Azərbaycan Aşıqlar Muzeyinin yaradıcısı, 90 yaşlı Hüseyn Həsənov muzeyə dövlət statusunun verilməsini istəyir

Muzey Hindistan, Fransa səfirlərini, xarici mədəniyyət mərkəzləri rəhbərlərini və mütəxəssisləri necə heyrətləndirdi…

Bakıda Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi fəaliyyət göstərir. Muzeyin yaradıcısı, qurucusu Göyçə mahalının sanballı ağsaqqallarından olan fədakar insan, sazımızın-sözümüzün keşikçilərindən biri, 90 yaşlı Hüseyn Hacıqulu oğlu Həsənovdur. Dünən Hüseyn Həsənov “Bakı-Xəbər”in qonağı oldu. Biz də özümüzə borc bildik ki, Hüseyn dayının fədakar əməyini, təmənnasız xidmətini siz oxuculara çatdıraq.

- Hüseyn dayı, Sizi xoş gördük.

- Xoş gününüz olsun.

- Aşıq Ələsgər yalnız Göyçənin, Azərbaycanın, Türk dünyasının deyil, artıq bütün dünyanındır.

- Aşıq Ələsgər dahidir. Siz demişkən, o yalnız bizim deyil, bütün yer üzünündür, bütün dünyanındır. Ancaq o, Göyçədə anadan olub, həyatı, taleyi bu yurdla bağlı olub. Dahi Ələsgər baba Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb, Vətəni o eldir. Mənim də vətənim Göyçədir. Ağkilsə ilə mənim doğulduğum Ardanış kəndinin arası olsa-olsa 10 kilometrdir.

- Siz Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi yaratmısınız. Bu muzeyi nə vaxt yaratmısınız?

- Aşıq Ələsgər adına Aşıqlar Muzeyini 17 il əvvəl yaratmışam. Muzeyi ona görə yaratdım ki, babamın, atamın əmanəti olan, Göyçəmin dahi aşığı, sənətkarı Ələsgəri yüksək səviyyədə təbliğ edim, yaşadım.

- Hüseyn dayı, özünüzün ixtisasınız nədir? Bunu ona görə soruşuruq ki, muzey yaratmaq sadə iş deyil, insandan bir sıra keyfiyyətlər, zəhmət tələb edir.

 

- Mən sürücüyəm, 57 il sürücülüklə məşğul olmuşam. Heç bir ali təhsilim yoxdur. Sürücü olduğum dövrlərdə müxtəlif təşkilatlarda işləmişəm və Azərbaycanın, eləcə də qonşu respublikaların hər yerini qarış-qarış gəzmişəm. Hara getmişəmsə, orada Aşıq Ələsgərlə maraqlanmışam. Baxıb görmüşəm ki, heç bir yerdə Aşıq Ələsgərin adına nə bir küçə, nə bir muzey, nə də bir mədəniyyət evi var. Açığı, bu mənə çox pis təsir edirdi. Düşünürdüm ki, dahi bir aşığın adı niyə əbədiləşdirilməyib. Ələsgər adına muzey də yox idi.

- Göyçədə də...

- Bəli, hətta Göyçədə də. Aşıq Ələsgərin qəbirüstü abidəsi vardı, ancaq muzey yox idi. Bunu özümə  böyük dərd etdim ki, nə üçün Türk dünyasının günəşi, nuru, işığı Aşıq Ələsgərin muzeyi olmasın. Aşıq Mikayıl Azaflı Aşıq Ələsgərə aşıqların sultanı, günəşi adı verib. O vaxt düşündüm ki, aşıq Ələsgər bir ailənin, bir elin deyil, bütün dünyanındır. Odur ki, Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi yaratmaq fikrinə düşdüm.

 

- Hüseyn dayı, bəs eksponatları necə topladınız?

 

- Elə bir el yoxdur ki, orada Aşıq Ələsgəri sevməsin, onun tükənməz irsini yüksək qiymətləndirməsinlər. Mən bir göyçəli oğlu kimi dünyaşöhrətli Ələsgərin adına muzey yaratmağı qarşıma məqsəd qoymuşdum deyə, hara gedirdimsə, oradan bir material gətirirdim. Onu da deyim ki, bu muzeyi öz şəxsi vəsaitim hesabına yaratmışam. O vaxt 70 min manat pulum vardı, fermer təsərrüfatı yaratmaq istəyirdim, sonra övladlarım yaratmağıma razı olmadılar. Mən də bu pulu muzeyi qurub yaratmağa xərclədim. Rayonlara getdikcə, aşıqlardan, şairlərdən materiallar, şəkillər, vallar yığıb toplamağa başladım. 2002-ci ildə 5 otaqlı evimi boşaltdım, övladlarımı başqa yerə köçürdüm və mənzilimi Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyinə çevirdim. Böyük zəhmət hesabına tədricən böyük bir muzey yaratmağa nail oldum. Bu muzey haqqında respublika televiziyaları verilişlər hazırladı, qəzetlər yazdılar. Muzeyin sorağı deyərdim ki, dünyaya yayıldı.  2004-cü ildə dövlətə məlumat verdim ki, belə bir muzey yaratmışam. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, Nazirlər Kabinetinə, Mədəniyyət və Turizm Nazirliyinə yazdım. Mənə saysız təşəkkür məktubları gəldi. Dövlət muzeyə komissiya göndərdi, komissiya muzeyin işi ilə tanış olduqdan sonra müsbət rəy verdi.

- Hazırda muzey işləyirmi?

- Muzeyin bütün eksponatlarını yığmışam. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim ki, muzeyi dövlətə təhvil vermək istəyirəm. Nazırik də mənə müsbət rəy göndərib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın imzası ilə mənə məktub gəldi. Məktubda qeyd edilib ki, Aşıq Ələsgər irsini qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək lazımdır. Nazirlikdən gələn məktubda bildirilir ki, Muzey Mərkəzində Aşıq Ələsgər adına Aşıqlar Muzeyinə 100 kvadratlıq yer ayrılıb. Məlumatıma görə, hazırda muzeyə ayrılan yerdə təmir işləri gedir. Onu da deyim ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məni qəbuluna çağırmışdı. Dedi ki, Hüseyn əmi, gedin muzeyinizi zənginləşdirin, özüm də gəlib muzeyə baxacağam. Nazir mənə dedi ki, siz bilirsinizmi Azərbaycanda Aşıq Ələsgərdən böyük aşıq yoxdur, ən böyük adam da sizsiniz ki, şəxsi təşəbbüs göstərib Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi yaratmısınız. Nazir də, müavinləri də mənim işimə, fəaliyyətimə böyük diqqət göstərirlər. Mənim məqsədim odur ki, muzeyi nazirlik muzeyi təhvil alsın və ona dövlət muzeyi statusu verib ştatlar açsın. Mən də yaşlı adamam, artıq 90 yaşla vidalaşmışam. Mən indən sonra o muzeyin direktoru olası deyiləm. İstəyirəm ki, mənim zərrə-zərrə topladığım xalq sərvətini dövlət daha yüksək səviyyədə qorusun. Aşıq sənəti, Aşıq Ələsgər irsi tükənməzdir və xalqımızın böyük sərvətidir. Aşıq Ələsgər adına Aşıqlar Muzeyində ancaq aşıq Ələsgərin irsinə aid eksponatlar toplanmayıb, bütün aşıq mühitlərinin nümayəndələrinə aid şəkillər, vallar, qəzet-jurnal materialları burada saxlanır. Onu da deyim ki, Türkiyə, İran, Orta Asiya, eləcə də Dağıstan, Gürcüstan aşıqlarının fotoları, onlara aid nümunələr də muzeydə qorunur.  

- Aşıq Ələsgərlə qohumluğunuz varmı?

 

- Xeyr. Mənim uşaqlıqdan Ələsgər irsinə böyük sevgim, məhəbbətim, rəğbətim olub. 1927-ci ildə doğulmuşam. Böyüyüb boya-başa çatdıqdan sonra elimi, ulusumu, qüdrətli el ağsaqqallarını tanıdım, Göyçəmin böyük şairlərinə, aşıqlarına bələd oldum. O vaxt eşitdim ki, Göyçədə Aşıq Ələsgər var. Uşaqlıqdan Aşıq Ələsgərin şeirlərinə böyük maraq, sevgi bəslədim. Onun qoşmalarını, gəraylılarını, təcnislərini, dodaqdəyməzlərini, dildönməzlərini, müxənməslərini çox oxudum, çox əzbərlədim. Mənim babam Məşədi Həsənlə Aşıq Ələsgər yaxın dost olublar. Babam Məşədi Həsən Aşıq Ələsgərdən 6 yaş kiçikdir. Ələsgər 1821-ci ildə, Məşədi Həsən isə 1827-ci ildə anadan olub. Mənim özüm də babamdan düz 100 yaş kiçiyəm. Bu da böyük tarixdir. Deyilənlərə görə, babam Məşədi Həsən Göyçə mahalında çox savadlı adamlardan biri olub, Sıyaqub kəndində Miskin Abdal ocağında ruhani təhsili alıb. Savadlı olduğu üçün hökumət babamı kiçik vəzifələrə təyin edib. Dediyim kimi, babam Aşıq Ələsgərin sədaqətli dostu olub. Aşıq Ələsgər bizim ocaqda 3-4 dəfə olmuşdusa, babam onun evində yüz dəfələrlə olub, onun ifasına qulaq asıb, söhbət edib. Dediyim kimi, Aşıq Ələsgər bizim ocaqda olub, çörək yeyib, hətta onun xörək yediyi qabda mən də xörək yemişəm.

Sonra hökumət 1872-ci ildə babamı Kəvər rayonunda pristavın 1-ci müavini vəzifəsinə təyin edib. Burada 6 il işlədikdən sonra, 1878-ci ildə hökumət babamı Ardanış kəndinə kovxa təyin edib. O,  1904-cü ilə qədər kəndimizdə kovxa olub, 1912-ci ildə isə dünyasını dəyişib. Atam Hacıqulu kişi Göyçədə məşhur, hörmətli, dilavər, qoçaq, pullu-varlı kişi olub. Buna görə də atam Göyçə mahalının ağsaqqallarından biri olub, bütün el onun sözünə hörmətlə yanaşıb. Hətta atam Hacıqulu kişi haqqında Göyçədə belə bir söz də deyirdilər ki, mahalın hansı kəndi olursa-olsun, bir gündə on adam güllə yarasından ölsə belə, əgər Hacıqulu kişi gəlsə, o qan bağışlanmalıdır.

- Sizin ailə də deyəsən keçən əsrin 30-cu illərində Göyçədən köç edib?

- Bəli. 1938-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndinə köçdük. Orada atamın yaxşı dostları vardı. Böyük qardaşım atamın icazəsi ilə orada ailə həyatı qurdu.

- Hüseyn dayı, deyirsiniz ki, Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyini xarici qonaqlar da çox ziyarət edib. Kimləri xatırlayırsınız?

 

- Hindistanın Azərbaycandakı birinci səfiri Debunat Şon 2011-ci ildə muzeyə gəldi. Bu da səbəbsiz deyildi. O həm Aşıq Ələsgərin sorağına, həm də burada Hindistan mədəniyyəti ilə bağlı yaratdığım guşəyə baxmağa gəlmişdi. Muzeydə Hindistan aktyorlarına aid yaratdığım guşədə bütün hind ünlülərinin şəkilləri yer alıb. Muzeyin içində başqa guşələrin də olması maraq doğurur. Debunat Şonun 2014-cü ildə yerinə gələn səfir Vikont Kumar da muzeyi  ziyarət etdi. Hindistan Səfirliyindən gələnlər muzeyi çəkdilər. Səfir deyirdi ki, Hüseyn Həsənov Hindistan və Azərbaycan mədəniyyətləri arasında mədəni körpü yaradıb. Fransanın Azərbaycandakı sabiq səfiri Paskal Münye öz xanımı və səfirlik nümayəndələri ilə muzeyə gəlmişdilər. Onun həyat yoldaşı Qalina xanım mənə dedi ki, Fransada saysız-hesabsız, dünyaşöhrətli muzeylər var, ancaq sizin muzey kimi muzeyə orada rast gəlməmişəm, sizin yaratdığınız muzey çox gözəldir. Sonra Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami də 2014-cü ildə muzeyi ziyarət edib. Amerikalı tədqiqatçı, aşıq sənəti bilicisi və tədqiqatçısı Anna xanım Şenaslan da muzeyimizdə olub. O bizim aşıq mühitlərimizi çox yaxşı tanıyır və aşıqlarımız haqqında böyük məlumatı var. Anna xanımı muzeyimizə birinci dəfə aşıq Mikayıl Azaflının qızı aşıq Gülarə gətirmişdi. Ondan sonra Anna xanım özü yenə gəldi.

- Hüseyn dayı, muzeydə təxminən nə qədər eksponat var?

 

- Mərhum xalq şairimiz Zəlimxan Yaqubun dövründə o eksponatları saydırmışdı. O vaxt eksponatların sayı 3000 mini ötmüşdü. Muzeydə təxminən 600-dən artıq val var. Mən bu valları müxtəlif yerlərdən toplamışam, ancaq çox hissəsini Gədəbəydən gətirmişəm. Muzeydə 4 saz var, birini aşıq İslam Yusifov bağışlayıb. Muzeydə 4 qramafon, üç patefon, 7 iri radio, 350-dən artıq kitab var. Ələsgərin özünün kitabları muzeydədir. Ələsgərin sazını övladları saxlamayıb. Geyimləri də qorumayıblar. Məndən soruşanda ki, muzeydə niyə Aşıq Ələsgərə aid geyim, başqa eksponatlar yoxdur? Mən cavab verməyə utanıram. Gərək o geyimləri, eksponatları ailəsi qoruyaydı. Eşitmişəm ki, Ələsgərin sazını oğlu aşıq Talıb kiməsə verib. Bu barədə dəqiq məlumatım yoxdur, sadəcə, eşitdiyimi deyirəm. Gərək verməyəydilər. Bu sazı evlərində saxlamalı idilər.

- Hansı aşıqların geyimləri var?

- Ardanışlı aşıq Məhəmmədəli və aşıq Niftalı Süleymanov mənə öz geyimlərini bağışlayıblar. Onların aşıq libasları tam olaraq eksponat kimi muzeydə qorunur.

 

- Muzeyə aşıqlar, şairlər gəlirmi?

 

- Muzeydə mərhum professor Qara Namazov olub. Böyük şairimiz Zəlimxan Yaqub mütəmadi olaraq muzeylə maraqlanır, mənim işimi təqdir edirdi. O, bu muzeyin yaranmasına çox sevinirdi. Hətta muzeyin dövlət himayəsinə alınması, ona qayğı göstərilməsi ilə bağlı əlaqədar qurumlara rəsmi məktub da göndərmişdi. Mərhum akademik Budaq Budaqov da sağlığında muzeyimizlə maraqlanırdı. Rəfael Hüseynov, Məhərrəm Qasımlı və digəriləri də muzeyimizə baş çəkiblər. Aşıqlar, şairlər muzeyə həmişə gəlirlər. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mənə göndərdiyi məktubda işimi təqdir edir, məni ruhlandırır. Nazir də gördüyüm işləri təqdir edir. Sağ olsunlar. İnanıram ki, nazir muzeyin qayğısına qalacaq və onu dövlət statusu almış bir muzey kimi xalqın ixtiyarına verəcək. Ümidim böyükdür.

- Bəs Aşıq Ələsgər ailəsindən hər hansı bir dəstək alırsınızmı?

- Xeyr, heç bir dəstək almıram. Aşıq Ələsgər bir nəslin babası yox, bütün Türk dünyasının babasıdır. Hər kəs Aşıq Ələsgər isrinin qorunmasına, təbliğinə ürəkdən kömək etməlidir. Mən də bu yaşımda yenə də Aşıq Ələsgər irsinin qorunmasına, onun gənc nəslə çatdırılmasına çalışıram. Mənim illər boyu topladığım materiallar, eksponatlar gələcək nəsil alimlər üçün böyük tədqiqat imkanları açır. Zəlimxan Yaqub deyirdi ki, Hüseyn dayı, sən böyük bir universitetin, akademiyanın işini görübsən. Mən bu işə ürəkdən yanaşmışam, Aşıq Ələsgərin adını, ünvanını muzeydə yaşadıram.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 18 yanvar.- S.12.