Azərbaycançılıq ideyası ədəbiyyat, incəsənət nümunələrində...

 

 

Qədim mədəniyyətimizin milli məfkurədən, azərbaycançılıq ideyasından qaynaqlandığı məlumdur. Hər bir mədəniyyət nümunəsi, maddi-mənəvi dəyərlər özündə azərbaycançılıq ruhunu ehtiva edir. Azərbaycan xalqı, Azərbaycan torpağı üzü min əsrlər əvvəldən başlayaraq görkəmli sənətkarlar yetişdirib, onlar mədəniyyət nümunələri yaradıb. Xoşbəxtlikdən Vətənimiz dünyanın sayılıb seçilən məkanlarından olub hər zaman.

Keçmiş zamanlardan indiyə qədər məmləkətimiz şərqliliyilə fəxr edib. Buna haqqı da çatır. Çünki Şərq ədəbiyyatının, Şərq mədəniyyətinin ən parlaq nümunələri, şedevrləri Azərbaycan torpağında yaranıb. Azərbaycan sənətkarlarının yaratdığı əsərlər günü bu gündünya mədəniyyətinin inciləri sırasında özünə böyük yer tutur. Bəli, Azərbaycan torpağı Şərq mədəniyyətinin vacib tərkibi olan böyük dəyərlərə sahibdir. Həmin dəyərlər də bizim milli özünəməxsusluğumuz, sahib olduğumuz sərvətlərdir. Şərqli olmağımız milli mədəniyyətimizin inkişafını ləngitməyib, əksinə, biz daha da irəli gedə bilmişik. Azərbaycanı vaxtilə Şərqin mədəniyyət mərkəzinə çevirən sahələrdən biri xalq sənəti idi. Hələ qədim dövrlərdə ana torpağımızda zərgərlik, nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətləri inkişaf edib. Azərbaycan nəqqaşları öz füsünkar əl işlərilə bütün Şərqdə tanınıb. Sənətşünaslar qeyd edir ki, bu dəyərlərdə Azərbaycan xalqının, eləcə də torpağımızın, havamızın, suyumuzun ruhu, əhvalı hiss edilir. Onu da vurğulayaq ki, azərbaycançılıq ideyası, əhvalı, ruhu üzərində pərvəriş tapan bu nümunələr dünyanı heyran qoyur.

Sənətşünaslar vurğulayır ki, Azərbaycan tarixən Yaxın və Orta Şərqin ən mühüm mədəniyyət ünvanı kimi məşhur olub. Azərbaycançılıq ideyasının pərvəriş tapmasına təkan olan bu amil Azərbaycanı Şərqin aynasına çevirib. Qeyd edək ki, Azərbaycan tarixən Şərqin mədəniyyət beşiyi olub. Təsəvvür edin ki, Azərbaycanda yazı mədəniyyəti mövcud olanda, burada şeir-sənət inkişaf edəndə başqa Şərq xalqlarının həyatında ətalət hökm sürürdü. Azərbaycan elə bir Şərq məmləkətidir ki, burada Şərq mədəniyyətinin ən vacib sahələri inkişaf edib. Bundan başqa, Azərbaycanda bir sıra yeniliklər baş verib ki, o ilk dəfə bizdə olub. Başqa Şərq xalqları həmin ənənəni bizdən əxz edib. Azərbaycançılıq ideyasına ölkəmizdə hər zaman xidmət edənlər olub. Milli-mənəvi dəyərlərimizin xalqımız tərəfindən inkişafı elə azərbaycançılığa bağlılıq deməkdir. Azərbaycanda elə qədim sənət növləri olub ki, onlar bütün Şərqdə məşhur olub. Nəqqaşlıq sənəti qədim dövrdən Azərbaycanda geniş vüsət alıb. Özü də nəqqaşlıqla məşğul olan sənətkarlar Azərbaycan türkləri olub. Deyərdik ki, on doqquzuncu əsrdə Şamaxıda Mirzə Cəfər, Şuşada usta Qurban Qarabaği nəqqaş kimi böyük şöhrət qazanıb. Amma onlar haqqında təfərrüatlı tarixi bilgilər qalmayıb. Əlimizdə orta əsrlər Azərbaycanında tanınan nəqqaşlardan bəzisi haqqında məlumatlar var. Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınan Mir Möhsün Nəvvabın rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyəti haqda məlumatlar çoxdur. Mir Möhsün Nəvvabın rəssamlıq məharəti "Teymurun portreti" (akvarel, 1902-S.B) tablosunda öz ifadəsini tapıb. Azərbaycan sənətkarı özünün əl işlərilə Şərq mədəniyyətinə böyük töhfələr verib. Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiyada doğulub. Çox qüdrətli musiqiçi olmaqla bərabər, xəttatlıq, nəqqaşlıq kimi bacarıqlara da sahib olub. Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu usta Zeynal Nəqqaş 1829-1904-cü illərdə yaşayıb. Məşhur xəttat nəqqaş və şair olub, el arasında "qızıl əlli nəqqaş" kimi tanınıb. Naxçıvandakı "Xan sarayı"na, Bakıda Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə (indiki Tarix Muzeyi), Təbrizdəki, Ordubaddakı "Came" məscidinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin "Malik İbrahim" qəbiristanlığındakı dağa bitişik "Qara pir"də vurduğu nəqş də yaşayır.

Sənətşünaslar yazır ki, XVIII əsrdə Azərbaycanın tanınan memarı və nəqqaşı Abbasqulu ağanı da yada salmaq yerinə düşərdi. Sənətşünaslar yazır ki, Abbasqulu ağa Şəki Xan Sarayının tərtibatında iştirak edib. Sarayda böyük salonun tavanında mürəkkəb kompozisiyaları yaradıb, bəzək işləri görüb. Öz adını orijinal şəkildə - sağdan-sola deyil, aynada əks olunan kimi, soldan-sağa həkk edib. Məhəmməd Məcid Təbrizi Bursadakı Yaşlı Caminin mehrabını öz nəqqaşlıq işilə bəzəyib. Bizim tarixdə nəqqaşlarımız, xəttatlarımız çox olub. Şərqdə bu sahə ilə əsasən azərbaycanlı sənətkarlar məşğul olub. Tədqiqatçıların yazdığına görə, Azərbaycanda yalnız xalq sənəti yüksək səviyyədə inkişaf etməyib, həm də klassik irsimiz təşəkkül tapıb. Yazılı ədəbiyyat nümunələri ortaya çıxıb, görkəmli klassiklər yetişib. Azərbaycanın, demək olar ki, bütün şəhərləri Şərqin mədəniyyət mərkəzi rolunu oynayıb. Orta əsrlərdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, rəssamlığı, nəqqaşlığı, miniatürs. sənətləri özünün intibah dövrünü yaşayırdı. Azərbaycanın miniatürçü rəssamlarının yaratdığı əsərlər bütün Şərq mədəniyyətini təmsil edirdi. Azərbaycan miniatürləri Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən maraqlı səhifələrindən biridir. Məlumdur ki, Şərq xalqlarının miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə olub, onun təsiri nəticəsində inkişaf edib. Mübaliğəsiz demək olar ki, antik mifologiya qədim yunan sənəti üçün olduğu kimi, klassik Şərq poeziyası da müsəlman Şərqinin miniatür sənəti üçün tükənməz mənbə olub. Dünya ədəbiyyatının dahi şairlərindən FirdovsiNizaminin, Sədinin, Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və klassik Şərq poeziyasının başqa görkəmli ustalarının ölməz əsərləri rəssamların tükənməz ilham mənbəyi olub. Onların sənətini qabaqcıl, humanist ideyalarla, ədəbiyyət qazanan füsünkar obrazlarla zənginləşdiriblər. Tədqiqatçılar vurğulayır ki, Firdovsinin məşhur "Şahnamə" epopeyası, Nizaminin məhəbbət lirikası, romantik və fəlsəfi-didaktik poemaları rəssamların yaradıcılığına daha qüvvətli təsir göstərib, onları dini təssəvürdən, asketizmdən uzaq, dünyəvi hissləri, ülvi məhəbbəti tərənnüm edən misilsiz sənət əsərləri yaratmağa ruhlandırıb. Tədqiqatçılar yazır ki, müasir sənətşünaslıq elminin əldə etdiyi nəticələr Azərbaycan miniatür sənətinin müsəlman Şərqində bu sənətin inkişafında əhəmiyyətini və təyinedici rolunu aşkarlayıb. Tədqiqatçılar qeyd edir ki, Yaxın və Orta Şərqdə miniatür sənətinin ən qədim nümunələrindən sayılan bir çox əsərlər məhz Marağada və Təbrizdə yaradılıb. Bu da təsadüfi deyil. Çünki XIII əsrin sonu XIV əsrin əvvəllərində Elxanilərin mərkəzi Marağa və Təbriz Şərqin ən görkəmli mədəniyyət mərkəzi idi. Azərbaycanın qədim şəhərlərinin Şərqin mədəniyyət ünvanlarından biri olması bizdə fəxr hissi yaradır.

Tədqiqatçılar qeyd edir ki, Azərbaycanı Şərqdə daha da məşhur edən, onun nüfuz və dəyərini artıran həm də dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Sənətşünaslar hesab edir ki, Nizami yaradıcılığı Şərqin ən tükənməz sərvətidir. Bu dahi, mütəfəkkir haqqında ədəbiyyatşünasların, Nizami irsini araşdıran alimlərin də fikirləri maraqlıdır. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan torpağı bəşər bədii fikrinin, o cümlədən də Şərq mədəniyyətinin nadir hadisəsi olan Nizami Gəncəvini, onun dövründə yazıb yaradan şəxsiyyətləri yetirib. Səkkiz əsrdən artıqdır xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilən Nizami Gəncəvi yaradıcılığı bütün Şərqi öz təsiri altında saxlayır. Məlumdur ki, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. O öz nüfuzu və qiymətli əsərlərilə Gəncəni Şərqin mühüm mədəniyyət evinə çevirib. Azərbaycançılığın beşiyi olan Gəncədə Şərq mədəniyyətinin çox nadir əsərləri yaranıb. Həmin əsərlər Şərqin gözü olan Azərbaycanı dünyaya tanıdıb.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırıb. Mütəfəkkir şairin məşhur "Xəmsə"si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Tədqiqatçılar vurğulayır ki, Azərbaycanın Şərqin əsas mədəniyyət mərkəzi olmasını şərtləndirən amillərdən biri də ölkəmizin tarixdə bir sıra yeniliklərə sahib olmasıdır. Alimlər hesab edir ki, bunlar Azərbaycanda baş verməsə idi, bəlkə də çox Şərq ölkələri inkişafdan geri qalardı. Tədqiqatçılar bildirir ki, Şərqdə dramaturgiyanın yaranması Azərbaycanla, Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun adı ilə bağlıdır. İlk dəfə peşəkar teatr da Azərbaycanda yaranıb. Mətbuatın təşəkkülü də respublikamızın adı ilə bağlıdır. Şərqdə ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranıb. Qadınlara ilk dəfə seçkilərdə iştirak etmək hüququ bizdə verilib. Səhv etmirəmsə, ilk təyyarəçi qadınlar da ana yurdumuzdan çıxıb. Belə ki, Azərbaycanın ilk qadın təyyarəçiləri öz məharətini Böyük Vətən Müharibəsi adlandırılan İkinci Dünya Müharibəsində göstərib. İlk qadın təyyarəçilərdən olan Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova və Sona Nuriyevanın adlarını bu gün də fəxrlə çəkə bilərik. Şərqə Azərbaycan çox böyük insanlar verib. Şərq mədəniyyətinin zənginləşməsinə Azərbaycanın milli mədəniyyəti böyük təsir göstərib. Bizdə dramaturgiya yaranmasa idi digər Şərq respublikalarında dramaturgiyanın indiki səviyyədə inkişafı sual altında qalardı. Biz həm ənənələrə sadiq xalqıq, həm də yeniliyə meylliyik. Nə qədər yeniliklərə imza atıb Şərq xalqlarının gələcək həyatı üçün mayak olduq. Şərqdə ilk böyük satirik jurnal olan "Molla Nəsrəddin" öz möhtəşəmliyilə bütün Şərqi silkələyirdi. Azərbaycan xalqının övladları hər zaman cəhalətə, geriliyə qarşı çıxıb. Siz fikir versəniz görərsiniz ki, Azərbaycanda dramaturgiya yarananda heç digər ölkələrdə dramaturgiyanın nə olduğunu bilən yox idi. Təsəvvür edin ki, ilk operalar, operettalar, musiqili komediya əsərləri Azərbaycanda yaranıb. Digər Şərq xalqları da bizdən sonra bu mədəniyyət ənənələrinə sahib olub.

Tədqiqatçılar hesab edir ki, Şərqin mədəniyyət mərkəzi olan Bakı, Gəncə, Naxçıvan, Dərbənd, Qəbələ, Bərdə, Şuşa, İrəvan, Təbriz, Ərdəbil, Urmiyə, İsmayıllı, Şamaxı, Quba və digər şəhərlərimiz çox böyük tarixi-mənəvi hadisələrə şahidlik edib. Məlumdur ki, uzun əsrlər əvvəldən Azərbaycan şəhərləri sənətin, mədəniyyətin, incəsənətin, musiqinin, təhsil və ticarətin inkişaf etdiyi məkanlar olub. Bu gün də şəhərlərimizin bir çoxunun eyni missiyanı daşıması sevindirici haldır. Azərbaycan şəhərlərinin Şərqin mədəniyyət ünvanı missiyasını yerinə yetirməsi azərbaycançılığı da inkişaf etdirib. Azərbaycanda mədəniyyətin yayılması ilə azərbaycançılıq da yayılmağa başladı. Bütün Şərqdə azərbaycançılıq ideologiyasına xidmət edən şəxsiyyətlər, sənətkarlar olub.

Onlar öz əl işləri, yaratdıqları ilə milli ideologiyanı irəliyə apara bilib. Şüurların altında formalaşıb yaşayan azərbaycançılıq hər zaman öz mövcudluğunu mühafizə edib.

Şərqin mədəniyyət mərkəzi olan tarixi Azərbaycan şəhərləri həm də bir azərbaycançılıq ünvanı olub. Azərbaycanın istənilən yerində Şərq mədəniyyətinin elementlərinə, çalarlarına rast gəlmək mümkündür. Azərbaycançılıq ideyasının tarixi qədimdir və bu ideologiya bizi xalq kimi, dövlət kimi daim ayaqda saxlayır.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 9-11 yanvar.- S.- 15