Kərəmi yandıran Əsli erməni qızı deyilmiş Hər xaç gəzdirən erməni olmur ki

Ermənilərin Əsli və Kərəm dastanında erməni izi axtarması cəhdləri də dərəyə yuvarlandı

İlhamə Qəsəbova: Son dönəmlər aparılan tədqiqatlarda Əslinin erməni qızı deyil, alban qızı kimi göstərilməsi yer tutur

Əsər indiyə qədər cəmiyyətimizə erməni kimi təlqin olunmuş Qara Keşiş və Əslinin qədim albanlarla bağlılığından, alban-türk mədəniyyətinin qarşılıqlı əlaqəsindən bəhs edir

Zaman keçir, bizim üçün qaranlıq olan çox mətləblərə aydınlıq gətirilir. Bu, milli özünüdərk prosesinin şüurlara daha dərin şəkildə nüfuz etməsinə gətirib çıxarır.

Əsli və Kərəm dastanı əsrlərdir aşıqların repertuarında özünə yer tutur. Bu dastanın motivləri əsasında dahi Üzeyir Hacıbəyov özünün məşhur Əsli və Kərəm operasını yaradıb. Dastanın opera şəklində təqdimatı bir ayrı cür gözəl alınıb. Əsrlərdir xalqımızın yaddaşında özünə əvəzsiz yer tutan Əsli və Kərəm dastanının nə zaman yarandığı, təbii, dəqiq deyil. Aydın olan odur ki, bu dastan, digər dastanlar kimi, ustaddan şəyirdə ötürülüb və bununla da yaşamaq haqqı qazanıb.

Əsli və Kərəm məhəbbət dastanıdır. Ancaq burada diqqətçəkən bir incə məqam var - Əslinin erməni qızı kimi təqdim edilməsi. Bu, erməni siyasətindən və bizim öz tariximizi zəif bilməyimizdən qaynaqlanan məsələlərdən biridir. Bəlkə dədə ozanlar özləri də bilməyiblər ki, Əsli erməni keşişinin yox, alban keşişinin qızıdır. Əlbəttə, o çağlarda islamiyyət bizim xalqın həyatında, şüurunda özünə daha etibarlı mövqe qazandığından, ozanlar da, xalqımızın digər nümayəndələri də xristian-alban keçmişimizi yaddaşlarının alt qatına atıblarmış. Belə olmasaydı, o cür dəyərli dastanımızda alban qızı Məryəm (Əsli) erməni qızı kimi təqdim edilməzdi.

Alban qızı Əsli (Məryəm) niyə erməniləşdirildi?

Sözsüz ki, ermənilərin Qafqaza gəlişinin tarixi çox azdır və üst-üstə heç 300 il deyil. Onların bura Türkmənçay müqaviləsindən sonra köçürüldüyü bütün tarixi sənədlərdə öz əksini tapıb. Bizim diyara onların köçürülməsi həqiqətən də bizə böyük zərər vurub.

Mahmud (Kərəm) Gəncə xanı Ziyad xanın oğlu olub. Bu da tarixi faktlarla sübut olunub. O da məlumdur ki, hələ keçən 200-300 ilə qədər Azərbaycan ərazisində Albaniya xristianlığının işartıları qalıbmış. Bunun təsdiqi Azərbaycanın müxtəlif yerlərində, xüsusən də Gəncəbasar ərazisində saysız alban kilsələrinin mövcudluğudur. O kilsələrin indi ya özləri qalır, ya da xarabalıqları. Qarabağda qədim alban kilsələri mövcud olub. Bilirik ki, Qarabağdakı alban kilsələrinin erməniləşdirilməsi prosesi Çar Rusiyası dövründə həyata keçirilib. Ermənilər alban kilsələrinə yiyələndikləri kimi, alban qızı Əsliyə də yiyə çıxmağa cəhd göstəriblər. Elə onların həyata keçirdiyi mənfur təbliğat, siyasət nəticəsində Gəncə xanının oğlu erməni qızına aşiq kimi təqdim edilib. Əslində isə, elə deyildi. Əsli o ərazilərdə yaşayan alban keşişinin qızı idi. O dövrlərdə dinə bağlılığın fanatik dərəcədə olduğunu nəzərə alsaq deyə bilərik ki, alban keşiş bir xristian kimi qızının müsəlmanla evlənməsinə qarşı çıxırdı. Bu da təbiidir.

Alimlərin yazdığına görə, Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən Əsli və Kərəm dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalan xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, Əsli və Kərəm dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlayıb. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur.

Əsli və Kərəm dastanı və Alban mədəniyyəti nəşrində...

Böyük alimlərdən Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Xalıq Koroğlu, Naili Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M.F.Köprülü, V.M.Qocatürk, V.C.Aşkun, habelə Azərbaycanda S.Mümtaz, M.H.Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda çap edilən Əsli və Kərəm dastanı və Alban mədəniyyəti nəşrində dastanın tədqiqat tarixinə nəzər salınır. Bu mətndən də aydın olur ki, Əslinin ermənilərlə heç bir bioloji əlaqəsi yoxdur. Əslində, bu dastanın tədqiqi ilə məşğul olan alimlərin hər biri onun erməni olmadığını vurğulayıb. Sovet illərində xalqlar qardaşlığı kimi anlayışın mövcud olduğunu hər kəs bilir. Ermənilərin də bundan sui-istifadə etdiyi bir faktdır. Belə olmasaydı, onlar Azərbaycan xalqının dastan mədəniyyətinə çöp uzatmazdılar.

Əsli və Kərəm dastanı və Alban mədəniyyəti nəşrində qeyd edilir: Əsli və Kərəm dastanının bir çox variantlarında buta və ya haqq vergisi olmadığından Kərəm ölür. Ancaq bu onun haqq aşığı kimi naqis cəhətindən irəli gəlmir. Araşdırma göstərir ki, Kərəmin haqq aşığının ölməsi, dastanın qədimliyinə işarədir. Yəni bu dastan elə bir dövrdə yaranmışdır ki, onda ağız ədəbiyyatımızda haqq aşığı fenomeni hələ tam formalaşmamışdı. Ona görə də Əsli və Kərəm dastanı, digər dastanlarımızdan fərqli olaraq, indiyədək müəyyənləşdirilməmiş bir tarixi dövrün abidəsi kimi diqqəti cəlb edir. Qədimliyinə, özəlliyinə görə məhəbbət dastanlarımızın tacı olan

bu dastan aşıq dünyasının şöhrəti hüququnu kəsb etmişdir. Son vaxtlar bu dastana hücumların ədalətsizliyi bu hüququn üzə çıxarılmaması ilə bağlıdır. Mətbuatımızda Kərəm məhəbbətini qınayanların bircə ittihamı var: Kərəm guya erməni qızını sevir. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, keşiş qızı heç də erməni qızı mənasında deyildir, dastanda ermənilərdən əsər-əlamət belə yoxdur və problem tamamilə başqa cür həll olunmalıdır. Dastanda erkən orta əsrlərdə varlığı Şimali Azərbaycanda mövcud olmuş alban mədəniyyətinin çalarları özünü büruzə verir.

Dastanda əksini tapmış inamlar, mifoloji dünyagörüş bütövlükdə türk-alban mənəvi mədəniyyətinə məxsusdur. Artıq sübuta yetirilmişdir ki, alban xalqı bəzi tarixçilərimizin yazdığı kimi heç də mənşəcə Qafqaz-İber xalqlarına aid olmamışdır. Onlar türkdilli, türksoylu etnos olmuşlar. Onu da qeyd etmək istəyirik ki, albanları Qafqaz-İber xalqlarına aid etmək ancaq erməni dəyirmanına su tökməkdən, başqa sözlə, Kür çayından cənubdakı torpaqlarımızı tarixən özününkü hesab edən ermənilərin uydurmalarına haqq qazandırmaqdan başqa bir şey deyil. Sonrakı fəsillərdə dastanın Azərbaycanın Alban dövrünü əks etdirən abidə olmasını göstərən faktlarımızı verəcəyik. İndi isə Əsli və Kərəm dastanına, onun nəşr tarixinə nəzər yetirək. Əsli və Kərəm dastanının, xüsusən onun ayrı-ayrı şeirlərinin yazıya alınması və yazıya köçürülmüş nümunələrinin konkret toplanma ili bəlli deyil. Amma həmin örnəkləri özlərində qoruyub saxlayan məcmuə və cünglərin tərtib edildiyi vaxtları bilindiyindən, elə buradakı folklor əsərlərinin də yazıya alınma tarixindən söhbət

açmağa imkan yaranır.

Əsli və Kərəm dastanı və Alban mədəniyyəti nəşrində qeyd edilir ki, 1721-ci ildə tacir M.Elyasın tərtib etdiyi əlyazmasında azərbaycanlı şairlərdən Nəsiminin, Füzulinin, Qövsinin, Əmaninin şeirlərilə yanaşı, əsasən Təbrizdə toplanmış şifahi xalq ədəbiyyatı nümunələri də verilib. Bu nümunələrin sırasında Kərəm Dədənin varsağası adlı bir Əsli və Kərəm qoşması da var. Yazılanlara görə, Dağıstanın Axtı rayonunda yaşamış Katib Nəsrullanın da 1745-ci ildə tərtib etdiyi beş yüz on səhifəyə yaxın cüngün 201-ci səhifəsində Əsli və Kərəm dastanının nəşr olunmuş əksər variantlarındakı Sən dur ol müsəlman, mən alım səni misrası ilə qurtaran üçbəndli qoşması var: Bu qoşmanı XIX əsrin axırlarında macar alimi İ.Kunotş da Aşıq Kərəm türküləri adı ilə yazıya almışdır. Əndəlib Qaracadaği də təxminən 1804-cü ildə bitirdiyi cüngündə Əsli və Kərəmdən nümunələr vermişdir. Alman səyyahı Baron Avqust fon Haksthauzen Almaniyadan 1843-cü ildə Cənubi Qafqaza gəlir. O burada yerli xalqların adət-ənənəsi ilə maraqlanmış və Almaniyaya qayıtdıqdan sonra iki cilddə Zaqafqaziya ölkələri adlı əsərini yazmışdır. Səyyahın 1857-ci ildə nəşr olunmuş bu kitabında Əsli və Kərəm dastanından da söhbət açılmış və dastanın qısa məzmunu verilmişdir.

Azərbaycan ziyalıları dastan haqqında fikir və mülahizələrini əsasən XIX əsrdə qəzet səhifələrinə çıxarmışlar. Bu baxımdan görkəmli pedaqoq və publisist M.Mahmudbəyovun 1906-ci ildə Kaspi qəzetindəki Zaqafqaziya tatarlarının poeziyası haqda adlı rus dilində çap olunan məqaləsi xüsusilə qiymətlidir. Müəllif burada aşıq sözünün izahını verir və bu sözün semantik anlamında eşq sözünün durması fikrinə gəlir. O, məqalədə bir çox dastanlardan söz açır və Əsli və Kərəm dastanı və onların qəhrəmanlarını ətraflı şəkildə səciyyələndirir. Əsli və Kərəm dastanını tərcümə yolu ilə rus oxucusuna çatdıran ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 1906-cı ildə Kaspi qəzetində bu dastanın orijinal kimi Azərbaycan variantını götürmüş və tərcümə yolu ilə rus oxucusuna çatdırmışdır. Bu məqalədə müəllif Azərbaycan xalqının özü haqqında oxucuya məlumat verir və xalqımızın cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. Ə.Şahtaxtinski eyni zamanda el sənətçilərimiz aşıqlar haqda danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və onlar arasında ümumi bir yaxınlıq axtarır. Əsli və Kərəm dastanından söz açan müəllif onun əsas kimi Azərbaycan variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın da Azərbaycan olduğunu göstərmişdir....

Filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova tədqiqatçı Elnur Heydərova istinad edərək bildirdi ki, E.Heydərov da elə bu səbəbdən dastanda adı keçən şəxsiyyətlərin prototiplərini VI-VII əsrlər tarixində arayır: Onun araşdırmaları nəticəsində aydın olur ki, həmin dövrdə Sasanilərə qarşı birgə mübarizə aparmaq haqda Xəzər Xaqanlığı və Bizans İmperiyası arasında müqavilə imzalanıb, Bizans tarixçiləri bundan bir qədər sonra çar İraklinin Tiflis divarları yanında Xəzər xaqanının qardaşı oğlu Ziya bəylə görüşdüyünü qeyd edirlər. Bizans tarixçisi Feofanın xəzərlərin Azərbaycana Ziya bəyin başçılığı altında daxil olmasını, bu şəxsin xaqandan sonra ikinci adam olduğunu yada salması və xəzərlərin farslardan çoxlu əsir götürmələrini xatırlatması Ziya bəyin tarixi şəxsiyyət kimi rolunu daha qabarıq şəkildə üzə çıxarmağa kömək edir.

Əsli və Kərəm dastanında Ziyad xanın həyat yoldaşı kimi qeyd olunan Qəmərbanu surətinin adının açmasını tədqiqatçı türk panteonçuluğu ilə (Ayxatun ismi ilə) əlaqələndirir, Mahmudun Kərəmə çevrilməsini müvafiq olaraq ozanlarımızın islami düşüncə tərzinə üstünlük verməsi kimi qiymətləndirir, Əsli adının qədim türk dilində mənasını ciddi bir şəkildə incələyir və bu qızın nədən əvvəldə Məryəm kimi adlandırılması səbəblərini dini kontekstdə açıqlayır, hətta əsərdə mənfi obraz kimi canlandırılmış Qara Keşişin (Qara Məlikin) adındakı qara sözünün qədim türk dilində böyük mənasında işləndiyini də qəti şəkildə söyləyir. E.Heydərovun fikrincə, aşıqlar bu gözəl məhəbbət hekayətinin gələcək nəsillərə çatmasını təmin etmək üçün dastanda Mahmud-Kərəm, Məryəm-Əsli əvəzləməsi etmişlər. Əsli və Kərəm dastanındakı hadisələrin bölgədə dini inancların dəyişikliyə məruz qaldığı VII-VIII əsrləri əhatə etməsi ilə bağlı tədqiqatçının həqiqətə uyğun fərziyyəsi filologiya elmləri doktoru, professor Qara Namazovun dilindən də eşidilir. Q.Namazov Dədə Qorqud və Dədə Kərəm adlı yazısında qeyd edir ki, Əsli və Kərəm oğuz mifik anlamı olaraq köhnə dini təfəkkürlə yeni islami düşüncələr arasındakı mübarizənin bədii təzahürüdür. Belə ki, Mahmud - mah-işıq, anası Məhinbanu - mah-işıq, atası Ziyad işıq, yəni yeni işıqlı, nurlu duyğuları ehtiva etdiyi kimi, Qara Keşiş də qaranlıq səltənəti - şər qüvvəni təmsil edir. Bütün bunlar oğuz dünyasının yeni bir dövrə - islam dünyasına qovuşduğundan xəbər verir.

Sözügedən məsələ ilə əlaqədar maraqlı müqayisələr aparan alimlər sonda qəti bir şəkildə söyləyirlər: Araşdırmalar göstərir ki, Əsli və Kərəm motivi oğuzların islama keçdikləri dövrlərin dini-etik anlayışlarının bədii ifadəsidir.

Elnur Heydərovun Əsli və Kərəm dastanı və Alban mədəniyyəti kitabı Azərbaycan folklorşünaslığının çox aktual bir probleminə - Azərbaycanın məşhur "Əsli və Kərəm" dastanının və ümumiyyətlə, folklorumuzun genezisi və tarixi semantikası məsələsinə həsr olunub. Əsər indiyə qədər cəmiyyətimizə erməni kimi təlqin olunmuş Qara Keşiş və Əslinin qədim albanlarla bağlılığından, alban-türk mədəniyyətinin qarşılıqlı əlaqəsindən bəhs edir.

Filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın sözlərinə görə, Əslinin alban qızı olması faktı tədqiqatçılar tərəfindən sübut edilib: Son dönəmlər aparılan tədqiqatlarda Əslinin erməni qızı deyil, alban qızı kimi göstərilməsi yer tutur. Bu yöndə Elnur Heydərovun apardığı araşdırmasında da Əslinin alban qızı olmasını fakt olaraq göstərməsi bizim də bu düşüncədə olmağımız əsas verir. Şakir Albalıyev də bildirir ki, bu dastanda Əslinin erməni qızı olmasında bir qəbahət yoxdur. Çünki məhəbbət dastanları nikbin sonluqla bitir. Aşiq məşuqla qovuşur. Bu dastanda isə aşiq məşuqla qovuşmur. Əslində, dastanda böyük bir məntiq var. Xalq özü dastanda Əslini Kərəmlə ona görə birləşdirmir ki, erməni qızını müsəlman almasın. Dastanın maraq doğuran cəhəti və düşündürücü olması da buradan irəli gəlir.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 3 oktyabr.- S.15.