Azərbaycanın xarici ölkə muzeyləri ilə əməkdaşlıq layihələri necə icra edilir…

Əntiqə Cəbrayılova: “Qarşılıqlı əlaqələr, əməkdaşlıq layihələri muzeyləri inkişaf etdirir”

Azərbaycan muzeyləri beynəlxalq əməkdaşlığa maraq göstərən mədəniyyət qurumlarından biridir. Muzeylərimizin dünyanın əksər muzeyləri ilə əməkdaşlıq layihələri həyata keçirməsi nəticəsində muzeylər arasında qarşılıqlı əlaqələr formalaşdırılıb. Bu gün bir sıra Avropa ölkələri ilə Azərbaycan muzeyləri arasında müştərək layihələr həyata keçirilir. Bu tədbirlər nəticəsində həm Azərbaycanın muzey irsi təbliğ olunur, həm də qabaqcıl dünya təcrübəmizdən muzeylərimiz bəhrələnir.

Məlumdur ki, muzey işinin təkmilləşdirilməsi, muzeylərin beynəlxalq standartlara cavab verməsi üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Azərbaycan muzey işi ilə bağlı bir sıra beynəlxalq qurumlarda təmsil olunur və Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurası (İCOM) 1977-ci ildə təsis olunub. Bu quruma üzv olan dövlət kimi hər il Azərbaycanda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Ekspertlər bildirirlər ki, Azərbaycan muzeylərinin xarici muzeylərlə həyata keçirdiyi layihələr Azərbaycanda muzey işinə olduqca müsbət təsir edir. Muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Ekspertlərə görə, muzeylərin qarşılıqlı əməkdaşlığı, əlaqələri nəticəsində bizə məxsus olan, lakin xarici ölkə muzeylərində saxlanan tarixi eksponatlar haqqında geniş bilgi toplanır, burada o eksponatların dublikatlarını hazırlamaq imkanı əldə edirlər. Muzeylərin keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçi olduğunu vurğulayan ekspertlər qeyd edirlər ki, muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. İnsan əməyi, zəkası ilə yaradılan, qiymətli sənət əsərlərinin məbədi sayılan muzeylərin ulu babası eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaradılan qədim muzeylər sayılır. Bunların əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyaları toplanan muzeyvari təşkilatlar olduğunu deyən ekspertlər bildirirlər ki, sonradan tədricən kolleksiyaların mövzu dairəsi genişlənib, elmi, mədəni, tarixi əhəmiyyəti artıb. Sonralar bu kolleksiyalar hesabına dünyanın bu gün öz şan-şöhrəti ilə seçilən bir çox muzeylərinin əsası qoyulduğunu deyən ekspertlər qeyd edirlər ki, qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlanıb, daha sonra isə Avropanın digər ölkələrində də oxşar işlər görülüb. Qədim əsərlər, sənədlər bizə qədim dövrlərdə yaşamış insanların düşüncələri, inancları, həyat tərzləri, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bu günü anlamağımıza kömək edirlər.

Mədəniyyətşünas Əntiqə Cəbrayılova bizimlə söhbətində qeyd etdi ki, əvvəllər muzeylərə hər kəsin getmək hüququ yox idi. O qeyd edir ki, ondan yalnız dövlət rəhbərləri və alimlər faydalana bilərdilər: “1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək ictimailəşib və xalqın marağına səbəb olub. Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulub. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılıb. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşlar.

 

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb”.

Azərbaycan muzeylərinin beynəlxalq əməkdaşlığından danışan müsahibimiz vurğuladı ki, hələ 2008-ci ildə “Azərbaycan və Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq”, “Beynəlxalq layihə iştirakçılarının “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərgisi keçirilib. O qeyd etdi ki,  2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzinin və Stavanger Arxeologiya Muzeyinin (Norveç) təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında açılan “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərgi, “Azərbaycan və Norveç muzeyləri: qarşılıqlı əməkdaşlıq” adlı beynəlxalq layihə öz əhəmiyyəti ilə seçilirdi. Ekspertin qeyd etdiyinə görə, iki ölkənin muzey əməkdaşları arasında təcrübə mübadiləsi və onların ixtisaslarının artırılmasını nəzərdə tutan beynəlxalq tədris layihəsi həyata keçirilib. O dövrdə bu layihə çərçivəsində muzey kolleksiyaları ilə menecment işi, muzeylərdə etik, əxlaq təcrübəsi və o cümlədən muzeylərin öz tamaşaçıları qarşısında vəzifələri layihə iştirakçılarının müzakirəyə çıxardığı əsas məsələlər idi. “Qarşılıqlı əlaqələr, əməkdaşlıq layihələri muzeyləri inkişaf etdirir. Təcrübədə bu fond kolleksiyaları ilə iş, muzey eksponatlarının bərpa və mühafizəsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili və bədii quruluşu və tamaşaçılarla iş sahəsində təcrübə mübadiləsi kimi özünü göstərirdi.

Ölkəmizin tarixi əlaqələri barədə məlumatlarda aydın göstərildiyi kimi, bu tarixi yaxınlıq konsepsiyasınin formalaşmasında Tur Heyerdalın da böyük əməyi vardı. Dünya şöhrətli bu alim hələ keçən əsrin XX əsrin 90-cı illərində Azərbaycan və Norveç ərazisində qayaüstü təsvirlərin möhtəşəm oxşarlığından yazarkən bu ölkələrin müasir mədəniyyətində də bir yaxınlıq olduğunu qeyd etmişdi. Vernisajda azərbaycanlı mütəxəssislər – mühafizəçilər, bərpaçılar, konservatorlar, muzey direktorları Norveçin məşhur muzeyləri olan Arxeologiya muzeyi, Neft muzeyi, Uşaq muzeyi, Munk muzeyi, Vikinq gəmiləri muzeyi və digər muzeylərdən olan foto silsilələrlə Oslo və Stavangerin görünüşünü, Norveçli iştirakçılar - Stavanger Arxeologiya Muzeyinin mühafizəçisi Anne Kari Skar və Stavanger Dəniz Muzeyinin nəzarətçisi Anne Tove Austubo isə İçərişəhəri, Suraxanıda “Atəşgah”ı və ölkəmizin digər regionlarını fotolarla tamaşaçılara təqdim edirdilər”.Azərbaycan muzeylərinin Britaniya muzeyləri ilə də əməkdaşlıq etdiyini qeyd edən ekspertin sözlərinə görə, 2015-ci ildə britaniyalı ekspertlər muzey işçiləri üçün seminar-treninqlər keçiriblər. O qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin və Britaniya Şurasının (British Council) birgə təşəbbüsü ilə Azərbaycan muzeylərinin inkişaf səviyyəsinin dünyanın aparıcı muzeylərinin standartlarına çatdırılması məqsədilə muzey işçiləri üçün seminar-treninqlərin həyata keçirilməsi vacib məsələ idi. Layihənin həyata keçirilməsi ilə bağlı Britaniya Şurasının muzey, kitabxana və arxiv sahəsi üzrə regional məsləhətçisi xanım Ceyn Viksi və bu sahə üzrə mütəxəssis xanım Coanna van Milin ölkəmizə səfərini xatırladan muzeyşünas vurğuladı ki, o vaxt bu səfərlə bağlı tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edirdi ki, Britaniya Şurasının Azərbaycanda fəaliyyəti iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığa xidmət edir: “Ümumiyyətlə, bu cür beynəlxalq əməkdaşlıq işlərinin həyata keçirilməsi nəticəsində Azərbaycan muzeyləri xeyli inkişaf edib. Bilirsiniz ki, bizdə muzey işinin təşkili sovet hökumətinin ilk illərinə təsadüf edir. Azərbaycanda muzey quruculuğu işi həmişə peşəkarlar tərəfindən həyata keçirilib. Bu gün də bu sahədə peşəkarlar çalışır. Sadəcə, beynəlxalq əlaqələr təcrübə qazanmağa, müasir muzey işi quruculuğu işini dərindən mənimsəməyə şərait yaradır. Azərbaycan muzeylərinin əməkdaşlıq qurduğu Avropa muzeyləri çoxdur. Artıq uzun illərdir bizim muzeyşünaslar, muzey sahəsində çalışanlar muzey işilə bağlı beynəlxalq konfranslara, tədbirlərə qatılır, çıxşlar edir, təcrübə mübadilələrilə bağlı razılığa gəlirlər. Bir neçə il əvvəl Qətər Dövlətinin Doha şəhərindəki İslam İncəsənəti Muzeyində ərəb muzeylərinin fəaliyyətinə və inkişafına həsr edilmiş beynəlxalq konfransda Azərbaycan mütəxəssisləri də iştirak edirdilər.  Həmin tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva təmsil edirdilər. Beynəlxalq tədbirlə bağlı Azadə Hüseynova mətbuata bildirib ki, bu qəbildən konfransın ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində keçirilib. Budəfəki tədbirdə muzeylərin ölkə regionlarının inkişafına təsiri, muzeylərdəki kolleksiyaların nümayiş etdirilməsi, eksponatların tarixinin müəyyən olunması, şəxsi muzeylərin fəaliyyəti, muzey işinin daha effektiv inkişafına dair konsepsiyaların hazırlanması, müasir incəsənət muzeyləri üçün xüsusi proqramların təşkili və s. mövzular təqdim olunub, müzakirələr aparılıb”.Qeyd edək ki, sektor müdiri mətbuata  İslam İncəsənəti Muzeyində Azərbaycanla bağlı eksponatların olduğunu deyib: “Hələ 2010-cu ildə Qətərdə Azərbaycan mədəniyyət günləri keçirilərkən iki ölkənin muzeyləri arasında münasibətlərin yaradılması məqsədilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin şöbə müdiri, bərpaçı-rəssam Natiq Səfərov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynovla birgə Qətərə ezam olunmuşduq. O zaman Qətər Dövlətinin Muzeylər Birliyinin sədri Abdullah ən-Nəccar və İİM-nin rəhbərliyi ilə görüş keçirdik. Muzeydə böyük maraqla seyr etdiyimiz eksponatlar arasında Azərbaycan miniatür məktəbinin dahi nümayəndələri Soltan Məhəmməd, Mir Müsəvvir, Müzəffər Əli və Əli oğlu Qasımın əsərlərini gördükdə qəlbimizi qürur hissi bürümüşdü. Təbriz qrupuna aid Ərdəbilin “Ovçuluq”, “Ağaclı” və Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivi əsasında toxunulmuş xalçalarla bərabər, mis və gümüşdən döyülmüş, incə naxışlarla bəzədilmiş milli qablarımız muzeyin ən qiymətli kolleksiyaları sırasındadır. Lakin ekspozisiyada Azərbaycan mədəniyyəti ilə bağlı nümayiş olunan bir çox eksponatlar İran adı altında verilmişdi”.Qeyd edək ki, bu günlərdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfər çərçivəsində bu ölkənin mədəni irs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb. Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb. Ə.Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.Sözsüz ki, bu razılaşma da Azərbaycan muzeylərinin beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsində müsbət rol oynayacaq. Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyət və incəsənətinə aid xeyli sayda eksponatın xarici ölkə muzeylərində saxlandığını nəzərə alsaq, deyə bilərik ki, bu, eksponatların öyrənilməsi, təbliği istiqamətində də köklü işlər görülməsinə vasitə olacaq.

 

İradə SARIYEVA

Bakı Xəbər.- 2018.- 24 yanvar.- S.15.