Diyarşünaslıq muzeyləri, Naxçıvan təcrübəsi - azərbaycançılıq təcəssümü kimi...

II yazı

Azərbaycan xalqı, dövləti milli-mənəvi, maddi dəyərlərimizə böyük sayğı göstərir. Tarixdən-tarixə yadigar qalan bu abidələr ana yurdumuzun bəzəyinə çevrilib. Azərbaycançılıq ruhunu özündə ifadə edən bu abidələr diyarımızın tükənməz var-dövlətidir. Milli dövlətçilik, mədəniyyət tariximizi canında daşıyan hər bir abidə azərbaycançılıq düşüncəsinin çiçəklənməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikasının bölgələrində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri azərbaycançılıq, dövlətçilik tarixinin təbliğində önəmli rol oynayır.

Keçən yazımızdan məlum olduğu kimi, biz Naxçıvanın tarix-diyarşünaslıq muzeyləri barədə məlumatları oxucularımıza təqdim edirik.

Sədərək Tarix-Diyarşünaslıq Muzeyi azərbaycançılıq ideyasının təbliğində böyük rola malikdir. Vaxtaşırı olaraq muzeydə şagirdlərlə, tələbələrlə görüşlər keçirilir, onlar üçün xüsusi ekskursiyalar təşkil edilir. Belə ki, bu ilin sentyabr ayının 21-də isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbinin şagirdlərinin Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub. Bu barədə AZƏRTAC məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi yeniyetmə və gənclərin tariximizi əks etdirən eksponatlar haqqında ətraflı məlumatlandırılması, tarixi keçmişimizin unudulmaması və gələcək nəsillərə çatdırılması olub. Muzeyin bələdçisi bildirib ki, 1995-ci ildən fəaliyyət göstərən Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün Heydərabad qəsəbəsində 2010-cu ildə yeni bina ucaldılıb. İkimərtəbəli yaraşıqlı bina milli üslubda inşa edilib, gözoxşayan ornamentlərlə bəzədilib. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub. Hazırda isə eksponatların sayı bir neçə dəfə artıb. Muzeyin ekspozisiyasındakı 16 bölmədə Sədərəyin qədim tarixini əks etdirən eksponatlar, o cümlədən mühüm elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ tətbiqi sənət, xalçaçılıq nümunələri, kənd təsərrüfatı alətləri, bütövlükdə 1200-dən çox eksponat nümayiş etdirilir.

Qeyd olunana görə, muzeydə qədim və orta əsrlərə aid nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisində yerləşən qədim yaşayış məskənlərindən - Kərki nekropolundan, Vəlidağ ətəklərindən, "Sədərək qalası", "Kültəpə", "Şəhər yeri", "Bulaq başı", "Karvansara" adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin arxeologiya və etnoqrafiya bölməsində nümayiş etdirilən Tunc dövrünə və orta əsrlərə aid eksponatlar-daş baltalar, çapacaqlar, küpə, çölmək, həvəngdəstələr, dən daşları və digər nümunələr Sədərək ərazisində hələ eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərindən yaşayış olduğunu təsdiqləyir. Bölgənin qədim dövründən bu günədək olan şərəfli tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, numuzmatik materiallar, heykəltəraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri - xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduğunu göstərir.

Yazılanlara görə, bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə "Sədərək" sözünün etimioloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. "Kitabi-Dədə Qorqud"da adı çəkilən Sədərəyin Uşun oğlu Səkrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə bu yerin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir. "Sədərək qeyrət qalasıdır" bölməsində isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan Sədərəyin ağır həyatı, mərdliklə müdafiə olunması canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Onlar bu torpaq uğrunda canını fəda edən 108 şəhid, o cümlədən sədərəkli 52 şəhid haqqında muzeydə dolğun məlumat alır. Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də şagirdlərin diqqətini cəlb edib. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend qurulub. Muzeylə tanışlıq şagirdlərin marağına səbəb olub və onlarda zəngin təəssürat yaradıb.

Naxçıvanda fəaliyyət göstərən Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 17 iyun 2006-cı il tarixli sərəncamı ilə yaradılıb.

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında verilən sərəncamda deyilir: "Kəngərli rayonunun ərazisi Naxçıvan Muxtar Respublikasının ən qədim yaşayış məskənlərindən biri olmaqla, xalqımızın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı olan çoxlu sayda maddi-mədəniyyət nümunələri ilə zəngindir. Son zamanlar rayonun tarixinə, adət və ənənələrinə, məişətinə dair xeyli eksponat toplanıb. Yerli sakinlərdə və ümumtəhsil məktəblərində rayon tarixini özündə əks etdirən eksponatlar qorunub saxlanır".

Sənəddə o da vurğulanır ki, rayon ərazisindəki maddi-mədəniyyət nümunələrinin daha etibarlı qorunub saxlanması, tədqiq edilib öyrənilməsi və təbliğ olunması üçün Diyarşünaslıq Muzeyi yaradılıb.

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi isə 1978-ci ildə ictimai əsaslarla yaradılıb. Bu muzey 1982-ci ilin fevral ayının 1-dən dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb. 30 ilə yaxın tarixi olan muzey indi qabaqcıl mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. Bu müddət ərzində muzeydə 7 minə yaxın nadir eksponat toplanıb. Muzeydə 2 şöbə və 13 bölmə fəaliyyət göstərir. Verilən məlumata görə, "Təbiətşünaslıq", "Arxeologiya", "Etnoqrafiya", "Numizmatika", "Şəhidlər", "Böyük Vətən Müharibəsi", "Azərbaycan, ana Vətən", "Heydər Əliyev-86", "Mədəniyyət və incəsənət", "Qırmızı tabor", "Alimlər", "Şairlər" bölmələrində 4 minə yaxın eksponat nümayiş etdirilir. Muzeydə saxlanan və nümayiş etdirilən eksponatların, demək olar ki, əksəriyyəti Şərur ərazisindən toplanıb gətirilib. Eramızdan əvvəl III-II minilliklərə aid gil qab hissələri, saxsı qablar, daş büt və keramik bəzək nümunələri, bilərzik, tunc balta, xəncər, nizə ucluqları və s. əşyalar nadir incilərdir.

Muzeyşünaslar bildirir ki, orta əsr Azərbaycan mədəniyyəti xalçaçılıq sənəti ilə daha çox yadda qalır. Muzeydəki kilim, xalça nümunələri, bərbəzəkli farmaşlar, xurcunlar, heybələr bu sənətin tarixindən söz açır. Orta əsrlərdən başlamış XIX əsrə kimi muzeydə nümayiş etdirilən müxtəlif qadın bəzək əşyaları - boyunbağılar, gözmuncuqları, sırğalar, kəmərlər, qolbaqlar və s. əşyalar daha çox diqqəti cəlb edir. Əmək alətləri olan xış, cüt, kotan, vəl, mərəndi və s. keçmiş əkinçiliyin parlaq nümunələridir. Mədəniyyət bölməsində şərurlu mərhum Aşıq Nabatın sazı, qədim ney, zurna, tulum, tütək və s. musiqi alətləri nümayiş etdirilir. Rayonun məşhur "Nurani" yallı kollektivinin Almaniya, Polşa, Çexoslovakiya və başqa ölkələrdəki çıxışlarını, qastrol səfərlərini əks etdirən fotoşəkillər, albomlar, fəxri fərmanlar, prizlər və digər sənədlər də bölmənin dəyərli eksponatlarındandır. Həmçinin, sovet dönəmində rayon mədəniyyət şöbəsinin layiq görüldüyü ümumittifaq və respublika keçici "Qırmızı bayraq"ları da bu guşəni bəzəyir.

Tədqiqatçılar qeyd edir ki, muzeyin ikinci mərtəbəsindəki zəngin bir guşə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub. 2002-ci ildə ulu öndərin Naxçıvana səfəri zamanı Şərur torpağında olmasına dair fotomateriallar böyük bir ekspozisiya təşkil edir. Muzeydəki "Böyük Vətən Müharibəsi" və "Şəhidlər" bölməsində qəhrəman Şərur övladlarının müharibədə göstərdiyi igidliklər müvafiq stendlər vasitəsilə əks etdirilir. Burada Azərbaycanın Milli Qəhrəmanları Məhərrəm Seyidov, Səyavuş Həsənov, Kərim Kərimova həsr olunmuş guşələr, stendlər nümayiş olunur. "Alimlər", "Şairlər" bölmələrində rayonumuzdan olan elm adamlarının, şair və yazıçıların portretləri, fotoşəkilləri və əsərləri nümayiş etdirilir.

Muzeyşünaslar qeyd edir ki, muzeydə saxlanan və nümayiş etdirilən eksponatların, demək olar ki, əksəriyyəti Şərur ərazisindən toplanıb gətirilib. Eramızdan əvvəl III-II minilliklərə aid gil qab hissələri, saxsı qablar, daş büt və keramik bəzək nümunələri, bilərzik, tunc balta, xəncər, nizə ucluqları və s. əşyalar nadir incilərdir. Tamaşaçı eksponatlarla tanış olduqca Azərbaycanın, doğma Naxçıvanın və Şərurun tarixinə, mədəniyyətinə, sənətkarlıq ənənələrinə yaxından bələd olur.

Azərbaycan tarixinin bir parçası olan bu nümunələrin hər biri bizim üçün doğmadır. Hər biri bir azərbaycançılıq örnəyidir. Azərbaycançılıq məfkurəsinin yayılması, təbliği, gənclərə təlqin edilməsi olduqca əhəmiyyətli bir işdir. Naxçıvan MR-in muzeyləri gənclərin, ziyalıların ziyarət yeridir. Azərbaycan tarixinin şanlı səhifələri yazılan Naxçıvan diyarı azərbaycançılığın qayım-qədim olduğu bir yurdumuzdur.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 28 sentyabr.- S.13