Lənkəran, Astara, Masallı və Lerik tarix-diyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi...

III yazı

Azərbaycançılıq ideyasının, bu möhtəşəm ideologiyanın gənc nəslə aşılanmasında muzeylərin apardığı təbliğat böyük təsir gücünə malikdir. Bilirik ki, Azərbaycanın rayonlarında, bölgələrində müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bölgələrdə əsasən tarix-diyarşünaslıq muzeylərinin mövcudluğu müsbət haldır. Tarix-diyarşünaslıq muzeyləri o diyarların tarixini, mədəniyyətini, mənəvi dəyərlərini əks etdirir.

Azərbaycanın bir sıra bölgələri var ki, orada Azərbaycan türkləri ilə yanaşı, qeyri-millətlərin də nümayəndələri kompakt şəkildə yaşayır. Həmin bölgələrdən biri cənub bölgəsidir ki, burada Azərbaycan türkləri ilə yanaşı, əsasən talışlar yaşayır. Talışlar da, qeyri-xalqlar da, bir sözlə, ölkəmizdə yaşayan etnik qrupların nümayəndələri azərbaycançılığa bağlı insanlardır. Onlar Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edən, sadiq olan toplumlardır. Bu gün Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq bayrağı altında birləşib.

Azərbaycançılıq ideologiyasının təbliğində xüsusi rol oynayan tarix-diyarşünaslıq muzeyləri bölgənin tarixini, arxeologiya və etnoqrafiya mənzərəsini özündə əks etdirir.

Lənkəran rayonu ölkəmizdə xüsusi seçilən rayonlardandır. Tarixən Azərbaycan maarifçiliyinin beşiyi başında duranlardan olan Lənkəran mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, ictimai fikrimizə böyük töhfələr verib. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyindən danışarkən qeyd etmək lazımdır ki, muzey 1924-cü ildə yaradılıb. Məlumatlara görə, muzey Böyük Vətən Müharibəsi illərində fəaliyyətini dayandırıb. İkinci Dünya Müharibəsindən 16 il ötdükdən sonra, yəni 1961-ci ildə muzeyin fəaliyyəti bərpa edilib. Azərbaycan hökumətinin qərarı ilə 1977-ci ildə muzeyə Lənkəranda bu işin təşkilatçısı, maarifçi və jurnalist Mirzə Ağəli Əliyevin adı verilib. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 1978-ci ildə yeni binaya köçürülüb və burada elmi əsaslarla ekspozisiya açılıb. Muzey 1991-ci ildən isə XIX əsr memarlıq abidəsi olan Mir Əhməd xan Talışinskinin mülkündə fəaliyyət göstərir. Bu möhtəşəm abidə 1913-cü ildə Mir Əhməd xanın sifarişi ilə onun xanımı Tuğra xanımın şərəfinə Fransadan dəvət olunmuş memarlar tərəfindən 3 ay müddətində ucaldılıb. Bu abidə Lənkəran şəhərinin ilk çoxmərtəbəli binası olub. Muzeyin fondunda 6 mindən yuxarı eksponat toplanıb və ildən-ilə bu rəqəm daha da artır. Muzeyin aşağıdakı nümayiş otaqları gələn qonaqların istifadəsinə verilib: 1. Təbiət bölməsi. 2.Qədim dövr. 3. Erkən orta əsrlər. 4. Yeni dövr. 5. Ən yeni dövr. 6. Müasir dövr. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi xalqımızın qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid həvəngdəstə, çəkiclər, sümükdən hazırlanmış bıçaqlar, tunc dövrünə aid silahlar və qadın bəzək əşyaları, VII-XII əsrlərə aid qoçfiqurlu qəbir daşları, heç vaxt rəngi solmayan boyalı saxsı qablar çox maraqlıdır. VIII-IX əsrlərə aid memarlıq abidəsi - Bəlləbur qalasının tikinti materialları nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyaları da orta əsrlərə aiddir. Muzey 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir-bərpa olunub. Hazırda muzeyin binasında yeni ekspozisiyanın qurulması prosesinə start verilib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 2015-ci ilin aprel ayında Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olmaq məqsədilə muzeydə olub.

Muzey təmirdən sonra tamaşaçıların ixtiyarına verilib.

Sözsüz ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin binasının əsaslı şəkildə təmir edilməsi Azərbaycan dövlətinin mədəniyyətimizə, xüsusən də muzey işinə verdiyi böyük dəyərin, göstərdiyi qayğının təzahürüdür.

Astara Tarix-Diyarşünaslıq Muzeyi də cənub bölgəsində sayılıb-seçilən muzeylərdəndir. Məlumatlara görə, fondunda 7354 ədəd eksponat olan muzey 1980-ci ildən fəaliyyət göstərir. Muzeyin əsas eksponat bazası görkəmli etnoqraf Əsadulla İmaməliyevin Astara şəhərinin mərkəzində təşkil etdiyi kiçik muzeyin əşyaları olub. Muzeyin əsas fondunda eramızdan əvvəl II-III əsrdə baş verən hadisələrdən xəbər verən müdafiə və döyüş silahları, qılınclar, yəhərvari tünc qılınclar, ox və nizə ucluqları, bıçaq tiyələri, döyüş baltaları, yaşı 2000 ildən yuxarı olan qadın və kişi daş heykəlləri, XIV və XV əsrlərə aid olan "Zərbi düz olmayan" sikkələr, ibtidai formalı şüşədən və tuncdan düzəldilmiş qadın bəzəkləri, tarixi və elmi əhəmiyyətə malik olan eksponatlar mühafizə olunur. Eyni zamanda xalqın məişət bölməsində keçmişdə istifadə edilmiş həsir, cebend, beşik, bəzək əşyaları, dulusçuluq sənət nümunələri, həsirtoxuma aləti, xış, dəmir kotan, xalq şənliklərində istifadə edilən qədim müsiqi alətləri nümayiş olunur. Qeyd edilənə görə, muzeyin sahəsi 600 kv.m., altı zalda yerləşdirilməklə üç bölmədən ibarətdir. Məlumatlara görə, muzey bir şöbədən (ekspozisiya şöbəsindən) ibarətdir və ekspozisiya 6 zalda yerləşdirilməklə aşağıdakı bölmələri əhatə edir. Belə ki, burada Təbiət bölməsi, Qədim və orta əsrlər dövrü bölməsi, Məişət və Etnoqrafiya bölməsi, Azərbaycan Demokratik Cumhuriyyəti, İnqilab bölməsi, Müharibə bölməsi, Müasir dövr bölməsi mövcuddur. Muzeyşünas-etnoqraf Əfqan Şəfiyevin "Astara Tarix Diyarşünaslıq Muzeyi", "Azərbaycan xalqının daş yaddaşı" adlı kitablarında muzey və muzeydə olan eksponatlar haqqında geniş məlumatlar verilib.

Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı rayonunun Hişkədərə kəndində yerləşir. Muzeyin direktoru Əntiqə Tağıyevadır. Məlumatlara görə, muzey 1952-ci ildən fəaliyyət göstərir. Muzey bu kəndin tanınmış ziyalısı, əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılıb. Məlumatlara görə, 15 il ictimai əsaslarla Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilib. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülüb və bundan sonra muzey artıq diyarşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirib.

Muzey haqqında məlumatlara görə, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli Qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu alıb və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərib. 2005-ci ildən muzey onu yaradanın - Rəhim Tağıyevin adını daşıyır.

Qeyd edilənə görə, hazırda bu muzey xeyli böyüyüb və onun palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanıb.

Müxtəlif illərdə rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyanoba, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri bu Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.

Tarixə uzunömürlülər diyarı kimi daxil olan Lerik rayonu Bakıdan 323 km uzaqlıqda, Talış dağlarının əhatəsində yerləşir. Qeyd edək ki, Lerik rayonu 1930-cu ildə yaradılıb, lakin 1938-ci ilə kimi rayonun adı Zuvand olub. 1938-ci ildən isə Lerik adı ilə xəritəyə düşüb.

Məlumatlara görə, Lerikin ərazisində 200-dən çox təbiət və tarixi abidə mövcuddur. Burada XI-XII əsrlərə aid tarixi abidələri olan "Oğlan qala" və "Qız" qalası və sair qədim yaşayış məskənləri var. Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildə yaradılıb. Muzeydə 5000 ədəd eksponat qorunub saxlanır. Əvvəllər Lerikin Uzunömürlülər Muzeyi Lerik Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyət göstərib, sonradan isə rayonun ərazisində bina tikilib və ora köçürülüb. Tarix-Diyarşünaslıq Muzeyinin 6 eksponat zalı var və bu zallarda e.ə 2-1-ci minilliklərə aid, tunc dövrünə aid eksponatlar qorunur. Muzeyin fond müdiri Cabbar Zülfiyev mətbuata bildirib ki, qədim əşyalar rayon ərazisində olan qədim yaşayış məskənlərində aşkarlanıb: "Rayonumuzun ərazisində 80-90 min il yaşı olan Büzeyir mağarası və yaşı 120 min il olan Zuvandçay mağarası var. 1890-95-ci illərdə fransalı arxeoloq, Luvr Muzeyinin əməkdaşı olan Jak və qardaşı Henri Morqan Azərbaycana səfərləri zamanı Lerikdə olub və Büzeyr mağarasında tədqiqatlar aparıblar. Morqan qardaşları Büzeyir mağarasında arxeoloji qazıntılar zamanı daş dövrünə aid 200-ə yaxın qədim əşya, 80 kq qızıl və 40 kq gümüşdən hazırlanan müxtəlif növ əşyaları Luvr, Senjermen və Brüssel muzeylərinə aparıblar". Fond müdirinin sözlərinə görə, Morqan qardaşları Lerikə səfərlərini özlərinin yazdıqları kitablarda da qeyd ediblər: "Jan və Henri qardaşları bu zonaya səfərləri barədə "İrana elmi səfər" və "Sirli Şərq" kitablarında məlumat veriblər. Bundan əlavə, muzeyimizdə ən məşhur eksponatlardan biri-dünyanın ilk uzunömürlü sakini kimi bilinən, 150 ildən çox ömür sürmüş Mahmud Eyvazovun "Dayandoldurum" tüfəngidir. Eləcə də tunc dövrünə aid döyüş paltarları, bəzək əşyaları, əntiq məişət əşyaları və daş dövrünə aid alətlər də bizim muzeydə qorunur".

O, Lerik Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan tarixində mühüm rol oynayan bir eksponatın olduğunu da vurğulayıb: "Muzeydə çox maraqlı və xüsusi əhəmiyyətə malik olan bir eksponat var-rusiyalı coğrafiyaşünaslar tərəfindən tərtib edilən XVIII əsrə aid Azərbaycan xəritəsi. Xəritədə İrəvan xanlığı və Qarabağın Azərbaycanın tərkibində olduğu göstərilib. Bununla da rus coğrafiyaşünaslar indiki Yerevanda XVIII əsrdə İrəvan xanlığının olduğunu və Qarabağın Azərbaycan ərazisi olmasını sübut edirlər".

Azərbaycan mədəniyyəti, Azərbaycan insanı hər zaman vətənə, yurda sadiq olub, evini, ocağını qoruyub. Azərbaycanın cənub bölgəsinin tarixi qədimdir.

Arxeoloji qazıntılar zamanı cənub bölgəsindən tapılan bütün nümunələr tarix-diyarşünaslıq muzeylərində qorunur, mühafizə edilir. Tariximizin bir parçasına çevrilən tarix-diyarşünaslıq muzeyləri ölkəmizə gələn turistlərin marağını çəkir. Bizim muzeylər tariximizi canlı şəkildə yaşadır, təbliğ edir, mənəvi irsimizi sabaha daşıyır.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 30 sentyabr.- S.15