Azərbaycan dövlətinin fundamentində duran dərin milli-mənəvi dəyərlər...

Qiymət Məhərrəmli: Təqdirəlayiq haldır ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər daxili vəhdət təşkil edir

img

Məlum olduğu kimi, ölkəmizin evsahibliyi ilə keçirilən VI Beynəlxalq Bakı Humanitar Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dünya üçün əhəmiyyətli olan bir sıra məsələlərə toxunub. Ölkə başçısı qeyd edib ki, biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Prezident İlham Əliyev vurğulayıb ki, müasir Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Azərbaycan xalqı hər zaman öz milli mənəvi dəyərlərinə söykənərək yaşayıb və bu təməllər üzərində dövlət qurub, dövlətçiliyini inkişaf etdirib. Hər bir xalqın tarix boyu inkişaf edən milli-mənəvi dəyərləri var. Azərbaycan xalqı da tarixən milli, dini kimliyə sahib olan bir xalq olaraq özünü təsdiqləyib. Sirr deyil ki, bu gün Azərbaycan dövlətinin təməlində, ana axarında milli-mənəvi dəyərlər əsas mövqelərdən birini tutur. Dövlətimiz hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, yaşadılmasına, təbliğ edilməsinə böyük əhəmiyyət verib. Biz milli-mənəvi dəyərlərdən danışarkən burada əsas faktor olan azərbaycançılığı xüsusilə önə çəkməliyik. Müasir Azərbaycan dövləti azərbaycançılıq məfkurəsini, azərbaycançılıq ideologiyasını əsas tutur və onun prinsiplərini yaşadır, inkişaf etdirir. Milli-mənəvi dəyərlərimizin öyrənilməsi, qorunub saxlanması və inkişaf etdirilməsi bizim əsas vəzifələrimizdən biridir. Təqdirəlayiq haldır ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər daxili vəhdət təşkil edir - deyən alim hesab edir ki, dövlətimiz milli-mənəvi dəyərlərimizin böyük hamisidir və bu dəst-xətt dövlət siyasətinə çevrilib.

O hesab edir ki, Azərbaycan milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sisteminə malikdir. Azərbaycan dövləti milli-mənəvi dəyərlərin yaşadılmasına çox böyük töhfələr verib və verir də. Bu gün dinimizin və mental dəyərlərimizin eyni səviyyədə qorunması, təbliğ edilməsi çox müsbət haldır - deyə Q.Məhərrəmli bildirdi.

 

İradə Sarıyeva

Bakı xəbər.- 27-29 oktyabr.- S.5.