Yeni yaşına qəər, Fariz Çobanoğlu!

Yaşamaq, nəfəs almaq, ömür pəncərəsindən həyatın qaranlıq labirintinə baxmaq, bir hovur dincini alıb irəliyə addımlamaq gözəldir. Fikirləşirəm ki, yaş üstünə gələn yaş, ömrün bir pilləsinin də artması insanın dərindən nəfəs alıb, yornuqluğunu dəririb sabaha, gələcəyə, yeni arzulara, kəşf edilməmiş aləmə üz tutmasıdır. Həmişə də üz tutduğumuz yerlərə könüllü gedə bilmirik. Bəzən üzümüzə üz tutub gedirik, bəzən görüşünə getdiyimiz illərin gözünün içinə baxa bilmədiyimizdən gözümüzə eynək qurşayırıq. Hər nə ediriksə özümüzə edirik-pis və yaxşı mənada. İnsan yaxşılıq kimidir, yaxşıların iiçində pardaxlanar, yaşamaq istəyər, qanadlanar... ümid yeri olar.

Uzaq uşaqlığımın yadda qalan maraqlı, mənalı, əbədi yaşayan anları, günləri çox olub, o günlərin bənzərsiz qoxusu burnumdadır, hər şey mənə çox yaxındır. Elə bilirəm ki, əlimi bir az o yana uzatsam o günlərlə əl-ələləşə tuta bilərəm, sonra da günəşə, buludlara, yağışa, lap elə gecələr ayın üzünə də baxaram. Təki o günlərə bir yol olaydı...

Yaxın gəncliyimin şəhər ömrü çox təlatümlüdür, çox. Tünlükdə təntiyib təndirə düşən günlərimizlə hələ vidalaşa bilməmişik. Nə o bizdən əl çəkir, nə də biz ondan gözümüzü çəkmək istəyirik. Amma taleyimizin şəkilini, yolunu Uca Yaradan çəkir. Bakıya gələndə elə bilirdim ki, burada məni açıq qapılar, isti könüllər, mərhəm adamlar, doğma ocaqlar gözləyir... amma yanılmışdım... Könlümə könlü yaxın olanlar çox az, ögeylər, yadlar isə lap çoxdan çox idi... Doğmaları gəzib tapmaq, onların isti nəfəsinə qızınmaq çətinliklərdən keçdi, deyərdim ki, həyatın ağrı-acılarından keçib o insanları tapdım...Bir ocaq var "Azərbaycan" Nəşriyyatında... Bir dəstə cavan o ocağın istisinə, hənirinə toplaşmışdı. O ocaq uzaqda yanan ocaq deyildi, bizim duyğumuzda, içimizdə daxilimizdə hənirlənirdi. Orda çox uşaqlarla tanış olduq, hamısı da istedadlı, qələmli, söz badəsi içmiş... "Kredo" qəzetinin baş yazarı, görkəmli söz adamı Əlirza Xələfli yığmışdı bizi başına. Nə gözəl günlər idi nə. Sorağındayam o günlərin, o havanın, hətta o davaların...Bəli, bizim söz üstə mübahisəmiz bəzən dava ilə nəticələnərdi, hətta küsülü qalmağımıza da səbəb olardı. Küsülü günlərdə də bir-birimizi mütləq gözaltı süzərdik, gözücu da olsa yazılarımıza baxardıq. Ümumiyyətlə, bir-birimizin yazısını oxuyurduq.

Xarakterimi bilənlər bilir ki, mən həmişə oğlanlarla dalaşmışam, dava-şavam onlarla olub... Onunla da çox saylı ümu-küsülərimiz, saysız davamız olub. Amma sonucda barışmışıq. Deyə bilmərəm ki, bu adamla mənim münasibətlərim hamar olub, xeyr, həmişə ziqzaqlı olub münasibətimiz.

Aprelin 10-nu yaxın dostlarımdan biri tanınmış qələm sahibi, istedadlı publisist-jurnalist, yazıları ilə çoxlu-çoxlu insanların ürəyini fəth edən, "Qarabağa aparan yol" qəzetinin baş redaktor müavini, gizli-gizli şeirlər yazıb və onu sandıqda pünhanlayan Fariz Çobanoğlunun doğum günüdür. Fariz Çobanoğlu mənim üçün çox doğma adamdır. Hər gün görüşüb əhvallaşırıq, mütləq ədəbi söhbətlər edirik, bəzən mübahisəli, bəzən də həlim keçir görüşlərimiz. Farizi görəndə yadıma həmişə duruluram. Çünki ömrün gözəl illərini şəhərdə bada versə də, qaçqınçılıq nəticəsində yurdundan didərgin düşsə də, Fariz Canında kənd qoxusunu yaşadır. Bilirəm ki, Cəbrayıl alınsa Fariz ora ayaqyalın başı açıq gedər. Kaş açılaydı Cəbrayıla gedən yolun tilsimi. Əlimdə ixtiyar olaydı çoxdan açardım o yolu. Fariz həmişə deyir ki, torpaqlar alınsa qalan deyiləm bu şəhərdə varıb gedəcəyəm Xələfliyə. Niyə də getməsin ki. Orada-yurd yerində, qara daşın üstündə bir qaraca oğlan gözləyir Farizi kənddə. O qaraca oğlan Farizin kənddə qoyduğu uşaqlığıdır. O,Fariz Çobanoğlunu axtarır, tapmq istəyir ki, onun daxilinə, ruhuna varid olub Farizi yenidən uşağa çevirsin, ana uşağına.

Dəyərli insanların dəyərini hamı bilmir ki. Qədir-qiyməti baha olan, minlərlə insanın könlünə sığal çəkən Fariz Çobanolu bir ziyalı və işıqlı insan kimi tanınır. Ürəklərdə, ruhlarda Farizin söz yadigarları çoxdan özünə taxt qurub. Deyir 45 yaşım olur. Amma inanmıram... Elə bilirəm ki, on beş, on altı il əvvəl tanıdığım, tez-tez küsüb-barışdığım həmin oğlansan....

Bax, mən həmin qızam dəcəl-ərköyün,

Sən həmin oğlansan nə dəyişib ki...

Uğurların bol olsun günəş şəfəqi kimi Fariz Çobanoğlu. Gün gələr o günəş bizim də üzümüzü ağardar...Cəbrayılda, Xələfli də doğar o günəş, onda sənin də günün ağarar, könlün dincələr. Yoxsa indi könlün dizi yorulmuş qoca kimidir...Qoy, könlündə bahar olsun həmişə. Bahara, işığa, aydınlığa, yeni yaşına və doğma Xələfliyə qəər...

Irade Sariyeva

Bakı xəbər.- 2017.- 11 aprel.- S.14