Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik.

 

Tolerantlıq tarixən konseptini dəyişən aktual anlayış kimi

 

Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Bu anlayış ənənələri, irqi və ya etnik kökləri çoxluqdan fərqlənənlərə qarşı daha yumşaq münasibəti nümayiş etdirir. “Tolerant” termini ilk dəfə XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Antik dövrdə tolerantlığın ilkin elementləri özünü göstərirdi: işğaldan sonra əsarət altına alınmış hər hansı xalqın nümayəndələrinin azadlığa buraxılması və vətənlərinə qayıtmağa icazə verilməsi; işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət etməyə imkan yaradılması və s. Orta əsrlərdə xüsusi qruplara münasibətdə tolerantlığın daha təkmil forması özünü göstərməyə başladı. Bu baxımdan “tolerantia” adlandırılan Latın konsepti “orta əsrlərin yüksək inkişaf etmiş siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə hesab olunurdu. Sonralar ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə gətirilməsinə icazə verilməsi məsələsini irəli sürdülər. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən sonrakı dövrlərə təsadüf edir.İntibah dövründə siyasətçilər və tədqiqatçılar dini tolerantlığın qanunla tənzimlənməsinə dair müzakirələrə başladılar. 1689-cu ildə Britaniya parlamenti “Tolerantlıq aktı” adlanan sənəd qəbul etdi və bununla non-konformistlərə inanclarında azad olmaq hüququ verildi. 1789-cu ildə Fransa inqilabı ərəfəsində Mili Assambleya tərəfindən qəbul edilmiş Deklarasiyada fikirlərinə görə heç kəsə müdaxilə edilməməsi, dini inanclara hörmət bəslənilməsi vurğulanırdı.

XX əsrdən etibarən müvafiq konsept beynəlxalq sənədlərdə vacib müddəa kimi daha geniş əks olunmağa başlandı. 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin 18-ci maddəsində qeyd olunur: hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.

1995-ci il noyabrında keçirilmiş UNESCO-nun Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır” fikirləri ifadə olunub.

Müasir anlamda tolerantlıq daha çoxşaxəli mahiyyət kəsb edir. Tarixçi Aleksandra Valşam bu anlayışın artıq ənənəvi mənasından uzaqlaşdığını və daha çox insan haqlarına liberal münasibəti təzahür etdiyini vurğulayır. Maraqlı paradokslardan biri də tolerantsızlığa qarşı tolerant münasibətdir. Bu mülahizəni irəli sürən tədqiqatçılar bu növ münasibətin daha mürəkkəb bir akt olduğunu, lakin sakit və təhlükəsiz cəmiyyət üçün vacibliyi fikrini irəli sürürlər.

 

Tolerantlıq milli inkişafın və beynəlxalq sabitliyin yeni elementi kimi

 

“Vacib məqam odur ki, növbəti minillikdə Avropa multikultural qitəyə çevriləcək. Qəbul olunsa da, olunmasa da bu baş verəcək” - dünya şöhrətli italiyalı yazıçı Umberto Eko yeni dövrdə tolerant cəmiyyətin hansı nəticələrə gətirəcəyini bu sadə fikirlərlə izah edirdi. Tolerantlığın müasir konseptində əksini tapan məqamlar şərhçiləri iki qrupa bölür: bəziləri tolerant cəmiyyətin yaşadığımız dünyanın ən mükəmməl ideyalarından biri olduğunu, dövlətin inkişafına və xalqlar arasında münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərdiyini, əksər gərginliklərə və qarşıdurmalara son qoya biləcəyini vurğulayırlar. Başqa bir qrup isə həddindən artıq tolerant olmağın özünün də bir sıra problemlərlə nəticələnə biləcəyi, müəyyən mərhələdən sonra xaosa səbəb olacağı fikrini irəli sürürlər. Onlar bu baxımdan Avropanın son illər üzləşdiyi miqrant problemini gündəmə gətirirlər və yaşanan gərginliyin Köhnə Qitənin həddindən artıq “mülayim və tolerant” olması ilə əlaqələndirirlər. Lakin, bu cür yanaşma tolerantlıq anlayışının siyasi xarakterini qabartmaqdan başqa bir şey deyil. Axı tolerantlıq təkcə müxtəlif beynəlxalq qurumların sənədlərində əksini tapan, siyasətçilərin çıxışlarında səsləndirilən müddəa deyil, həm də həyat tərzidir, ənənədir, hər hansı bir xalqın xarakterik cəhətidir.

İsveçli tədqiqatçılar Niklas Berqren və Mikael Elinder “Tolerantlıq inkişaf üçün müsbət yoxsa mənfi amildir?!” mövzusunu araşdıran zaman maraqlı fikirlər irəli sürürlər. Vurğulayırlar ki, tarixi epizodlar azlıqlara qarşı açıq münasibətin iqtisadi çiçəklənməyə təsir göstərməsini təsdiq edir. Misal üçün, müxtəlif dini azlıqların Hollandiya, İngiltərə və İsveçə gəlməsinə imkan yaradılması məhsuldar immiqrantları cəlb edərək onların iqtisadi inkişafda iştirakını təmin edib. Texnoloji proqres çərçivəsində əksərən “innovasiya müxtəliflik və tolerantlıq tələb edir” mülahizəsi gündəmə gəlir. Artıq tolerantlıq həm də “vacib sosial faktor”a çevrilib.

Tolerantlıq iqtisadi inkişafa üç yolla təsir edə bilər: birincisi, tolerant münasibətin birbaşa yönəldiyi şəxs və ya qruplardan başqa digər qruplara təsir göstərməklə; ikincisi, azlığa qarşı tolerant münasibətin həmin qrupun fəaliyyətinin məhsuldarlığına və innovativ potensialına müsbət təsir göstərməklə; üçüncüsü, yeni ideya və dəyərləri yaymaqla.

Digər bir araşdırmada iqtisadi artım və inkişafın təbii sərvətlər, texnoloji innovasiya və insan kapitalı kimi elementlərlə bağlılığı ilə yanaşı, mədəni müxtəliflik faktoru ilə əlaqəli olduğu fikri irəli sürülür. Bu amil iki mülahizə ilə izah edilir:

- Coğrafi təcrid xətti industrializmdən əvvəlki dövr üçün müsbət rola malik ola bilərdi. Lakin, industrializm dövrü başladıqdan sonra bu yanaşma mənfi nəticələrə gətirib çıxardı. Mədəni müxtəlifliyə qarşı daha az həssas olan cəmiyyətlər yenilikləri izləmək və tətbiq etməkdə çətinlik çəkirdilər. Bu da öz növbəsində həmin cəmiyyətlərin zamanın tələblərinə uyğunlaşmasına, bu yolla da çiçəklənməyə əngəl törədirdi.

- İndustrializmdən qabaq təcrid kursunu tətbiq edən cəmiyyətlər əslində bu gün də mədəni baxımdan daha az müxtəlifliyə malik olan cəmiyyətlərdir. Həmin cəmiyyətlər mədəni fərqliliyin sənayeləşmə prosesi kontekstində iqtisadi inkişafa müsbət təsiri olduğunu müşahidə etsələr də, bunu öz cəmiyyətlərində tətbiq etməyə çətinlik çəkirlər.

Nəticə etibarı ilə, bu gün əksər cəmiyyətlər tərəfindən qəbul edilən və müsbət qarşılanan bir anlayış var: istər inkişaf, istərsə də innovasiyaların dinamikasına ayaq uydurmaq üçün “qapalı” qalmaq, fərqli ideyalara və yanaşmalara qarşı dözümsüz olmaq heç bir səmərə vermir. Artıq iqtisadi inkişafın, sosial tərəqqinin və siyasi sabitliyin əldə olunması üçün haqqında danışdığımız anlayışın yeni və daha qüvvətli təsir gücü inkar edilmir.

 

Tolerantlıq həyat tərzi və xalqın özünüifadə vasitəsi kimi Azərbaycanda tolerantlıq – tarixən və bu gün

 

“Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir” – Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri ölkəmizdə dərin köklərə malik olan tolerantlığın xalqımızın xarakterik cəhətlərindən biri olması, zərurətdən irəli gələn hər hansı konsepsiya deyil, bir həyat tərzi və mədəniyyət olmasını əks etdirir.

Hələ eradan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan ərazilərində özlərini daha rahat hiss edə bildilər. I əsrin ortalarında İsa peyğəmbərin davamçıları ölkəmizin ərazilərinə pənah gətirdilər. Onlar burada Alban aftokefal kilsəsinin əsasını qoydular. İslam dininin Azərbaycanda yayılması ilə dini dözümlülük, tolerantlıq ənənələri daha da möhkəmləndi. Tarixi mənbələrdə həmin dövrlərdə müsəlmanların qeyri-müsəlmanlara, xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı hörmətlə yanaşması qeyd edilir.

Müasir Azərbaycanda tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir. Bu məqamı bir neçə səbəblə əsaslandırmaq olar:

- Milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Həmçinin ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

- Müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılıb. Milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta həmin günlərin ölkə başçısı tərəfindən təbrik edilməsi ənənəsi müxtəlif dini konfessiyaların rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda və ümumilikdə regionda ilk dəfə 16 noyabr tarixinin Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi ənənəsi geniş yayılıb.

- Əhalinin 95 faizini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yaşayan bütün ənənəvi dinlərin nümayəndələrinə diqqət göstərir. Bu istiqamətdə bəzi məqamları yada salmaq olar: 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi. 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsi tikildi. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdə mövcud tolerant mühit ilə bağlı bu fikirləri bölüşmüşdü: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.

Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər.

 

 

Vidadi Xudaşov

 

Bakı xəbər.- 2018.- 21 iyun.- S.13/