Azərbaycanın yeni hədəfi Azıx mağarası UNESCO-da

 

İşğal altında olan Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi obyektlərinin siyahısına salınması aktuallaşıb

 

Fariz Xəlilli: Dünya bilməlidir ki, bu mağara Azərbaycana məxsusdur

 

Aida İsmayılova: Azıx mağarasında aşkar olunmuş maddi mədəniyyət nümunələri

 

Həyat Məhərrəmova: Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi siyahısına daxil edilməsi olduqca vacib bir məsələdir

 

Azıx mağarası dünyanın ilk insan yaşayış məskənlərindən biridir. Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında yerləşən Azıx mağarası hazırda erməni işğalı altındadır. Bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olan və Azərbaycana məxsus Azıx mağarasında ermənilər ağlagəlməz əməllər törədirlər.

Burada uzun illərdir erməni arxeoloqları və onların tutduqları muzdlu arxeoloqlar tərəfindən qanunsuz qazıntı işləri həyata keçirilir. Ermənilər burada öz əcdadlarının izlərini axtarırlar. Azıx mağarasında qanunsuz işləyən ekspedisiya, əslində, fitnəkarlıqla məşğul olur. Məlum olduğu kimi, hazırda işğal altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq hələ də davam etdirilir. Bu azmış kimi, 300-350 min il bundan əvvəl yaşamış Azərbaycan insanlarının izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir. Çox təəssüf ki, bu məsələdə Azərbaycanı sevməyən qüvvələr də yaxından iştirak edir.

Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsidir.

Məlumdur ki, ermənilər yalnız Azıx mağarasında deyil, işğal altında olan digər mağaralarımızda da analoji saxtakarlıq işləri həyata keçirir, qanunsuz qazıntılar aparırlar. Azərbaycan tərəfin müraciətlərinə, səylərinə baxmayaraq, hələ də ermənilərə dayan, dur deyən tapılmır ki, tapılmır.

Azərbaycan tarixinin əsas abidələrindən olan və qədim insanlarımızın yaşadığı Azıx mağarasının işğal altında olmasına baxmayaraq, UNESCO-nun Ümumdünya İrsi obyektlərinin siyahısına salınması vacibdir. Hesab edirik ki, ölkəmizin UNESCO-dakı nümayəndəliyi Azıx mağarasının Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri kimi UNESCO-ya daxil edilməsi istiqamətində işlər görməlidir.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, maddi irs üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin bildirdiyinə görə, Azıx mağarası UNESCO-nun müvafiq siyahısına daxil edilməlidir. O bildirdi ki, Cənubi Qafqazın, eləcə də dünyanın ən qədim insan yaşayış məskənlərindən biri olan Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağaradır. Biz, birmənalı olaraq, Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi siyahısına daxil edilməsi üçün işlər görməliyik. Azıx mağarasının erməni işğalı altında olmasına baxmayaraq, onun Azərbaycanın maddi irsi kimi UNESCO-nun siyahısına daxil edilməsi vacibdir. Bu gün erməni arxeoloqlarının Azıxda müxtəlif qazıntılar həyata keçirməsinə baxmayaraq, dünya bilməlidir ki, bu mağara Azərbaycana məxsusdur. Düşünürəm ki, biz nə qədər tez Azıx mağarasını bu qurumdan qeydiyyatdan keçirə bilsək, bir o qədər yaxşı olar - deyə bildirən F.Xəlilli hesab edir ki, Azıx mağarasında Azərbaycan xalqının əcdadlarının izləri yaşayır.

Tarixçi-arxeoloq Aida İsmayılova da Azıx mağarası, Azərbaycanın çox unikal maddi irs nümunəsi kimi, tez bir zamanda UNESCO-nun müvafiq siyahısına salınmalıdır: Azıx mağarasında aşkar olunmuş maddi mədəniyyət nümunələri, eləcə də ibtidai insana məxsus alt çənə sümüyü Azərbaycanın qədim yaşayış məskəni olduğunu göstərir. Dünya elmibu tapıntını tanıyıb, qəbul edib. Hazırda Azıx mağarası işğal altındakı torpaqlarımızda olsa da belə, dünya əhəmiyyətli arxeoloji abidədir. Ona görə də Azıx mağarasının UNESCO-nun Ümumdünya Maddi İrsi siyahısına daxil edilməsi çox yaxşı olar və hətta bu çox vacibdir.

Görkəmli arxeoloqumuz Məmmədəli Hüseynovun əməyi nəticəsində bu abidə üzə çıxarılıb. XX əsrin 60-cı illərinə qədər elə düşünürdülər ki, Azərbaycanda Paleolit dövrü yoxdur. Lakin Azıx mağarasının tapılması, ondan sonra Tağlarda mağarası və digər qədim yaşayış yerlərinin öyrənilməsi bu fikrin əksini sübut etdi.

Ekspert bildirdi ki, işğal altında olan Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr aşağıda yerləşir.

Tarixçi Həyat Məhərrəmova da hesab edir ki, Azıx mağarasının UNESCO-nun siyahısına daxil edilməsi ən vacib məsələlərdən biri olmalıdır. Tarixçinin fikrincə, əks halda, Azıx mağarasını mənimsəməyə, öz adlarına çıxmağa cəhd göstərən ermənilər bizdən qabağa düşüb, bu abidəni öz adlarına UNESCO-da qeydiyyatdan keçirə bilərlər. Hazırda Azıx mağarasında bədnam erməni arxeoloqlarının İtaliya, Fransa və digər ölkələrin alimləri ilə birləşərək genişmiqyaslı arxeoloji tədqiqatlar apardığını deyən ekspertin sözlərinə görə, biz bu məsələni beynəlxalq aləmin diqqətinə çatdırmalı və ermənilərin bu vandalizm hərəkətlərinə son qoymasını tələb etməliyik. O bildirdi ki, bu gün, faktiki olaraq, Azərbaycan alimlərinin, arxeoloq və tarixçilərinin Azıx mağarasına getmək imkanı yoxdur, lakin beynəlxalq elmi-arxeoloji missiya işğal altında olan Azərbaycan ərazilərinə maneəsiz gedə bilər. H.Məhərrəmovanın sözlərinə görə, Azıx mağarasının UNESCO-nun siyahısına daxil edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməliyik ki, ermənilər bizdən əvvəl bu barədə addım atmasınlar.

Azıx mağarasının Daş dövrü insanlarının yaşayış yeri kimi dünyada məşhur olduğunu vurğulayan tarixçi bildirdi ki, mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın Paleolit arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub. Orada aparılan tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlandığını qeyd edən tarixçinin bildirdiyinə görə, mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

O vurğuladı ki, 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunub. İşğal altında olmasına baxmayaraq, dünya arxeoloqlarının diqqətində olan Azıx mağarası Azərbaycan xalqının tarixi keçmişinin əyani göstəricisidir. Azıx mağarasının UNESCO-nun siyahısına daxil edilməsi olduqca vacib bir məsələdir. Ermənilər işğal etdikləri torpaqlarımızda olan Azıx mağarasını mənimsəmək istəsələr də, bu onlara müyəssər olmayacaq. Çünki dünya arxeoloqları, alimləri yaxşı bilirlər ki, Azıx hansı xalqa məxsusdur, sadəcə, etiraf etmək istəmirlər - deyə ekspert bildirdi.

Azıx mağarasının öyrənilməsi ilə bağlı həyata keçirilən İNTAS-2000 proqramından danışan tarixçi vurğuladı ki, Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlayıblar. O qeyd etdi ki, həmin proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunub.

Həmin proqrama uyğun olaraq, professor Əsədulla Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutuAvropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbaycanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış edib. H.Məhərrəmovanın sözlərinə görə, Ə.Cəfərov Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeolojipaleoantoloji tapıntılarını şərh edib, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirib.

O bildirdi ki, 2002-ci ildə Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq, Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri Lümley (fr. Henry de Lumley) olmaqla Bakıya gəlib, çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olubbu tapıntıların dünya arxeologiya, paleoantologiyapaleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qəbul ediblər.

Ümumiyyətlə, Azıx mağarasının dünyanın ən qədim insan yaşayış məskənlərindən biri kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün dünyanın tərəqqipərvər alimlərinin də bizə dəstək verəcəyinə ümid edən H.Məhərrəmova qeyd etdi ki, gec-tez, biz Azıx mağarasını UNESCO-nun qoruduğu ümumbəşəri dəyərlər siyahısında görə biləcəyik.

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2018.- 27 sentyabr.- S. 15.