”Bilirdim ki, məni şair edən qızı heç vaxt mənə verməzlər”

 

    Tanınmış şair Bəydadaş Cəfərli 60 yaşa çatdı…

 

    “Həkim Qəni, sözün əsl mənasında, ədəbiyyat aləmində mənim hamim olub”

 

     Bizimlə eyni cəmiyyətdə yaşayan, eyni sudan içən, havanı udan şairlər var ki, onlar haqqında yazmaq, onların fikirlərini oxucuya çatdırmaq vacib məsələdir.

     Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ocaq” Ədəbi Birliyinin sədri, tanınmış şair Bəydadaş Cəfərli həmin şairlərdəndir. Bu il Bəydadaş müəllimin 60 illik yubileyidir. Yubiley ərəfəsində tanınmış şairlə görüşüb onun düşüncələrini sizlərlə bölüşmək qərarına gəldim.

 

    - Bəydadaş müəllim, xoş gördük. Açığı, eşidəndə ki, Sizin 60 yaşınız tamam olur, bir qədər təəccübləndim. Bu da səbəbsiz deyil, çünki Siz gənclik ruhu ilə yazıb-yaradan şairsiniz...

    - Şairin psixoloji mənəvi yaşı bir ayrı, ancaq fakt budur ki, 1958-ci ildə İsmayıllı rayonunun Diyalı kəndində doğulmuşam. Bu rəqəm də mənim bioloji yaşımı gizlətməyə imkan vermir.

   - 60 yaş söz adamı üçün elə bir yaşdır ki, onun keçmişə boylanmasına, uşaqlığına, gəncliyinə nəzər salmasına imkan verir. Uşaqlığınız necə keçib?

   - Uşaqlığım doğma kəndimizdə keçib. Bizim rayon qeyri-adi təbiətə malik gözəl bir diyardır. 1965-ci ildə kəndimizdə orta məktəbə getmişəm. 6-cı sinifdən 10-cu sinfə qədər əlaçı oxumuşam, məktəbi 1975-ci ildə əla qiymətlərlə bitirmişəm. Bütün fənlərə eyni dərəcədə maraq göstərməyim mənim ixtisas seçimində tərəddüd etməyimə səbəb olub. Tale elə gətirdi ki, heç ağlımdan keçməyən bir sənəti seçdim.

   - Hansı sahəni?

   - O vaxt Azərbaycanda ali məktəblərə daxil olmaq elə də asan deyildi. Bu mənada ki, həmin dövrdə ali məktəblərə qəbul məsələsində müxtəlif neqativ hallar mövcud idi. Odur ki, bunları nəzərə alıb sənədlərimi Bakıdakı Yerli Sənaye Texnoloji Texnikumuna verdim və bura qəbul olundum. Texnikumun mebel istehsalı fakültəsini əla qiymətlərlə bitirib əsgəri xidmətə yola düşmüşəm. 1978-79-cu illərdə keçmiş Leninqrad şəhərində hərbi xidmətdə oldum, lakin ora Baltik dənizinin yaxınlığında yerləşdiyi üçün revmatizm xəstəliyinə düçar oldum və 9 aydan sonra əsgərlikdən tərxis olunub Bakıya qayıtdım. 1979-cu ilin aprel ayından Bakı Mebel İstehsalatı Kombinatına işə düzəldim. Üç il orada işləyəndən sonra Meşə Sənayesi Nazirliyinin xətti ilə Moskvaya Meşə Sənayesi İnstitutuna oxumağa getdim. Ora bir 5-lə qəbul olundum və qiymətlərimin də 70 faizi 4-5 idi. 1987-ci ildə o ali məktəbi bitirdim. Bu dövr SSRİ-nin süquta doğru getdiyi bir çağ idi. Bu özünü bütün sahələrdə göstərirdi...

   - Bəs neçə yaşınızdan şeir yazmağa başlamısınız?

   - Moskvada oxuduğum institut meşənin içində yerləşirdi. 1925-ci ilə qədər o ərazi tamamilə meşə olub və sonradan orada Meşə Sənayesi İnstitutu inşa edilib. Yay aylarında həmin yer o qədər gözəl, füsunkar olurdu ki, adam oradan ayrılmaq istəmirdi. Odur ki, yay aylarında Bakıya qayıtmayıb orada qalırdım. Yay boyu Moskvadakı çayların, göllərin kənarında təbiət vurğunu olaraq gəzib dolaşır və gördüklərimi şeirə çevirirdim. Deyərdim ki, ilk ciddi şeirlərimi, ədəbiyyata aidiyyəti olan poetik nümunələrimi yaratmağa orada başladım.

  - Demək, orada yazmağa başlamısınız?

  - Xeyr. İsmayıllıda olarkən də yazırdım. 6-7-ci sinifdə oxuyanda, çoxları kimi, mənim də sinfimizdə istədiyim, sevdiyim bir qız vardı. Elə üç bəndlik ilk şeirimi də o qıza yazmışam. O şeir mənə xoşbəxtlik gətirmək əvəzinə, sonradan taleyimi alt-üst etdi. Yazdığım şeir o qızla münasibətimi tamamilə korladı və hətta orta məktəbi bitirəndə onunla küsülü idik.

  - Yəni şeir ünvanına çatmışdı...

  - Bəli, qız şeiri oxumuşdu və mənim ona yazdığım şeirə çox sərt reaksiya verdi. Qız mənə dedi ki, ay bədbəxt, özünü və məni bədbəxt etmə, məni sənə verməzlər. Doğrudan da inandım ki, məni şair edən qızı heç vaxt mənə verməzlər.

  - Niyə?

  - Çünki bizim ailəmiz nəinki kəndimizin, rayonumuzun, bəlkə bütün respublikanın ən kasıb ailəsi idi. O isə sayılıb-seçilən, imkanlı bir ailədən idi. O ayrılıq, o nisgil, qızın mənə verdiyi cavabın yaşatdığı depressiya həyatımda böyük bir təlatüm yaşatdı. Mən öz dərdimi şeirlə ovutmağa başladım. Hicran, həsrət məni ədəbiyyata daha sıx tellərlə bağladı. Moskvada oxuyanda ədəbiyyatla daha ciddi məşğul olmağa başladım. Mən o dövrdə həm rus ədəbiyyatını, həm rus dilinə çevrilən xarici ədəbiyyat nümunələrini, həm də öz şairlərimizin əsərlərini acgözlüklə mütaliə edirdim. 1987-ci ildə təhsilimi başa vurub Mebel İstehsalatı Kombinatına yenidən qayıtdıqdan sonra məni bu qurumda şöbə müdiri vəzifəsinə təyin etdilər və burada işləməyə başladım. Mən həm öz işimin öhdəsindən yaxşı gəlirdim, həm də ədəbiyyatla məşğul olurdum. Müəssisəmiz bağlanana qədər orada işlədim. Müəssisə qapadıldıqdan sonra şeir yazmağa, ədəbiyyatla daha ətraflı maraqlanmağa vaxtım daha çox oldu. İşdən ayrılmağım mənim ciddi ədəbiyyata, ədəbi mühitə daxil olmağıma şərait yaratdı. Çünki o vaxta qədər mənim güclü mütaliəm, müşahidəm və oxuduqlarımı dərin təhlil etmək bacarığım formalaşmışdı.

  - Bəs nə vaxtdan dövrü mətbuatda çap olunmağa başlamısınız?

  - Çox maraqlıdır ki, ilk şeirlərim “Bakı-Xəbər” qəzetinin baş redaktoru, böyük ziyalı Aydın Quliyevin xeyir-duası ilə o vaxt rəhbərlik etdiyi “Hürriyyət” qəzetində nəşr edildi. Sonrakı dönəmlərdə də Aydın müəllim şeirlərimi “Bakı-Xəbər” qəzetində çap etdi. Hər dəfə də mənim şeirlərimə 1 səhifə ayırırdı. Həmin şeirlərin çap olunduğu günlər mənim üçün ən xoşbəxt günlər idi ki, indi də o sevinci unuda bilmirəm.  Hətta şeirlərimin çap olunduğu qəzeti həmkarlarımın əlində görəndə də sevinc hissi keçirirdim. Bütün bunlar mənim ədəbiyyata marağımı daha da gücləndirdi. Mən özümü ədəbiyyatda ögey hiss etmədim. Deyərdim ki, mənə olan isti münasibət nəticəsində davamlı çap olunmağa başladım.

  - Siz ədəbiyyata gələndə ədəbi mühitimiz özünün qeyri-müəyyən bir dövrünü yaşayırdı. Sosrealizm artıq ömrünü başa vurmuşdu, şairlər yeni izmlər, yön, səmt axtarışında idilər. Bu dövrdə Sizin özünüzə ədəbi mühitdə hansı münasibət var idi, qısqanclıqla qarşılanmadınız ki?

  - Ədəbiyyata gəldiyim dövrdə respublikamızda ictimai formasiya dəyişirdi və bu da özünü tam olaraq ədəbiyyatda  göstərirdi. O illərdə bir sıra qurumlar fəaliyyətini dayandırmışdı, yeni qurumlar yaradılmamışdı. Ədəbiyyat sosrealizmdən başqa bir izmlərə keçid etmək istəyirdi. Ədəbiyyata hökumətdən sifariş yox idi. Bir də ki, senzuranın olmamasından istifadə edərək kim nə istəyirdi yazırdı. Yazıçı və şairlərin kitabları artıq dövlət tərəfindən nəşr edilmirdi. Onlar öz əsərlərini yazmaq, üstəlik də çap etmək və yaymaq kimi problemlərlə qarşılaşmışdılar. Demək istəyirəm ki, şair və yazıçıların başı özlərinə qarışdığından, kiməsə qısqanclıq, paxıllıq etməyə vaxtları yox idi.

  - Ədəbiyyata gələndə kimlərdən qayğı və diqqət görmüsünüz?

  - Demək olar ki, özümdən əvvəlki şairlərin çoxu mənə diqqət və qayğı ilə yanaşıb. İlk kitabımı çapa hazırladığım ərəfədə böyük şairimiz, əslən İsmayıllıdan olan Musa Yaqubun yanına getdim və ona 10-15 şeirimi təqdim etdim. Məqsədim şeirlərimlə bağlı ustadın fikirlərini öyrənmək idi. Dedim ki, Musa müəllim, əgər bu şeirlərin ədəbiyyata dəxli yoxdursa, özümü biabır etmədən bu şeirləri cırıb atım. O mənə tərs-tərs baxaraq “Get yaz. Sənin ilk kitabının da redaktoru özüm olacağam” dedi. Sonra yaradıcılığıma davam etdim və xeyirxah insanların dəstəyi sayəsində ilk kitabımı nəşr etdirdim və “Babadağdan gələn səs” adlı birinci kitabıma, vəd verdiyi kimi, ön sözü Musa Yaqub yazdı. Musa müəllim deyirdi ki, səndə mübarizlik ruhu var. Bu da təsadüfi deyildi. Mən Əfzələddin Xəqanini, İmadəddin Nəsimini, Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı, Məhəmməd Hadini çox mütaliə edirdim. Onda yaxından hiss etdim ki, şair həmişə öz dövrünün lokomotivi olmalıdır, nəinki dövrünün “lapeti” olub, cəmiyyətə qoşulub onun ardınca sürünməlidir. Belə şairlər həmişə olub və bu gün də var. Amma İlahidən söz badəsi içən şairlər isə həmişə dövrünün lokomotivi olub. Mən bizim klassiklərdən ilham alıb o yolda yaradıcılığımı davam etdirdim.

  - AYB-yə üzv olanda necə, hər hansı bir problemlə üzləşmədiniz ki?

  - Qətiyyən. Mən 2004-cü ildən AYB-nin üzvüyəm. Özü də AYB üzvlüyünə sənədlərimi verdikdə artıq orada “zəmanət” sistemi ləğv edilmişdi. Mən qurum üzvlüyünə sənədlərimi verdim və heç bir maneə ilə qarşılaşmadan birliyə üzv oldum. AYB-nin mətbuat xidmətinin keçmiş rəhbəri, mərhum şair dostumuz Ədalət Əsgəroğlu mənə zəng vurub dedi ki, birliyə üzv olmusan, gəl vəsiqəni götür. Təəssüf ki, bu gün bəziləri Azərbaycan Yazıçılar Birliyi haqqında çox neqativ fikirlər səsləndirir. Ancaq mən o fikirlərlə razı deyiləm.

  - Böyük şair, Füzulişünas Həkim Qəni ilə də çox sıx əlaqələriniz olub. Həkim Qənini də xatırlayaq.

  - İkinci kitabım olan “Eşqin göz yaşı” rəhmətlik Həkim Qəninin redaktorluğu ilə nəşr edildi. Allah ona rəhmət eləsin, çox böyük insan, gözəl şair, əruz vəzninin mahir bilicisi idi. Mən o vaxt onun rəhbərlik etdiyi “Vahid” poeziya məclisinə gedirdim və Həkim Qəninin əruz haqqında, böyük şairlərimiz barədə çox maraqlı, elmi cəhətdən mükəmməl fikirləri ilə tanış olurdum. Çox təəssüf ki, Həkim Qəni mənə görə dünyasını tez dəyişdi. Hətta o, xəstəxanada olanda mənə dedi ki, Bəydadaş, mən səndən gedirəm və mənim vəfatım ən çox səni yandıracaq, ağrıdacaq. Doğrudan da elə oldu. Həkim Qəni, sözün əsl mənasında, ədəbiyyat aləmində mənim hamim olub. O nəinki mənə, ədəbiyyata gələn gənc nəslə həmişə dəstək olurdu. Onun şinelindən çıxan şairlərin hamısı sonradan özlərini ədəbiyyatda təsdiq etdilər.

 - Ədəbi mühitdə yeni izmlərə, dəst-xətlərə meyl var. Buna münasibətiniz necədir? Bu izmlərə maraq göstərən şair və yazıçılar ədəbiyyatımızı dünyaya çıxara bilərmi?

 - Sovet dövrü ədəbiyyat üçün, bir növ, buxov idi. Həm nəsr, həm də poeziya konkret çərçivə daxilində yaranırdı. O dövrün tələbləri fərqli idi. Burada daha çox sovet ideologiyası tərənnüm edilirdi. Bu ədəbiyyatla isə dünya çapına çıxmaq mümkünsüz idi. Buna baxmayaraq, bəzi şair və yazıçılar “Qlavlit”in gözündən yayınaraq öz əsərlərində müəyyən məsələlərə toxunurdular. O dövrdə “Qlavlit”in gözündən yayınan yazıçılarımızdan biri Xalq yazıçısı Anar idi və o dövrün çərçivəsini dağıdaraq əsərlər yazırdı. O əsərlərdə sözünü elə ustalıqla deyirdi ki, bunu “Qlavlit” tuta bilmirdi. Bu gün nəsr sahəsində Çingiz Abdullayev və Elxan Elatlı Azərbaycan nəsrini dünyaya çıxarmaq iddiasındadır. Amma belə götürəndə hələ dünyanın özü onları qəbul edə bilmir. Bu da Azərbaycana qarşı mövcud olan qısqanclıqla bağlıdır, müəyyən beynəlxalq siyasi qüvvəllər milli ədəbiyyatımızın dünya çapına çıxmasına mane olurlar.

  - Bəydadaş müəllim, bu gün respublikamızda müxtəlif ədəbi birliklər fəaliyyət göstərir. Ədəbi birliklər, şeir dərnəkləri şair, yazıçı yetişdirə bilirmi?

  - Mən özüm “Ocaq” Ədəbi Birliyinin sədriyəm. Birliyimiz 60-a yaxın şairi, yazarı öz ətrafında cəmləşdirə bilib. 15 ildir fəaliyyət göstərən birlik müəyyən nailiyyətlər qazanıb, üzvlərimizin yarıdan çoxu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Onlar ədəbi mühitdə öz sözlərini deyiblər. Bəli, bu gün ədəbi dərnəklər şair yetişdirə bilir. Çünki bütün sahələr üzrə fakültələr fəaliyyət göstərir, lakin şairliyin fakültəsi yoxdur. Bu baxımdan şairlər ədəbi birliklərdə yetişir. Ədəbi dərnəklər bir institut rolunu oynayır. Bu birliklər o zaman nəticə verir ki, onun başında duran adam əsl şair olmaqla yanaşı, həm də Vətənimizə, dilimizə, mədəniyyətimizə, elmimizə bağlı adam olsun. Birlik sədri dünyada gedən ədəbi proseslərdən xəbərdar olmalıdır ki, şairlərin, yazıçıların yaradıcılığını qiymətləndirə bilsin. Bu belə olanda ədəbi birliklər də böyük nəticələr verir.

  - Artıq 60 yaşa çatmısınız. Bu illər ərzində nələri özünüzə qazanc sayırsınız?

  - Onsuz da dünyanın malı elə bu dünyada qalır. Öləndə 5 arşın ağdan başqa heç kəs heç nə aparmır. Bu, məsələnin maddi tərəfi. Mənəvi məsələlərə gəlincə, çoxlu qazancım olub. Kifayət qədər dostlarım, oxucu auditoriyam var, kitablarım oxunur və oxucular həmişə məndən yeni kitablar gözləyirlər. İndiyə qədər 30-dan artıq kitabım çıxıb. Sonuncu kitabım “Şair sözü, elin gözü” adlanır. Ədəbiyyata heç vaxt yük olmamışam. Əksinə, ədəbiyyatın yükünə çiyin verənlərdən olmuşam.

  - Nələrə təəssüflənirsiniz?

  - Təəssüflənəcəyim bir məsələ yoxdur. Nə istəmişəm yazmışam, yazdıqlarım da ədəbi mühitdə qəbul olunub. Yazılarıma, şeirlərimə görə heç kəsdən mənfi bir fikir eşitməmişəm...

 

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2018.- 6 iyun.- S.13.