Azərbaycanın maarifçi qadınları - Məryəm xanım Bayraməlibəyova...

Azərbaycanın istər diplomatiya, istər mədəniyyət, istərsə də maarifçilik tarixində qadınların rolunu araşdırsaq, bu tarixin öz başlanğıcını çox qədim zamanlardan götürdüyünün şahidi olarıq. Tarixə nəzər saldıqdaTomrisdən, Sara xatundan üzübəri adını tarixin səhifələrinə ən müxtəlif sahələrdə həkk etdirməyi bacarmış yüzlərlə Azərbaycan qadınının ən qədim dövrlərdə kişi hökmdarlarla çiyin-çiyinə dayanaraq dövlətçilik siyasətinin sülh və barış xəttilə aparılmasında oynadığı rolun şahidi oluruq. Bəlkə elə “Hər güclü kişinin arxasında bir ağıllı qadın var” deyiminin də əsasında bu həqiqət dayanır?!

Faktdır ki, tariximizin işıqlı simaları olan bir çox şəxsiyyətlərimizin adı çəkilərkən göz önünə həm də onların sadiq köməkçiləri və həyat arxadaşları olan qadınları gəlir. Bəli, bu torpaqların Xurşidbanu Natəvan kimi ziyalı hökmdarı da olub, Nadir şah Əfşar hərəminin baş qadını hesab olunan Raziyə sultan, Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin xanımı Möminə xatun kimi dövrünün siyasi proseslərinə təsir etmə bacarığı olan şah hərəmləri də. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun tarixə dərin zəkalı xanım, müdrik ana kimi düşüb. Onun müdrikliyi sayəsində Ağqoyunlu dövləti ilə Osmanlı arasında müharibənin qarşısı alınıb. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə xatun isə tarixdə sədaqət simvolu kimi xatırlanır. Fətəli xan Dərbənddə olmadığı vaxtda o, qalanın müdafiəsinə qalxaraq düşmənin hücumunu dəf edib.

 

“Təhsil, elm, tərbiyə, ağıl – qadında çatışmayan silah budur və onu bu silahlarla təchiz etmək lazımdır”

Ümumiyyətlə isə, Azərbaycanda qadın hərəkatının yaranma tarixi XIX əsrə təsadüf edir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan mühitində qadınların təhsilə cəlb olunması çox çətin olsa da, həmin dövrdə maarifpərvər zilalıların ortaya çıxması ilə Şimali Azərbaycanda qadın hərəkatı yaranmağa başlayır. Belə ziyalılardan biri də Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi idi və o, “Əkinçi” qəzetində senzura təqiblərindən və fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə cəlb edə bilir. Bu qəzetdə çap olunan yazılarda qızların zorla qaçırılaraq “ev dustağı halına salınması, kişinin onunla qul kimi rəftar etməsi” kimi eybəcərliklər kəskin tənqid olunurdu. Qadına kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdıran H.Zərdabi öz dövrü üçün çox önəmli bir məsələyə diqqət çəkərək, insanın anadan tərbiyə aldığını, o üzdən ananın təhsilli-elmli olmasının millətin işıqlı gələcəyi üçün zərurət olduğunu vurğulayırdı: “Osmanlı dövləti ki, qeyri-islam dövlətlərindən Avropa əhlinə yavuqdur, bu səbəblərlə bir neçə ildir ki, nizami-külliyə qoyub, məktəbxanalar bina edib… ancaq ol məktəbxanalarda ancaq kişilər oxuyur, ünas tayfası elmdən bixəbərdir. Çünki tərbiyənin binası ana ilədir, uşaq 7-8 yaşına gəlincə, onu ana tərbiyət edir, ona binaən ünas tayfası tərbiyətsiz qaldığına görə Osmanlı dövlətinin kişilərə elm öyrətməyindən o qədər də nəf olmur”.

 

“Əkinçi” ilə yanaşı, maarifpərvər ziyalı Məhəmməd bəy Əsədullazadənin yaratdığı "Şərqi-rus" qəzeti də Azərbaycanda ictimai fikrin inkişafı və qadınların maarifləndirilməsi işinə öz töhfəsini verib. XX əsrin ilk Azərbaycan qəzeti olan bu nəşrin  səhifələrində əlifbanın yeniləşdirilməsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması ilə yanaşı hicab (örtük) məsələsi də qaldırılaraq ona münasibət əks olunub ki, öz dövrü üçün bu çox cəsarətli addım idi. Eyni zamanda Azərbaycan milli mətbuat tarixində ilk qadın imzaları da “Şərqi-Rus”un səhifələrində görünüb. Belə ki, bu qəzetdə “Bir xanım”, “Gəncəli bir xanım”, “Bakılı bir xanım” imzaları altında qadınlar da çıxış edərək dövrün problemlərini işıqlandırıb, qadınlar arasında savadsızlığın aradan qaldırılmasına çalışıblar.

 

XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən olan təhsil almaq imkanının məhdudluğu ilə bağlı məsələlərin mətbuata çıxmasının bir səbəbi də böyük Azərbaycan xeyriyyəçisi, neft maqnatı Hacı Zeynalabdin Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qızlar Məktəbini təsis etməsi olub. “Kaspi” qəzetində bu əlamətdar hadisə ilə bağlı Əhməd bəy Ağayevin “Müsəlmanlar arasında qadın təhsili” sərlövhəli geniş yazısı və bir sıra imzasız məqalə dərc edilib. “Rus müsəlmanları qadın məsələsinə münasibətdə geridə qalmışlar və Bakıda açılmış qız məktəbi bu istiqamətdə ilk addımdır” deyən qəzet daha sonra yazırdı: “…Patriarxal həyatın əsasları, qadının tamamilə maddi təminat içərisində yaşadığı vəziyyət zəifləmişdir və indi kişilərlə rəqabət üçün müsəlman qadınına elm və təhsil zəruridir. Təhsil, elm, tərbiyə, ağıl – qadında çatışmayan silah budur və onu bu silahlarla təchiz etmək lazımdır”.

 

“Adın şərəflidir sənin, ey qadın, dahilər anası çağrılır adın!..”

 

Azərbaycan qadınından söz açarkən böyük Azərbaycan şairi Səməd Vurğunun bu misralarını xatırlamamaq olmur. Çünki “Nizamilər, Füzulilər yetirmiş” bu torpağın mərd igidlərini at belində dünyaya gətirən analar olub tariximizdə. Tariximizin qan yaddaşına hoparaq əfsanələşən Nigarların, Həcərlərin yolunu isə sonradan Hənifə xanım Məlikova-Abayeva,  Fatma Əsədbəyova, Xədicə Haqverdiyeva, Gövhər Qutqaşinskaya, Balaxanım Xandəmirova kimi işıqlı qadınlar xalqın maariflənməsi yolunda davam etdirərək, sadə xalqın elm-ürfan sahibi olmasında misilsiz xidmətlərini göstəriblər. Odlar Yurdunun maarifçilik məktəbindən danışarkən Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Abayevanın xidmətləri xüsusi vurğulanır. Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə Məlikova-Abayeva 16 il əri ilə birlikdə Zərdabda nəzarət altında yaşamasına baxmayaraq, hər cür məşəqqətə sinə gərərək ölkədə qadın maarifçiliyinin inkişafına öz töhfəsini verib.

 

Azərbaycanda qadınlar arasında maarifçiliyin inkişafında rolu olmuş ziyalılarımızdan biri də Məryən Bayraməlibəyova olub. Hənifə xanımdan fərqli olaraq tarixdə adı nədənsə epizodik keçən bu xanım haqqında bir qədər geniş danışmağa dəyər məncə. Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəranda müəllim ailəsində doğulub. Atası Teymurbəy Bayraməlibəyov dövrünün savadlı, elmli ziyalısı və ictimai-siyasi xadimi olmaqla bərabər, həm də gözəl pedaqoq, folklorşünas və maarifpərvər insan olub. Teymur bəyin doqquz övladından biri olan Məryəm xanım öz ağlı, savadı, bacarığı və istedadı ilə fərqlənib. O dövrdə Lənkəran kimi bir bölgədə müasir düşüncəli, savadlı, təhsilli qadın olmaq o qədər asan olmasa da, Məryəm xanım bütün bu göstəricilərə cavab verməklə Lənkəranda ilk xeyriyyə cəmiyyətinin əsasını qoyur və burada ilk qızlar məktəbini yarada bilir...

 

Məryəm xanım Bayraməlibəyova Bakıda Hacı Zeynalabidin Tağıyevin açdığı ilk qız məktəbində (1906-1913) təhsil almışdı. 1917-ci ildə Bakıdakı müqəddəs “Nina” adına qızlar məktəbini qızıl medalla bitirən Məryəm xanım Moskva Tibb Institutuna daxil olur. Onun bütün təhsil xərclərini isə Bakı milyonçusu, neft maqnatı Murtuza Muxtarov öz üzərinə götürür və ona təqaüd verməyə razı olur. Lakin oktyabr inqilabı fəlakət kimi gənc qızın həyatına daxil olaraq, dövrünün bir çox ziyalısı kimi, onun da taleyini dəyişir. Siyası kataklizmlər fonunda Məryəm xanım Moskvada iki aydan çox qala bilmir və Bakıya dönmək məcburiyyətində qalır. Bundan sonra o da atası Teymur bəy kimi öz həyatını maarif və mədəniyyət işinə həsr edir.

 

Məryəm xanım 1918-ci ildə Bakıdakı II qızlar gimnaziyasında ana dili müəllimi işləməyə başlasa da, Bakıda uzun müddət qala bilməyərək Lənkərana qayıdır və burada özünün qızlar məktəbini açmaq qərarına gəlir. Bu məqsədini reallaşdırması üçün atası Teymur bəy öz dərs dediyi məktəbin bir otağını ona verir. Dövrün ağır qayda-qanunları qızların məktəbə cəlb olunmasına maneələr yaratdığından, ciddi çətinliklərlə üzləşən Məryən xanım sonda buraya cəmi doqquz qız cəlb edə bilir. Əksəriyyəti kasıb olan qızları oxutmaqdan ötrü bu maarifpərvər qadın onları dəftər-kitab, qələm, hətta geyimlə təmin etməli olur. Bütün bunları qarşılamaqdan ötrü maliyyə qıtlığı çəkən ziyalı xanım atasına Lənkəranda Qadın xeyriyyə cəmiyyətinin yaradılmasını təklif edir və tezliklə onlar Lənkəranda bu cəmiyyəti yaradır. Dərsləri rus dilində keçən Məryəm xanım, din xadimlərinin etirazlarına, hətta təhdidlərinə baxmayaraq, məktəbdə dram və xor dərnəkləri də yaradır. Azərbaycan səhnəsinin ilklərindən olan tanınmış ifaçılar Münəvvər Kələntərli, Həqiqət Rzayeva, Cahan Talışinskaya məhz bu məktəbin yetirmələri idi.

 

Nadejda Krupskayanın təklifini qəbul etmədi...

 

Lənkəranda ilk və yeganə qadın müəllim olan Məryəm xanım 1925-ci ildə SSRİ müəllimlərinin I qurultayına nümayəndə göndərilir. O burada təkcə Azərbaycanı deyil, bütün Şərq qadınlarını təmsil edir və qurultayda etdiyi çıxış əks-səda doğurur. Həmin çıxış hətta ertəsi gün “Pravda” qəzetində dərc edilir. Qurultaydakı təntənəli çıxışından sonra rəhbərliyin yüksək vəzifəli şəxsləri - Leninin həyat yoldaşı Nadejda Krupskaya və Kalininlə Məryəm xanımın görüşü olur. Görüşün ardından onu Moskvada qalıb işləməyə dəvət edirlər, lakin Məryəm xanım “Vətənimə daha çox lazımam” deyərək imtina edir...

 

Məryəm xanım Bayraməlibəyovanın Lənkəranda iki illik qız məktəbində müəllim (1918 -1919),  ardınca isə qızlar gimnaziyasının inspektoru (1919 -1920) vəzifələrində çalışdığı illər Azərbaycanın tarixində ən ağır dövrlərdən sayılır. Belə ki, Şura hökumətinin qurulması ərəfəsində Denikinin quldur dəstələri Lənkəran bölgəsinə hücumlar edərək xalqa maddi və mənəvi ziyan vurur. Yenicə yaranmış Azərbaycan Xalq Cumhuriyyəti Cavad bəy Məlik-Yeqanovu bu vilayətə general-qubernator təyin edir və o dərhal bölgədə hərbi vəziyyət elan edir. Məryəm xanım Bayraməlibəyova hərbçilərin davranışlarından xoşlanmadığı üçün generala ərizə ilə sərt müraciət edərək, məktəb ərazisinin hərbçilərdən təmizlənməsini tələb edir. Onun bu arzusu yerinə yetirilir, lakin bu hadisə sonradan Məryəm xanımın gələcək həyatında böyük rol oynayır və o, general Cavad bəy Məlik-Yeqanovla ailə qurur. Lakin bu xoşbəxtlik uzun sürmür...

 

Sovetlər dövründə Məryəm xanım və ailəsi repressiyaya məruz qalmış yüzlərlə ailədən biri olıb. Belə ki, Cumhuriyyət dövründə Azərbaycan Parlamentində dövlətimizin müstəqilliyinə imza atanlardan biri olan Cavad bəy Məlik-Yeqanov 1930-cu ildə sovet hökumətinin yadına düşür və o, 10 illik həbs cəzasına məhkum edərək Rusiyanın Kareliya vilayətinə sürgünə göndərilir. Lakin zülm bununla bitmir və onun ailəsinə təzyiqlər davam edir. Tam 7 il sürən təzyiqlərin ardından 1937-ci ildə Məryəm xanım da həbs olunur. Ziyalı qadın əvvəl Bayıl həbsxanasında, sonra Arxangelskdə, daha sonra isə Karaqanda həbsxanalarında həyatının on bir ilini “yaşamalı” olur.  Ağır işgəncələrə məruz qalan ziyalı xanım sağlamlığını və gözlərinin nurunu itirir...

 

1948-ci ildə həbsdən buraxılan Məryəm xanım təzyiqlərdən illərlə yaxa qurtara bilmir və əldən-ayaqdan uzaq bir yerdə - Daşkəsəndə yaşamağa məcbur olur. Yalnız 1956-cı ildə Bakıya qayıda bilən Məryəm xanım görmə qabiliyyətini tam itirsə də, mübariz ruhunu itirmədiyini sübut edir və uzun mübarizədən sonra SSRİ Ali Məhkəməsinin qərarı ilə əri Cavad bəy Məlik-Yeqanova bəraət verilməsinə nail olur...

 

Və bugünün Azərbaycan qadını...

 

Azərbaycanın tarixində belə ziyalı və maarifpərvər qadınlar hər zaman olub. Onların bəziləri barəsində həqiqətlər yorulmaz araşdırmalar nticəsində gün üzünə çıxarılsa da, faktdır ki, bir çoxlarının varlığından və ya bənzərsiz xidmətlərindən geniş ictimaiyyət xəbərsizdir. Bu isə bugünkü nəslin qarşısında maarifçi irsin öyrənilməsi kimi ciddi bir vəzifə qoyur. Əslində tarixə düşən şərəfli ömür yolu keçmiş qadınlarımızla müqayisədə yaxın keçmişin və bu günün ziyalı qadınlarını xoşbəxt adlandırmaq olar. Bu xoşbəxtlik onunla səciyyələnir ki, onlar haqqında cəmiyyətimizdə daha geniş informasiya mövcuddur. Bu isə onların xalq tərəfindən sevilməsinə, dövlət tərəfindən isə layiqincə qiymətləndirilməsinə gətirir. Məsələn, Azərbaycanın ilk qadın kimyaçı alımı İzzət Orucovanı, ilk şərqşünas alimi Aida İmanquliyevanı, ilk qadın opera bəstəkarı Şəfiqə Axundovanı, ilk qadın pilotu Züleyxa Seyidməmmədovanı və digər sahələrdə ilkə imza atan qadınlarımızı kim tanımır ki? Hazırda isə Azərbaycan dövlətinin qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində atdığı addımlar müasir Azərbaycan qadınının önündə geniş üfüqlər açır. Bunun ən bariz göstəricisi ölkəmizdə 2002-ci ildə təsis olunan İnsan Hüquqları üzrə Müvəkkillik İnstitutuna rəhbərliyin qadın namizədə - Elmira Süleymanovaya layiq görülməsi oldu. Ötən il isə ölkədə yeni  yaradılan vitse-prezidentlik institutunun ilk təyinatı qadın oldu. Belə ki, dövlət başçısının 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Müasir tariximizdə yeni yaradılan idarəetmə institutlarına ilk təyinatlarda seçimin qadınların üzərinə qoyulması isə ölkənin gələcək uğurlarından xəbər verir. Çünki qadın sülh, barış, əminamanlıq simvoludur və onun olduğu yerdə hüzur var...

 

Samirə SƏFƏROVA

Bakı xəbər.- 2018.- 8 fevral.- S.13.