Tarixdə iz buraxanlar: Fyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821-ci ildə Moskvada anadan olub. Atası Mixail hərbi cərrahlıqdan təqaüdə çıxdıqdan sonra Marinski xəstəxanasında yoxsullara xidmət etməyə başlayıb. Xəstəxana Moskvanın ən pis yerlərindən birində yerləşirdi. Dostoyevski də bu xəstəxanada dünyaya gəlib.Fyodorun atası olduqca sərt bir adam idi və ailəsini sərt bir intizam altında idarə edirdi. Çox tez əsəbiləşər, uşaqları isə qaçacaq yer axtarardılar. Mixailin başqa bir xüsusiyyəti də xəsisliyi idi. Vəziyyətinin yaxşı olmasına baxmayaraq, uşaqları 16-17 yaşına gələnə qədər onlara cibxərcliyi belə verməyib. Anası Mariya uşaqları ilə yaz aylarını Tulada keçirərdi. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış olur və onlara bağlanır. Bu tanışlıq uşağın gələcəkdəki həyatına çox dərin təsir edəcəkdi.

Dostoyevski uşaqlığını çox vaxt sərxoş ata və xəstə ana yanında keçirib. Atasının işlədiyi xəstəxanadan olan xəstələrlə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Fyodor ilk təhsilini Moskvada alıb. Anası vərəm xəstəliyindən öldüyü zaman o, sərt intizamı ilə məşhur olan Peterburq Mühəndis məktəbinə gedir. Əsəbi və həddindən artıq həssas bir xasiyyətə malik olduğu üçün dostlarının “Alovlu Fedya” ləqəbini verdiyi Dostoyevski Peterburqda zamanını kitab oxuyaraq, qeyri-adi düşüncələrə dalaraq, ya da qardaşı Mixaillə söhbətləşərək keçirib. Peterburq Mühəndis məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirən Fyodor kiçik leytenant rütbəsilə Peterburqda İstehkam müdirliyində çalışmağa başlayır.Dostoyevski özü üçün heç bir mənası olmayan bir həyata başlamışdı, maaşına və torpaq payından götürdüyü illik 5.000 rublluq gəlirə qarşılıq davamlı çətinlik içində idi. Çünki bilyard oynamağa maraq salmışdı və həmişə uduzurdu. Həyatı boyunca avara həyatı keçirməsi səbəbilə son illərdə kitablarından təmin etdiyi gəlirin xaricində həmişə yoxsulluq içində yaşadı.Bu qəribə həyat tərzinə və davranışlarına qarşılıq onun həyatını başdan-başa dəyişəcək bir hadisə isə yetişməkdə idi. Ədəbiyyatla maraqlanmağa başlamışdı və işə Balzakın Euqenle Grandetsini rusçaya çevirməklə başlayır. Ordudakı həyatdan da artıq sıxılmışdı. Böyük qardaşına yazdığı məktubda “Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm” deyə yazmışdı. Sonrakı ildə daha çox dözə bilməyərək tutduğu vəzifədən istefa edir. Qərarını qardaşına məktubla xəbər verərkən belə yazırdı: “Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq...”Roman yazmağa başlayan Dostoyevskinin ilk kitabı olan “Bədbəxt insanlar” ilk olaraq 1846-cı ildə nümayiş olundu. O, romanını məşhur bir ədəbiyyat jurnalında yayınlatmağı ümid edirdi, fəqət aradan bir il keçdiyi halda jurnalın rəhbərliyi ona, əhəmiyyətli dəyişikliklər etmədikcə, onun əsərini nəşr etməyəcəyini bildirirdi. O da istənən dəyişiklikləri etmək yerinə, əsəri özü nəşr etdirməyi qərarlaşdırdı və qazanacağı pulla borclarını bağlaya biləcəyi ümidilə 1846-cı ildə “Bədbəxt insanlar” adlı kitabını nəşr etdirdi. Kitabı oxuduqdan sonra zamanın usta tənqidçilərindən biri ona bir məktub yazaraq: “Siz problemin ruhunun ən dərinliklərinə girmiş və bir neçə xətdə böyük bir gerçəyi ortaya qoymuşsunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz”– deyirdi.

Dostoyevski bu kitabı, cəmiyyətinin mərhəmətsiz qaydalarında yaşlı bir adamın yetim bir qıza bəslədiyi sevgini iç dünyasındakı dərin qarşıdurmalarla yazdı. Xalqın rəğbətilə qarşılanan bu kitab təngidçilərdən də təriflər gördü. Belə ki, məşhur tənqidçi Belinski bu romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söylədi. Tanınmış şair Nikolay Nekrasov Dostoyevski haqqında “Yeni bir Qoqol doğuldu”– deyərək səsini ucaltdı.Dostoyevski qısa bir zamanda şöhrətinin zirvəyə çatdığını gördü. Böyük qardaşına, “Hər şey sanki bir möcüzə kimi oldu,”– deyirdi. Fəqət şöhrətə qovuşduqdan sonra yaxşıca həyasızlaşaraq özünə heyran olan insanlara sərt şəkildə davranan Dostoyevskinin bu hərəkəti, kasıb təbəqədən gəldiyi üçün lağ edilməsinə və gözdən düşməsinə səbəb oldu. Təcavüzkar hərəkətləri nəticəsində tənha qalan yazarın borcları başına dərd oldu. Bu səbəbdən də yazmağa kafi zamanı ayıra bilməz olmuşdu. İlk müvəffəqiyyətini təkrar tuta bilməyəcəkmiş kimi görünürdü. Ədəbiyyat dünyasının özünə qarşı yuxarıdan aşağı baxan tutumu isə artaraq davam etməkdə idi.1846-cı ildə “Oxşar” adlı romanı nümayiş olundu. Yazıçı bu romanda özünü ortadan qaldırmağa çalışan bənzərilə davamlı qarşıdurma halında olan bir məmurun hekayəsini yazırdı. Bu romanda qələmə aldığı cüt şəxsiyyət mövzusunu daha sonra bəzi romanlarında istifadə etsə də roman, Belinski daxil olmaqla, heç bir tənqidçi tərəfindən bəyənilmir. Tənqidçilər romanı sıxıcı adlandırdılar. 1847-ci ildə isə “Ev sahibəsi” adlı əsəri nümayiş olunur. Dostoyevski bu əsəri ilə də gözlədiyi təriflərin əksinə tənqidlərlə qarşılaşır. O, keçirdiyi kədərdən xəstələnir. Ancaq yazıçılığı buraxmayan Dostoyevskinin 1848-ci ildə “Bəyaz gecələr” və “Bir kövrək ürəkli” adlı kitabları işıq üzü görür. “Bir kövrək ürəkli” kitabı yazıçıya etibarını yenidən qazandırsa da, gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən Dostoyevski ümidini itirir. Yazıçılıqdan ümidini üzən Dostoyevski siyasətlə maraqlanmağa başladı və liberalların qrupuna daxil olur.

23 aprel 1849-cu ildə Çarlıq polisi tərəfindən həbs olunan Dostoyevski qrupun digər iyirmi üzvü ilə birlikdə dekabr ayının 22-də Semyonevskə aparılır. Güllələnəcəyi zaman ölüm cəzasının həbs cəzasına çevrilməsilə Omska qöndərilir. O burada dörd il böyunca çəkdiyi ağrıları 1861-ci ildə nəşr olunan “Ölü evdən qeydlər” adlı kitabında izah edir. 1854-cü ildə həbs cəzasından azad olduqdan sonra ər rütbəsi ilə hərbi xidmətə təyin olunan Dostoyevski burada olan Alayın Yeddinci Xətt Batalyonunda beş il xidmət edərək zabitliyə qədər yüksəlib. Azadlığa qovuşduqdan sonra o, Peterburqa dönür, qardaşı Mixail və dostu N.N.Strabov ilə birlikdə “Vremya” adlı jurnalı hazırlayır və yazdığl yazılarla yenidən tanınır. Bu zaman onun “Gizlindən Qeydlər” kitabı nəşr olunur, yeni bir dahilik ortaya çıxır.Bu sırada Dostoyevski “Cinayət və cəza” adlı kitabı üzərində işləyirdi və fikrini dağıtmamaq üçün Viesbadenə getmişdi. “Cinayət və cəza” kitabı 1866-cı ildə hissələr halında nəşr olunur. Bu səbəblə maddi sıxıntıdan xilas ola bilər, bolluğa qovuşa bilərdi, fəqət bunun yerinə daha da pis vəziyyətə düşür. Çünki kitabı müxtəlif reaksiyalarla qarşılaşır. Dövrünün çox irəlisində yazan yazıçı heç cür tam olaraq başa düşülmür. Dostoyevski qardaşı Mixailə göndərdiyi bir kitabda kitab haqqında belə yazırdı: “Mövzu həqiqətən çox gözəldir. Qəhrəmana gəlincə, bu günə qədər heç sınanmamış bir adamdır. Amma bu günün Rusiyasına baxacaq olsaq, belə bir adam qarşımıza tez-tez çıxmaqdadır. Xalqın başındakı yeni fikirləri anlayaraq bu nəticəyə gəldim. Elə hiss edirəm ki, yeni fikirlər və mövzularla döndüyüm zaman romanımı genişlətməkdə müvəffəqiyyətli olacağam. İnsan yaxşı olanın xaricində heç bir şey etməməlidir”.“Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikov belə bir sınağa çəkilir: O, cinayət törədir, qoca sələmçi qarını öldürüb, qarət edir. Bu hadisədən sonra Raskolnikovun ruhi aləmində kəskin dəyişikliklər baş verir və o, öz ideyasına da, hərəkətlərinə də, insanlara da sanki başqa nöqteyi-nəzərdən baxmalı olur. Raskolnikovun cinayəti ehtiyac ucundan və adi qarət məqsədi ilə törədilən cinayət deyildir. Onun əsasında ideya və bu ideyanın həlli cəhdi dayanır. Raskolnikovu narahat edən, onu özünə tabe edən ideyanın mahiyyəti belədir: İnsan müəyyən müsbət, xeyirxah, ədalətli bir məqsədin həyata keçirilməsi naminə özünə kiçik bir cinayət rəva görə bilərmi? Qarını – bu gün-sabah onsuz da dünyasını dəyişəcək bu gərəksiz insanı, – ödürüb onun var-dövlətinə sahib olmaq, özünü həyatda təsdiq etmək və bu kiçik cinayətin müqabilində çoxlu xeyirxah iş görməklə, ismətini satan cavan qızları xilas etməklə öz günahını yumaq olarmı? Yəni bir cinayətin əvəzinə min xeyirxah iş görməklə mənəvi məsuliyyətdən azad olmaq olarmı? Raskolnikov məntiqi şəkildə belə nəticəyə gəlir ki, olar. Fəqət duyğular səviyyəsində öz qəlbinin səsinə qulaq asaraq hiss edir ki, olmaz. Ağlın və məntiqin qəbul etdiyi həqiqəti insan qəlbi və insan mənəviyyatı qəbul etmir. Raskolnikov, bir növ, odla su arasında qalır. Bu ziddiyyəti həll etmədən, bu ideyanı sona çatdırmadan o, rahatlıq tapa bilmir. İdeya onu bu hərəkətə vadar edir, qəlb isə ona bu yoldan imtina etməyi rəva bilir. Qəhrəman ideyası ilə mənəviyyatı, ağlı ilə öz ruhu arasında çaşqınlıq içində iztirab çəkir. Bu, uzun və əzablı yoldur. Bu yolla Raskolnikov necə irəliləyəcək, hansı nəticəyə gəlib çıxacaq – bütün bu suallar cavabsız qalır, çünki Dostoyevskinin romanı burada tamamlanır. Raskolnikovun cinayəti nədədir, onun cəzası nədən ibarət oldu? Qarının öldürülməsi və Raskolnikovun Sibirə sürgün edilməsi – bunlar cinayətin və cəzanın hüquqi ifadələridir. Dostoyevski isə belə hesab edir ki, hüquqi cəzadan da ağır bir cəza vardır ki, o da mənəvi işgəncələrdir, yəni insanın öz-özünü ittiham etməsi və cəzalandırmasıdır. Bu ruhi cəza heç nəylə müqayisə olunmayacaq dərəcədə ağır cəzadır. Fəqət ədalətli cəzadır, çünki insanı saflığa, haqqa, məhəbbətə doğru aparır.Ümumiyyətlə, Dostoyevski belə hesab edir ki, bütün ziddiyyətlərin və bütün problemlərin həlli insandan, insanın mənəvi kamilləşməsindən keçir. İnsanın da həyatdakı ən böyük qələbəsi onun özü üzərindəki qələbəsidir. Özünə qalib gələn insan kamil insandır. Özünün, öz ehtiraslarının, təmənnalarının qulu olan insan azad sayıla bilməz. Azadlığın yolu insanın özü üzərindəki qələbəsindən keçir.Dostoyevskinin qəhrəmanı bu yolun haqq yolu olduğunu duyur və həmin yola qədəm qoyur.Fyodor Dostoyevskinin həyatının zirvə romanı olaraq “Karamazov qardaşları” adlı romanıdır. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin nümunələrindən olan “Karamazov qardaşları” XX əsrin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olub. Bu roman Dostoyevskinin digər romanlarında inadla işlətdiyi detektiv texnikasının ən gözəl nümunəsidir. Bu romanda diqqətə layiq çox şey var.

Dostoyevski realizminin əsasında insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxsiyyətin faciəsi dayanır. Belə şəxsiyyətlərdən biri oxuculara təqdim olunan “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovdur. Yazıçı humanist niyyətlərini şər yolla həyata keçirməyə cəhd edən qəhrəmanının tutduğu yolu inkar edir və çıxış yolunu insanın həqiqətlə barışmasında görürdü.

Dostoyevskiyə görə, hüquqi cəzadan daha ağır olan bir cəza var ki, o da insanın mənəvi işgəncələrlə öz-özünü ittiham etməsi və cəzalandırmasıdır. Bu mənada bütün ictimai, mənəvi problemlərin həlli insanın mənən kamilləşməsindən, öz ehtirasları üzərində qələbəsindən keçir.

XX əsrin böyük rus yazıçısı, rus milli ruhunun dərin ifadəçisi Fyodor Dostoyevski 1881-ci il fevral ayının 9-da vəfat edib.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2018.- 26-29 may.- S.15.