Qoruqların ərazisindəki tarixi abidələrin pasportlaşdırılmasının hansı ümummilli əhəmiyyəti olacaq?

 

 

“Qoruqların ərazisində yerləşən abidələrin siyahıya alınması prosesi həyata keçirilib”

img

Tarixi abidələr xalqımızın mədəni irsinin əsasını təşkil edir. Bu gün Azərbaycanın hər bir yerində tarixi-arxeoloji abidələr kifayət qədərdir. Lakin indiyə qədər aidiyyəti qurumlar tərəfindən abidələrin tam olaraq siyahıya alınma prosesi həyata keçirilməyib. Mütəxəssislərin bildirdiyinə görə, hazırda reyestrə salınmayan saysız abidəmiz var ki, bu abidələrin də xeyli hissəsi sakinlərin həyətyanı təsərrüfatlarında yerləşir. Bu da çox zaman onların diqqətdən kənarda qalması ilə nəticələnir.

 

Bəzən bildirilir ki, Azərbaycanda 3 mindən artıq müxtəlif profilli abidə qeydə alınıb. Bu gün, ümumiyyətlə, qeydiyyata alınan abidələrin tam siyahısı haqqında birmənalı məlumat yoxdur. 

 

Kiçik araşdırmamız zamanı əldə etdiyimiz məlumata görə, Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin sayı 21, dünya əhəmiyyətli arxeoloji abidələrin sayı 44, ölkə əhəmiyyətli memarlıq abidələrinin sayı 141, ölkə əhəmiyyətli arxeoloji abidələrin sayı 52, ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin sayı 59, yerli əhəmiyyətli memarlıq abidələrinin sayı 156, yerli əhəmiyyətli arxeoloji abidələrin sayı isə 4-dür. Əlbəttə, bu indiyə qədər siyahıya alınan və alınmayan abidələrin tam mənzərəsini əks etdirmir.

 

Azərbaycanda bir sıra qoruqlar fəaliyyət göstərir ki, həmin qoruqlarda da müxtəlif dövrlərə aid abidələr yerləşir.

 

Məlum olduğu kimi, Dövlət Turizm Agentliyinə qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırmaq səlahiyyəti verilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb. Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib

 

Dövlət Turizm Agentliyi (DTA) hansı qoruqlardakı abidələrin pasportlaşdırılmasını həyata keçirəcək?

 

Kənan Quluzadə: “Bizim qurumun tabeliyində 7 qoruq ərazisi var və pasportlaşdırma da bu qoruqlarda həyata keçiriləcək”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qurum yalnız öz nəzdində olan qoruqlardakı abidələri pasportlaşdıracaq. K.Quluzadənin sözlərinə görə, Turizm Agentliyinin nəzdində 7 qoruq var. “Bizim qurumun tabeliyində 7 qoruq ərazisi var və pasportlaşdırma da bu qoruqlarda həyata keçiriləcək.  Bundan əlavə, ötən ilin dekabrında cənab Prezidentin qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi yaradılıb. Bu 7 qoruğun həmin mərkəz tərəfindən idarə olunması nəzərdə tutulur, onun strukturu təsdiqlənib. Burada, ilk növbədə, mədəni-tarixi irsin saxlanması, ikincisi, qoruqların turistlər üçün daha cəlbedici edilməsi, üçüncüsü isə dövlət xərclərinin optimizasiyası nəzərdə tutulur. Bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan maliyyə ilə Yanardağda yenidənqurma və bərpa işləri aparılıb. Bu ay yeni konsepsiyada Yanardağı təqdim edəcəyik. Bundan başqa, ölkə rəhbərliyinin tapşırığına əsasən, Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı xüsusi konsepsiyalar hazırlanır. Basqalın təqdimatının bu günlərdə kçiriləcəyi gözlənir, Şəkidə isə bu yöndə işlər görülür”.

 

K.Quluzadə qeyd etdi ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlar “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq  Etnoqrafiya Qoruğu,

 

Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruğudur.

 

Dövlət Turizm Agentliyinin qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırması istiqamətində görüləcək işlərə gəlincə, K.Quluzadə qeyd etdi ki, ilk növbədə, tarixi abidələrin invertarlaşdırılması keçirilir. “İnvertarlaşdırmadan sonra istifadə qaydaları hazırlanır. Bu istiqamətdə ki, dövlət təşkilatları, bələdiyyə qurumları, yerli əhali və s. tarixi abidələrin istifadəsində və qorunmasında hansı fəaliyyəti göstərə bilərlər. Belə bir məsələ var, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisndə yaşayan əhalinin sayı 14 min nəfərə yaxındır və oradakı tarixi abidələrin yarıdan çoxu fərdi təsərrüfatların ərazisində yerləşir. Bundan necə istifadə edilməsi ilə bağlı instruksiya hazırlanır. Birinci növbədə bu, mədəni irsin qorunması ilə bağlıdır. Yəni turistin gəlib-gəlməməsindən asılı olmayaraq, biz tarixi mədəni irsimizi qorumalıyıq. Digər məsələ də qoruqların turistlər üçün daha cəlbedici olmasıdır. Biz qoruqlarda yeni infrastruktur yaradırıq, burada turistlər üçün daha çox məlumat almaq imkanı olsun, rahatlıqları təmin olunsun, əyləncələrin sayı artsın. Burada, əlbəttə ki, dövlət büdcəsinin xərclərinin optimallaşdırılması da əsas götürülür. Bu qoruqların hamısı turistik məkandır, burada girişin ödənişli olması, bilet satılması məsələləri və s. var. Ordan əldə edilən gəlir hesabına isə qoruqların qismən də olsa özünümaliyyələşdirilməsinə nail olmaq nəzərdə tutulur”.

 

“İndiyə qədər agentliyin tabeliyində olan qoruqlardakı abidələrin siyahıya alınması ilə bağlı hər hansı bir addım atılıbmı”sualına cavabında K.Quluzadə bildirdi ki, buradakı abidələrin siyahıya alınması prosesi həyata keçirilib: “Qoruqların ərazisində yerləşən abidələrin siyahıya alınması prosesi həyata keçirilib. Abidələrin sayına gəlincə, bu barədə məndə konkret rəqəm yoxdur”. 

 

Əldə etdiyimiz məlumata görə, hazırda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 23 tarix-mədəniyyət abidəsi var. Digər qoruqlarla bağlı məlumat əldə edə bilmədik.

 

Aida İsmayılova “... maddi-mədəni irs nümunəsi olaraq qorunması baxımından çox böyük əhəmiyyəti var”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Aida İsmayılova bizimlə söhbətində bildirdi ki, Dövlət Turizm Agentliyinə qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırmaq səlahiyyəti verilməsi müsbət bir haldır. O hesab edir ki, agentlik tərəfindən qoruqlarda mövcud olan abidələrin siyahıya alınaraq pasportlaşdırılmasının həm milli-mədəni, həm də tariximizin, maddi dəyərlərimizin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyəti var. “Qoruqların ərazisində olan bütün abidələr pasportlaşdırılacaqsa, bu olduqca böyük əhəmiyyətə malik olacaq. Bunun nəticəsində bilinəcək ki, bu abidələr hansı dövrə aiddir, vəziyyəti necədir, onun konservasiyaya ehtiyacı var, yoxsa yoxdur. Əgər varsa, onu konservasiya edəcəklər. Qoruq ərazilərindəki abidələrin pasportlaşdırılması artıq onun dövlət qeydiyyatında olduğunu bildirəcək. Pasportlaşdırılma nəticəsində abidələrin diqqətdən kənarda qalması məsələsi aradan qaldırılacaq, abidələrin siyahıya alınması məsələsi aktuallaşacaq. Bu həm də abidələtin turizm baxımından əhəmiyyətini göstərəcək. Düşünürəm ki, qoruqlardakı abidələrin dövlət qeydiyyatına alınmasının, pasportlaşdırılmasının həm turizm, həm gələcəkdə onların tanıdılması, həm də maddi-mədəni irs nümunəsi olaraq qorunması baxımından çox böyük əhəmiyyəti var. Eyni zamanda, buradakı abidələrin respublika, regional və dünya əhəmiyyətli olması məsələsi də aydınlaşacaq və qiymətləndiriləcək. Sonradan onların qorunması, lazımi siyahılara salınması məsələsi öz həllini tapa bilər” - deyə A.İsmayılova qeyd etdi.

 

İradə SARIYEVA

 Bakı xəbər.- 2019.- 3 may.- S.6