Bölgələrimizdə xalça toxuculuq kursları...

 

 

Rauf Əbdülhüseynoğlu: “Azərxalça”nın bu istiqamətdə həyata keçirdiyi tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd etmək istəyirəm”

Ənvər Çingizoğlu: “Azərbaycanın müxtəlif bölgələrində xalçaçılıq kurslarının təşkil edilməsi bu sənətə gənclərin marağının artmasına səbəb olur

Xalçaçılıq xalqımızın ənənəvi xalq sənətidir. Tətbiqi sənətimizin ən dəyərli sahələrindən olan xalçaçılığın yaşadılması, nəsillərdən-nəsillərə ötürülməsi məsələsinə hazırda böyük diqqət yetirilir. Xalçaçılığın qədim mərkəzlərindən olan Azərbaycanda tarixən xalça toxuculuğuna önəm verilib və xalçaçılıq Azərbaycanın hər yerində inkişaf etdirilib.Bu gün Azərbaycan dövləti xalçaçılığın inkişafına böyük dəstək verir və xalça toxuculuğunun genişlənməsini, bu sahədə yeni fabrik və zavodların tikintisini həyata keçirir. İllər əvvələ qədər diqqətdən kənarda qalan xalçaçılıq sənəti bu gün Azərbaycan dövlətinin timsalında özünə böyük, yeniləməz hami qazanıb.Müsbət haldır ki, xalçaçılıq sənəti yalnız paytaxtda və Bakıya yaxın ərazilərdə deyil, həm də bölgələrdə inkişaf etdirilir. Azərbaycanın bir sıra bölgələrində yeni tipli, bütün avadanlıqlarla təchiz olunan xalça sexləri də fəaliyyət göstərir. Bu sahədə illərlə təcrübə qazanan xalça ustaları öz bilik və bacarıqlarını gənc nəslə də öyrədirlər.    Məlum olduğu kimi, xalçaçılıq sənətinin gənclərə öyrədilməsi üçün müxtəlif tədbirlər həyata keçirilməli, kurslar, təlimlər təşkil edilməlidir.Artıq “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalçaçılıq, toxuculuq kursları təşkil edir. Məlumatlara görə, “Azərxalça” Naxçıvanda toxucular üçün kurslar həyata keçirməyə başlayıb.Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Naxçıvan şəhərində xalça istehsalı emalatxanası və regional yunboyaq bitkilərinin tədarükü mərkəzi üçün binalar tikilir.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursuna başlanıb. Bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Tədris-hazırlıq kurslarının əhəmiyyətini vurğulayan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib.

 

Məlumatlara görə, Abşeron, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan, Biləsuvar rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra "Azərxalça" tərəfindən sertifikat verilən toxucular qurumun filiallarında işlə təmin ediləcəklər.

 

Tədris-hazırlıq kursu hanalar, avadanlıqlar, xammal, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlar, dərsliklər, elektron çeşnilərlə təmin edilib.

 

Bölgələrdə fəaliyyətə başlayan xalçaçılıq kurslarının əhəmiyyətindən danışan keçəçi rəssam Rauf Əbdülhüseynoğlu bizimlə söhbətində bildirdi ki, bu kursların təşkil edilməsi yeni nəsil xalçaçıların yetişməsinə böyük təkan verir. Onun sözlərinə görə, bölgədəki gənc qızlar, qadınlar bu kurslarda xalça toxumanın sirlərinə yiyələnməklə həm ənənəvi xalq sənətimizi yaşadacaqlar, həm də özləri üçün yeri qazanacaqlar. “Mən “Azərxalça” tərəfindən bölgələrdə xalçaçılıq kurslarının açılmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir işdir. Bilirsiniz ki, son illərə qədər xalçaçılıq sexlərinin əksəriyyəti olmadığından bağlanmışdı, bunun nəticəsində də xeyli sayda xalçaçı işsiz qalmışdı. Ancaq dövlət səviyyəsində xalçaçılığın inkişafına göstərilən dəstək nəticəsində bu sahə yenidən dirçəlməyə başlayıb. Bilirsiniz ki, xalçaçılıq qədim dövrlərdən rayonlarda, kəndlərdə daha yüksək səviyyədə inkişaf edib. Vaxtilə analar, nənələr xalçaçılığın sirlərini gənc xanımlara öyrədirdilər, bu gün isə onlar xalça toxumağı xüsusi təşkil edilmiş kurslarda öyrənirlər. “Azərxalça”nın bu istiqamətdə həyata keçirdiyi tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd etmək istəyirəm. Bu kursları uğurla bitirən gənclər gələcəkdə usta xalçaçı kimi tanınacaqlar. Xalq sənətinin yaşadılması, yenidən bölgələrə qaytarılması çox əhəmiyyətlidir. Bu kursları bitirən gənc xanımlar həm qədim xalq tətbiqi sənətimizi öyrənəcəklər, həm də onlar yerləri ilə təmin ediləcəklər. Bu gün Azərbaycanda xalçaçılıq sənətinin inkişafına hər cür şərait yaradılıb. Çox arzu edərdim ki, gənc nəsil bu sənətə yüksək səviyyədə yiyələnsin”. 

 

Etnoqraf-alim Ənvər Çingizoğlu da “Azərxalça” ASC tərəfindən bölgələrdə təşkil edilən xalçaçılıq, toxuculuq kurslarının müsbət nəticələr verəcəyini qeyd edir. “Bölgələrdə xalq sənətinin inkişafına xüsusi diqqət yetirilməlidir. Bu gün xalçaçılıq da daxil olmaqla, bütün ənənəvi xalq sənəti sahələrinin inkişaf etməsi dövlətin diqqətindədir. Azərbaycanın müxtəlif bölgələrində xalçaçılıq kurslarının təşkil edilməsi bu sənətə gənclərin marağının artmasına səbəb olur. Deyim ki, çox vaxt bölgələrdə qızlar peşə seçimi sahəsində çətinliklə üzləşirlər. Xalçaçılıq kurslarının açılması onlara peşə seçimində dəstək olacaq. Onlar heç bir maneə ilə üzləşmədən bu kursları bitirəcəklər. Bu gün müsbət haldır ki, bu kurslar xalçaçılığın vaxtilə daha yüksək səviyyədə inkişaf etmiş olduğu bölgələrdə də açılır. Xalçaçılıq ənənələrinin, toxuculuq vərdişlərinin yaşadılması, təbliği üçün bu xalçaların əvəzi yoxdur. Qeyd edim ki, Azərbaycan dünyaya xalça ixrac etməyə başlayıb. O kursların məzunları davaxtsa dünya bazarına ixrac edilən xalçaları toxuyanlar olacaqlar. Düşünrəm ki, “Azərxalça” bu xoşməramlı işinin daha da genişləndirməli, bu kursların sayını artırmalı və ora daha çox gənc xanımı cəlb etməlidir. Çünki xalçaçılıq bizə ulularımızdan qalıb və gənclər də o ənənəni gələcəyə ötürməlidirlər. Xalçaçılıq kurslarının açılması yeni xalçaçılıq sexlərinin açılmasına səbəb olacaq. Xalçaçılıq kurslarını bitirən insanların işlə təmin edilməsi üçün yeni xalça sexlərinə, fabriklərinə ehtiyac olacaq. Doğrudur, bu gün bir neçə bölgəmizdə xalçaçılıq fabriki, sexi inşa edilir. Bu da çox müsbət haldır”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 21-23 iyul.- S.14.