Azərbaycan dünya silah bazarında xarizmatik oyunçulardan birinə çevrilir

 

Hərb müstəvisində Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin müdafiə qabiliyyətini yüksəltməklə yanaşı, onun xaricdən getdikcə daha az əsgəri məhsullar almasına gətirib çıxarır. Çünki əvvələr alınan məhsulların bir çoxunun artıq ölkə daxilində istehsalı həyata keçirilir ki, ekspertlər bunu təhlükəsizlik baxımından çox vacib sayır.

Digər tərəfdən, Azərbaycan tədricən dünyanın müxtəlif ölkələrinə hərbi təyinatlı məhsulların satışını həyata keçirir ki, bu da qeyri-neft sektorunda ölkəyə gəlir gətirən əsas sahələrdən birinə çevrilməyə başlayır.

Ölkəmizin hərbi sahədə əldə etdiyi uğurların real təsdiqi Bakıda 29 ölkənin 224 şirkətini bir araya gətirən “ADEX-2018” beynəlxalq müdafiə sərgisində özünü kifayət qədər qabarıq şəkildə büruzə verdi. Xatırladaq ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişidir. “ADEX-2018” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda 270-dən çox məmulat nümayiş etdirilir. Yaxın tezlikdə bu silah növlərinin sayının daha da artması gözlənir. Buna paralel olaraq isə Azərbaycan həm də xaricə hərbi texnika satışını artırır. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevbildirir ki, Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır: “Böyük qürur hissi ilə bildiririk ki, istehsal etdiyimiz məmulatlar, Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bu gün müəssisələrimiz beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına sahibdir. Bu nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb”.  Yəhya Musayev vurğulayıb ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin silah satışının həcmi artıb. Onun sözlərinə görə, daha çox atıcı silahların satışında artım qeydə alınıb: "Əsasən atıcı silahların satışı artıb. Azərbaycanın silah satdığı əsas ölkələr Asiya, Afrika və Yaxın Şərq ölkələridir". Atıcı silahlarla yanaşı, Azərbaycan ağır texnika ixracını da reallışdırır. Məsələn, artıq məlumdur ki, Azərbaycan istehsalı olan “Gürzə” patrul maşınının xaricə ixracı həyata keçirilib. Bununla bağlı  Azeridefence” portalı bildirir ki, “Gürzə” patrul maşınının xaricə ixrac üçün hazırlanmış bir nümunəsi ADEX-2018 beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin stendində nümayiş etdirilib. İxrac edilən dövlət və ixrac sayı barədə məlumat verilməyib.

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində (MAKA) “Toyota HiLUX” bazasında hazırlanmış və ilk nümunəsi 2012-ci ildə təqdim edilən “Gürzə” patrul maşını xüsusi təyinatlı qüvvələrin nəqli üçün nəzərdə tutulub. Azərbaycan istehsalı olan "Tufan" zirehli maşınına da xaricdə böyük maraq var. Xatırladaq ki, maşın artıq  "ADEX-2018" sərgisində nümayiş olunub. Müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan minaya davamlı “Tufanilk milli zirehli nəqliyyat vasitəsidir.

Nəqliyyat vasitəsi döyüş şəraitində yerləşən şəxsi heyəti nəql etmək üçün nəzərdə tutulub. Maşın NATO-nun “STANAG 4569” standartının üçüncü səviyyəsinin tələbinə uyğun daşınan şəxsi heyəti məhvedici təsirlərindən qoruyur. Avtomaşın məsafədən idarə olunan xüsusi döyüş modulu, tank əleyhinə idarə edilən raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və digər sistemlərlə təchiz edilib. Dizaynı Azərbaycanın yerli mühəndisləri tərəfindən işlənib. Yeni avtomaşın dizaynına görə Silahlı Qüvvələrimizdəki və digər ölkələrin ordularında istifadə olunan hərbi avtomaşınlardan kifayət qədər fərqlənir. Nəqliyyat vasitəsi kəskin yoxuşlarda və enişlərdə, həmçinin su xəndəkləri olan müxtəlif relyef şəraitində rahat hərəkət etmək qabiliyyətinə malikdir. Onun üzərində quraşdırılan döyüş modulu 12,7 millimetrlik iriçaplı pulemyotla təchiz edilib. Modulun üzərində optik nişanlanma sistemləri, gündüz və gecə kameraları, həmçinin lazer məsafəölçəni quraşdırılıb. Döyüş modulunun əsas xüsusiyyəti isə onun bütün proqram təminatının yerli mütəxəssislər tərəfindən hazırlanmasıdır. Döyüş modulu düşmənin yüngül zirehli hədəfləri, atəş vasitələri və hava hədəfləri ilə səmərəli mübarizə aparmaq imkanına malikdir. Bu maşının da xaricə ixracı gözlənir.

Bununla yanaşı, Azərbaycanın istehsalına hazırlaşdığı bir sıra yeni silahalara da xaricdə böyük tələb olacağı gözlənir. Bu xüsusda qeyd edək ki, Azərbaycanda “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. Həmin dronun maketi Bakıda keçirilən “ADEX-2018” beynəlxalq müdafiə sərgisində təqdim olunub.

Sözügedən uçuş vasitəsinin İsrailinAeronautics” şirkətilə müştərək əsasla “Azad Systems” müəsisəsində istehsal olunacağı güman edilir. Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan “Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir. O da məlumdur ki, Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb. Yeni istehsal olunan “QFAB-250 LG” adlanan bombanın çəkisi 250 kiloqramdır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 min metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə saçır.  Bu və digər silahlara xaricdə də böyük tələb yaranması isə Azərbaycanı silah bazarında mühüm oyunçulardan birinə çevirir.

 

Tahir TAĞIYEV

 

Bakı xəbər.- 2018.- 27 sentyabr.- S. 8.