“Tello” da, “Aman Tello” da bizimdir, ermənilərin bir saxtakarlığı da bitdi…

Vahid Əziz: “Ermənilərin bizim mahnıları oğurlamasına müəlliflərin adlarını çəkməməklə, yaxud mahnıların xalq mahnısı olduğunu elan etməməklə ifaçılar özləri şərait yaradırlar”

 “Ermənilər Azərbaycan xalq mahnısı “Tello”nu da mənimsəyiblər. Bu, xalq mahnısıdır. Sözləri mənə məxsus olan və bəstəkar Oqtay Kazıminin bəstələdiyi mahnının adı isə “Aman Tello”dur. Bililsiniz, bunun günahı bizim müğənnilərdədir. Niyə? Konsertlərdə, proqramlarda istər xalq, istərsə də müəllif mahnılarını ifa edərkən mahnının kimə məxsus olduğunu elan etmirlər. Əgər “Tello”nu, eləcə də başqa mahnıları oxuyarkən onun müəllifinin adı qeyd edilərsə, heç kəs o mahnıları oğurlamaz. Müğənnilər “Tello”nu oxuyursa, elan etsinlər ki, xalq mahnısı “Tello”, yox, əgər “Aman Tello”nu ifa edirlərsə, desinlər sözləri Vahid Əzizə, musiqisi isə Oqtay Kazımiyə aiddir. Amma onlar bunu demirlər”.

Bu fikirləri tanınmış şair Vahid Əziz ermənilərin “Aman Tello” mahnısını mənimsəməsinə münasibət bildirərkən “Bakı-Xəbər”ə dedi.

V.Əziz onu da bildirdi ki, hər bir mahnının sahibi, müəllifi var və ifaçılar diqqətli olmalıdırlar. Tanınmış şairin sözlərinə görə, istər televiziya və radio proqramlarında, istərsə də ölkəmizdə və respublikamızdan kənarda təşkil edilən konsert proqramlarında mahnılar təqdim edilərkən onların müəlliflərinin kimliyinin qeyd edilməsi unudulur: “Əgər mahnı müəlliflərinin adları qeyd edilərsə, həm yerli tamaşaçılar, həm də xaricilər bilərlər ki, hansı mahnının müəllifi hansı bəstəkar və şairdir. Bu mahnıların yiyəsi var. Azərbaycanda müəllif hüququ yoxdur, müəllif hüquqsuzluğu var. Azərbaycanda mahnı müəlliflərinin adlarının çəkilməsinə niyə xəsislik edirlər? Sözləri mənə, musiqisi Eldar Mansurova aid olan “Bayatılar” mahnısını bütün dünya oxuyur və müəllif kimi bizim adımız qeyd edilir. Ancaq bunu Azərbaycanda demirlər. Ermənilər də görürlər ki, bu mahnılar ifa edilərkən müəlliflərinin adları çəkilmir, onlar da mahnılarımızı oğurlayıb öz adlarına çıxırlar. Ermənilərin bizim mahnıları oğurlamasına müəlliflərin adlarını çəkməməklə, yaxud mahnıların xalq mahnısı olduğunu elan etməməklə ifaçılar özləri şərait yaradırlar”.Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi “Aman Tello” mahnısının tarixi barədə və erməni musiqi plagiatçılığını ifşa edən məlumat yayıb. Məlumatda qeyd edilir ki, “Aman Tello” Azərbaycan xalq mahnısının ABŞ-da yaşayan etnik ermənilərin yaratdığı “System of A Down” rok-qrupu tərəfindən ifası və sosial şəbəkələrdə yayımlanması cəmiyyətdə və KİV-də müzakirələrə və narazılığa səbəb olub. “Beləliklə, istər tarixi, istər etimioloji, istərsə də musiqişünaslıq baxımından “Aman Tello” mahnısının ermənilərə aidiyyəti yoxdur. Heç də təsadüfi deyil ki, ənənəvi erməni qız adları siyahısında “Telli” adına rast gəlinmir” - deyə agentlikdən bildirilir.

İradə Sariyeva

Bakı xəbər.- 2018.- 24 oktyabr.- S.- 14.