Vətənə fəda olunan ömür... -

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçuları haqqında apardığım tədqiqatlar davam etdikcə, xalqımızın neçə-neçə ləyaqətli oğlunun ömür yolunu öyrənir, Vətən torpaqlarının müdafiəsində onların necə şücaətlə vuruşduqlarını təsdiqləyən çoxsaylı faktlar barədə məlumatlar toplayıram. Hər bir şəhidin taleyində, mənəvi dünyasında, ölməzlik zirvəsinə ucaldığı döyüş yolunda olduqca maraqlı, ibrətamiz, bugünkü və gələcək nəsillərə örnək ola biləcək məqamlar az deyil. Şəhidlərini unutmayan, onların xatirəsini yaşadan xalq döyüş ruhunu da qoruyub saxlayır. Vətən yolunda hər bir hünər və fədakarlıq nümunəsi qan yaddaşımızda silinməz izlər qoyur.

Bu yazı şəhid hərbi qulluqçumuz baş çavuş Məmmədbəyli Həzi Rasim oğlunun şərəfli həyat yoluna həsr olunub. Onun kimi oğul haqqında tam səmimi və inamla demək olar ki, Vətən və xalq üçün doğulmuşdu, bu missiya, bir növ, alın yazısı, əsas həyat amalı idi.

H.Məmmədbəyli 11 fevral 1966-cı ildə Bakı şəhərində dünyaya göz açıb. O, soykökü etibarilə adlı-sanlı Gülməmmədbəyovlar nəslinin törəmələrindən biri idi. Gülməmmədbəyovlar XVIII əsrin ortalarından başlayaraq Qarabağın mirvarisi sayılan Şuşa şəhərində məskunlaşmışlar. Beləliklə, bu nəslin nümayəndələri uzun tarixi müddətdə Şuşada yaşamış, burada xeyirxah əməlləri, el-oba qayğısına qalmaları ilə böyük hörmət və nüfuz qazanmışlar.

H.Məmmədbəyli dörd övladın dünyaya gəldiyi ailədə üçüncü uşaq olub. Onun iki bacısı və bir qardaşı var. Gülməmmədovlar ailəsi öncə Bakıda Səbail rayonunun Müktədir küçəsindəki binada yaşayıb, sonra paytaxtın Xətai rayonundakı Əhmədli qəsəbəsinə köçüblər. Həzi öncə 132, sonra isə 260 saylı ümumtəhsil məktəblərində orta təhsil alıb. Orta məktəbdə oxuduğu illərdən Vətənimizin tarixinə, mədəni irsinə böyük maraq göstərib, tədris edilən fənlər üzrə biliklərə əzmlə yiyələnib, savadlı olmağa çalışıb. O, müəllimlərinə ehtiramla yanaşıb, bu fədakar peşə sahiblərinin əməyini həmişə uca tutub.

1983-cü ildə H.Məmmədbəyli Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə qəbul olunub. Tələbə adını daşımaq hüququnu qazanmaq üçün öz biliyinə güvənib, müəllimlərinin etimadını doğruldub. O vaxt öz ixtisası üzrə bacarıqlı kadr kimi formalaşmağı və gələcəkdə işləyəcəyi sahədə respublikamıza fayda verməyi qarşısına məqsəd qoymuşdu.

1985-ci ildə Xətai Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi) tərəfindən sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Rusiya Federasiyasının Moskva vilayətinin Krasnaqorsk rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Bu hərbi hissə inşaat təyinatlı vəzifələr yerinə yetirib, yəni həmin dövrdə camaat arasında onlar “stroybat” adlandırılırdı.

Məqalənin hazırlanması prosesində Həzinin əsgərlik yoldaşı olmuş Saleh Eyvazovla görüşdüm. Birgə Şəhidlər Xiyabanına gedib Həzinin məzarını ziyarət etdik. O, Həzinin sovet ordusu sıralarında əsgərlik illəri barədə xatirələrini danışdı. Onun sözlərinə görə, Həzi hərbi xidmətin heç bir çətinliyi qarşısında ruhdan düşmürdü. Komandirlər onun savadına, dünyagörüşünə, təşkilatçılığına heyran qalırdılar. Hər addımda öz soydaşlarının hüquqlarını müdafiə etməkdən çəkinməyib. Hər hansı bir ayrı-seçkiliyə qarşı etirazını bildirib. Elə bu cəhətlərinə görə də müəyyən problemlərlə üzləşib. Ancaq heç vaxt öz iradəsinin əksinə getməyib. Həmsöhbətim qeyd etdi ki, Həzi vətənpərvər, millətsevər, dostluğa sadiq, güclü ədalət hissi olan insan kimi yaddaşında qalıb.

1987-ci ildə H.Məmmədbəyli hərbi xidmətdən Vətənə qayıdıb. Elə həmin ildən institutda ali təhsilini axşam şöbəsində davam etdirib. Bununla yanaşı, əmək fəaliyyətinə də başlayıb. O, “Azneft”in Xəzərdənizneftqaz İnşaat trestinin 3 nömrəli Tikinti-quraşdırma İdarəsinə işə düzəlib. Burada öncə fəhlə, montajçı, sonra isə təhlükəsizlik texnikası üzrə mühəndis işləyib.

1988-ci ildə Ermənistanın respublikamıza qarşı ərazi iddiaları irəli sürməsi, azərbaycanlıların oradan didərgin salınaraq Vətənimizə pənah gətirməsi, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması xalqımızın hiddətinə səbəb oldu. Beləliklə, bu hadisələr respublikamızda milli dirçəliş hərəkatına təkan verdi. Vətənin, xalqın təəssübünü çəkən H.Məmmədbəyli təbii ki, bütün bu baş verənlərə biganə qala bilməzdi. O, milli azadlıq hərəkatının fəallarından biri oldu. Çoxları kimi, Həzi də xalqımızın nicatını müstəqilliyə, azadlığa qovuşmağımızda görürdü. Bu yolda heç nəyini əsirgəməməyi özü üçün qətiləşdirmişdi.

1990-cı ilin 20 Yanvar, 1991-ci ilin 20 noyabr faciələri onu dərindən sarsıtmışdı. 1991-ci ilin aprel ayında Həzi milli özünüdərk hissinin təzahürü olaraq, Gülməmmədov soyadındakı “ov” şəkilçisindən imtina edib. Gülməmmədbəyli soyadının sənədləşmə üçün bir qədər uzun olduğu qənaətinə gələrək, Məmmədbəyli variantı üzərində dayanır. Bu addım həm də onun ictimai təfəkküründə yeni bir səhifə açmış oldu.

1991-ci il oktyabr ayının 18-də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsini, bütün soydaşlarımız kimi, Həzi də böyük ruh yüksəkliyi ilə qarşıladı. Onun ictimai fəaliyyəti milli müstəqilliyimizin qorunmasına yönəldi.

1992-ci ildən başlayaraq Ermənistanın torpaqlarımıza hərbi təcavüzü gücləndi. Həmin ilin fevral ayının 26-da ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım, may ayında isə Şuşa və Laçının işğal olunması xalqımızın necə böyük bir fəlakətlə üz-üzə qaldığını göstərdi. Ata yurdu Şuşanın düşmənin əlinə keçməsi onun daxilində qisas hissini daha da alovlandırırdı. Atası Rasim Gülməmmədov bu faciədən bir neçə il əvvəl - 1989-cu ildə ağır xəstəlikdən vəfat etmişdi. Atasının vəfatından sonra Şuşa itkisi onun üçün çox böyük mənəvi zərbə idi.

1992-ci ilin may ayında H.Məmmədbəyli könüllü olaraq milli ordu sıralarına qoşuldu. Həmin vaxt Müdafiə Nazirliyinin tabeliyində, Bakıdakı “Salyan kazarmaları” adlandırılan hərbi şəhərcikdə yeni hərbi hissə formalaşdırılırdı. Burada xüsusi təyinatlıların hazırlanmasına başlanmışdı. Həzi hərbi formanı fəxrlə geyinirdi, onu qeyd etdiyim hərbi hissənin şəxsi heyətinin sıralarına qəbul etmişdilər.

1992-ci ilin may ayının ikinci yarısında H.Məmmədbəylinin hərbi qulluqçusu olduğu hərbi hissə Müdafiə Nazirliyinin tabeliyindən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının tərkibinə verilir. İyun ayının əvvəllərində isə hərbi hissə Əli-Bayramlıya (hazırda Şirvan şəhəri) dislokasiya olunur. Burada Həzi vətənpərvər və mübariz bir hərbi qulluqçu kimi hərbi hissənin bayraqdarı təyin edilir. O, digər hərbi qulluqçularla birgə hərbi andı qəbul etdikdən sonra mövcud şəxsi heyət Ağdam döyüş bölgəsinə göndərilir.

1992-ci ilin iyun ayının 12-də Ağdam rayonu ərazisində Daxili Qoşunların “N” saylı hərbi hissəsinin formalaşmasının əsası qoyuldu. Həmin tarixdən etibarən Daxili Qoşunların şəxsi heyəti ön cəbhədə birləşmiş hərbi dəstə şəklində deyil, dislokasiya yeri kimi yerləşmiş hərbi hissənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olundu.

1992-ci il iyunun 18-dək olan müddətdə baş çavuş H.Məmmədbəyli Ağdam rayonunun düşmənlə təmas xəttindəki mövqelərdə torpaqlarımızın müdafiəsində dayanıb. O, qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı cəsur döyüşçü kimi qətiyyət göstərib. Xüsusən Ağdam-Əsgəran təmas xəttindəki Aranzəminli, Pircamal və Naxçıvanik kəndləri uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurub, öz cəsarəti ilə döyüşçü yoldaşlarını da ruhlandırıb. Bu döyüşlərdə ermənilər canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalıblar. Onların bir sıra döyüş postları da darmadağın edilib.

Baş çavuş H.Məmmədbəylinin son döyüşü 1992-ci il iyun ayının 18-də oldu. Bu son döyüşün təfsilatları ayrı-ayrı müəlliflərin kitablarında fərqli məzmunda verilib. Həmçinin şəhidin ailəsinin bununla bağlı mənə təqdim etdiyi konkret sənədlər var. Mən bu mənbələrin hər birinə şərh vermədən istinad etməyi qərara aldım.

Firuzə Bəyməmmədqızının 1996-cı ildə işıq üzü görmüş “Vağzalı çalınır” kitabında Həzi barədə “Yuxuda gördüm ki...” adlı yazı verilib. Yazıda bəzi döyüşçü yoldaşlarının sözlərinə istinadən Həzinin döyüş yolundan bəhs olunur. Müəllif yazır ki, 18.06.1992-ci il tarixdə Aranzəminli kəndi ətrafındakı mövqelərimiz düşmən artilleriyası tərəfindən atəşə tutulub. Yaxınlığa düşən mərminin partlayışı nəticəsində döyüşçülərdən Həzi və Şahin ağır yaralanaraq şəhid olublar.

Elbrus Şahmarın müəllifi olduğu, 1996-cı ildə çapdan çıxmış “Şah İsmayıl qartalları” kitabında isə H.Məmmədbəyliyə “Torpağına qurban kəsim” yazısı həsr olunub. Kitabda onun 18.06.1992-ci il tarixdə torpaqlarımız uğrunda döyüşdə düşmən snayperinin gülləsinə tuş gəldiyi və şəhid olduğu qeyd edilib. Ancaq bu son döyüşün baş verdiyi ərazi barədə dəqiq məlumat kitabda öz əksini tapmayıb.

Daxili Qoşunlar Komandanının şəhidin ailəsinə göndərdiyi 16.07.1992-ci il tarixli məktubda H.Məmmədbəylinin 18.06.1992-ci il tarixdə Naxçıvanik kəndi uğrunda döyüşdə qəhrəmanlıq göstərdiyi və düşmən snayperinin gülləsindən yaralanaraq həlak olduğu məlumat verilib.

1992-ci ildə tərtib edilmiş ölüm şəhadətnaməsində Həzinin 18.06.1992-ci ildə Naxçıvanikdə həlak olduğu yazılıb. Həmçinin Xətai Rayon Hərbi Komissarlığının 1992-ci ildə verdiyi arayışda da onun 18.06.1992-ci ildə şəhid olduğu məlumatı öz əksini tapıb.

Baş çavuş H.Məmmədbəyli Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Məzarının üzərində şəhid olduğu tarix 20.06.1992-ci il göstərilib. Ola bilsin ki, bu, onun dəfn olunduğu gün ilə əlaqədardır.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2010-cu il tarixli, 788 nömrəli Sərəncamına əsasən, Məmmədbəyli Həzi Rasim oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Medal Dövlət Müstəqilliyi Günü münasibətilə 18.10.2011-ci ildə Daxili Qoşunların “N” saylı hərbi hissəsində keçirilmiş təntənəli mərasimdə şəhidin qardaşı Rafael Gülməmmədliyə təqdim olunub.

Şəhid haqqında məqalənin hazırlanması zamanı R.Gülməmmədli ilə görüşüb ətraflı söhbət etdim. Rafael müəllim Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, ixtisasca rəssamdır. Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəridir. O, milli-mənəvi dəyərlərimizə bağlılığı olan şəxsdir. Qədim kökləri olan nəslinin, bütövlükdə Qarabağın tarixinə dərindən bələddir. Maraqlı söhbətimiz zamanı ailəsindən, şəhid qardaşının ömür yolundan ətraflı məlumat verdi. Atası Rasim Gülməmmədov zəngin bir həyat yolu keçib. Elmi fəaliyyətlə məşğul olub, kənd təsərrüfatı üzrə elmlər namizədi idi. Bir çox məsul vəzifələrdə çalışıb. “Əmək veteranı” medalı ilə təltif edilib. Rafael müəllim bildirdi ki, anası Zemfira xanım övladlarını və-tənpərvər ruhda tərbiyə edib. O, milli azadlıq hərəkatının fəal tərəfdarlarından olub. Qarabağın qara günlərini görmək ona çox ağır təsir göstərib. Həzinin müharibədə şəhid olması acısı isə onu həyatdan küsdürüb. Bir dəfə yuxuda Həzi anasına deyib ki, “sən fikir etmə, məni Allah yanına çağırıb”. Zemfira xanım Həzinin döyüşçü yoldaşlarının cəbhədən gətirdiyi milli bayrağımızı ötən illər ərzində 28 May günü evin eyvanından asıb. Bu bayraq bayraqdar Həzi üçün qürur mənbəyi idi, onu göz bəbəyi kimi qoruyurdu. Rafael müəllim dedi ki, bu bayrağı və ümumiyyətlə, Həzinin hərbi xidmətə aid bəzi şəxsi əşyalarını xatirə olaraq Daxili Qoşunların Muzeyinə təqdim etmək fikri var.

Həzi sonuncu dəfə ön cəbhəyə yollanmazdan əvvəl qardaşına bir ağ-qara fotosunu verərək, həlak olarsa, xatirəsini əbədiləşdirmək üçün bu şəkildən istifadə etmələrini vəsiyyət olaraq söyləyib. O, həmçinin, onun kimi cəbhəyə könüllü getmək istəyən böyük qardaşını bu fikirdən daşındırıb, ailə üzvlərindən muğayat olmasını istəyib.

Həzi şəhidlik məqamına ucalacağını, ölümün ona yaxınlaşdığını öncədən duymuşdu. Özünü Vətənə fəda edən igid oğul kimi onun əziz xatirəsi heç vaxt unudulmayacaq.

Allah rəhmət eləsin!

Yalçın QAYA

Bakı xəbər.- 2017.- 6 dekabr.- S.15.