Azərbaycanda şam hisini boya kimi işlədən ilk rəssamımızın əl işləri... -

 

Qazaxın Çaylı kəndində yaşayan peşəkar rəssamın Bakıda ilk fərdi sərgisi açılıb

 

Röya Tağıyeva: “Nəcməddin Hüseynov ilk dəfə Azərbaycanda şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssamdır”

 

Ziyadxan Əliyev: “Mən onun “Müharibəli Novruz” əsərini Qarabağ və Novruz mövzusunda çəkilən ən gözəl əsər hesab edirəm”

 

Oqtay Əliyev: “Nəcməddin deyir ki, rəng olmayanda elə bilirəm evdə çörək yoxdur”

 

 Biz rənglərə baxırıq, amma rəssamlar o rəngləri görür, onlarla danışır, fırça ilə rənglərin harmoniyasını kətan üzərində yarada bilirlər. Əsl rəssamın paytaxtda, qaynar şəhər həyatında, yaxud hansısa bir ucqarda, dağ kəndində yaşamasının heç bir fərqi qoxdur. Ümumiyyətlə, əsl sənətkar üçün əyalət və paytaxt sərhədi yoxdur, olmamalıdır. Bu sərhədi çəkmək istəyən adamlara isə “dayan, dur, istedadlı, duyumlu sənətkar üçün paytaxt və əyalət anlayışı yoxdur” deməliyik.

Sirr deyil ki, dünya ədəbiyyatının, dünya rəssamlığının incisi sayılan unikal əsərlərin xeyli hissəsini əyalətlərdə yaşayan sənətkarlar yaradıb. Bu baxımdan, sənətkarın ətrafını çəpərləyib onun istedadını məhdud bir dairədə boğmaq olmaz.

Bakıdan çox-çox aralıda yaşayan bir rəssam var. Əyalətdə yaşasa da, çəkdiyi əsərlərin gözü ilə bütün dünyanı görür. Bəli, sözün həqiqi mənasında görür. Qazaxın Çaylı kəndindən kənara çıxmadan öz qeyri-adi əsərlərini doğma ocağında yaradan Azərbaycan  Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam Nəcməddin Hüseynov dediyimiz kateqoriyaya tam cavab verən bir fırça ustasıdır.

İçərişəhərdə “Nur ART Hous” sərgi salonunda professional rəssam Nəcməddin Hüseynovun paytaxtda ilk fərdi sərgisinin təşkil olunması sənətkarın əməyinə verilən böyük dəyərdir. N.Hüseynov paytaxtla sıx əlaqəsi olmayan sənətkardır. Əyalətdə yaşasa da, əsərlərində dünyəvilik, bəşərilik hisslərini canlandırıb. Onun sərgi salonunu bəzəyən əsərlərinə tamaşa etdikcə, xəyal insanı haralara aparmır ki... Səmimi, sakit, öz dünyası olan N.Hüseynov bu əsərlər vasitəsilə öz dünyagörüşünün ab-havasını yaradıb.

Fərqli rəssamlıq texnologiyalarından istifadə edərək 4000-dən artıq əsər yaradanbu əsərlərin hər biri ilə müxtəlif ovqat aşılayan rəssamı, ola bilsin, tamaşaçıların əksəriyyəti tanımır. Bu da tam təbiidir. Çünki çox zaman insanlar lal axan yeraltı çaylardan xəbərsiz olurlar. Təbiətə, canlıya, bitkilər aləminə həyat verən isə sakit, lal axan çaylardır... N.Hüseynovu Azərbaycan təsviri incəsənətində lal axan, lakin böyük fayda verən çaya bənzətmək olar. Ümumiyyətlə, ən gözəl, məzmunlu əsərləri elə sakit təbiətli, öz dünyası ilə baş-başa qalmağı sevən, az danışan sənətkarlar yaradırlar. Sərginin açılışından əvvəl N.Hüseynovun sənət dostları dedilər ki, o çox narahatdır və sərgiyə tamaşaçıların gəlməyəcəyindən qorxur... Ancaq yüksək təşkilatçılıq sayəsində N.Hüseynovun fərdi sərgisinə çoxlu sayda tamaşaçı gəlmişdi. Bəli, Çaylıda sakit bir aləmdə əsərlər yaradan N.Hüseynovun fərdi sərgisində Azərbaycan təsviri incəsənətinin çox tanınan simaları iştirak edirdilər. Bu da, təbii ki, rəssama qol-qanad, ümid verirdi.

Şəhərdə “Nur ART Housun rəhbəri, tanınmış xalçaşünas Röya Tağıyeva N.Hüseynovun yaradıcılığını yüksək qiymətləndirərək bildirdi ki, o, qeyri-adi istedada malik bir rəssamdır. “Doğrudan da Nəcməddin müəllimin əsərləri fitrətdən yaranan, doğan əsərlərdir. Onun əsərlərindən bizim incə naxışların gözəl sədası gəlir. Hamı baxır, amma rəssam görür. O özü deyir ki, əsərlərində verdiyi gözəl, zəif cizgiləri bir zamanlar nənəsinin toxuduğu xalçaların rənglərindən, naxışlarından əxz edib. Onun əsərləri zəngin bir dünyadır. Siz bu sərgidə onun müxtəlif üslubda işlədiyi gözəl əsərlərini görürsünüz. N.Hüseynov ilk dəfə Azərbaycanda şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssamdır. Bu onun bizim təsviri incəsənətə gətirdiyi bir dəst-xətdir”.

Onu da bildirək ki, N.Hüseynov ancaq şam tüstüsünün hisi ilə deyil, həm də şəkər tozu ilə maraqlı əsərlər yaradır.

N.Hüseynovu professional rəssam kimi kəşf edən, onun əsərlərinə xüsusi dəyər verən görkəmli sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də sənətkar haqqında olduqca maraqlı fikirlər bildirdi: “Bakının mərkəzində N.Hüseynovun yaradıcılıq hesabatına şahidlik etmək hər birimiz üçün çox xoşdur. Biz əsasən Bakıda yaşayan rəssamların sərgilərini təşkil edirik, ancaq əyalətlərdə  bilavasitə yaradıcılıq həyatı yaşayan rəssamlara elə dəstək ola bilmirik. Bölgədə yaşayıb və əsl yaradıcılıqla məşğul olmaq çox çətin məsələdir. Çünki oranın aurası Bakı ilə eyni deyilbu səbəbdən də bəzən rəssam yerli zövqə tabe olur. Ancaq görürük ki, Nəcməddin kiminsə arzusuna, istəyinə boyun əyən sənətkar deyil”.

N.Hüseynovun çəkdiyi “Müharibəli Novruz” əsərinin yüksək məziyyətlərini qeyd edən Z.Əliyev dedi ki, bu əsərdə müharibənin qaynar çağında səngərdə səməni göyərtmək istəyən əsgərlər təsvir edilir:Novruz bayramı ərəfəsində əsgərlər səməni göyərtmək istəyirlər. Lakin müharibə onların bu istəyinə mane olur. Bu halda, əsgərlər bir dəstə yaşıl rəngə çalan gülləni səməni formasında bir yerə toplayıb ortasına qırmızı parça bağlayırlar. “Müharibəli Novruz” əsərində bu hadisə təsvir edilib. Mən “Müharibəli Novruz” əsərini QarabağNovruz mövzusunda çəkilən ən gözəl əsər hesab edirəm”.

Xalq rəssamı Arif Hüseynov da çıxışında bildirdi ki, N.Hüseynovun əsərlərinin paytaxtda sərgisinin təşkil edilməsi onun yaradıcılığında mühüm hadisədir. A.Hüseynov qeyd etdi ki, bir neçə dəfə Qazaxda N.Hüsenovla görüşüb, onun yaradıcılıq işləri ilə tanış olub. N.Hüseynovun sərgisinin bir neçə dəfə QazaxAğstafada sərgiləndiyini deyən A.Hüseynov bildirdi ki, o, 4000-dən artıq əsər çəkib və bu əsərlərin heç birində əyalət ruhu hiss olunmur.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, N.Hüseynovun tələbə yoldaşı Oqtay Əliyev isə çıxışında sərgiyə qatılan hər kəsə təşəkkür etdi. O bildirdi ki, N.Hüseynov tələbəlikdən sakit, özünə qapanan, ancaq yaradıcılıqla məşğul olan bir insan olub. “Nəcməddin sakit təbiətli, ancaq öz işi ilə məşğul olan bir tələbə olub. Bu gün o, zəhmətkeşliyi sayəsində çox gözəl əsərlər yaradıb. O, Qazaxda yaşayır və burada öz gözəl əsərlərini yaradır. Nəcməddin deyir ki, rəng olmayanda elə bilirəm evdə çörək yoxdur. Birdeyir ki, rəng tapanda çörək tapmıram, çörək də tapanda rəng tapmıram. Mən istəyirəm ki, hər birimiz N.Hüseynovun yaradıcılığının təbliğinə dəstək göstərək, onun əsərlərinin burada satılmasına köməklik edək. Burada tələbə yoldaşlarımız da iştirak edirlər, hər birimiz Nəcməddinin sərgisinin açılmasına çox sevinirik. O, sərgi öncəsi çox narahat idi ki, birdən sərgiyə gələn olmaz, amma görün nə qədər adam gəlib”.

Uluslararası Aktivist Sənətçilər Birliyinin rəhbəri, tanınmış rəssam Nəvai Mətin də eloğlusunun fərdi sərgisinin  açılmasını sevinclə qarşıladı. O, N.Hüseynova rəhbərlik etdiyi qurumun xüsusi diplomunu verdi.

Qeyd edək ki, N.Hüseynovun “Nur ART Hous”da təşkil edilən fərdi sərgisi iyunun 23-də başa çatacaq.

 

İradə SARIYEVA            

 

Bakı xəbər.- 2018.- 23-25 iyun.- S.13.