Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri…

Kino bəzən həyatın özünə bənzəyir. Hərdən elə maraqlı hadisələrlə rastlaşırıq ki, “elə bil kinodur” deyib onu kinoya oxşadırıq. Kino onilliklərdir insanları öz cazibəsində saxlamaqda davam edir.

120 illik tarixi olan Azərbaycan kinosu da dünya kinosunun bir parçası olaraq öz cəlbediciliyini və təsir gücünü qoruyub saxlamağı bacarır. Bəzən xoş güzaran, bəzən isə ağır, məşəqqətli tale yaşayan Azərbaycan kinosu 1 əsrdən artıqdır öz mövqeyini dəyişməyib. Dəyişə də bilməzdi. Mayasında azərbaycançılıq qayəsini yaşadan Azərbaycan kinosu yarandığı gündən nə qədər sağa-sola çəksələr də, səmtini dəyişmək istəsələr də, yenə də milli düşüncəyə, vahid dövlətçilik ideologiyasına xidmət edib. Sözsüz ki, hər bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliklə bağlıdır. Sənət milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməlidir. Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb.

Belə demək mümkünsə, Müsəlman Şərqində kinonun ilk yarandığı ölkə Azərbaycandır. Belə ki, Azərbaycanın kino tarixi 1898-ci il avqustun 2-dən başlayır. Ölkəmizdə ilk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilib: “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və bir bədii kinosüjet - “İlişdin”. Qeyd edək ki, Azərbaycanda ilk kino çəkildikdən iki il sonra, yəni 1900-cü ildə İranda kino sənətinin əsası qoyulub, Türkiyə kinosunun tarixi isə 1914-cü ildən başlayır.

Bu baxımdan yanaşdıqda, bəli, Azərbaycan Şərq kino tarixində ilkə imza atan ölkədir. Qeyd edək ki, Azərbaycan kinosunun yaranma tarixi uzun müddət 1915-ci ildən götürülüb. Milli kino tariximizi yazan mütəxəssislər hesab edirdilər ki, M.Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında rejissor Boris Svetlovun ekranlaşdırdığı eyniadlı film Azərbaycanda ilk film olub. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonar, bir sıra sahələrdə olduğu kimi, kino sahəsinin tədqiqi sahəsində də yeni üfüqlər açıldı və araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanda kino çəkilişlərinin tarixi XIX əsrin sonu ilə bağlıdır.

Bildirək ki, 1915-ci ildə Tiflisdə çəkilən “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayırdı. Azərbaycan kinosu keçən əsrin 10-cu illərində kövrək addımlarla irəliləyirdi və artıq kinomuzda janr müxtəlifliyi yaranmağa başlayırdı. 1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilir. Bundan 3 il sonra, 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Təbii ki, Cumhuriyyətimiz xain əllərlə beşiyində boğulmasaydı, Azərbaycan kinosu tamamilə başqa bir istiqamətdə inkişaf edə bilərdi.Azərbaycan kino tarixinin böyük bir dövrü Sovet illərinə təsadüf edir. Sovet dövründə kino sahəsində bir sıra işlər görülsə də, burada müəyyən itkilərimiz də olub. Sözsüz ki, o dövrün kinosu bolşevizm ideologiyasına xidmət etməli, sosrealizmin tələblərini təbliğ etməyə çalışmalı idi. O illər kino sənət libaslı ideoloji maşına bənzəyirdi. Demək olar ki, kinomuz ancaq bolşevizm ideologiyasını yaymaq, təbliğ etmək, onu zəhmətkeş kütlələrə çatdırmaq məqsədi güdürdü. Təbii, kino xadimləri milli kinonun izlərini, rüşeymlərini yaşatmaq, məhv olmaqdan qorumaq üçün bolşevizm təbliğatına dəstək verirdilər. Dövrün tufanları, zamanın təlatümləri kinomuzdan milli hissləri silməli deyildi. Bunu Azərbaycan kinematoqrafları öz düşüncələrində yaşadırdılar. Bir sıra ideoloji filmlər var ki, orada da kinematoqraflarımız Azərbaycan mədəniyyətinin, adət-ənənəsinin, folklorunun, yaşamının, tarixinin zərrələrini əks etdiriblər. 

 

Qeyd edək ki, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s. kinoteatrlar da var idi.1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V.Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməyiblər. Mütəxəssislər bildirirlər ki, Şərq ritmləri, rəngləri o qədər zəngin və cəlbedicidir ki, ondan yayınmaq mümkün deyil.Azərbaycan kino sənətində milli kadrların hazırlığına keçən əsrin 20-ci illərinin ortalarından başlanıb. Məlumatlara görə, Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edilib. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxuyublar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R.Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunublar, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb ediliblər. AFKİ sonralar, 1926-1930-cu illərdə “Azdövlətkino”, 1930-1933-cü illərdə “Azərkino”, 1933-cü ildə “Azfilm”, 1934-cü ildə “Azdövlətsənayesi”, 1935-1940-cı illərdə “Azərfilm”, 1941-1959-cu illərdə “Bakı Kinostudiyası”, 1961-ci ildən isə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası adlanır.Azərbaycan kinosunun XX əsrin 20-ci, 30-cu, 40-cı illəri dövründə filmlər daha çox müasir həyatdan götürülən mövzular əsasında çəkilir, tarixi-inqilabi ruh önə çəkilirdi. Bu illərdə çəkilən “Lətif”, “İsmət”, “Almaz” və “Yeni horizont”, “Bakılılar”, “Kəndlilər” filmləri dövrün mənzərəsini açıq şəkildə ifadə edir. Bu filmlər ideoloji dəst-xətti əks etdirsə də, burada milli aktyorlarımızın bənzərsiz ifası, rejissorlarımızın potensialı, gücü, istedadı gözdən qaçmır. Bu gün o filmlərə sırf sənət gözü ilə baxdıqda orada işlədilən yaradıcılıq texnikasına heyrət etməyə bilmirsən. Bəli, o rejissorlar o filmləri çəkməsəydilər, yəqin ki, adlarını kino tariximizə yaza bilməzdilər. Bu mənada kı, onlar “millətçi”, “pantürkist” kimi sürgünlərə göndərilə bilərdilər. Azərbaycan kinosunun yaşaması üçün mücadilələr verən bu insanların ruhu hər zaman rəhmətlə anılır.Azərbaycan kinosunun inkişaf mərhələlərini təhlil etdikcə, qarşımıza olduqca maraqlı faktlar çıxır. Bilirik ki, müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Son illər kino ilə bağlı böyük işlər görülüb, yeni filmlər çəkilib. Ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlar kinonun bütün sahələrinin problemlərinin aradan qaldırılmasına səbəb olub.Bəlli olduğu kimi, 2008-ci il avqustun 4-də cənab Prezidentin sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlandı. Kinoda yeni inkişaf tendensiyası yarandı. Bu həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda dövlət sifarişi ilə saysız sənədli və bədii film çəkilib. Son on ildə çəkilən filmlərdən "Mən evə qayıdıram", "Dolu", "Sübhün elçisi", "Qırmızı bağ", "Qisasını alıb öl", "Qorxma, mən səninləyəm-2" kimi ekran nümunələrini qeyd edə bilərik. Çəkilən filmlər müxtəlif mövzu və janrda istehsal olunur. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak ediblər. Təkcə ötən il gənc kinematoqraflarımızın çəkdiyi qısametrajlı bədii filmlər 30-a yaxın beynəlxalq kinofestivalda göstərilib.64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub. Londonda keçirilən "XV Rainbow" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filmi "Ən yaxşı bədii film" nominasiyasında mükafatlandırılıb.

Kinoşünaslar bildirirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq.

 

Ekspertlər bildirirlər ki, milli kinomuzun keçən illərdə çəkilən filmləri tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissilə baxırlar. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir.Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu. Kino ilə bağlı qəbul edilən dövlət proqramları kinomuzun qarşısında yeni üfüqlər açdı. Məlumdur ki, SSRİ dağıldıqdan sonra kinomuz çox acınacaqlı bir durum yaşamağa məhkum oldu. Sirr deyil ki, Azərbaycan kinosunu ən ağır bəladan xalqımızın böyük oğlu Heydər Əliyev xilas etdi. Sovet illərində milli ruhlu filmlərin yaranmasına açıq dəstək verən Heydər Əliyev sonrakı illərdə də kinonun hamisinə çevrildi.Müstəqillik dövrünün Azərbaycan kinosuna dövlətin göstərdiyi diqqət haqqında çox danışılıb, çox yazılıb. Müstəqillik dövrü Azərbaycan kinosu haqqında danışarkən çağdaş kinomuza verilən dövlət dəstəyini mütləq qeyd etməliyik. Özünün yeni dövrünü yaşayan Azərbaycan kinosunun xeyli uğurları var və yeni filmlər çəkilib. Dövlətin kinoya göstərdiyi davamlı maddi yardım sayəsində Azərbaycanda kino sənayesi yenidən qurulur. Artıq kinonun bir sıra vacib xətləri inkişaf etməkdədir.Müstəqil Azərbaycan inkişaf etdikcə, iqtisadi cəhətdən gücü artdıqca, bütün sahələrlə yanaşı, mədəniyyətə, onun vacib qollarından biri olan kinoya da diqqət, qayğı artırıldı. Azərbaycan kinosu son on-on beş ildə inkişaf relsinə düşdü. Ümidi tükdən asılı olan kino adamları bu qayğı sayəsində dirçəldi, yeni yaradıcılıq planlarını reallaşdırdılar. Çoxları güman edirdi ki, Azərbaycan kinosu taqətdən düşüb və o bir daha ayağa qalxa bilməyəcək. Lakin dövlətin göstərdiyi güclü dəstək nəticəsində kinonun büdrəyən dizi gücləndi və irəliyə addımlamağa başladı. Son on beş il ərzində Azərbaycan dövlətinin kinoya qoyduğu vəsaitin məbləği davamlı şəkildə artırılır.Milli kinomuz Sovet dövrü ilə müqayisədə bu gün daha çox inkişafa nail olub. Çünki çəkilən filmlər artıq milli məfkurəyə söykənir, azərbaycançılığı, milli birliyi əks etdirir. Son illər milli ruhda çəkilən filmlər kino tariximizin aktivinə yazılıb.120 ildir Azərbaycan kinosu nəfəs dərmədən yol gəlir. Bu illər ərzində kinomuzun qazancı çox olub. Ən böyük qazancı isə dövlət qayğısı və tamaşaçı məhəbbətidir.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 23 may.- S.- 15.