Azərbaycan aşıq sənətinin son mogikanı aşıq Ədalət Nəsibov haqqında vida sözü...

Əlvida mogikan, əlvida... Bu ayrılıqdan sonra təkrar görüşümüz olmayacaq heç vaxt. Qara sazının çanağına qulağını söykəyib onun sənə bitdə-bitdə pıçıldadıqlarını nə sən təkrar duyacaqsan, nə də biz.

Son görüşümüzdə gözlərində yaşamağın şəklini görmüşdüm. Saçını sığallayıb üzündən öpəndə elə bilmişdim ki, təkrar-təkrar görüşəcəyik. Mənə elə gəldi ki, quruyub qaxaca dönən barmaqların sazın pərdələrinə toxunsa, sən sağalarsan. Saz yaşadırdı səni, sən sazı yaşadıb ucaltmışdın axı.

Azərbaycan Aşıqlar Birliyinin katibi, tanınmış aşıq Altay Məmmədliyə minnətdarlığımı bir də bildirmək istəyirəm ki, məni səninlə görüşdürdü. O da yadımdadır ki, aşıq Altay sənə dedi ki, ustad, Gədəbəydən sənə su gətirmişəm, amma yaman soyuqdur, qorxuram içəsən, sənə ziyanı dəyə. Gözlərin işıqlandı, dədə:

- Ayə, o suyu bura gətir. Həkimlər çox söz deyir. Düzdür, boğazıma zərərdir, ancaq içəcəyəm. Aşıq Altay tələsik suyu gətirməyə getdi. Dərin bir xəyala daldın. Dağların füsunkar təbiətini bir anlıq gözlərin önünə gətirdin, buz bulaqların tamını ağzında hiss etdin, keçirdiyin keyf-damaqlı gözəl günlər yadına düşdü... Bəlkə də içində bir zümzümə də etdin.

Bir-bir düşər,

Atlanan bir-bir düşər.

O yerlərdə keçən günlər

Yadıma bir-bir düşər.

Aşıq Altay əlində su qabı içəri girəndə xəyaldan ayrıldın. Bir stəkan su süzüb səni yataqdan dikəltdim və buz kimi dağ suyunu sənə içirdim...

- Oxayyy – dedin, dədə. O söz indi də qulağımda cingildəyir. Soyuq su ürəyini sərinləşdirdimi, bilmirəm. Amma onu hiss etdim ki, gözlərində qəribə bir işıq göründü.

Aşıq Altay dedi ki, ay ustad, vallah səndə bir şey yoxdur. Söz verirəm ki, bir az düzəl, səni maşına oturdub o gəzdiyin oylaqlara aparacağam, meşədə, sarı xəzəlin üstündə oturub qara sazını dilləndirərsən, o buz bulaqların başı sənin sazının səsini ömürlük unutmayıb, yenə də arzulayır.

- Nə deyim, qardaşoğlu, görək - dedin. Sözündə heç bir ümidsizlik notu hiss etmədim. Düşündüm ki, tezliklə sağalacaqsan... 

Jurnalistlərlə ünsiyyətə elə də can atmazdın, müsahibə verməyi sevməsən də, ürəyinə yatan jurnalistlərin suallarına canla-başla cavab verərdin. Məqsədin öyrətmək, sazı daha çox ürəklərə sevdirmək idi.

Son görüşümüz kino lenti kimi gözlərim önündə canlanır, məni təkrar-təkrar o anlara qaytarır. O günə qayıtmaq necə böyük səadətdir, bircə bilsən...

Saz Adəmdən icad olub, Adəmdən indiyə qədər minlərlə haqq aşığı, ozanlar, pirlər, saz-söz sərrafları bu dünyanı kəşf edib dolanıb, dövran sürüb, elin-obanın xeyir işini urvatlayıb, xeyir-dua verib. Elə aşıq sözünün də kökündə, mahiyyətində “işıq” amili dayanır. Bəli, bu sənətinin son zirvəsi kimi haqqın yadigarı olan sazımızı şərəflə, urvatla yaşatdın. Adın əbədi olaraq sazla qoşa çəkiləcək. Necə ki, müasir dövrdə ustad aşıq deyəndə, sən Ədalət Nəsibovun adı çəkilirdi. Eləcə də minillər sonra da adın tər-təzə qalacaq, heç bu ada kölgə düşməyəcək. Zirvə ancaq günəşlə görüşür, günəş isə zirvənin qarını əritməkdə acizdir. Zaman nə qədər sürətlə keçsə də, öz yel qanadında, işıq sürətində səni də özü ilə yaşadacaq. Sən hələ sağlığında bütün zamanların dədə sənətkarı statusunu qazandın.

“Aşıq Ədalət Nəsibov dünyadan köçüb” xəbəri bütün sazsevərləri dərindən sarsıtdı. Ürəklərdə elə bir zəlzələ qopardı ki, o xəbər selinin qarşında hamı aciz qaldı. Hətta “bəlkə vəziyyəti pisləşib” deyənlər də tapıldı. Ancaq nə edək ki, xəbəri “Yalıncıq” gətirmədiyi üçün doğru çıxdı...

Qazaxda görünməmiş izdiham - Dədə Ədalətlə vida mərasimi...

Dədə, sənin nəşini Qazax camaatı böyük hüzn və göz yaşı ilə ayaqda qarşıladı. Qazaxlılar onları bütün dünyada tanıdan Dədə Ədalətin pişvazına çıxmışdılar. Orada iştirak edənlər bildirir ki, Dədə Ədalətin dəfni Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi və təşkilatçılığı ilə çox yüksək səviyyədə, ustad aşığın adına layiq keçirilib. Ustad, pir adına böyük sayğı ilə yanaşan Rayon İcra Hakimiyyəti və rayon ziyalıları, ictimaiyyət nümayəndələri var olsun.

Azərbaycan aşıq sənətinin böyük bir epoxasının son qüdrətli təmsilçisi olan Ədalət Nəsibov Qazax rayonunun Ağköynək kəndində torpağa tapşırılıb. Dəfn olunduğu gündən Ağköynək məzarlığı, sözün həqiqi mənasında, ziyarət yerinə çevrilib. Türk dünyasında əli saz tutan istənilən insan Ağköynək məzarlığını ziyarət etməyi özünə borc biləcək. Çünki saz haqqı, ustad haqqı Tanrı haqqıdır.

Yetim qalan saz...

Onu da deyim ki, bu gün Azərbaycanda ustad aşıqlar var, o aşıqların hər biri çağdaş aşıq sənətimizin layiqli odqoruyanları, təəssübkeşləridir. Allah ustadların hər birini qorusun. Etiraf edək ki, son dövrlər Ədalət Nəsibov səviyyədə tanınan, dünyanın dörd bir yanını dolanan, ana sazımızı tanıdan, qara sazla dünyaya meydan oxuyan aşıqlarımız olmayıb. Bu gün gənc aşıqlar haqlı olaraq deyirlər ki, Ədalət Nəsibovun vəfatı aşıq sənətini dədəsiz qoydu. Onlara görə, artıq sazımız yetim qaldı. Gənclər üçün də, orta nəsil üçün də Ədalət Nəsibov sənəti bir etalon idi. Təbii, bunu birmənalı qəbul etməliyik.

Sentyabrın 17-də “Heydər” Məscidində çağdaş Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun üç mərasimi keçirildi. Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələrinin qatıldığı üç mərasimində “Mərasim evi”nin foyesində Dədə Ədalətin möhtəşəm fotosu qoyulmuşdu. Dədə başını sazın çanağına qoyub öz aləmindəcə qalmışdı. Sanki indi sazın səsi duyulacaqdı, “Yanıq Kərəm”ini, “Ruhani”ni, “Cəlili”ni, “Hicran Kərəmi”ni dilə gətirəcəkdi. Şəkli ilə üz-üzə gələndə kövrəldim. Qeyri-ixtiyari olaraq ürəyimdən “Dədə, gör sənin görüşünə nə qədər adam gəlib, hamı sənin sazına qulaq asmaq istəyir” söyləmək keçdi... Dədə əbədi yuxuya gedib. Nə qara sazı, nə də fotoları ondan soraq verə bilər. Qara sazı da bizdən betər yasa batıb. 5-6 ay idi ki, əlinə almamışdı qara sazını. Deyərdim ki, heç 50-60 illik könül həmdəmi ilə vidalaşmamışdı da. Sazı ilə halallaşmamışdı məncə. Təfərrüatları bilmirəm, ola bilsin halallaşıbmış, amma mənə məlum deyil.

Dədə başını qara saza söykəyəndə bir ayrı aləm olurdu... Ay qara saz, indi sənə kim başını söykəyəcək? Üç mərasimində çıxış edən xanım aşıqlardan hansısa dedi ki, Dədə Ədalət bir dəfə məclislərdən birində “vəsiyyət edəcəyəm ki, sazımı da mənimlə birgə dəfn etsinlər” deyibmiş... Sonra məclisdəkilər onu fikrindən daşındırıb ki, sənin sazının yaşaması sənin yaşamağın deməkdir. Bildiyim qədər, qədim zamanlarda da ozanlar, ustad aşıqlar arasında “sazımı da mənimlə birgə dəfn edin” vəsiyyətində bulunanlar olub. Dədə Ədalətin qara sazı onun ruhu kimi bizə əziz və doğmadır...

Dədə Ədalətin üç mərasimində qadınların iştirak etdiyi məkanda oldum. Tanınmış teleaparıcı, şairə Çiçək Mahmudqızı çox gözəl bir söz dedi. Dedi ki, Dədə Ədaləti ağlamaqla, sızlamaqla yox, xoş xatirələrlə, onun işıqlı işləri ilə xatırlamalıyıq.

Çiçık xanım çıxışının əvvəlində aşıq Ədalətin həyatda ən böyük dayağı olan və vəfatından sonra da onun uğrunda böyük işlər görməkdə davam edən aşıqların anası, mənəvi himayədarı Sultan xanım Nəsibovanın xeyirxah əməllərindən danışdı, ona təşəkkür etdi: “Dədənin özünün vəsiyyəti ilə bu gün də məclisə Sultan xanım böyükcəlik edir, övladları ilə bərabər o da başsağlıqlarını qəbul edir. Neçə illər əvvəldən başlayaraq bütün ağrılı məqamlarında Sultan xanım dədənin yanında olub, onun qayğısını çəkib. Bəlkə də Dədə Ədaləti bu yaşa qədər yaşadan yuxarıda Allah, aşağıda Sultan xanım kimi insanlar olub. Dədə Ədalət təkcə övladlarının deyil, o bütün Türk dünyasınındır, saz dünyasınındır. Dədənin ölümünə biz ağlamadıq, çox möhkəm olduq. Vəfatından bir gün əvvəl Sultan xanım bütün Qazax ziyalılarını Dədə Ədalətin görüşünə çağırmışdı. Hamı yığışmışdı. Mən Gəncədə olduğum üçün o görüşdə iştirak edə bilmədim. Sultan xanım mənə dedi ki, Çiçək, dədə yol üstündədir, getmək məqamındadır. Mən onunla vəfatından bir həftə əvvəl görüşmüşdüm. Sultan xanım dedi ki, hamı ilə danışdı-güldü, Nəriman Həsənzadəni dinlədi, Teymur Bünyadovu dinlədi, Firdovsi Umudov onun boynunu qucaqlayıb şəkil çəkdirdi, İlham Pirməmmədov onunla zarafat etdi. Hər kəs onun könlünü almağa çalışdı. Sultan xanımdan soruşdum ki, bəs dədə nə etdi? Dedi ki, dədə gah uşaq təbəssümü ilə güldü, gah da gözünün küncündən damla-damla yaş axıtdı...”.   

El şairəsi Səadət Buta isə çıxışında bildirdi ki, aşıq Ədalət Nəsibov bütün Turan dünyasınındır: ”Ədələt Türk dünyası aşıq sənətinin şahıdır. Ədalət sazı çalanda bəzən Koroğlu olurdu, bəzən aşıq Cunun olurdu. Ədalət haqqdan oxuyanda haqqı müdafiə edən hakimə çevrilirdi. Yunis Əmrə demişkən, Ədalət özündə deyildi “bir mən vardı, məndə məndən içəri” fəlsəfəsi yaşayırdı ustadda. Ədalətdə bir mən var idi özündən içəri. Min  illərdir “Yanıq Kərəmi” çalınıb, hər ustad da onu bir cür çalıb, öz xalını, gülünü vurub, amma Ədalət bu havaya elə bir naxış vurdu, əsrlər keçsə də, o naxış pozulmayacaq. Kimsə onun ifasına öz ifasını bənzədə bilər, amma o bu havanı Ədalət kimi çala bilməz. Ədalət Nəsibov adi bir adam deyildi, Allahın sevib seçdiyi və dərgahına qaldırdığı sənətkar idi. Ədalət ölməyib, Ədalətin sazı əbədi olaraq Türk dünyasında öz havasını çalacaq”.

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü aşıq Ulduz Sönməz də Dədə Ədalət haqqında xatirələrini bölüşdü: ”Harda “saz” sözü yazılsa, orada Ədalətin adı olacaq. Hələ heç kim bilmirdi ki, Ədalət nə üçün sazı qulağının dibinə tutub çalırdı? Ürəyi ilə sazı çuğlaşdırıb, birləşdirib sazı qulağının dibinə qoyub çalırdı. Çünki Ədalət sazın çanağından, içindən gələn səsi duyurdu. Bəlkə də hələ bir aşıq onu hiss etməyib. İndiyə qədər görmədim ki, Ədalət nəyinsə xatirinə bir bayağı söz oxusun, bir bayağı hava çalsın. Ədalət həqiqətən sazın-sözün, Türk dünyasının sənətkarı idi. Mən onun ruhunu alqışlayıram. Ədalət heç vaxt ölməyəcək, o ölən sənətkar deyil”. 

Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva da dahi sənətkar haqqında danışdı. “Ədalət sağlığında dədə statusunu alan sənətkardır. Xoş bizim halımıza ki, biz aşıq Ədaləti görmüşük, onunla bir məclisdə oxumuşuq, ünsiyyətdə olmuşuq. Sənət yoldaşlarımın dediyi kimi, aşıq Ədalət sazın Ədaləti olduğu kimi, hər zaman ədalətli danışırdı. Heç vaxt heç kimə əyilmədi, həmişə düz danışdı. O, uşaqdan böyüyə, hər kəsin ürəyində iz salan sənətkardır. Onunla eyni məclisdə olmuşam. O, haqqın bizə bəxş etdiyi bir dahi idi”.

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı da ustadın vəfatından üzüldüyünü bildirdi: “Ustad, sən hər zaman səni sevənlərin qəlbində yaşayacaqsan. Sən ölməz bir sənətkarsan. Ruhun şad olsun, ruhun qarşısında baş əyirəm”.

Şairə Cığatel İsaqızı çıxışında bildirdi ki, 5 yaşından Ədalət sənətinin vurğunu olub və onun sənətinin sehrindən heç vaxt çıxa bilməyib. Şairə Nazilə Səfərli isə çıxışında ustadın ona verdiyi mənəvi dəstəkdən danışdı və onun ruhunu sayğı ilə andı.

Folklorşünas-alim, aşıqşünas İlhamə Qəsəbova isə çıxışında ustad aşığın aşıq sənətinə verdiyi böyük töhfələrdən, yetişdirdiyi şəyirdlərdən, sənət sahəsində açdığı böyük yoldan danışdı. Onu da bildirdi ki, Qazaxda xor lirikasının da əsasını aşıq Ədalət Nəsibov qoyub.

Ustad aşıq Ədalət Nəsibov doğrudan da Azərbaycan aşıq sənətinin son mogikanı idi. O elə bir zirvədir ki, ora ancaq ona məxsusdur. Əlvida mogikan, əlvida. Ruhun şad olsun, əmi!

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 19 sentyabr.- S.15.