Tarixdə iz buraxanlar: İsmayıl bəy Qutqaşınlı

İsmayıl bəy Qutqaşınlı 1806-cı il yanvar ayının 27-də Qurban bayramı günündə Qutqaşında anadan olub. İsmayıl adı da ona Qurban bayramına görə qoyulub. Atası Nəsrullah bəy, anası Bədircahan xanımdır.

Qutqaşının mahal başçısı Nəsrullahın beş oğlu vardı. İsmayıl ən balacası idi. İsmayılın anası Bədircahan xanım öz anası rəhmətə gedəndən sonra atası hara gedirdisə, onu da özü ilə aparırdı. Həmin dönəmdə fransız dili dəbdə olduğuna görə Bədircahan xanım fransızcanı öyrənmişdi. Həmçinin rus dilini də bilirdi və bu dilləri oğluna öyrədirdi. Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlansalar da, gələcəkdə qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Rusiya Azərbaycanı işğal edəndən sonra bəy ailələrindən bir uşağı iki məqsədlə imperiyanın mərkəzinə aparırdı. Birinci məqsəd tabeçilik idi, yəni oğlu Rusiyada olan bəy məcbur olacaqdı ki, imperiyaya sadiq qalsın. İkinci məqsəd isə o idi ki, bu uşaqlar vətəninə qayıdanda oxuduqları yeri təbliğ edəcəkdilər. Boyca balaca olmasına baxmayaraq, İsmayıl həddən artıq diribaş uşaq idi. Bu kimi xüsusiyyətlərinə görə Rusiyadan gələn nümayəndə onu seçmişdi. Beləliklə, İsmayıl Rusiyaya aparılır, orada peşəkar hərbçi olaraq yetişir.İsmayıl bəy 1826-1828-ci illərdə Rusiya – İran, 1828-1829-cu illərdə isə Rusiya – Türkiyə müharibələrində iştirak edib. Vəzifəsi ilə bağlı olaraq Moskva və Peterburqda, 1832-1836-cı illərdə isə Varşavada yaşayıb. Hərbdə qazandığı uğurlar nəticəsində 1838-ci ildə ona mayor, 1839-cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik, 1850-ci ildə isə topçu general-mayoru rütbəsi verilib. 1851-ci ildə iki min manat gümüş pul miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit kimi fəaliyyət göstərib, müəyyən hərbi işlərdə çalışıb. İstefasından sonra Şamaxıda və Qutqaşında pedaqoji fəaliyyətlə məşğul olub. 1850-ci ildə Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə Rusiya Coğrafiya Cəmiyyəti şöbəsinin həqiqi üzvlüyünə seçilib.İsmayıl bəy çoxşaxəli insan olub. Şamaxıda öz hesabına məktəb açıb, rus dili tədrisini təşkil edib. Qəbələdə mədrəsəsi olub, xanımı və anası orada dərs deyib. İsmayıl bəy yeddi dil bilirdi. General-mayor rütbəsini Şəki üsyanını yatırdandan sonra alıb. Sonralar bütün bunlara peşman olub. Çünki zaman keçdikcə vətənində yaşadıqca başa düşüb ki, Azərbaycan Rusiyanın müstəmləkəsidir. Ondan sonra türklərlə müqavilə bağlayıb ki, Azərbaycan və Dağıstan müstəmləkədən azad olsun. Bu məqsədlə o, türklərlə məktublaşırdı. 1854-cü ilin aprel ayında Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Fəqət bu məktub erməni polkovniki M.T.Loris-Melikovun casuslarının əlinə keçib. Buna görə də 1855-ci ildən etibarən çar hökuməti İsmayıl bəyi nəzarətə götürüb.1852-ci ildə İsmayıl bəy xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əli bəy və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşüb. O, “Səfərnamə” adlanan əsərində getdiyi yerlər haqqında məlumat verib. Həcdən qayıdarkən bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək, yeni həyat qurmalarına səbəb olubsmayıl bəy Qutqaşınlının heç bir sənədləri qalmayıb. Çünki məlum olanda ki, İsmayıl bəy Türkiyə ilə müqavilə bağlayıb Rusiyaya qarşı çıxacaq, onun Polşa, Tiflis, İrəvan kimi olduğu yerlərdəki bütün sənədləri toplanaraq yox edilib. Bunun ardınca da onun ölümü ilə bağlı qərar verilib. Təsəvvür edin ki, avqust ayında İsmayıl bəy dəm qazından vəfat edir. Amma Ağdaş kimi isti bir yerdə, karvansarayda dəm qazı nəyə lazım idi? Burda artıq bir düşmən əli vardı...Rusiya Polşanı işğal edəndə İsmayıl bəy ora məsul vəzifə ilə yollamışdı. Amma İsmayıl bəy o qədər humanist bir insan idi ki, əsarətdə olan ölkədə hörmət qazanıb. Aristokrat cəmiyyətdə ondan xahiş ediblər ki, sən vətənin haqqında bir şey yaz ki, biz də bilək. İsmayıl bəy: “Axı siz bizi çətin başa düşərsiniz, bizim ölkədə qadın-kişi münasibətləri sizinki kimi deyil...”– deyib. Nəticədə o, bu xahişə görə “Rəşid bəy və Səadət xanımadlı əsərini yazıb. İsmayıl bəy bu əsərdə sevgini, təbiəti çox gözəl təsvir edir.

 

İsmayıl bəy Qutqaşınlı Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə yaxından dostluq edib. İsmayıl bəyin tanınmış yazıçı, maarifçi Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. XIX əsrdə Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim, mərhum Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy Qaspıralı əsərikitabında rast gəlirik. İsmayıl bəy Qutqaşınlı Polşada hərbi qulluqda olarkən 1835-ci ildə “Rəşid bəy və Səadət xanım” əsərini yazaraq, elə orada çap etdirib və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoyub. İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssuratlarını yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər də şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846-cı il. Mirzə Fətəli.”Ədəbiyyatımızda İsmayıl bəy Qutqaşınlı adı ilə öz möhrünü vuran yazıçı bəzənMiskintəxəllüsü ilə də şeirlər yazıb. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olduğu iddia edilən və 1973-cü ildə aşkarlanan “İki quşun söhbətiadlı şeiri çox maraqlıdır. “İki quşun söhbətiadlı şeiri İsmayıl bəy Qutqaşınlının poetik dünyasından xəbər verir. İsmayıl bəyin bu əsəri iki quşun arasında gedən söhbətdən ibarətdir. Öz dostunun qəmli halına baxaraq, onun halına yanan bir quş nədən belə fəğan etməyinin səbəbini soruşur. Digər quş öz övladının ona qarşı laqeydliyindən, biganəliyindən bəhs edir. Balasının ona yaxın gəlmədiyindən və anasını görcək uçub kənara qaçmasından söhbət açır. Əslində quş özü də bilmədən bu laqeydliyin əsas səbəbini açıqlayır. Heç şübhəsiz, İsmayıl bəy Qutqaşınlının bu şeiri tərbiyyəvi və düşündürücü xüsusiyyətə malikdir. Bizə görə, bu şeiri oxuyan hər kəs özünə bir dərs və eyni zamanda nümunə götürə bilər. Yəni bizim biri ilə qan bağımız deyil, qəlb bağımız önəmlidir. İnsanlar bir-birinə əmək, sevgi verərsə, qarşıdakını özünə yaxınlaşdıra bilər. Sevgi sevgi gətirər. Bəli, İsmayıl bəy Qutqaşınlı sevginin və əməyin insanlar arasında ən önəmli ünsür olduğunu vurğulayıb. Əmək ən böyük cəfa, sevgi isə ən böyük əməkdir. Bu da bir həqiqətdir ki, yazıçı əslində öz başına gələn və özünün şahid olduğu hadisələrin təsvirində olduqca konkretliyə varıb.

İsmayıl bəy Qutqaşınlı mədəniyyət və ədəbiyyatımız tarixinə canlı və şərəfli səhifələr bəxş edib. OnunRəşid bəy və Səadət xanımhekayəsi həm ideya məzmunu, həm də üslubu etibarı ilə Azərbaycan nəsri tarixində realizmə doğru meylin gücləndiyini göstərən ilk mühüm əsərlərdəndir. Hekayənin qəhrəmanı Rəşid bəy görüşləri, hissləri və əməli ilə xalqa yaxın və bağlı olan ziyalıların real bədii surətidir. O, hər şeydən əvvəl, öz vətəninə, içərisindən çıxdığı mühitə və zəmanəsinə uyğun olan gəncdir. Rəşid bəyin gözəl xüsusiyyətlərindən biri onun savadlı, bilikli və mədəni bir gənc olmasıdır. Onun arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək. Rəşid bəy igidliyi, şücaəti yalnız tüfəng atmaqda, at oynatmaqda görmür. Bu ona vətənini müdafiə etmək üçün lazımdır. Rəşid bəyin fikirləri, bir insan olaraq mənəvi məziyyətləri onun ata və anasına, doğma yurduna, qadına bəslədiyi münasibətlərdə təzahür edir. Rəşid bəy fəaliyyətinin çoxunu vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlarla çarpışmada keçirərdi.             İsmayıl bəyin bu əsəri qələmə almaqda məqsədi Azərbaycan mühitinin təsvirilə onda ailə həyatı və məişəti haqqında təsəvvür yaratmaq olub. Başlıca ideyası azad sevgi və qadının cəmiyyətdə azadlığı olan istər kübar, istər yoxsul ailələrdə insani münasibətləri incəliklə təsvir edən orijinal nəşr nümunəsidir. Müəllifin özünün çılğın təbiəti onun qəhrəmanlarına da hopub. “Rəşid bəy və Səadət xanımyazıldığı dövrün etnoqrafiyası haqqında da zəngin məlumat verir. XIX əsrin birinci yarısı Azərbaycan məişəti burada elə canlı və inandırıcı təsvir olunur ki, ondan tarixi bir sənəd kimi də faydalanmaq mümkündür.

“Rəşid bəy və Səadət xanım” hekayəsi məhəbbət mövzusunda yazılıb. Əsərdə yüksək kübar ailədə doğulan iki gəncin ülvi və romantik məhəbbət macəraları təsvir olunur, onların atəşli və saf sevgisi tərənnüm edilir. Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra aktual ictimai məsələlərinə toxunur, orta əsr feodal adət-ənənələri, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ edir. İsmayıl bəy Qutqaşınlının bu hekayəsi real məhəbbət mövzusunda yazılsa da, xalq həyatı, məişəti, adət-ənənələrinin bəzi səciyyəvi cəhətləri, həm məzmunu, həm də bədii strukturu cəhətdən tam romantik bir əsərdir. Əsas hədəf saf və ülvi hisslərin qabarıq şəkildə özünü büruzə verməsidir. “Rəşid bəy və Səadət xanım” hekayəsi həm məzmunu, həm də bədii forması cəhətdən yeni tipli nəsrin tələblərinə cavab verən və bəzi mühüm ideya-bədii məziyyətlərə malik olan çox gözəl bir əsərdir.

İsmayıl bəy Qutqaşınlının vətənimizə olan xidmətləri çoxşaxəlidir. O, hərbimizə olan xüsusi xidmətləri ilə yanaşı, ədəbiyyatımıza da gözəl töhfələr bəxş edib.

İsmayıl bəy Qutqaşınlı geniş ürəkliliyi, insan sevərliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara əl tutmasıyla tanınıb. Özü yüksək təbəqədən olan İsmayıl bəy yurddaşlarına varlı-yoxsul, bəy-rəiyyət baxımından deyil, əməkçi-havayıyeyən, məzlum-zalım baxımından yanaşıb. Çar bütün torpaqları işğal edəndə İsmayıl bəy camaatın torpaqlarını alıb öz adına keçirib. Yəni imkan verməyib ki, torpaqları başqaları ələ keçirsin. Bir ildən sonra isə hər kəsin torpağını özünə qaytarıb.

Sağlığında böyük hörmət-izzət sahibi olan, qayğıkeş və mərd insan kimi tanınan İsmayıl bəy Qutqaşınlı 14 avqust 1861-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

 

Fazil QARAOĞLU

Bakı xəbər.- 2018.- 21 sentyabr.- S.15.