Novxanı-Binəqədi cəbhə xəttinin

keçdiyi yerlər... 1918-ci il... -

 

Abşeron yarımadasının və Bakı quberniyasının strateji baxımdan coğrafi və hərbi əhəmiyyət kəsb edən ərazilərindən biri də Xırdalan-Binəqədi-Novxanı cəbhə xətti (döyüş səngərlərinin uzandığı yerlər) olub 1918-ci ilin isti iyun-avqust aylarında.

Bu dövrdə birləşmiş silahlı quldur dəstələrinin hədəfində həm də Bakı şəhərinin şimal hissəsini tutan yaşayış məntəqələrinin ələ keçirilməsi olsa da, onlar tərəfindən aşağıdakı vəzifələrin icrası nəzərdə tutulmuşdu:

-  Bakı şəhərinin bu istiqamətdə Xəzər dənizi ilə əlaqəsini əngəlləmək;

- Bakı şəhəri və ətraf kəndlərinin əhalisini, dinc sakinlərini təbii sığınacaq məkanlarından (bağ yerlərindən) məhrum etməklə həm də ərzaq təminatına imkan verməmək;

-Azərbaycanın şimal bölgəsindən (Quba qəzasından)  gələn maddi və canlı qüvvə təminatının qarşısını almaq;

- Osmanlı türk Ordusunun Xəzər dənizi vasitəsilə əlaqə mümkünlüyünə son qoymaq;

- Bakının mərkəzi və şərq hissələrinin müdafiəsində (Maştağa-Kürdəxanı-Zabrat cəbhəsində) şimal və qərb döyüş xətlərinin əlaqəsindən mərhum etmək;

- Paytaxt  ətrafında bir neçə istiqamətdən, xüsusilə Biləcəri-Binəqədi-Novxanı cəbhə xəttini yarmaqla əhalini vahiməyə salmaq və yaşayış yerlərinin tərk edilməsini sürətləndirmək;

-Abşeron yarımadasının şimal və cənub hissələri arasında əlaqəni kəsməklə siyasi, hərbi və iqtisadi mühasirəni gücləndirmək;

- Bakı quberniyasının əhalisinin kütləvi qırğınında-soyqırımında təxliyyə yollarını bağlamaq;

- Osmanlı Türkiyəsinin Qafqaz Komitəsi tərəfindən Xəzər dənizinin bu hissəsində kəşfiyyat-təchizat əməliyyatlarının qarşısını almaq;

Göründüyü kimi, köhnə milli-dini-irqi ayrıseçkilik zəminində yaradılmış Sovet Rusiyasının şovinist rəhbərliyinin xeyir-duası ilə Azərbaycan xalqını soyqırım faciəsinin qurbanına çevirən quldur hay-daşnak  və rus-bolşevik dəstələrinin 1918-1920-ci illər ərzində siyasi-hərbi hədəfləri sırasında olan Bakı şəhəri və onun kəndlərinin (dinc sakinlərinin) taleyi o qədər də sadə döyüş cəngindən asılı olmayıb. Təbii ki, 5-ci Qafqaz İslam Ordusunun Azərbaycan sərhədləri hüduduna ayaq basana qədər.

Düşmənin bu illərədə hədəf seçdiyi yaşayış məntəqələrindən biri də Xırdalan-Binəqədi-Novxanı cəbhə xəttinə düşən Novxanı kəndi (bu kənd Bakı şəhərindən 30 km,  Binəqədi kəndindən 8-9 km məsafədədir) olub.

1918-ci ilin iyun ayında hay-bolşevik silahlıları kəndə Binəqədi kəndi istiqamətindən Şor golün (indi Masazır gölü adlanır) kənarı ilə Yelli qaya (kəndin köhnə məskunlaşma yerindən 1-1,5 km aralı)  tərəfdən daxil olublar. Ən ağır döyüşlər də məhz bu  döyüş-səngər meydanında baş verib. Həmin vaxt kənddə üstü qırlı, torpaqlı bir mərtəbəli 270-ə qədər ev olub. Əsas döyüş yolu kimi  Gədi yolundan və  Quzu bulağı yolundan istifadə edilib. “Quzu bulağı” adlı ərazidən çıxan içməli su qaynaqları (quyuları) o zaman əhalinin əsas təminat mənbəyi olduğundan, quldur birləşmələrinin top atəşi nəticəsində həmin bulaq məhv edilib. Bu hissədə hay-bolşevik dəstələri  800 illik yaşı olan qədim məscidi (bu məscidin mədrəsəsində Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Axund Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955)   dini və dünyəvi təhsil alıb) və yaxınlığındakı Şah Hüseyn Sultan karvansarayını (1750-ci ilə aid tarixi-memarlıq abidəsi) yandıraraq sıradan çıxarıblar. Bu məscidin qalıqları indi də o qanlı hadisələrin şahidi və şəhidi olaraq qalmaqdadır.

Qeyd etmək lazımdır ki, bu qədim məsciddən keçən əsrin 90-cı illərində əski nüsxəliQurani-Şəriftapılıb ki, bu müqəddəs tapıntı indi Novxanı kəndinin M.Hüseynzadə adına 1 saylı tam orta məktəbinin muzeyində saxlanır. Silahlı düşmən qüvvələrinin hücum etdiyi Yelli qaya yolu nəinki  bu kəndi, eləcə də Saray, Corat, Goradil kəndlərinin qədim ticarət-karvan yollarına (bu yol dəniz sahili əraziləri keçməklə Şabran-Xaçmaz nahiyəsini Dərbənd şəhəri ilə birləşdirib) çıxışını təmin etməklə Biləcəri kəndi tərəfdən Bakı şəhəri ilə birləşir. Ona görə də bu istiqamətdə baş verən döyüşlərə  5-ci Qafqaz İslam Ordusunun əsgər və zabit heyəti qatılana kimi yerli özünümüdafiə qüvvələrinin üzvləri mərdliklə vuruşublar. Bu savaşlarda və səngər  vuruşmalarında  ətraf kəndlərin silahlı qüvvələri də iştirak edib.

Dinc sakinlər quldurların hücumundan qorunmaq üçün kənddən 3-4 km aralıda, dəniz sahilində yerləşən  Sarı qayabağlarında məskunlaşıblar. Uşaq ikən həmin qanlı hadisələrin şahidi olmuş Mədinə Nəcəfqulu qızının (1906-1989) söyləməsinə görə, adətən  kənd əhli may ayının sonunda bağlara köçürmüş, lakin həmin ildə təhlükəsizliyə görə camaat aprel ayında bağlara köçmüşdü. Bu bağlarda həmçinin Xocasən, Hökməli, Qobu və Xırdalan kəndlərinin sakinləri də sığınacaq tapıb.

Sonradan  5-ci Qafqaz İslam Ordusunun hərbi düşərgəsi də bu ərazidə yerləşib. Dğyüşlərdə şəhid olan Türk döyüşçüləri isə yaxınlıqda salınmış “Qara çuxaqəbirstanlığında dəfn ediliblər (bu qəbirstanlıq məhz o ildə salınıb, çox təəssüf ki, keçən əsrin 70-ci illərinədək qalsa da, sonralar baxımsızlıq ucbatından  yer üzündən silinib).

Kənd sakinlərindən Əliskəndər Əlibala oğlunun (1893-1990), Qurban Qurban oğlu Qurbanovun (1854-1951), Nərgiz Nəcəfqulu qızının (1889-1975), Məsi Əhəd qızı Qurbanovanın (1903-2013), Gülü Sərdar oğlunun (1865-1949), Hökümə Nəcəfqulu qızının (1905-1985) bildirdiyinə görə, bu qədirstanlıqda 30-a qədər şəhid türk döyüşçüsü müqəddəs məqamda uyuyub. Və yaşlı sakinlər həmişə oradan keçərkən onların unudulmaz xatirəsini yad edib, böyüyən nəslə də bu mənəvi borcu unutmamağı  tövsiyə edirmiş...

Novxanı kəndində 5-ci Qafqaz İslam Ordusunun hərbi qərargahı Qurban Qurban oğlunun 1905-ci ildə tikilmiş evində yerləşib. Bu Ordunun 5-ci Qafqaz Firqəsinin (diviziyasının) komandiri Mürsəl Bakı Paşa (1881-1945)  15-ci Firqənin komandiri Süleyman İzzət bəylə Bakı şəhəri və ətraf kəndlərində gedən döyüşlərdə fəal iştirak etdiyindən, cəbhənin Novxanı-Binəqədi istiqamətində olub, qərargah və hücum planının işlənilməsinı başa çatdırıblar. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu müharibəyə qədər düşmənin casus şəbəkəsi bu kənd haqqında  kifayət qədər məlumata malik olub. Belə ki, kənd sakini Behişt İsgəndər oğlu bildirir ki, keçən əsrin əvvəllərində Bakı şəhəri və ətraf kəndlərində, o cümlədən Novxanı kəndində həyətyanı sahələrin bellənməsində, tikinti-hörgü işlərinin aparılmasında, qapı-pəncərə düzəldilməsində, kənd təsərrüfatı alətlərinin hazırlanmasında hay mənşəli ustalar bilavasitə iştirak edib. Buucuz, gözdən uzaq və şübhə doğurmayan qüvvələrhəm də hay-daşnak quldurları üçün etibarlı  kəşfiyyat mənbəyi rolunu oynayıb.    

1918-ci ilin əsas cəbhə xəttinin sağında, Novxanı kəndindən  3-4 km aralıdakı “Maralan yeriadlı ərazidə də qanlı səngər döyüşləri gedib. Bu səngərlərin yeri keçən əsrin 70-ci illərinədək qalmışdı. Hökümə Nəcəfqulu qızı bildirib ki, qardaşı Heybətqulu Nəcfqulu oğlu (1877-1937) həmin səngərlərin qazılmasında türk döyüşçülərinə kömək etdiyinə görə həbs edilərək sürgünə göndərilib.

Bu döyüşlərdə şəhid olan iki türk əsgərinin qəbri keçən əsrin 60-cı illərində kənd sakini Əlisgəndər Əlibala oğlunun təşəbbüsü, təklifi, kənd camaatının köməkliyi  ilə (bu dövrdə qəbirlərin sadəcə yerləri məlum idi) “Aşağı qəbirstanlıq”a köçürülüb və 2015-2016-cı illərdə  bərpa edilib.

Yaşlı sakinlərdən Zəhra Əhəd qızının (1903-2008), Umuxanım Atababa qızının (1892-1972) dediyinə əsasən, kəndin “Yuxarı qəbirstalığı”nda (XVII əsrə aid) 4-5 sanduqə qəbir olub ki, bunlar da həmin qanlı döyüşlərdə həlak olan Türk döyüşçülərinə məxsusdur. Bu qəbirlər (2000-ci ilədək salamat qalmış, indi yalnız ikisi qorunur) “Şəhid qəbirləri” kimi müqəddəs sayılaraq, el arasında ziyarət ocağı kimi qəbul edilib. Bildirilir ki, bu məzarlar ordunun yerləşdiyi qərargahın (bu evdə Nuru paşa, Mürsəl paşa qalırdı) arxa tərəfində yerləşib.

Ümumxalq mübarizəsinin getdiyi bu döyüşlərdə yerli müdafiə dəstələri, ayrı-ayrı şəxslər də fəal iştirak edib. Kəndin axundu Molla Ələkbər bir-biri ilə küsülü olan qoçularını -  qaçaq Şahbazla qaçaq Məhəmmədəlini bir araya gətirb, namus-qeyrət və torpaq uğrunda hələlik el cənginə girməyi təklif edib. Onun bu böyüklüyü və təklifi igidlər tərəfindən qəbul edilib, onlar birlikdə Biləcəri qayalıqlarınadək Türk döyüşçüləri ilə çiyin-çiyinə hay-bolşevik quldurlarına qarşı mərdliklə  açıq səngərlərdə vuruşublar. Süvari türk döyüşçülərinin təchizatı üçün istifadəsinə karvan sahibləri dəvələrini, atlarını, qatırlarını verib, öz tövlələrini və dəvədamılarını onların sərəncamına ayırıb. Qoyun sürülərindən gündə 5-10 baş heyvanı isə döyüşçülərin qidalanması  üçün hazırlatdırardı Qurban Qurban oğlu.

Hay-daşnak və rus-bolşevik quldurları kəndə daxil ola bilməsələr də, 15-ə qədər dinc sakini ayrı-ayrı yollarla qətlə yetirib, bəzilərinə ağır işgəncələr veriblər. Kəndin evləri dağıdılıb, mal-mülk qarət olunub,  əkin-biçin və örüş yerləri yandırılıb, qiymətli maddi-mədəniyyət nümunələri yerlə-yeksan edilib.

Bu da tariximizin unudulmayacaq bir səhifəsinin yazılmasına səbəb olub.

(Yazının hazırlanmasında Novxanı kənd sakinləri Lalə Nurulla qızı Abuzərovanın (1958), Məsumə Zərbalı qızının (1953) və Elnur  Zakir oğlu Əliyevin (1982) məlumatlarından istifadə olunub). 

 

Qismət YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi 

 

Bakı Xəbər.- 2018.- 22 avqust.- S.10.