Tarixdə iz buraxanlar: Mikayıl Müşfiq

Mikayıl Əbdülqədir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Mirzə Əbdülqədir, anası Züleyxa xanımdır. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Hələ məktəb yaşlarından ədəbiyyatla maraqlanıb, Bu gün adlı ilk şerini 1926-cı ildə yazıb və tezliklə tanınan şairlərdən birinə çevrilib.

1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər adlı bir qızla tanış olur. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub. Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib. 1932-ci ilin aprel ayında cütlük nişanlanıb. Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib.

Həmin dövrlərdə şair Azərnəşrdə redaktor, 18 nömrəli məktəbdə isə müəllim işləyirmiş. Şagirdlərdən biri sevimli müəllimlərini belə xatırlayır: Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza qızım, oğlum deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvəzökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı

Mikayıl Müşfiq özünün ən birinci vəzifəsini insanları təhsilə, elmə yönəltməkdə, şagirdlərdə ədəbiyyata maraq oyatmada görürdü. Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilirmiş.

Sosializm quruculuğu illərində həyata keçirilən bir sıra reformalardan Müşfiq çox razı olub. Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması haqda şair hətta şeir də yazıb. Amma həmin illərdə tarın qadağan olunması ilə bağlı söz-söhbət Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk sarsıdıb. Müşfiq evlərinə qonaq gələn Pirimova tarın qadağan olunmasının xalqa ancaq ziyan vuracağını deyib. O, ustaddan tarı götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə sıxıb Yetim segahı çalmağa başladı. Tar dilə gəldi, tar inildədi, tar hönkürdü Tarın qopardığı nalələr anında Müşfiq özünü çəkdiyi papirosun dumanlarına bürümüşdü. Birdən onu gördüm ki, Müşfiqin yanıqlı səsi tarın naləsinə qarışdı və həmin günlərdə yazdığı Oxu tar şeirini söyləməyə başladı. Xoşbəxtlikdən, onların həyəcanı uzun sürmədi. Tar qadağan edilmədi deyib Müşfiqin həyat yoldaşı Dilbər xanım.

Azərbaycanın poeziya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran Mikayıl Müşfiqin şeirləri, yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk oluna bilir.

Yəqin çox az adam tapılar ki, M.Müşfiqin Yenə o bağ olaydı şeirini ömründə heç olmasa bircə dəfə eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o, yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərdən bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki Mikayıl Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gəncdən ötrü örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti də öyrənmiş olur. Mikayıl Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqəddəs hissləri duymağı öyrədir. Elə Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusilə də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də, yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.Mikayıl Müşfiqin, yəqin ki, ən təsirli şeirlərindən biri onun Ana şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq Ana şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə, ananı belə tərənnüm edə bilməz.

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşıma bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda

Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını alqışlayan gənc şair bu münasibətlə gözəl şeirlərini yazıb cümhuriyyəti təbliğ edirdi. Müşfiq Ey dan ulduzu deyib ölkəsinin yeni baharını alqışlayır, arzularını dilə gətirirdi. Beləcə, sonralar Müşfiqi aradan götürmək üçün qırmızı imperiyanın əlinə bəhanə verirdi. Müşfiqi məhşər ayağına çəkənlər ondan bu şeirlərin əvəzini çıxırdılar, hesab sorurdular. Amma onun yazdığı şeirlər yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi.

1930-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başlayır və bədnam 37-ci il repressiyaları Azərbaycan ədəbi cameəsindən də yan keçmir. Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabr ayında başlanan kütləvi həbsləri xofun yeni, daha qanlı mərhələsi olur. Yazıçılar İttifaqının 60-a yaxın üzvündən 27 nəfəri repressiyaya məruz qalır, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edilir. Mikayıl Müşfiqin bu məşhur kəlamı insana çox şey deyir:

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Qara buludlar getdikcə gənc şairə də yaxınlaşır. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başlayır. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olur. Yazıçıların növbəti plenumunda Müşfiqə əksinqilabçı damğası vurulur. O, 1937-ci il iyun ayının 4-də evində həbs edilir, əksinqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilir.

 

Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən Dilbərin yanına tələsdiyindən, yaxınlıqda dayanan qara maşına fikir vermir. Müşfiq mənzilə daxil olduqdan sonra qapının zəngi çalınır. Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymur...

1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiqin barəsində güllələnmə qərarı verir. Hökm bir neçə saat sonra - yanvar ayının 6-na keçən gecə icra olunur.

Deyirlər, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, həbsxanada son görüşlərində Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb...

Təxminən 20 il keçəndən sonra ölkə şəxsiyyətə pərəstişin dəhşətindən özünə gəlib və Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin işinə yenidən baxılması barədə müraciət etilbər. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadə bəraət qazanıb.

Cəmi 29 il ömür yaşasa da, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qocanın belə ömrünə sığmayacaq qədər romantik şeirlər irsi qoyub Mikayıl Müşfiq.

Bəxtinə 29 il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin axıcılığı da bizlərə diqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan 37-nin faciə qəhrəmanlarından biri də Müşfiqdir. Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də çox gördülər. Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ olsa, onlar Müşfiqin yanında çox solğun, üzgün, cılız, acız görünəcəklər. Elə ona görə də şeirləri ilə könülləri ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəflərimizi Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza zərbə vurdular Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairləri məhv etməklə Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan uşaqların həyatını faciə dolu ömürlə qol-boyun edənlər Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər, sevginin ucalığını, həyatın şirin olduğu qədər də acı olduğunu dərk edərdilər. Çünki Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər oyadır, nəinki öz sevdiyinə kəc baxmağa, əksinə, adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cizmən onu məhv etdilər, həyatının çiçəkləndiyi vaxtda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü yarından ayırdılar, ona vətən xaini, xalq düşməni damğası vurdular. Onun şair ruhunun qarşısında tələ qurub bir sədd kimi durdular. Fəqət, mənən onu həyatdan apara bilmədilər

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2017.- 15 dekabr.- S.13.