Tarixdə iz buraxanlar: Barat Şəkinskaya

Barat Şəkinskaya 1914-cü il iyun ayının 28-də təbiətin dilbər guşəsi Şuşada anadan olub. Atası Həbib bəy, anası Gövhər xanımdır. Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi. Atası Həbib bəy 1920-ci il aprel ayının 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Gəncədə yaşayan ailənin vəziyyəti çox ağır idi. Üç uşaq 25 yaşlı ananın ümidinə qalmışdı. Bütün valideynlər kimi bu qayğılı ana da istəyirdi ki, uşaqları yaxşı təhsil alsınlar, heç nədən çətinlik çəkməsinlər. Barat xanım o vaxt kiçik olsa da, tələsirdi ki, tez oxuyub qurtarsın, işləsin, anasına kömək etsin. Kiçik yaşlı Barat xanım birinci dərəcəli məktəbi beş il əvəzinə dörd ilə bitirib, əla qiymətlərlə pedaqoji texnikuma daxul olub və oranı da müvəffəqiyyətlə bitirib.Barat xanımın anası istəyirdi ki, qızı tar çalmağı öyrənsin. Bu istəklə Baratı Pionerlər evinə aparır, qızını tar dərnəyinə yazdırır. Amma uşağın tar çalmağa həvəsi yox idi. Qız idmana yazılır. Barat Şəkinskaya yazır: “Anam gecələr pedaqoji texnikumun qızları üçün paltar tikir, gündüzlər “İslah evində” işləyirdi. O, fərdi sifarişlərlə paltar tikməyi heysiyyətinə sığışdırmırdı. Yalnız texnikumun qızları üçün müqavilə ilə qışda yay, yayda isə qış paltarı tikir, dolanışığımızı yola verirdi.” Əlbəttə, hər bir insanın həyatında ağır günləri olur. Barat xanımın da ağır günləri uşaqlıq çağları olub.

Barat Şəkinskaya 13-14 yaşında “Qadınlar klubu”nun həvəskar aktyorları ilə səhnədə rollar ifa etməyə başlayır. Aktrisa orada “Mən oxumaq istəyirəm” pyesində Nigar, H.Cavidin “İblis” əsərində Xavər, C.Cabbarlının əsərlərində – “Od gəlini”ndə Solmaz, “Aydın”da Gültəkin, “Oqtay Eloğlu”nda Firəngiz, “Sevil”də Gülüş və “Qaçaq Kərəm” əsərində Gülcahan rollarını ifa edib. Barat xanım sonuncu dörd tamaşada görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovla tərəf-müqabili olub. Aktrisa özü yazır ki, “Hələ o vaxtlar Adil İsgəndərovun rejissorluq və aktyorluq istedadı nəzəri cəlb edirdi. Onun ifa etdiyi rollar əsl sənət nümunələri idi.”Barat Şəkinskaya həvəskar aktyorlarla həm “Gəncə qadınlar klubunda, həm də “Fəhlə” klubunda dolğun obrazlar yaradıb. O illərdə Gəncə İcra Hakimiyyətinin başçısı Həmid Sultanov idi. Onun qərarı ilə yerli həvəskarlar truppasının üzvlərindən 15 nəfər, o cümlədən Barat Şəkinskayanı da teatra cəlb edirlər.Nadir istedad sahibi olan Barat Şəkinskayanın ilk rollarından biri 1924-cü ildə “Gəncə qadınlar klubu”nun nəzdindəki həvəskarlar dərnəyinin hazırladığı “Lenin artıq yoxdur” əsərindəki balaca qız obrazı idi. Barat xanım bu tamaşa ilə ilk dəfə Bakıya gəlir və çox yerlərdə çıxış edir.

Barat Şəkinskaya 1930-cu ildə texnikumu bitirəndən sonra Sərkar kəndində müəllim işləməyə başlayır. Barat xanım müəllimə işləyə-işləyə bir neçə dərnəkdə də iştirak edir və “Fəhlə” klubunun direktoru Miribrahim Həmzəyevlə tanış olur. Aralarında sevgi yaranır. 1931-ci ildə Barat Şəkinskayanın 17 yaşı olanda onlar qoşulub qaçırlar. Bir il sonra onların bir qızı olur. “Od gəlini”nin qəhrəmanı Solmazın şərəfinə qıza bu adı verirlər. Amma uşağın heç bir yaşı tamam olmadan ailə xəyanət üstündə dağılır. Barat xanım Miribrahim Həmzəyevin xəyanəti üzündən ondan boşanır. Onunla üz-üzə gəlməmək üçün Gəncə teatrındakı işindən ayrılır və Solmazı anasına tapşırıb, tibb təhsili almaq üçün Bakıya gəlir.

Barat xanım Bakıda vaxtilə bir dərnəkdə çalışdığı Adil İsgəndərovla rastlaşır. Adil bəy Moskvada təhsilini bitirərək Azdramada rejissor kimi işə başlamışdı. O, Barat xanımı teatra dəvət edir. Nəticədə, Barat xanım klassik tamaşaların ən mahir ifaçısına çevrilir. O, yaratdığı rollara elə sağlığında böyük sənətkar damğasını vurub. Qeyri-adi qabiliyyətə sahib olan aktrisa nəinki səhnədə, eləcə də radio verilişlərində də öz səsi ilə bənzərsiz rollar ifa edib.Barat xanım növbəti ailəni teatrda rejissor vəzifəsində işləyən Şəmsi Bədəlbəyli ilə qurur. Bu, Şəmsi Bədəlbəylinin ilk evliliyi idi. Bir ildən sonra onların Rövşanə adlı qızları dünyaya gəlir. Solmaz da “papa” sözünü ilk olaraq Şəmsi Bədəlbəyliyə deyib. Fəqət bu ailə də uzunömürlü olmur. Cəmi 6 il davam edən evliliyin pozulması səbəbini heç Solmaz da bilmir. İkinci qızı Rövşanəni atası Şəmsi bəyin yanında qoyan Barat xanım 6 otaqlı evi də Şəmsi Bədəlbəyliyə verir, özü isə Solmazı da götürüb qayıdır Gəncə teatrına. Şəmsi Bədəlbəyli isə bir neçə il sonra ikinci dəfə evlənir və bu izdivacdan Fərhad Bədəlbəyli anadan olur. İkinci dəfə evlənməsinə baxmayaraq, Şəmsi Bədəlbəyli də, uşaqları da Barat xanımı çox istəyiblər. Hətta Fərhad Bədəlbəyli atasının birinci həyat yoldaşına olan məhəbbətinə bir prelüd də həsr edib.

1942-ci ildə Gəncə Dram Teatrının baş rejissoru gənc Mehdi Məmmədov idi. Bakıda aktrisa kimi şöhrət qazanaraq Əməkdar artist adına layiq görülən Barat xanım Gəncə teatrında məhəbbətlə qarşılanır. Mehdi Məmmədov da ona xüsusi qayğıyla yanaşırdı. Nəticədə, Barat xanım 1944-cü ildə özündən 3 yaş kiçik olan Mehdi Məmmədovla üçüncü və sonuncu ailə həyatı qurur. Bu zaman Mircəfər Bağırov Adil İsgəndərova tapşırır ki, Barat xanımı Azdramaya geri qaytarsın. O da Gəngəyə zəng edib Barat xanımın Bakıya qayıtmasını istəyir. Amma aktrisa ailə qurduğu üçün gələ bilməyəcəyini bildirir. Mircəfər Bağırov isə əri ilə birgə qayıtmasını istəyir. Beləliklə, hər iki sənətkar Bakıya köçür. 1946-cı ildə onların oğlu Elçin dünyaya gəlir. Hər iki sənətkarın gərgin iş qrafiki olduğundan, Elçini özündən 14 yaş böyük olan bacısı Solmaz saxlayır.Solmaz xanım deyir ki, bu dəyişiklikləri normal qarşılayıb: “Çünki anam özünü elə aparırdı ki, onun uşaqlarına kimsə bir söz deyə bilməzdi. İlk şərtləri də bu olurdu: birincisi, gərək övladlarımı çox istəyəsiniz, sonra məni. Amma Mehdi müəllim də mənim ərköyünlüyümü çox sevirdi. İncə yumoru vardı. Təəssüflər olsun ki, 1950-ci ildə  anam ondan da ayrıldı və oğlu Elçinə görə bir daha heç kiminlə ailə qurmadı. O, hər dəfə evləri ərlərinə buraxaraq uşaqlarını götürüb gedib. Ərləri çox barışmaq istəsələr də, o geri dönməzdi. Əsl kişi kimi davranardı. Yaxşı ki, Elçin anamdan sonra dünyasını dəyişdi. Yoxsa anam həmin dəqiqə ölərdi.” Doğrusu, Barat xanımın elə gözəl analıq tərbiyəsi olub ki, bu uşaqlar ögeyliyi hiss etməyiblər. Hər iki bacı Elçini uşaqlarından da çox sevirdi.1937-ci ildə Azərbaycan teatr tarixində ən nadir hadisələrdən biri baş verib. Teatr boyükingilis dramaturqu Vilyam Şekspirə müraciət edib. Şekspir yaradıcılığı dünya teatrının ənparlaq zirvəsidir. Əvəzsiz dramaturq və mütəfəkkir kimi mürəkkəb inkişaf yolu keçən Şekspirin ən mükəmməl əsərlərindən biri “Romeo və Cülyetta” faciəsidir. Bu əsər 1937-ci ilin yanvar ayında səhnəyə qoyulub. Həmin tamaşada Barat Şəkinskaya Cülyetta rolunu ifa edib. O zaman 22 yaşında olan Barat xanım bu obrazı çox böyük müvəffəqiyyətlə yaradıb. O, Cülyettanı nağıl qəhrəmanı kimi yox, canlı, dolğun bir insan kimi canlandırıb. O zaman “Bakinski raboçi” qəzeti yazırdı ki, “Cavan aktrisa Barat xanım ilk dəfə belə məsul rolu, gözəl Cülyettanın surətini çılğın, möhkəm iradəli, qoçaq, eyni zamanda zərif, fədakar qızı gözəl cizgilərlə yaratdı...” Barat Şəkinskaya öz xatirələrində yazır ki, “Bu mənə verilən ilk qiymət idi. Cülyetta rolu səhnə sənətimin ilk carçısı olub. Ömrüm boyu mənimlə yanaşı yaşayıb.” Bu da bir həqiqətdir ki, cavan aktrisanın yaratdığı Cülyetta Şekspir dühasına layiq bir obraz idi. Barat Şəkinskayanın Cülyetta kimi məsuliyyətli bir rolda çıxış etməsi onun yaradıcılığında böyük rol oynayıb.

 

Son dərəcə orijinal sənətkar olan Barat Şəkinskaya faciə və müasir pyeslərdə obrazlar yaratmaqla yanaşı, komediya əsərlərində də yaddaşlara həkk olunan komik rollar yaradıb. Aktrisa ifa etdiyi rol üçün cizgilər tapmağa çətinlik çəkmirdi, öz ifasında şit hərəkətlərə yol vermirdi, əksinə, oynadığı komik obrazla tamaşaçını düşündürməyə çalışırdı.

 

Görkəmli səhnə ustası Barat Şəkinskayanın yaradıcılıq imkanları böyük idi. Onun sənətinin geniş diapazona malik olması ifa etdiyi obrazlardan aydın görünürdü. Bu bənzərsiz sənətkar hər bir rolu ən xırda detalına kimi elə açırdı ki, ona inanmamaq mümkün olmurdu. O özünü çoxtərəfli talanta malik aktrisa kimi göstərib. Şıltaq rollarda mahir olduğu qədər, lirik səhnələrdə də olduqca təbii, səmimi və valehedici olub. Geniş yaradıcılıq imkanına malik olan Barat Şəkinskaya heç bir ifaçını təkrar etmirdi. Aktrisa yaratdığı obrazların daxili aləmini, psixoloji vəziyyətini düzgün dərk edir və böyük sənətkarlıqla tamaşaçılara göstərirdi.

 

Bütün həyatını qəribə inadkarlığına görə dağıdan Barat xanım 1978-ci ildən artıq yaşlandığını özü də etiraf edib və fərdi təqaüdə çıxıb. Bir dəfə hiss edib ki, məşq zamanı onu əsnəmək tutur, qorxub ki, birdən tamaşada da əsnəyər. Nəticədə, Barat xanım səhnədən birdəfəlik ayrılıb. Teatrdan çıxmasına baxmayaraq, Barat xanım bütün tamaşaları böyük məhəbbətlə izləyirdi, teatrı çox sevir, xatirələrlə yaşayırdı.

 

Barat Şəkinskaya xarakterik aktrisa idi. O, faciə, komediya və müasir pyesləri ifa etdikdə belə öz yaradıcılıq təravətini itirmirdi, hər dəfə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. Onun səhnədə canlandırdığı müxtəlif xarakterli obrazların hər biri bitkin sənət nümunələridir. Barat Şəkinskaya çox geniş yaradıcılıq imkanı olan bir aktrisa idi. O, səhnədə gah uşaq, gah sevgili, gah ana, gah da şahzadə olurdu. Bütün bunları aktrisa öz sənətkar qəlbi ilə isidərək, hər obrazı ilə tamaşaçıları düşündürməyə çalışıb. Barat Şəkinskayanın istər teatrda, istərsə də kinoda yaratdığı obrazlar Azərbaycan mədəniyyətinin nadir inciləridir. O öz istedadını obraza düzgün münasibətlə səhnədə və ekranda yaşadaraq yaratmağa sərf edib.

Sənətkar! Bu ada sahib olmaq üçün gecə-gündüz çalışmaq və yaratmaq lazımdır. Elə çalışmaq ki, öz sənətində açılmayan səhnələr açasan, tamaşaçını düşündürməyə çalışasan və yaratdığın obrazları tamaşaçı yaddaşına həkk edəsən.

Barat Şəkinskaya səhnədə bir sıra dərin məzmunlu obrazlar yaradan sənətkar olmaqdan başqa, kollektivə də böyük qayğı göstərən, onların müvəffəqiyyətinə sevinən bir insan idi.

Qədim tarixə malik olan Akademik Mill Dram Teatrı belə sənətkarlarla zəngin idi. Bu misilsiz sənətkarların arasında teatr sənətində əlçatmaz zirvəni fəth edən xalq artisti Barat xanım Şəkinskayanın adı hörmət və ehtipamla çəkilir.

1999-cu il yanvar ayının 14-də Barat xanım Şəkinskaya 85 yaşında dünyasını dıyişdi. Matəm mitinqi bağlı elan ediləndən sonra onun cənazəsi ikinci Fəxri xiyabanda dəfn edildi.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2018.- 31 oktyabr.- S.15.