AZƏRBAYCAN İSLAM SİVİLİZASİYASININ BİR PARÇASIDIR

 

İndi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var

 

Prezident İlham Əliyev "Əl-Cəzirə” televiziyasına müsahibə verib. Müsahibədə dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra ötən 25 il ərzində qazandığı uğurlar, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın islam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.

 

2017-ci ilin "İslam Həmrəyliyi İlielan olunması, eyni zamanda ölkəmizin bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən söz açan Prezident deyib ki, Azərbaycan islam sivilizasiyasının bir parçasıdır: "Biz tariximizlə, dinimizlə fəxr edirik. Sovet İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən az məscid var idi. Çünki ateizm dövründə məscidlərimizin böyük əksəriyyəti dağıdılmışdı. İndi isə 2000-dən artıq məscid var. Onlar müstəqillik dövründə tikilib. Tarixi məkanlarımızı, məscidlərimizi bərpa etmişik. Müsəlman aləminin ən qədim məscidlərindən biri Azərbaycanda, qədim Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilib. Məqsədimiz, ilk növbədə müsəlman dünyasında birliyi gücləndirməkdir. "İslam Həmrəyliyi İlinin elan olunması da elə bu deməkdir. İndi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var. Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir. Çünki bu, təkcə idman deyil. Bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək”. Dövlət başçısı bəyan edib ki, Azərbaycan hökuməti islamofobiya meyillərinin artmasından, islamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatdır: "Terrordan ən çox müsəlmanlar ziyan çəkib. Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Bunu nümayiş etdirməliyik. Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, sərgilər, təqdimatlar təşkil edir. İslam mədəniyyətini təbliğ edirik və göstəririk ki, biz qədim sivilizasiyaya malikik. Eyni zamanda bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu.

 

Müsəlman ölkələri bizə çox böyük hörmətlə yanaşır”. Prezident bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib. Həmçinin, bu qurum Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizi tam dəstəkləyir: "Azərbaycanda həmrəyliyi daha da gücləndirmək və islamı dünyaya sülh və mədəniyyət dini kimi təqdim etmək üçün daha çox çalışmaq istəyirik”.

 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan islam dünyasında daha önəmli rol oynamağa, həm də islam dünyasını yaxınlaşdırmağa çalışır:

 

"Prezidentin sözügedən məsələni dolğun şəkildə şərh etməsi təsadüfi deyil. Öncə qeyd edim ki, Azərbaycanın bütün millətlərlə və mədəniyyətlərlə münasibətləri yüksək səviyyədədir. Bəli, müsahibədə jurnalistin sualında deyildiyi kimi, Azərbaycan, mədəniyyətləri biri-birinə yaxınlaşdırmaq istəyir. Prezidentin müsahibədə söylədiyi fikirlərdə də böyük həqiqətlər var. Əslində, indiki ağır dövrdə Azərbaycanın ortaya qoyduğu həmrəyliyin yaradılmasına çatmaq çox çətindir. Amma Prezidentin həmrəyliklə bağlı dilə gətirdiyi həqiqətlər aktual mövzulardır. İslam ölkələrində gedən savaşlar, burada məzhəblərin ortaya atılması, terrorun baş alıb getməsi həmrəylik yaratmağa mane olur. Amma Azərbaycan bu təklif, təşəbbüslə çıxış edirsə, niyə də islam dünyası buna müsbət reaksiya verməsin? Ən azından bəhanələri bir kənara qoyub bir sıra toplantılarda bir yerdə həmrəy olub müzakirələr aparıla bilər”. Ekspert söyləyib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını Bakıda yüksək səviyyədə təşkil etməklə burada İranın, Səudiyyə Ərəbistanın, başqa biri-birinə zidd islam ölkələrini bir araya gətirəcək: "Bakıda bir qardaşlıq mühiti yaradılacaq. Azərbaycan özü də nümunə kimi islam dünyasına göstərəcək ki, bizdə sünni də, şiə də qardaş kimi eyni məsciddə namaz qıla bilir, nəinki, biri-birlərinə nifrətlə yanaşılır. Bizdə təkcə bütün məzhəblər yox, bütün dinlər də rahat şəkildə yaşaya bilərlər. Əsas iki məqsədimiz isə odur ki, daxilimizdəki həmrəyliyimiz, multikulturalizm, dinlərarası dialoq davam etsin. İkincisi isə islam dünyasını tam şəkildə ölkəmizə cəlb edə bilək. Fərqli bir islam ölkəsini hər kəs öz gözü ilə görsün”.

 

 

E.Şahinoğlunun sözlərinə görə, son illərdə Azərbaycan ərəb ölkələrindən xeyli sayda turist də cəlb edə bilib:

 

"Qətər, Səudiyyə Ərəbistanı, İranın özündən gələn turistlərin sayı o qədər çoxalıb ki, bəzən küçədə bu qədər ərəb turisti görəndə çaşıb qalırıq. Bu da bizə əlavə gəlir imkanları verir. Biz bütün dünyada həmrəyliyin genişlənməsində maraqlıyıq, amma buna nə qədər nail olacağımızı zaman göstərəcək. Ən azından bu təşəbbüslər alqışlanmalıdır. Hədəfləri ortaya qoymaqla dünyaya göstərəcəyik ki, Azərbaycanda müxtəlif məzhəb və dinlər çox sakit, qardaş kimi bərabər yaşayırlar və biz dünyaya nümunə ola bilərik”. Politoloq onu da vurğulayıb ki, Prezidentin Azərbaycanın ayrıseçkilik etməməsi ilə bağlı fikri də bir deviz olmalıdır: "Bu bizim qanımızdadır, millət olaraq heç zaman başqa millətlərə ayrı-seçkiliklə yanaşmamışıq. Azərbaycanda yəhudilər çox rahat şəkildə yaşayıblar. İsrailin rəhbər şəxsləri dəfələrlə qürurla deyiblər ki, hətta Avropadan fərqli olaraq Azərbaycanda heç zaman antisemitizm olmayıb. Yəhudilərə qarşı münasibət dünyaya nümunə göstərilib. Bütün bunları Prezidentimiz müsahibəsində qabardaraq, dünyaya nümunə ola biləcəyimizi göstərib. Prezident açıq şəkildə qeyd edib ki, bu yaşam tərzi Azərbaycanın markasına çevrilib. Təsadüfi deyil ki, iki dünya gücünün soyuq münasibətlərinin olduğu dövrdə onlar belə, görüş yeri kimi Bakını seçdilər. Üç ildən sonra baş qərargah rəisləri bir araya gəlmək üçün Azərbaycana üz tutdular. Azərbaycan təkcə dini və digər məsələlərdə nümunəvi ölkə deyil, həm də siyasi proseslərin yürüdülməsində də nümunəvi məkandır. Biz daim neytral ölkə olmuşuq. Bu cür təşəbbüslərlə daha çox tərəfdaşlar qazana bilərik, bu siyasət isə bir çox problemlərimizin həllinə kömək edəcək”.

 

İsmayıl

Bakı xəbər.- 2017.- 22 fevral.- S.5.