Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz və İsmayıllı tarix diyarşünalıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi...

II yazı

Xalqımızın və dövlətimizin tarixini özündə yaşadan, təmsil etdiyi bölgənin mədəniyyətini, maddi dəyərlərini, mənəvi mirasını özündə əks etdirən tarix-diyarşünaslıq muzeyləri gerçək bir azərbaycançılıq mərkəzləridir. Azərbaycanın elə bölgələri var ki, həmin bölgədə aparılan arxeoloji qazıntılar zamanı saysız tarix yadigarları üzə çıxarılıb.

Azərbaycanın zəngin tarix-diyarşünaslıq muzeylərinin hər birində xalqımızın tarixi öyrədilir.

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ilin fevral ayının 19-da qapılarını ilk dəfə ictimaiyyətin üzünə açıb. Cəmi 200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda bu gün 4358-dən çox eksponat, qədim əşya lazımınca qorunur, təbliğ olunur, nümayiş etdirilir.

Muzey dörd bölmədən ibarətdir: təbiət bölməsi, arxeologiya, sovet imperiyasının süqutuna qədərki dövr, müasir dövr bölməsi. Burada yerli sakinlər və turistlər üçün 128 ekskursiya təşkil olunub.

Muzeyə qədəm qoyan hər kəs ilk növbədə Oğuz rayonunun xəritəsi önündə dayanır. Muzeylə ilk tanışlıq buradan başlayır. Çox zəngin fauna və floraya məxsus olan Oğuzun təbiətini əks etdirən bitki və heyvanat aləmi, təbii faydalı qazıntılar, rayon ərazisinin təxminən 40 faizini əhatə edən meşələri, nadir dərman bitkiləri, qiymətli ağacları haqqında ekspozisiyaya tamaşa edən hər bir kəsdə geniş təsəvvür yaradır. Bu bölməni zənginləşdirmək üçün bitki nümunələrindən, rəsm əsərlərindən, nadir meşə heyvanlarının buynuzlarından və s. istifadə edilib.

Qədim dövr bölməsi muzeyin maraqla tamaşa edilən və eyni zamanda maddi mədəniyyət nümunələri ilə zəngin bölməsidir. Ekspozisiyada qədim insanların ov sahəsinə aid maket, Yaqublu kəndi yaxınlığındakı Güllütəpə adlanan ərazisindən tapılmış od üçün istifadə olunmuş qədim daş, qədim qəbirlərdən aşkar olunmuş insan sümükləri nümayiş olunur. Quruluş və həcmlərinə görə bir-birindən fərqli olan Sincan, Dəymədərə, Kərimli kəndlərindən aşkar edilmiş, Xocalı-Gədəbəy mədəniyyətinə aid edilən gildən hazırlanmış süddanlar, dopular, matralar, vazlar, tək və cütqulplu bardaqlar xüsusi qayğı ilə mühafizə olunur. Bu bölmədə 1915, 1956-1959, 1965-ci illərdə rayonun müxtəlif ərazilərindən - Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərindən, Gavur qala (Xaçmaz), Surxay xan qalası (Filfilli), Muxas qülləsi, Oğuz qalası kimi qiymətli tarixi abidələrin ərazilərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələri, məişət əşyaları rayonun maraqlı keçmişindən xəbər verir.

Etnoqrafların məlumatına görə, XVIII-XIX əsrlərdə Azərbaycanda, eləcə də təbiətin gözəl guşəsi olan Oğuzda bir sıra bədii sənətkarlıq növləri inkişaf edib. Xalçaçılıq sənəti əsasən rayonun dağ kəndlərində: Baş Daşağıl, Filfilli, Qarabulaqda geniş inkişaf edib. Muzeydə nümayiş etdirilən müxtəlif çeşidlərdə toxunulmuş xalçalar, xurcunlar, heybələr, at çulu, tənbəki kisəsi, qırxlıq qabı və s. yerli xalçaçılarımızın əl işləridir.

Güləbətinli, merişkalı, tor üslubunda işlənmiş bu tikmələr ta qədimdən indiyə kimi evlərimizin bəzəyi olub. Müxtəlif ölçüdə, müxtəlif formada olan tikmələrin bir qismi fondda saxlanır, bir qismi isə ekspozisiyada nümayiş etdirilir.

Misgərlik sənəti əsasən rayonun Calud və Muxas kəndlərində inkişaf edib. Ekspozisiyada nümayiş etdirilən sini, səhəng, sərnic, sərpuş, satıl, aftafa, qazan, dolça, cam və s. IX əsr misgərlərimizin əl işləridir.

Dulusçuluq sənəti əsasən Calud kəndində inkişaf edib. Dulusçuluğa aid ekspozisiyadakı balatı qabları, dopular, kuzələr, küpələr dulusçularımızın əl işləridir. Muzeydə, həmçinin, yerli xarratlarımızın hazırladığı təknə, çanaq, çömçə, tabaq, ələk, qaşıq və s. nümayiş etdirilir.

Muzeydə qadın və kişi gümüş bel kəmərləri, üzüklər, sırğalar, muncuqlar və s. zərgərlik nümunələri nümayiş etdirilir. IX əsrin sonu və XX əsrin əvvəllərində rayonun Baş Daşağıl kəndində Abduxalıq adlı sənətkar yaşamış və onun əl işləri hazırda mərkəzi muzeylərimizdə nümayiş etdirilir.

Hər bir xalq öz keçmişini, inkişaf tarixini müxtəlif kitablar, elmi mənbələr vasitəsilə əldə edir. Muzeydə 271-dən çox kitab və əlyazma var. Bunlardan 137-si qədim kitablar, 134-ü isə müxtəlif mövzularda oğuzlu yazarların əsərləri təşkil edir. Onlar ərəb və fars dillərində yazılıb. Kitablar İstanbulda və Kazanda çap olunub, əlyazmaların isə naməlum xəttatlar tərəfindən üzləri köçürülüb. Bu maraqlı, nadir nüsxələr "Qədim əlyazmalar" adlı ekspozisiyada nümayiş etdirilir.

Muzeydə maraqla tamaşa edilən ekspozisiya tərkibində odlu və soyuq silahlar - dayandoldurum, təkatılan, çaxmaqlı tüfənglər, müxtəlif xəncərlər, bonistika və numizmatika guşələrindəki qədimi pullar, ADR dövrünə aid sənədlər və əskinaslar, Böyük Vətən Müharibəsinə aid orden və medallar, cəbhə sənədləri və s. mövcuddur.

Müasir dövr bölməsində oğuzlu şəhidlər, onlara məxsus əşyalar və sənədlər, rayonun yetirmələri və yazarları guşələri, Oğuz rayonunun tarixi abidələri və turizm potensialı, rayonun istehsalat müəssisələrinin məhsulları ekpozisiyası da tamaşaçıda böyük maraq yaradır.

İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi də bölgə muzeyləri arasında xüsusi səviyyəsi ilə seçilir.

Muzey haqqında verilən məlumatlarda qeyd edilir ki, 1980-ci ildə xalqımızın böyük oğlu, mərhum prezidentimiz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın bütün rayonlarında və şəhərlərində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında qərar qəbul edilib. Məlumatlara görə, bunlardan biri də İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. Muzey 1981-ci ilin aprel ayında ilk tamaşaçılarını qəbul etməyə başlayıb. Muzey 2 ekspozisiya-sərgi zalı, bir akt zalı, foye və bir neçə digər otaqlardan ibarətdir. Sahəsi 340 kv.m-dir. Muzey İsmayıllı tarixini öyrənmək, tədqiq etmək və yaşatmaq baxımından çox əhəmiyyətə malikdir. Muzeydə eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir əşyalar, XVIII-XX əsrlərə aid geyim və məişət əşyaları, dulusçuluq, misgərlik, xalq tətbiqi sənəti, kənd təsərrüfatı, zərgərlik, silahlar, toxuculuq və və s. aid nümunələr saxlanır.

Muzeyşünaslar vurğulayır ki, muzeyin məqsədi insan cəmiyyətinin inkişafını əks etdirən maddi və mənəvi mədəniyyət abidələrini, eləcə də konkret diyarın tarixinə dair qiymətli sənət nümunələrini, sənədləri, görkəmli el sənətkarlarının düzəltdiyi əşyaları (qiymətli silahlar və paltarlar, zərgərlik məmulatı, qiymətli qab-qacaq və s.), kitabələri və tabloları, heykəltəraşlıq əsərlərini (barelyef, qorelyef, qəbirüstü sənduqələr), diyarın etnoqrafiyasını, məişətini əks etdirən və s. əşyaları toplamaq, mühafizə etmək, öyrənmək, nümayiş etdirmək və onları gələcək nəsillərə çatdırmaqdır.

İsmayıllı rayonu Antik dövr, Qafqaz Albaniyası və orta əsrlərə aid abidələrlə zəngindir. Bu baxımdan il ərzində muzeyə gələnlərə əsasən bu dövrlər əks olunan mühazirələr oxunub, ekskursiyalar aparılıb. Rayonun ümumtəhsil məktəbləri, idarə və müəssisələri, Peşə Tədris Mərkəzi, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələri ilə əlaqələr yaradılır, onlar muzeyə dəvət olunur, ekskursiyalar aparılır, mühazirələr oxunur, tarixi dərslər təşkil olunur.

2002-ci ildən başlayaraq hər il ənənəvi keçirilən "Muzeylər gecəsi" aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı" günü keçirilib, rayonun idarə, müəssisə və təşkilatları ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri, Peşə Tədris Mərkəzinin şagird və müəllim kollektivi muzeyə dəvət olunub, ekskursiyalar aparılıb, tarixi mövzularda testlər təşkil olunub.

İsmayıllı rayonu da etnik tərkibinə görə müxtəlifliyə malikdir. İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində vaxtaşırı olaraq multikulturalizmlə, tolerantlıqla bağlı maarifçilik tədbirləri keçirilir. Qeyd edək ki, bir neçə ildir İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri yaradılıb. İsmayıllı rayonunda səfərdə olan Yaponiyanın "VA-Liqa" ansamblı muzeydə olub və konsert proqramı təqdim edib.

Onu da vurğulayaq ki, 26 avqustda isə Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında müxtəlif sahələri təmsil edən gənclərə və gənc mütəxəssislərə "Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak" mövzusunda təlim keçilib.

Bu cür təlimlər, tədbirlər böyük maarifçilik missiyası daşıyır. Azərbaycanda fəaliyyətdə olan tarix-diyarşünaslıq muzeylərinin ənənələri cəmiyyətə sirayət edə bilir. Azərbaycan tarixini, xüsusən də bölgənin tarixini öyrənmək istəyən gənclər tarix-diyarşünaslıq muzeylərinə üz tutur. Xalqımızın tarixinin, azərbaycançılığın, multikulturalizm dəyərlərinin, tolerantlıq əzminin təbliğində tarix-diyarşünaslıq muzeyləri əhəmiyyətli dərəcədə böyük təsir gücünə malikdir. Bizim yazıdan, araşdırmamızdan gördünüz ki, ölkəmizin hər bölgəsində tariximizin, dövlətçilik ənənələrimizin yaşadılmasına töhfə verilir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 29 sentyabr.- S.15