Azərbaycanın milli keçəçilik sənətinə yenidən maraq oyanıb

 

 

Bakıda qədim keçəçilik sənəti ilə bağlı III Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpoziumu keçirilir

 

Ulu sənətlərimizə qayıdış prosesinə başlanıb və bu tendensiyanı ancaq təqdir etmək lazımdır. Keçəçiliyə, xalçaçılığa, toxuma, bədii tikmə, kəlağayı kimi qədim sənət növlərimizə qayıtmağımız çox müsbətdir. Keçəçilik sənəti bu sənətlərin ən qədimi və ən ilkinidir. Bu gün bir sıra ölkələrdən gələn sənətşünasların, rəssamların, mütəxəssislərin iştirakı ilə Bakıda keçirilən III Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpoziumu çox müsbət bir hadisədir.

Keçəçilik türk xalqına aid qədim sənət növüdür. Ruslar və digər xalqlar keçəçiliyi bizdən məniməsəyib ondan istifadə edirlər. Bu simpoziumun keçirilməsi bizim yenidən bu sənətə qayıtmağımız, keçəçiliyin bizə məxsus olduğunu dünyaya sübut etməyimiz üçün müsbət nəticələr verəcək. Bu tədbir ulu sənətlərimizin bərpası istiqamətində görülən işləri, eləcə də onların gənc nəslə çatdırılmasında böyük əhəmiyyətə malikdir. Bunu Bakı-Xəbərə Bakıda keçirilən Keçə sənətində kəsişmə nöqtələri mövzusunda III Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar simpoziumuna münasibət bildirərkən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, tanınmış etnoqraf Tahir Şahbazov deyib.

T.Şahbazov vurğuladı ki, keçəçilik sənəti Azərbaycan xalqının qədim xalq sənəti sahələrindən biridir. O deyir ki, keçəçilik xalçaçılıqdan, kilimçilikdən, həsirçilikdən daha qədim tarixə malikdir. Ulu babalarımızın təsərrüfat məşğuliyyətində qoyunçuluğun birinci dərəcəli rol oynadığını deyən T.Şahbazovun sözlərinə görə, keçəçilik qoyunçuluqla bağlıdır. Alimin dediyinə görə, keçənin funksiyası çox geniş olub ondan soyuqdan, nəmişlikdən qorunmaq, geyim s. vasitəsi kimi istifadə edilib. Bu gün cəmiyyətimizin keçədən istifadəyə qayıtmasının vacib olduğunu vurğulayan T.Şahbazovun fikrincə, keçə bu gün müxtəlif istiqamətdə təqdim edilir. O, simpozium çərçivəsində keçirilən sərgidə keçədən hazırlanmış məmulatların, geyimlərin, aksesuarların nümayiş etdirilməsini müsbət sayır. Alim hesab edir ki, insanlar gec-tez öz ilkinliyinə dönüb qədim sənət növlərini inkişaf etdirməlidirlər.

Qeyd edək ki, simpoziumun təşkilatçıları UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (MFQS) Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Xalça Muzeyidir. Bakıda 22 ölkədən sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri toplanıblar.

Simpozium çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçə məhsullarından ibarət əl işləri yarmarkası təşkil olunub. Burada müxtəlif ölkələrdən bu sənət üzrə 12 məşhur sənətkar iştirak edir.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 27-29 oktyabr.- S.13.