Regionlarımızın daha bir qalxınma göstəricisi – qədim abidələrin bərpası…

Azərbaycan tarixinin, milli memarlığının nadir incilərindən olan türbələr böyük mədəni irsdir. Mədəni irsimizin canlı nümunələri olan türbələrə dövlət tərəfindən hər zaman qayğı, diqqət göstərilir. Azərbaycan dövlətinin səyləri nəticəsində respublika ərazisində mövcud olan türbələr restavrasiya edilir. İndiyə qədər bir neçə qədim tarixə malik türbə bərpa edilərək əvvəlki vəziyyətinə gətirilib. Bu günlərdə Bərdə türbəsində aparılan təmir-bərpa işləri başa çatıb.

Qeyd etdiyimiz kimi, ölkəmizdə tarix və mədəniyyət abidələrinin təmir-bərpa olunması, mühafizəsi və tədqiqi daim diqqət mərkəzində saxlanır. Xalqımızın yaratdığı digər maddi mədəniyyət nümunələri kimi, orta əsrlər Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsi qayğı ilə əhatə olunan tarix yadigarlarındandır.

Qeyd edək ki, türbənin bərpası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında verilən məlumata görə, bərpa prosesinə respublikanın tanınmış bərpaçıları, həmçinin, İranın Ərdəbil şəhərindən dəvət olunan mütəxəssislər cəlb edilib: “1322-ci ildə inşa edilən türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar sovet hakimiyyətinin ilk illərində dağıdılaraq yararsız hala salınıb. Bundan başqa, 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı tarix və mədəniyyətimizə qənim kəsilmiş erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilib. Ağır beton abidənin milli-tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olub. Odur ki, yeddi əsrin yadigarı olan abidənin bərpasına ehtiyac yaranmışdı”.

Qeyd edilənə görə, türbənin ətrafında yerləşən Torpaqqalada da bərpa və konservasiya işləri görülüb. Hazırda abidənin bərpası yekunlaşıb və ərazidə abadlıq işləri görülür.

Nazirliyin saytı qeyd edir ki, Bərdə rayonu tarixi memarlıq abidələri ilə zəngindir. Qeyd edək ki, Bərdə türbəsi yeraltı və yerüstü hissədən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir. Türbənin yerüstü hissəsi xatirə abidəsidir və monumental xarakter daşıyır. Kürsülüyü daşdan, gövdəsi isə silindrik şəkildə bişmiş kərpicdən hörülüb. Damı günbəz şəklindədir. Gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metr təşkil edir. Türbənin divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülüb. Bu cür orijinal hörgünün kərpiclə düzülmüş naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir. Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra isə bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Türbənin 700 ilə yaxın yaşı olduğu bildirilir.

Qeyd etdiyimiz kimi, sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunan yazılar dağıdıldığından, Bərdə türbəsinin kimin şərəfinə ucaldıldığı məlum deyil. Abidənin Elxanilər sülaləsinin üzvlərindən biri üçün tikildiyi ehtimal edilir. Türbənin üzərində “Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani” sözləri yazılıb. Bu isə tikilinin naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu göstərir.

Memar Talıb Məmmədovun sözlərinə görə, Azərbaycanda mövcud olan qədim türbələrin əsaslı şəkildə təmir-bərpa edilməsi dövlətin mədəni irsimizin qorunmasına göstərdiyi qayğının nəticəsidir. Memar vurğuladı ki, bu türbələrin qiymətli abidələr kimi gələcək nəsillərə ötürülməsi dövlətin marağındadır: “Azərbaycan dövləti tarixi mədəniyyət abidlərinin, qalaların, türbələrin restavrasiya edilməsini həyata keçirir. Son bir neçə ildə bu sahədə xeyli iş görülüb. Bir neçə türbə artıq restavrasiya edilərək xalqımızın ixtiyarına verilib. Qeyd edim ki, Azərbaycan ərazisində mövcud olan türbələrə sovet illərində birmənalı münasibət olmayıb, bu türbələrin bir çoxu dağıdılıb, bəzilərinin üzərindəki yazılar məqsədli şəkildə pozdurulub və s. Bu gün isə o türbələr Azərbaycan dövlətinin himayəsindədir. Dövlət mədəni irsimizin xəzinəsinə daxil olan türbələri yenidən xalqımıza qaytarır. Düşünürəm ki, bu çox müsbət işdir. Əsaslı təmir və bərpa edilən türbələr ölkəmizə gələn turistlər üçün də böyük maraq doğurur. Onlar bu türbələri ziyarət edərkən heyrətlənirlər. Həm o türbələrin tarixi, gözəlliyi, yenidən bərpa edilməsi onların diqqətini çəkir, həm də dövlətin bu sahəyə böyük maraq göstərməsi onların heyrətinə səbəb olur. Bilirsiniz ki, respublika ərazisində Bərdə türbəsindən əvvəl də bir neçə türbə restavrasiya olunub. Biz onlardan Naxçıvanda yerləşən qədim Qarabağlar türbəsini qeyd edə bilərik. Bilirik ki, Naxçıvan qədim memarlıq abidələri ilə zəngindir. Onu da vurğulayım ki, bu qədim diyar 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilib. Burada şəhərsalma mədəniyyətinin 5 min il yaşının olduğu artıq sübut edilib. Naxçıvanda Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranıb. Bu üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olub. Bu yurdda tarixən Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar yetişib.

Məlumdur ki, Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamından sonra tarix və mədəniyyət abidələri tədqiq edilərək pasportlaşdırılıb. Abidələrin bərpası da həyata keçirilən təqdirəlayiq işlər sırasındadır. Son illər Naxçıvanqala, Xanlıqlar kəndindəki Parçı imamzadəsi, Gülüstan türbəsi, Əlincəqala və digər onlarla abidə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilib. Zəngin tarixi-mədəni irsin daşıyıcısı olan 1200-dən artıq tarixi abidənin 57-si dünya əhəmiyyətli abidələr sırasındadır. Dünya memarlığının inciləri siyahısına daxil edilən abidələr sırasında Qarabağlar Türbə Kompleksi də yer tutur. Bu abidə orta əsr Azərbaycan memarlığının nadir sənət əsərlərindəndir.

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna, oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi hesab olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli sərəncamına uyğun olaraq, dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanıb. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılıb. Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olub. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlıdır. Şəhərin Yaxın Şərq ölkə­ləri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Bəzi mənbələrin məlumatlarına görə, şəhərin əsası XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulub. Şəhərin Elxanilər dövründə (1256-1353) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar var. Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir”.

Ekspert qeyd etdi ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. O vurğuladı ki, mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd edirlər.

Məlumatımıza görə, Əlincəqala tarixi abidəsi və Gülüstan türbəsinin bərpası uğurla həyata keçirilib.

Mütəxəssis qeyd etdi ki, Şəki abidələrinə də dövlət tərəfindən diqqət göstərilir. Şəki sakinlərinin şəhərin tarixi hissəsinin qorunmasını Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin, maddi mədəniyyət abidələrimizin qorunmasına yüksək qayğısının bariz nümunəsi kimi dəyərləndirdiyini vurğulayan memar bildirdi ki, son illər Azərbaycanın regionlarının dinamik inkişafı fonunda ayrı-ayrı bölgələrdə yerləşən tarixi mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir: “Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızın bütün regionlarındakı tarixi-dini və mədəniyyət abidələrinin qorunması, təbliği və elmi cəhətdən araşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib və görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq ayrı-ayrı abidələrimiz UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilib.

Gəncədəki İmamzadə kompleksində də əsaslı bərpa-yenidənqurma işləri həyata keçirilib. Məlumatıma görə, Gəncədə 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-i dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan İmamzadə kompleksi isə Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan İmamzadə piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. İmamzadə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi sərəncam imzalayıb. Sərəncama əsasən, 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. İmamzadənin bərpası və təmiri üçün dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Prezidentin ehtiyat fondundan 9 milyon manat, 2014-cü ilin mayında isə daha 3 milyon manat vəsait ayrıldı. Dövlət başçısı burada görülən işlərlə şəxsən bir neçə dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib”.

Qeyd edək İmamzadə türbəsində bərpa işləri “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib.

Mütəxəssislər bildirirlər ki, Azərbaycan ərazisində mövcud olan tarixi abidələrə, türbələrə dövlət tərəfindən göstərilən həssas münasibət o abidələrin gələcək nəsillərə layiqincə ötürüləcəyini deməyə əsas verir. Maddi-mədəni irsimizin dövlət səviyyəsində qorunmasının böyük hadisə olduğunu vurğulayan mütəxəssislərin fikrincə, bu abidələr dünya turistlərinin də diqqətini cəlb edir.

 

İradə SARIYEVA 

Bakı xəbər.- 2017.-  31 yanvar.- S.15.