən 50-yə yaxın şagird iştirak edib. İlk öncə tədbir iştirakçıları muzeydə uzaq və yaxın tariximizi əks etdirən maddi mədəniyyət nümunələri, eksponatlarla tanış olmuşlar. Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Nazilə Məmmədova tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, muzeydə 3060-dan çox eksponat nümayiş etdirilir və eksponatları daş və mis dövrünə, arxeologiyaya, etnoqrafiyaya, xalçaçılığa aid etmək olar. Həmçinin tədbirdə Naxçıvanın alınmaz qalası Sədərək, Dağlıq Qarabağ və sərhədlərimizin toxunulmazlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımız haqqında və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür yolu haqqında geniş məlumatlar verilib.

Ümumiyyətlə, tarix-diyarşünaslıq muzeylərində açıq dərslərin, diskussiyaların, mədəni tədbirlərin təşkil edilməsi olduqca əhəmiyyətlidir. Bu muzeylərdə şagirdlərə azərbaycançılıq ruhu aşılanır, vətənimiz, dövlətimiz, xalqımız, tariximiz haqqında onlara əyani məlumatlar verilir. Muzeylərdə tariximizin müxtəlif çağları ilə bağlı eksponatlar var, bu eksponatlar gənclər üçün böyük məlumat mənbəyidir.

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin isə açılışı 6 il bundan əvvəl olub. Belə ki, 2010-cu il 15 oktyabr tarixində istifadəyə verilən Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi rayonun Heydərabad qəsəbəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətini təbrik edərək deyib: "Azərbaycanın zəngin tarixi keçmişi var. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında isə bu tarix çox qədimlərdən başlayaraq öz nümunələrini indi də yaşatmaqdadır. Belə nümunələr isə Naxçıvan Dövlət Tarix Muzeyində və rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində yaşayır. Sədərək də tarixi minillərlə ölçülən bölgələrimizdən biridir. "Sədərək" sözü hələ "Dədə Qorqud" dastanından hər kəsə bəllidir. Lakin hələ o dövrə kimi də Sədərək adı mövcud olmuş, ulu əcdadlarımız bu ərazidə yaşamış və fəaliyyət göstərmişlər. Ərazinin tarixini yaşatmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti vacibdir. Əvvəlki yeri uyğun olmadığına görə bu qəsəbə yenidən qurulan zaman yeni muzeyin də tikilməsi qərara alındı. Artıq Rayon Tarix-Diyarşünaslıq Muzeyi sizin istifadənizə verilir. Muzey işi çətin və şərəfli işdir. Muzey işçiləri eksponatlarla yanaşı, tarixi dərindən öyrənməlidir. Onlar ərazidə yaşayan sakinlərin, məktəblilərin muzeyə cəlb edilməsinə diqqəti artırmalıdır. Rayona gələn qonaqların da muzeylə tanışlığı diqqətdə saxlanmalı, tariximiz onlara izah olunmalıdır. Binada muzey işçiləri üçün lazımi şərait yaradılıb. Muzeydən səmərəli istifadə isə rayon mədəniyyət və turizm şöbəsinin, muzey işçilərinin üzərinə düşür. Biz əminik ki, muzey yeni binada öz fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, tariximizin öyrənilməsində və öyrədilməsində fəal bir təşkilata çevriləcək".

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində 1495 eksponat saxlanır. Muzeyin ekspozisiyasında Sədərək rayonunun son illərdəki inkişafını əks etdirən guşə də ziyarətə gələnlərin ixtiyarına verilib.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 24 sentyabr.- S.15