Şəhid ocağının işığı

Şəhidin qardaşı Yalçın Seyidov 1976-cı ildə dünyaya gəlib. İlkin şəhid olan zaman onun 16 yaşı olub. Həmin günü belə xatırlayır: Səhər həyətimizə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri və təcili yardım maşını gəldi. Məsələnin nə yerdə olduğunu məhəllədə anladım, ilk anama zəng vurdum, yaralanıb dedim. Anam gələrkən qonşuların həyətdə bir yerə toplanmasından anladı qardaşımın şəhid olduğunu və bayıldı.Qardaş faciəsini yaşamaq çox ağırmiş... çəkməyən bilməz. İlkin sağkən arxamda möhtəşəm bir dağ dayandığını zənn edirdim. Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü, sağlam, idmançı, qorxmaz olmasıyla qürur duyur, dostlarımın həsədini hiss edirdim. Ağlıma da gətirmədiyim o müdhiş hadisə həyatımı alt-üst etdi. Aldığım bəd xəbərlə arxamdakı nəhəng dağın necə çökdüyünü gördüm. İçimdə qorxunc bir boşluq yarandı. Gələcəkdəki arzularımın çoxu onunla bağlı idi. Sabahlarımı onun məsləhətləri ilə ölçüb-biçirdim. İki qardaş o qədər birgə xəyallar qurmuşduq ki, indi də xatırlayanda özümə yer tapa bilmirəm. Əminəm ki, o sağ olsaydı, həyatımız indikindən tamamilə fərqli olacaqdı...Onun üçün qəribsəyəndə qaçıb gedirəm Şəhidlər Xiyabanına, xəyalən dərdləşib, onun təsəllisini alıram. Amma bu təsəllidə bir az təmkin, bir az da soyuqqanlılıq var, əvvəllər isə qardaşım od-alov parçası idi...Onunla həmsöhbət olarkən hiss edirəm ki, dünənimdə qalan İlkinlə indi Xiyabanda həmsöhbət olduğum İlkin arasında bir zaman fərqi var. Qardaşım indi müdrikləşib, dünyaya şəhidlik zirvəsindən baxır və mənim onu anlamam üçün onun zirvəsinə qalxmam lazımdır...Dəqiq əmin olduğumsa budur ki, Vətən hansı an çağırsa, mən də qardaşımın zirvəsinə doğru gedən yolu keçməyə hazıram! Yalçınla söhbət edirik. Qardaşının şəhidliyindən illər sonra onun doğum günündə Yalçının ata olması - oğlunun doğulması da təsadüf deyil bəlkə... Bununla Yaradan Rəhilə anaya Vətənə bağışladığı şəhid oğlunun əvəzinə bir sağlam oğul nəvə bəxş eləmişdi və adını İlkin qoydular. Əmisinin üzünü görməməsinə baxmayaraq, hərəkətləri, davranışı, vətənpərvərliyi, yurd, torpaq sevgisi şəhid İlkinin eynidir, deyirlər. Həm də indi əmisinin yolunu davam etdirərək dövlətçiliyin qorunmasında əməyini, biliyini sərf etmək üçün Milli Aviasiya Akademiyasında təhsil alır.Yalçın danışdıqca diqqətlə onun üzünə baxır, simasında İlkinin cizgilərini axtarıram. Elə səmimi, ütüsüz danışır ki, istər-istəməz insanda ona rəğbət oyanır. Üzündəki o sadə, məsum ifadə, danışığındakı bir az ötkəmliklə, içindəki vulkanı nizamlayan təmkinlə onunla - “tanış olduğum” gündən bəri fotosundan “çıxıb gələrək” mənimlə söhbət edən İlkinə çox bənzərlik görürəm. Qəlbindəki ilə dilindəkinin bir olduğu, ürəyindəki təpər, mərdanə manerası o qədər əminlik yaradırdı ki məndə, düşünürdüm ki, belə oğullar vətənə arxa ola bilir. Belə oğullara güvənib vətəni, sərhədlərimizi onlara əmanət etmək olar. Elə uzun müddət Naxçıvan DİN-də qulluq etməsi də təsadüfi deyil Yalçın Seyidovun. O danışdıqca İlkini düşünürdüm. Əgər sakit təbiətli özündən kiçik qardaşı hər şeyə rəğmən bu qədər vətənsevərsə, onda coşqun, dəliqanlı İlkinin necə biri olduğunu onunla müqayisədə təsəvvür edirdim.üstə, Şəhidlər Muzeyinə, İlkinin oxuduğu məktəbə gedərkən onun qonaqlar üçün nə qədər narahat olduğunu gördükcə bu insanların, yəni naxçıvanlıların  qonaqpərvərliyinə, qonağa diqqətinə, qayğısına bir daha əmin olurdum. Bu ailədəki sakitlik, bir-birinə qayğı ilə yanaşmaq, böyük-kiçiyin yerini bilmək kimi nümunələri gördükcə sevinirdim ki, əski adət-ənənələrimizi yaşadan ailələr hələ var. Qaynatasının qulluğunda can-başla duran gəlini Gülşəni, oğlu Yalçını, nəvəsi Amini, həyat yoldaşı Rəhilə xanımı, kimsəyə əziyyət vermədən ehtiyaclarını özü həll etmək istəyən ağır xəstə atanı müşahidə etdikcə bu ailənin təməlində adət-ənənəyə hörmətlə bərabər, soydan, kökdən, seyid nəslindən gələn bir əsillik də olduğunun fərqindəydim. Hər kəs bir-biriylə sakit danışır, bir-birinə mehriban müraciət edirdi. Bu sakitliyin, mehribançılığın kökündə ailə tərbiyəsinin, ailə təməlinin möhkəmliyi dayanırdı. Ümumiyyətlə, insanlar niyə qışqıraraq danışırlar? Hirslənəndə nədən yüksək səslə danışırıq? Türkiyə yazarı Hakan Menküçün yazdıqlarını oxuyuram: Yaşlı bir müdrik öyrənciləri ilə gəzərkən çay kənarında hirslə bir-birinə bağıran bir ailə görür. Şagirdlərinə dönüb: Nədən insanlar hirslə bir-birlərinə bağırırlar deyə soruşur. Şagirdlərdən biri: Çünki hirslənəndə sakitliyimizi itiririk deyir. Bunu dinləyən müdrik, amma acığımız tutan insan yanımızdadırsa niyə bağırırıq ki? Ona sözümüzü, fikrimizi daha alçaq bir səslə çatdıra biləcəyimiz halda niyə o qədər yüksək səslə bağırırıq? Şagirdlərdən səs çıxmayınca müdrik izah etməyə başlayır: İki insan bir-birinə hirsləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşar. Bu uzaq məsafədən qəlblərinin səsini bir-birinə eşitdirmək üçün bağırmaq məcburiyyətində qalırlar. Nə qədər çox əsəbləşərlərsə, arada açılan məsafəni qapatmaq üçün o qədər bağırmaları gərək olur. Bəs iki insan bir-birini sevdiyində nolur? Bir-birinə bağırmaq yerinə sakitcə danışırlar. Çünki qəlblər bir-birinə yaxındır. Arada məsafə ya yoxdur, ya da çox azdır. Yaxşı, iki insan bir-birini daha da çox sevərsə nə olur? O zaman artıq danışmazlar, sadəcə pıçıldaşarlar. Çünki qəlbləri bir-birinə daha da yaxınlaşmışdır. Artıq bir müddət sonra danışmalarına belə gərək qalmaz, sadəcə bir-birlərinə baxmaq yetərli olar. Budur bir-birini gerçək anlamda sevən iki insanın yaxınlığı, yaxud insanların. Daha sonra müdrik öyrəncilərinə baxaraq belə davam edir: Buna görə də mübahisə etdiyiniz zaman aranıza məsafə girməsinə imkan verməyin. Aranıza məsafə yaradacaq sözlərdən uzaq durun. Əks halda məsafənin artdığı elə bir gün gələr ki, geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu tapa bilməzsiniz. Hirs külək kimidir, bir müddət sonra sakitləşər, amma artıq bir çox budaqları qırmışdır... Budaqlarınız qırılmadan sevginizin qiymətini bilin!Bəli, İlkin Seyidovun ailəsi belə bir ailədir – ailə bağının, ailə birliyinin, ailədə bir-birinə sevginin dəyərini, qiymətini bilən bir ailə. Və İlkinin vətənsevərliyi, təəssübkeşliyi, torpağı üçün canını verməsi təsadüf ola bilməzdi çünki, belə bir mühitdə doğulmuşdu, tərbiyə almışdı, o ruhda böyümüşdü. Atalar boşuna söyləməyiblər ki, ot kökü üstə bitər.

Təbii ki, bəzən istisnalar olur, nankor, naxələf övladlar da çıxa bilir belə ailələrdən...

***

Dərdin də, sevincin də şəriki - qonşu

Yaxın qonşu, uzaq qohumdan irəlidir - belə deyiblər dədə-babadan. Ən əziz adam yaxın qonşun olur çox zaman. Qohumun başına gələndən xəbər tutub gələnə qədər qonşu artıq hayına çatmış olur. Belə məsəl də var ki: “Qonşun pisdir, köç, qurtar”. Yəni yaxşı qonşun yoxdursa, yaşam da çətin olur (erməni qonşularımız ən sınanmış nümunədir) .

İlkin Seyidovun yaşadığı binadakı qonşuların onu necə xatırlaması, yad etməsi də maraqlı idi mənim üçün. Bir evdə doğulub, bir elin oğlu olan şəhidimiz haqda qonşuların fikrini də eşitmək istədim. Bina təmir olunduğu üçün qonşuların çoxu ayrı-ayrı yerlərdə kirayə evlərdə məskunlaşmışdılar. Ən yaxında kirayədə oturan Əzimə xanıma baş çəkməli olduq. Qapını Əzimə xanım özü açır. Gözləri yaşlıdır. Jurnalistlərin gəlişini, İlkin haqqında soruşacaqlarını eşitdikdən bəri İlkinli günlər dəfələrlə gözləri önündən kino lenti kimi keçmişdi. Xatırladıqca həmişəki kimi bu yaraşıqlı cavanın dünyadan vaxtsız gedişinə yanıxır, göz yaşlarını tuta bilmirdi.

 Balaşova Əzimə xanımın 75 yaşı var, həyat yoldaşı gənckən rəhmətə gedib. 6 övladı, 15 nəvəsi, 6 nəticəsi var. Söylədiyinə görə, 1967-ci ildən o binada yaşayır.

- 1970-ci ildən Rəhiləgil bizə qonşu gəliblər, - deyir.

- İlkin gözümüzün qabağında böyüyüb. Vətən yolunda qurban getdi uşaq. Erməni torpağıma addım ata bilməz, deyirdi. Qeyrəti yol vermirdi onların belə özbaşınalığına, - Əzimə xanım qəhərlənir.

İlkinin anası Rəhilə xanım onun haqqında məlumat verir:

 

 - İllərdi birevli kimi, çox mehriban dolanırıq. Elə İlkinin yasında da qırx gün evin işlərini, qonaqları qarşilama-filan hər şeyi qonşum Mötəbər xala və Xuraman həll etdilər. Sənəddə adı Əzimədir, hamımız Xuraman deyirik.

 

Çox həyəcanlıdır Əzimə xanım. Sualları tam dinləmədən cavab verməyə tələsir. İlkin haqqında danışdıqlarını elə tələskənliklə söyləyirdi ki, sanki geciksə unudacaqdı.

- Gözümüzün önündə böyüyən uşaqdı. Çox tərbiyəli, qanacaqlı, cavan, hətta mən deyərdim, o yaşında müdrik bir insandı. Ata-anasına, qonşuya, dosta çox mehribandı. Dilindən kimsəni incitməzdi. Nə gün gördü ki... (ağlayır) təzə pöhrələnirdi. Hələ yeni başlayırdı həyatı anlamağa. Böyüdü- böyümədi mühairibə başladı...

 Yerində rahat otura bilmirdi. Ermənilərin bu xəyanəti onu haldan çıxarırdı. Naxçıvanda ermənilər də çox idi. Dinc yanaşı yaşayırdıq. Kim düşünə bilərdi ki, onlar gizlincə belə planlar qururlar. Bu yuxarı binada (əliylə göstərir) Robert adlı bir erməni yaşayırdı, poçtda işləyirdi. İlkin səngərdə onun əlində avtomat bizə qarşı döyüşdüyünü görmüşdü və bu onda arxadan iş görən xain düşmənə nifrəti ikiqat artırmışdı. Bax belə vicdansız, qansız millətdi erməni...

İlkin bizi elə kəskinliklə, əminliklə sakitləşdirir, rahatlatmağa çalışırdı ki: Erməninin ayağı Naxçıvana dəyə bilməz, Xuraman xala, biz canımızı verərik, amma Naxçıvanı vermərik erməniyə, - deyirdi. Elə də oldu, Naxçıvanı vermədi amma canını verdi, snaypernən necə vurmuşdular ürəyinin başından... (qəhər boğur Əzimə xanımı) gözümün qabağında... (yenə ağlayır) sözünü bitirə bilmir. Rəhilə xanım da ona qoşulur (elə mən də). Toxdayıb yenə davam edir: Həmin gün mən işdəydim. Dəmiryolunda işləyirdim, Bakıya, İmişliyə baxırdıq. Oğlum Coşqunla Yalçın gəldilər yanıma və oğlum dedi ki, ana İlkin şəhid olub, gətiriblər. İnan, bədənim əsdi, işlərimi yarımçıq atıb evə qaçdım...

 

Ağırdı... anası üçün daha ağırdı, amma İlkin elə oğuldu ki, hamımızı yandırdı onun gedişi. Anasına həmişə təsəlli verirəm, səbr diləyirəm, neyləyək, hamımız gedəcəyik, deyirəm. Amma o çox tez getdi. Ağır dərddir, dözmək çətindir.

 

  Ona, Xalq şairi Osman Sarıvəllinin təbirincə:

 

Vaxtsız ölənlərə biz ağlasaq da,

Təbiət ah çəkib ağlamamışdır;

Ömrün uzunluğu haqda bizimlə

Əcəl müqavilə bağlamamışdır.

 

- demək istəyirəm, amma heç bir təskinlik bala itkisininin yanğısını sərinlədə bilməz.

 

İlk vaxtlar dövlət tərəfindən, ictimai təşkilatlardan, yuxarılardan, müxtəlif yerlərdən, hətta məktəblərdən də çox gəlib-gedənlər oldu, sonra yavaş-yavaş seyrəldi gələnlər. Şəhidə görə təqaüd kəsdilər ailəyə. Amma hər il 20 Yanvarda şəhidlər anılır, başçıdan tutmuş idarə işçiləri, məktəblər, hətta bağça uşaqları belə, əllərində güllərlə xiyabana gəlib, şəhidləri ziyarət edirlər.

 

Oğlum da müharibə veteranıdır. 1993-də gedib, 1997-də evə qayıdıb. Vətən yolunda xidmətini əsirgəməyənlərin xatirəsi əziz tutulur Naxçıvanda, onlara dövlətin qayğısı böyükdür. Sədərək ərazisi erməniyə çox yaxındı. Həm də düşmənin burada mövqeyi yüksəklikdə yerləşdiyindən, bizim oğullara döyüşmək daha da çətinləşirdi. O cür ağır şəraitdə döyüşüblər bizim naxçıvanlılar. Sədərək qeyrət qalası oldu, bir namərdi içəri buraxmadı.

 

Haşiyə: Naxçıvana hər səfərimiz yaddaqalan, maraqlı hadisələrlə tarixləşir. Budəfəki səfərimiz xüsusilə önəmli oldu. Özü də təkcə bizim üçün deyil, bütövlükdə xalqımız, dövlətimiz üçün... Belə ki, hələ Naxçıvandan Şərura gedərkən yolboyu edilən söhbətlərdən öyrəndik ki, məhz həmin günlərdə Naxçıvandakı ordumuz uğurlu bir əməliyyat keçirib. Qısamüddətli və sürətli əməliyyat nəticəsində ermənilərin öz nəzarəti altında saxladıqları Cünnüt kəndi və yüksəklik  düşməndən təmizlənib. Həmin yüksəklik ordumuzun nəzarəti altına keçib, sadəcə müəyyən hərbi-strateji baxımdan bu barədə rəsmi açıqlama verilmir. Amma yerli əhali artıq məsələdən xəbərdar idi. Biz Naxçıvandan geriyə qayıdarkən elə təyyarədəcə Respublika Müdafiə Nazirliyinin rəsmi açıqlamasını dinlədik. Bu şad xəbər bütün sərnişinlərin alqışları ilə qarşılandı. Hər kəs Ali Baş Komandana, Naxçıvanda döyüşən əsgərlərimizə minnətdarlığını ifadə edirdi. Rəsmi məlumata görə: “Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuşdur.

 

Bu zirvənin geri alınması İlkinin və digər şəhidlərimizin narahat ruhuna bir qürur hissi yaşatdı. Onların da ruhu sevindi ki, uğrunda qurban getdikləri o zirvələr bizim olub və olacaq!

 

- Həm qapıbir qonşu, həm rəfiqə kimi çox yaxındıq anasıyla, - Əzimə xanım söhbətinə davam edir, - İlkin, demək olar ki, əlimdə böyümüşdü. Çox vətənpərvər idi, döyüşə də könüllü olaraq getdi. Görün neçə il keçib, amma unuda bilmirəm, elə bil öz balamdı. İlkin adı gələndə varımdan yox oluram. Çox yaxşı oğul idi, çox yaxşı övlad idi, hərtərəfli yaxşı...

 

Kiçik yaşlarında məktəbdən gələrkən anası işdə gecikəndə İlkin də, kiçik qardaşı Yalçın da mənim evimə gələr, analarını bizdə oturub gözləyərdilər. Körpəliyindən necə ağıllı idisə, böyüyəndə də eyniydi. Əlimizdən getdi, eldən getdi İlkin...

 

Arzu eləyirəm ki, belə ağrıları heç bir ana bir daha yaşamasın, bayrağımız daim uca olsun, müharibə olmasın, - deyir ağbirçək Əzimə xanım.

 

Dünyanı qarışdırmaq istəyən qüvvələr var, balalarımızdan uzaq olsun onların şərləri! Amin!

 

***

 

Şəhidliyə yüksəlmiş sevgi

 

İlkin haqqında danışan hər kəs sözarası “nişanlıydı, bir həftə sonra toyunu edəcəkdik” deyərək yanıb-yaxılırdı. Bir də... qızın hələ də ailə qurmadığını deyirdilər. İyirmi altı il keçməsinə baxmayaraq, gəncliyini sevgisinə qurban edən o qızla tanış olmaq qismət olmadı mənə. Amma onun haqqında düşüncələrim davam edir. Yaraşıqlı, sevimli, ətraf tərəfindən sevilən, incə ruhlu, eyni zamanda qoçaq, vətənpərvər bir gənci sevəsən, onunla xoşbəxt gələcəklə bağlı sonsuz xəyallar qurasan və... ölüm xəbərini alasan. Bunu düşünmək belə, ağırdır. O qızın daşlara çırpılan arzularını, puç olan xəyallarını, ömür boyu çəkəcəyi həsrəti, ümidsiz bir gələcəklə yaşamaq əzabını düşündükcə sevginin nə qədər böyük bir güc və eyni zamanda işgəncə olduğuna bir daha inanırsan.

 

Qızın üzünü görməsəm də, adını bilməsəm də, sadə bir Azərbaycan qızının nələr çəkdiyi mənə çox tanışdı. Yaxınları qızın qışqıraraq şəhidin qanlı cənazəsinin üstünə atıldığını söylədilər və o anı gözümlə görmüş kimi onun ürəyinin sızıltısını, dərdinin ölçüsünü duyuram, ahının içini necə qarsdığını görürəm, içinin göynərtisini hiss edirəm, səssiz naləsini Məstan Günərin qələmiylə eşidirəm:

 

Fələk, sənnən düz dolana bilmərəm,

Məni dönüb-dönüb yaralayıbsan.

Yurdumu böldüyün bəs deyildimi,

İndi də eşqimi paralayıbsan?

 

Gendən durub bəh-bəh deyən çoxuydu,

Qaşlar qara, kirpikləri oxuydu.

Dünyamı darıydı, yermi yoxuydu,

Dağları sinəmdə sıralayıbsan?..

 

Sevgisinin dözümünə heyran qalmışam o qızın. Qovuşacağı günə bir həftə qalmış dünyadan nakam gedən o gəncin yerinə kimisə qoya bilmədi, amma öz ömrü də çürüdü o Azərbaycan gözəlinin. Artıq ürəyindəki sevgini orda yurd salmış dözümlə dostlaşdırdı.

 

İlahi, neynirdim bu məhəbbəti,

Onu göynən uçan quşa verəydin.

Ömrümü çürütdü, dözə bilmirəm,

Bu eşqi dözümlü daşa verəydin.

 

Uca tutdum mən ki, sənin adını,

Bəs niyə sındırdın qol-qanadımı?

Həsrətdən göynəmək istedadını,

Üzü dönüb puç olmuşa verəydin.

 

Məni həmişə düşündürən bir fikir var. Oğullarımız şəhid olurlar, adları sayqıyla çəkilir, xatirələri əziz tutulur, bu borcumuzdur. Amma arxa planda qalan bir qüvvə də var. Onların sevdikləri insan, onlara mənəvi güc-qüvvət verən, döyüşməyə də, sağ qalmağa da səsləyən bir qüvvə. İkinci dünya müharibəsində də belə qadınlarımız həddən artıq çox olub. İllərlə əsgər yolu gözləyiblər, “qara kağız” alsalar da, inanmayıblar sevdiklərinin yoxluğuna. Çünki sözünə inanıblar, “gözlə, gələcəyəm”, dediyi üçün gözləyiblər. Çoxu o inamla köçüb bu dünyadan, “Gəlsə, onu gözlədiyimi deyərsiniz...”, deyə vəsiyyət edib, ümidlə dünyalarını dəyişiblər. Bəziləri qarısa da, hələ də yol gözləyirlər...

 

Qarabağ şəhidlərinin xanımları da o dözümü yaşayırlar. Mənim aləmimdə o qızlar, qadınlar da şəhiddirlər, diri şəhidlər!!!

 

Şəhid İlkinin “şəhid” nişanlısıyla görüşə bilmədim, amma ürəyimdəki İNSAN və ŞƏHİD siyahısında o qız da yaşayır, dərdlərinə, ələmlərinə rəğmən yaşayır...

 

Xüsusi təyinatlı ilk şəhid

 

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində yaradılmış XTPD üzrə üç bölümündə ilk şəhid İlkin Mirnəzir oğlu Seyidov idi.

 

Sovet dönəmində rusların 1 nömrəli hərbi şəhərciyi vardı Naxçıvanda. Ruslar getdikdən sonra orada OMON-çular (XTPD) yerləşdi. İlkin də bir mənzil götürdü. Məqsədi döyüş ara verəndən sonra ailə qurmaq və bu mənzildə ailəsi ilə xoşbəxt yaşamaq idi. Təəssüf ki, arzusu ürəyində qaldı - döyüşə gedib, dönmədi...

 

O mənzili mən   ziyarət etdim. İlkinin çəkdiyi rəsmlər, özünün şəkli, xüsusi təyinatlılara məxsus hərbi geyimləri, canını qurban verdiyi Azərbaycanın üçrəngli bayrağı, Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan, prezidentimiz İlham Əliyevin fotoları, döyüş zamanı kazarmada yatdığı, sonradan o mənzilə  gətirilmiş çarpayısı, şəklinin qarşısına qoyulmuş patron... mənzil torpağı canından artıq sevən Vətən oğlunun bir ev muzeyi təsirini bağışlayır. Onun döyüş yolu, əsgər yoldaşları  haqqında, o illərdə  qeyrət qalası Sədərək ərazisinin düşmən qarşısında necə  dayandığını təsvir edən eksponatlar da olsa, gələcək nəsillərə nümunə  olacaq dəyərli bir muzey ola bilər.

 

***

 

Şəhid ruhlarını göy üzündə salamlayacaq şahin

 

Şəhid İlkin Seyidovun ailəsində bir neçə dəfə diqqətimə çatdırılan bir fikir oldu: İlkin Seyidovun şəhid olduğu gün (bir neçə il sonra) İlkinin qardaşı oğlu dünyaya gəldi və adını İlkin qoydular. Biz şəhidin ailəsini ziyarət edərkən İlkin evdə yox idi. Maraq götürmüşdü məni, görəsən eyni gündə doğulmağın və eyni adı daşımağın insanın həyat tərzinə təsiri olurmu? Əslində adın insan həyatına həlledici təsiri haqqında çox oxumuşdum.

 

Yaşa dolduqca insan həyatda heç nəyin təsadüf olmadığına əmin olur. Hər bir yaradılışda da, yaşam tərzində də, ölümdə də bir hikmət gizlənir - şüurumuzun tamamilə dərk etmədiyi, ağlımızın qavramadığı, instinktimizin alışmadığı bir hikmət. Yaradılışla ölüm, ruhla  cisim arasındakı mistik bağlantını da real qəbul edə bilmirik bəzən.

 

Bakıda görüşdük İlkin Seyidzadə ilə. Aviasiya Akademiyasında müdavim olduğunu eşitmişdim. Başqa bir şey bilmirdim haqqında. Eyni adı daşıdığı qaragözlü şəhid İlkinə bənzərliyi varmı deyə düşünürdüm. Gəldi, gördüm, nəinki xarici görünüşündə, eyni zamanda vətənpərvər ruhunda da, tərbiyəsində də əmisinin eyni idi. Bu yerdə “Allah torpağı sanı ömür versin!”, deyərdi nənəm. Kiçik İlkini görəndə də o deyim keçdi ürəyimdən.

 

Əmisi haqda fikirlərini bilmək üçün onunla həmsöhbət oldum.

 

- Özünü təqdim elə.

 

- Seyidzadə İlkin Yalçın oğlu 1998-ci il mayın 19-da Naxçıvan şəhərində doğulmuşam. Orta məktəbi Naxçıvandakı Heydər Əliyev adına tam orta məktəbdə bitirmişəm. 2015-cildə 400 balla Milli Aviasiya Akademiyasına daxil olmuşam. Hazırda akademiyanın dördüncü kurs tələbəsiyəm, 2020-ci ildə məzun olacam.

 

- Hərbçi olmaq öz içindən keçən arzuydu, yoxsa əminin yolunu davam etdirmək üçün bu yolu seçdin?

 

- Əslində şəhid ailəsində böyüməyim, onun haqqında duyduqlarım, o mühitdə tərbiyə almağım, əmimin hər gün göz-gözə gəldiyim şəkli məndə maraq oyatmışdı, sonradan içimdəki hərbçi olmaq istəyini hiss etdim.

 

- Sən bir şəhidin adını daşıyırsan. Bu adı daşımaq həm şərəfdi, həm də eyni zamanda məsuliyyət. Bu yükün altında sıxılmırsan ki?

 

- Xeyr, bu mənim üçün həqiqətən bir şərəfdir. Bütün həyatım boyunca çalışacam ki, o adı daha da ucaldım. Gördüyüm işlərlə, həyatdakı uğurlarımla, öz ailəmin, ümumiyyətlə, insanların arasında onun adından doğan işığı daha artırmaq üçün əlimdən gələni edirəm, edəcəm.

 

- Hər bir oğul Vətənə sipərdir, deyirlər. Sən üstəlik hərbçi olmaq yolunu da seçmisən. Yəni bu yöndə digərlərindən fərqlənirsən. Bir azərbaycanlı kimi, bir şəhid ailəsi kimi və gələcəyin zabiti kimi Azərbaycanımızın düşdüyü bu vəziyyətin – Qarabağ probleminin çözümünü nədə görürsən?

 

- Azərbaycan tarix boyu çox çətinliklərin şahidi olub. Amma bu vəziyyətlərdən çıxmağı da bacarıb. Mən inanıram ki, Qarabağ problemini də biz yaxın gələcəkdə həll edəcəyik. Dövlət başçımızın dünyəvi siyasəti nəticəsində bu məsələnin həll olunacağına böyük ümidimiz var. Amma düşmən tərəf bu məsələnin həllinə sülh yoluyla razı olmazsa, müharibə yoluyla həll etməyə də hazırıq və bu mənada əmimin və onun kimi igidlərimizin yolu artıq mənə bir mayakdır.

 

- Təsəvvür edək ki, mən heç Naxçıvanda olmamışam, sənin ailəni də tanımıram, bildiyim sadəcə orada İlkin Seyidov adlı bir şəhidin olmasıdır. Səndən bir naxçıvanlı kimi o şəhidin haqqında eşitdiklərini, bildiklərini danışmanı istəyirəm.

 

- İlkin Seyidov 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvandakı H.Cavid adına 5 nömrəli orta məktəbdə bitirib. Onun çox cəsarətli bir adam olduğu, həyatda özünün seçdiyi və inandığı yolla uğurla getdiyi haqda çox eşitmişəm. Mən onun müəllimləri ilə də tanışam, hətta bəziləri (Əmanət xanım Musayevanın adını çəkir – F.R) mənə də dərs deyib. Dostları ilə də tanışam. Hər biri onun haqqında böyük hörmətlə danışır. İstər təhsil həyatında, istərsə də ictimai həyatda dəyərli, ləyaqətli, doğru-düzgün, sözübütöv kişi, eyni zamanda geyim-keciminə, otağına, yatağına, əyin-başına, oturduğu partada belə, həddən artıq səliqəl-səhman gözləyən biri olduğunu söyləyirlər. Bütün bunlarla yanaşı, belə söhbətlərdə onun vətənpərvərliyi, yurd, torpaq aşiqi olduğu da qabardılır. Ümumiyyətlə, onun haqqında həmişə yaxşı şeylər eşitmişəm.

 

Digər bölgələrimizdə gedən döyüşlər əmimə təsir edib və başqa  oğullarımız kimi o da düşmənin torpaqlarımıza dəyən murdar ayaqlarını oradan kəsməyə, namusumuz olan Vətənə əl uzadan düşmənin əlini kəsməyə, başını əzməyə can atanlardan olub. Bunun üçün Qarabağa getməyə can atıb, hətta yola da çıxıb, amma alınmayıb, çünki həmin vaxt azğın düşmən Sədərək tərəfdən Naxçıvana da hücum edibmiş və əmim doğulduğu torpağın çağırışına səs verərək onun müdafiəsinə qalxıb. DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində döyüşə qoşulub, döyüşlərdə fəal iştirak edib. Düşmənə qan udduran oğullarımızın bir nümunəsi olub əmim, istər əlindəki qumbara ilə düşmən səngərinə yaxınlaşıb onları kütləvi surətdə məhv eləmək olsun, istər əsgər yoldaşlarının xilas edilməsi, mühasirəyə düşənlərin oradan çıxarılması olsun, istər qurtarmış patronları, güllələri təcili çatdırmaq olsun – hər birində nümunəvi əsgər olub. Elə o döyüşlərin qızğın yerində əsgərləri mühasirədən çıxararkən düşmənin snayper gülləsinə tuş gəlib...

 

Mən onun Şəhidlər Xiyabanına aparılması, dəfn mərasimini ifadə edən şəkilləri görmüşəm. Naxçıvan xalqı, ümumiyyətlə, şəhidlərinə həmişə çox hörmətlə, sayqıyla, dəyərlə yanaşıb. Onun dəfnində minlərlə insan iştirak edibmiş və hər il 20 Yanvarda minlərlə insan xiyabandakı şəhidlərimizi ziyarət edir. Bu artıq bir ənənə halını alıb.

 

- Əminin şəhid olduğu gündə sən doğulmusan. Bu sənin üçün bir anlam daşıyırmı? Səncə bu bir təsadüfdümü?

 

- Yox, mən təsadüflərə inanmıram. Məncə, Tanrı məni nənəmin-babamın verdiyi ağır itkiyə tapıntı olaraq, çəkdikləri acılara bir məlhəm olaraq həmin gün ailəmə bəxş edib. Yəni bir tərəfdən alan Tanrının digər tərəfdən verdiyini onlara göstərmək, sübut etmək üçün.   

 

- Belə bir deyim var: General olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Bu mənada, general olmaq istəyirsənmi?

 

- Əlbəttə, bu ona görə deyilib ki, insan ən uca zirvəyə yüksəlməyi özünə məqsəd seçməlidir ki, heç olmasa ona yaxınlaşa bilsin. Təbii ki, mənim də məqsədim zirvələrə nail olmaqdır. Məqsədimə doğru irəliləyirəm, inşallah çatacam!

 

Bəli, bu fikirlər İlkinindi, Vətəninə özünü qurban deyən oğullardan ikinci İlkinin.

 

Əməkdar jurnalistimiz, Zəngəzur həsrətli Flora Xəlilzadənin ürək ağrılarından: “Əlimiz uzalı qalan... Gözümüz zirvəsini, əlimiz daşını, dodağımız torpağını öpə bilmədiyi yurd yerlərimiz çox uzaqda qalıb. Baxa-baxa, gözləyə-gözləyə, yana-yana çoxumuz özümüz boyda ocaq olmuşuq. Tanrı sönməkdən, kül olmaqdan qorusun! Həsrətdən əbədi susanları demirəm, çünki onların ruhları da bizimlədir...”..

 

 İnşallah, İlkin və onun kimi oğullarımız Vətənin azadlığı uğrunda əllərindən gələni edəcəklər. Və gənc İlkin həsrətdən əbədi susan əmisinin arzuladığı – azğın düşməndən təmizlənmiş azad torpaqlarımızın üzərində süzən şahin kimi vətəni yad gözlərdən qoruyacaq! Ona bu uçuşlarda müqəddəs torpaqlarımızdan ucalan dualar və bir də onun göy üzündə salamladığı şəhid ruhları kömək olacaq...

 

Şəhidliklərə şahid olan Ucubiz dağına

 

Aristotel deyirdi ki, ölümsüz olmaq istəyiriksə “Ölümsüzlüyə yaxın yerlərdə yaşamalıyıq”.

 

İlkin getdikdən sonra Rəhilə ananın gecələri xeyrə qalmır, Ucubiz dağı, yuxusuz sabahları xeyrə açılmır... gözləri iki yanaşı çeşməyə dönüb, qurumaq bilmir. İlkinini yuxuda əzizləyir, oxşayır, boyunu sevir, layla deyir, oyandıqda bunun röya olduğunu anlayır, yuxusuna ağıyla davam edir. Daha yata bilərmi ana, gözünə yuxu gedərmi? Az əvvəl qucağında olan, qoxusunu aldığı oğlunu istəyir ana... elə istəyir ki, səhrada dodaqları susuzluqdan cadarlanmış, suya təşnə biri kimi...

 

Oğlunun hər yuxusuna gəlişiylə yarası təzələnir ananın, bala həsrəti içini qovurur, yandırıb-yaxır...

 

Ucubiz dağı, nələr gördün, nələr duydun, nələrin şahidisən, mənimlə paylaş! Sinəndə gəzən o ər oğulların köksünə dağ boyda – özün boyda qürur ola bildinmi?

 

Sənin yüksəkliyindən Vətənin geridə qalan, imdad diləyən hissəsini seyr edərək onu qorumaq üçün and içən, sinələrini sipər edən, səni özlərinə arxa seçən oğullara sipər ola bildinmi?  Axı, dağdan arxası olanın, daşdan ürəyi olar...

 

Düşmənin sinəsinə dağ çəkərək əzəli-əbədi torpaqlarımızı geri almağa çalışan nər igidlərin qanı sinənə axarkən onlara ağı deyə bildinmi? İlkin alnından vurulub sinənə sığınarkən, əbədiyyətə, şəhidlik zirvəsinə yol aldığını anlarkən ona toxdaqlıq verə bildinmi, Ucubiz dağı? Yoxsa o itkilərə sən də dözmürsən, ondan başın belə ağarıb?!.

 

Dağlar, başlı dağlar,

Gözləri yaşlı dağlar,

Yalvarıram, düz déyin,

Sizdən kim aşdı, dağlar?

 

Bu dağlar ġoşa dağlar,

Vérib baş-başa dağlar,

İgidlər səndə gəzib,

Səni yüz yaşa, dağlar.

 

Éləmi nâşı dağlar,

Sinəmin başı ağlar,

Burda bir qərib ölüb,

Ocağın daşı ağlar...

 

Niyə qoruya bilmədin igidləri, Ucubiz dağı? İlkinə niyə söz eşitdirə bilmədin, dinləmədi səni, deyilmi? Sənə əyilməyərək, qayalarının arxasında gizlənməyərək düz düşmənin üstünəmi şığıdı? Gəbərtdiyi çoxlu sayda erməni dığalarının qisasını almaq üçün onu çoxdan izləyən düşmən snayperinin onu nişan aldığını ağlından keçirmədi. Çünki canını unutmuşdu, çünki geridə qalanların ümidi olduğunu dərk edirdi. Çünki canını düşünməsi Vətəni düşünməyə mane ola bilərdi. Bilirsənmi niyə sənə əyilmədi, çünki cüssələri səninki qədər olmasa da, o igidlərin hər birinin ürəyi səndən də böyükdü! Çünki arxalarında Vətəni, ayaqlarının altında Vətən torpağını sən boyda ürəklərində kişi qeyrətini, təpərini, şir biləklərində intiqama səsləyən yenilməz qüvvəni hiss edirdilər. Düşməni əzəcəklərinə şübhələri yoxdu...

 

Bilirəm, Ucubiz dağı, biz gördüklərimizin min qat artığını sən görmüsən. Necə dözürsən, soruşmuram, çünki elə dözdüyün üçün dağsan! Bizlərsə dözə bilmirik, ağrımızı göz yaşlarıyla çıxararaq ürəyimizi müvəqqəti sakitləşdiririk. Yaxud dərin bir ahla! Sənin bu imkanın da yoxdur – sən ağlarsan, selinin qarşısında dayanmaq gücümüz olmaz, sən ah çəkərsən, o ahın tufanından dünya dağılar...

 

Sus, Ucubiz dağı, ərənlərinin səndən örnək aldıqları təmkinini pozma! Qoy sənə bənzəsinlər,- dözümdə, səbrdə, mətanətdə, vüqarda, qürurda...

 

Çünki bu qürur, bu dözüm, mətanət, vüqar onları ölümsüz etdi. Ölümsüzlüyə gedən yollarısa səndən keçdi...

 

“Xınalı Hasan” hekayəsi

 

İlkin Seyidovun ailəsindən onun haqqında danışan hər kəs son gedişində onun əllərinə, ayağına xına yaxaraq getdiyini söyləmişdi, lakin bunu hansı səbəbdən etdiyini kimsə söyləməmişdi və bu məndən ötrü bir müəmma olaraq qalırdı.

 

Bu yaxınlarda Ankarada “Anıt Kabir”də - Mustafa Kamal Atataürkün qəbri və orda yaradılmış möhtəşəm muzeydə olarkən neçə müddətdir mənimlə ruhi bağlantısı olan şəhid İlkin Seyidovu da andım. İgidin əlinə niyə xına yaxması müəmması da orada açıldı mənimçün. Həm də elə bir tərzdə açıldı ki...

 

Ondan az əvvəl ziyarət etdiyim Cümhuriyyətimizin qurucusu Məmmədəmin Rəsulzadənin məzarı üstə keçirdiyim kövrək anlar, məzar üzərində asılmış üçrəngli bayrağın mənə verdiyi anlaşılmaz məhrəm duyğulu hisslər, bayrağımı öpərkən saxlaya bilmədiyim göz yaşlarım onsuz da qəlbimin sarı simini tərpətmişdi. Bir də şəhidimi anmam məni daha da kövrəltdi və qardaş xalqın nümayəndələrinin buna anlayışlı, səmimi münasibətlərindən mütəəssir oldum.

 

M.K.Atatürk muzeyində istedadlı, xüsusi hazırlıqlı gid Doruq Gökhanın danışdığı hekayəyə yüksək səs tonuyla və peşəkar aktyor qabiliyyəti ilə əlavələr edərək vurğuladığı önəmli anlar beynimə əbədi həkk olundu və orada aldığım mənəvi qidayla bir daha türk olmağımla, türk doğulmağımla fəxr etdim. Hekayə belə idi.

 

Anası Hasanın əllərinə, ayaqlarına, saçlarına xına yaxaraq döyüşə yollamışdı. Əsgərlər ona gülür, “Xınalı quzu”, “Ana quzusu” deyə ələ salıb gülürdülər. Bundan əsəbiləşən, təsirlənən Hasan anasına məktub yazır: “Ana, qurban olum, burda hər kəs məni xınalı olduğuma görə ələ salır. Məndən sonra iki qardaşım da cəbhəyə yollanacaq. Səndən xahiş edirəm, onlara da xına yaxıb göndərərək mənim günümə salma. Qoy rahat döyüşsünlər”.

 

Ana Hasana belə bir cavab yazır: “Oğlum, gözümün nuru, xınalı quzum, türk xalqının adətidir, üç halda xına yaxarlar. Bir, Qurban bayramında – qoyunu xınalayar, kəsdikdə onun qanından alınlara çəkib Allaha qurban deyərlər. İkinci, gəlinin əl-ayağına xına çəkib, namusu, ismətiylə getdiyi ailəyə qurban deyərlər və nəhayət üçüncü, xınanı yaxıb oğulu döyüşə yollayaraq Vətənə qurban deyərlər! Mən səni Vətənə qurban dedim, oğlum, sən bundan utanmalı deyil, fəxarət duymalısan!..”.

 

Məktub yetişəndə Hasan ön cəbhədə olduğu üçün onu komandiri açır və məktubdan o qədər təsirlənir ki, onu götürüb Hasanın yanına gedir, lakin... Hasan artıq şəhid düşmüş  - Vətənə qurban getmişdi... 

 

Bəli, İlkin son gedişində xınanı özü yaxmışdı əllərinə və bununla özünü Vətənə qurban demişdi... amma bundan heç kimin xəbəri yox idi...

 

İlkin nağılı

 

O nağılı İbadulla kəndində, dayısı İlyas müəllimin həyətində dinlədim...

 

Naxçıvanlıların qonaqpərvərliyi haqda çox eşitmişdim və bunun bariz nümunəsinin Naxçıvana ikinci dəfə ayaq basanda daha yaxından şahidi oldum. Ev sahibləri hər vəchlə qonağı rahat etdirməyə çalışır, yeyib-içməsi, gəzməsi, dincəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Mən yazdığım bu fikirləri bilavasitə qonağı olduğum ailədə, şəhid İlkinin dayısı İlyas Seyidovun və onun həyat yoldaşı Mehriban xanımın timsalında gerçəkdən yaşadım. Bu ailənin qonağa həssaslığı, diqqəti, səmimiyyəti özü ayrıca bir mövzudur. O gün isə mənim də, onların da, bizimlə bir araya toplaşanların hamısının da fikri, ürəyi İlkinin yanında idi. Biz qəhrəmanın işığına toplaşmışdıq. Elə bu ailədə də söhbətimiz İlkindən idi.  

 

Ev sahiblərinin davranışı, bir-birinə diqqət və sayqısı ilk andaca diqqətimi çəkdi. Bir yazı adamı marağıyla onların bu ünsiyyətinin ipucunu tapmağa çalışdım. Söhbət zamanı İlkinin nişanlı olması burada da xatırlandı. İlyas müəllimin sevgiyə, qarşılıqlı anlayışa münasibəti həmin o nişanlı söhbətində qabardıldı, sevginin yaşı olmadığı, onun insana məxsus ən gözəl hiss olduğu vurğulandı.  

 

Sözarası onu da öyrəndim ki, Mehriban xanımla İlyas müəllim orta məktəbdən bir-birinə bağlanmış, yuvalarını  o sevgiylə qurmuşlar, indi də oğul-uşaq, nəvə sahibləridirlər və gənclik illərindən başlamış bu təmiz sevgilərinin ömrün sonuna qədər davam edəcəyinə şübhə yeri qalmır. O İllərdən dəyişən, yəni istər-istəməz yaşlanan bu insanların yaşlanmayan, dəyişməyən bir xəzinələri vardı – sevgiləri və o sevgi, bir-birinə münasibətdə hər kəlmələrindən bəlli idi.

 

-Bir dayı kimi İlkinin də sevdiyindən az-çox xəbərim vardı. Təəssüf ki, onun sevgisi də özü kimi xatirəyə çevrildi... – deyir İlyas müəllim.

 

İlkin haqda, ümumiyyətlə şəhidlərimiz haqda yazmaq, xatirələrini anmaöın hər bir yazarın, hər bir vətəndaşın borcu olmasına rəğmən, dəfələrlə təşəkkür edir, minnətdarlıq bildirirdilər.

 

 Şərur rayonunun İbadulla kəndindədir şəhidin dayısı İlyas müəllimin evi. Qeyd edim ki, buna tamamilə nail olmasam da, əslində qəhrəmanımın ayaq basdığı hər yerə getmək, baxmaq, müşahidələrimin mənə verdiyi təəssüratlardan bəhrələnmək istəyirdim.

 

Kənd deyəndə  daha çox şəhərdən kəskin fərqlənən, yaşıllıq içində olsa da, susqun, zəhmətli  həyatı, bozarmış damları kənardan ağaran kənd evləri göz önünə gəlir. Şərur rayonunun İbadulla kəndi haqda bunu söyləmək qeyri-mümkündür. Ümumiyyətlə, Naxçıvanı  hər cəhətdən dünyanın ən inkişaf etmiş şəhərləri ilə müqayisə etmək olar. Göz oxşayan yaşıllıq, aşırı təmizlik, geniş şüşə kimi yollar Muxtar Vilayətin yaraşığıdır. İbadulla kəndi isə ən müasir mədəni-məişət-iaşə, tibbi, inzibati binaları, səliqəli həyət-bacaları, hər tərəfi bürümüş yaşıllıq zonaları ilə ən müasir şəhərlərlə müqayisə oluna bilər. 310 evdən ibarət bu kənddə icra nümayəndəliyi,  522 yerlik məktəb, məscid kompleksi,  ambulator mərkəzi, kənd mərkəzi, polis bölməsi və sair fəaliyyət göstərir.

 

 Şəhidin dayısı İlyas müəllim uzun müddət icra strukturlarında çalışıb, sonra məktəb direktoru kimi fəaliyyət göstərib. Onun həvəslə, bir az da fəxrlə ətraf kəndlər olan Qışlaq Abbas, Qarxun, Xanlıq, Dan Yerindəki inkişafı göstərməsi və hər biri haqqında ətraflı məlumat verməsi ürəkaçan idi. Blokada şəraitində bu qədər işləri görmək, kənd yerində bu inkişafa nail olmaq inanılası deyil. Coğrafi mövqeyi sərt olan Naxçıvanda bu gözəllik heyranedici idi.

 

Arpaçay da bu əsrarəngizliyə bir az da gözəllik qatır. Yollarsa sanki xətkeşlə ölçülüb çəkilib. Bunlara baxdıqca düşünürdüm ki, demək insan zəhmət çəkərsə, torpağa əyilərsə hər bir gözəlliyə də, bolluğa da nail ola bilər. İlyas müəllimin izahıyla mən yolların kənarında əkilən yaşıllığın necə ərsəyə gəldiyini öyrəndim. Deməli, hər bir idarə, müəssisə bir neçə hektar yeri öz öhdəsinə götürür, yaşıllıq, bağ salmaq, o bağın əkilməsi, becərilməsi, sulanmasını nəzarətə alır. Bunu bir neçə hektar sahədən bir yazılıb vurulmuş lövhələrdən də görmək olur. Naxçıvanın DİN, Ədliyyə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Statistika Komitəsinin və sair ...

 

Mənim üçün daha maraqlı olan yol kənarındakı yaşıllığın şam, küknar, çinar ağacları ilə başlayıb, arxasında meyvə ağaclarının əkilməsi idi. Ərik, alça, iydə və s.ağacların üstü meyvə ilə dolu idi və hər kəs istədiyi qədər o meyvədən yığıb apara bilər. Bu mənzərə uşaqlıqda bizə öyrədilən, ümidlə gözlədiyimiz kommunizmi xatırlatdı mənə. Hər kəs özünə lazım olan qədəri dərib aparır, qalanından da digərləri yararlanır. Beş-altı hektarlıq püstə bağında isə xarici ölkələrdən alınmış və təzə basdırılmış tinglərin əksəriyyəti tutmuşdu.

 

Bütün bu gözəlliyi seyr edə-edə Naxçıvandan Şərura – İbadulla kəndinə nə zaman gəlib çatdığımı fərq etmədim. Narın yağışın ruhuma verdiyi romantik duyğuları bu yaşıllıq daha çox   tamamlayırdı.

 

Qonaq olduğum evin bağını dolaşıram. Xəyalən qəhrəmanımız İlkini bu həyətdə təsəvvür edirəm. Ona görə ki, bura onun baba yurdu idi... Uşaqlıqda buraya gəlmişdisə, demək ki, o gövdəsi qalınlaşmış yaşlı ağaca mütləq dırmanmışdı. O tutdan dərib yemişdi. Cavan ağaclara baxıram, yox... onlar yaşca İlkindən balaca olarlar. O getdikdən sonra əkiliblər və İlkin burada gəzərkən yəqin, o ağacların heç izi-tozu da olmayıb.

 

O yaşlı ağacın İlkinlə bağlı yarpaq-yarpaq xəfif pıçıltılarını yenicə pörələnən bu ağaclar nağıl kimi dinləyir yəqin və sanki İlkini görmədiklərinə daxilən üzülmüş kimidilər.

 

 İlyas müəllimdən soruşuram: İlkin sizə gəlirdimi? Əlbəttə, - deyir.

 

Çox qaynar uşaqlığı olduğunu söyləyirlər. Necə davranardı bu həyətdə, çoxmu nadincdi?soruşuram. - Əsla, deyir, mərifətli uşaqdı. Böyük-kiçik yeri biləndi. Dəliqanlı idi, coşqundu, cəsarətli idi, amma böyüklərə sayqısını heç vaxt unutmazdı, - əlini bir az aralıdakı köhnə - evə tərəf uzadır, - İlkin bax, o evə gələrdi, ata evimizə...

 

... Bir həyətdədi evlər. İlyas müəllimin evinin qarşısında dayanıb, onun ata, İlkinin isə baba evinə tərəf baxıram və mənə elə gəlir ki, bu əski evlə yeni evin arasındakı cığırla bir uşaq qaçır. Dayanmadan, nəfəs dərmədən gəlir İlyas müəllimin qapısını döyməyə. Gəlir nənəsinin, babasının sözünü, ismarıcını çatdırmağa...

 

Dayanır yarı yolda. Qarşısındakı alma ağacı barının ağırlığından qanadlarını o qədər əyib ki, onun meyvəsini qoparmadan altından keçmək mümkün deyil. Bu mümkünsüzlüyün yolunu tapır İlkin. Dayanır, əlini uzadıb üçü də bir boyda olan üç alma qopardır - “İlkin nağılı”nın sonunda göydən düşəcək üç almanı...

 

O almalar hələ göydədi, düşməyiblər, çünki müharibə bitməyib. Çünki İlkinin və onun kimi digər şəhidlərimizin qanı alınmayıb, çünki torpaqlarımız işğaldan azad edilməyib, çünki Naxçıvan blokadadan qurtulmayıb və deməli, İlkin nağılı da bitməyib...

 

Fəridə RƏHİMLİ

Bakı xəbər.- 2018.- 17 oktyabr.- S.12.