Dövrünün qüdrətli söz fikir ustadıNəsimi zirvəsi

 

Bildiyimiz kimi, Prezident cənab İlham Əliyev 2018-ci ildə Türk dünyasının böyük, mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə müvafiq sərəncam imzalayıb. Həmin fərmana uyğun olaraq 2019-cu il Azərbaycanda Nəsimi ili olaraq qeyd edilir. Azərbaycan RespublikasıZiyalı Ocağıİctimai Birliyi öz fəaliyyətini bu fərmandan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində qurur. Təbii ki, bu işdə birliyə dəstəyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurası verir.

 

İmadəddin Nəsimi kimi söz xiridarının, fikir sahibinin, filosofun bu gün yüksək səviyyədə anılması onun əsl həqiqətdə əbədiyaşar bir şair olduğunun əyani göstəricisidir. Nəsimi bütün dövrlərin şairidir, zamanının söz sahibi, fikir sahibidir.

 

Nəsimi yaradıcılığında insan idrakı, özünüdərk anlamı xüsusi məqamda dayanır. Nəsimiyə görə mənəvi yüksəkliyin dörd mərhələsinişəriəti layiqincə mənimsəyən, seçdiyi təriqət  yolunda inamla addımlayan, onu insanlar arasında yayan, ədəb-ərkanı ilə cəmiyyətə örnək olan ən sonda, bütün həyatını, amalını ilahi eşq ilə yaşayan, çarpışan insan haqqa mütləq şəkildə qovuşacaqdır. İlahi eşqi öz həyatının kredosu seçən bəşər övladı kamillik mərtəbəsinə çatan insandır. Nəsimi hesab edirdi ki, insan yalnız yalnız idrakın ali tərbiyəsi ilə küllü kainatın sirlərindən vaqif ola bilər. Bu yolda isə ona ən yaxın köməkçi öz müəllimi, ustadı, müridi, bələdçisi olacaqdır. Fəhminə, idrakına həsəd apardığı Fəzlullah Nəimi məhz bu yolda İmadəddin Nəsiminin müəllimi-müridi olub.

 

Nəsimi ilahi eşq yoluna varanda bu yolun təhlükəli olduğunu bilirdi. O bilirdi ki, XI əsrdə sufizmin banisi Mənsur Həllacı bu təriqəti yaydığına görə edam olunub. O müəllimininFəzlullah Nəiminin edam edilməsinin dəhşətini yaşayıb. Lakin çıxdığı yoldan dönməyib, qorxmayıb. Gözlərini qırpmadan, dizlərini bükmədən dar ağacınadək məğrurcasına addımlayıb. O ölümü ilə ölümsüzlük qazanacağını da bilirdi. Şəhadətə varacağı məkanda ucalacağından da, haqqa varacağından da xəbərdar idi. Ona görə var səsi ilə bütün dünyaya:

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

 

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam, - deyərək hayqırırdı.

 

Arzusu, məramı, məqsədi insanların eyni, bərabərhüquqlu cəmiyyətdə yaşaması olan Nəsiminin buna sözün əsl mənasında, haqqı var idi. Bu böyük düha yer üzünün çiçəklənməsi yolunun kamillikdən, bütünlükdən keçdiyini  vurğulayırdı. Onun istəkləri insanlığa, cəmiyyətin çiçəklənməsinə xidmət edirdi. O hər tərəfi tutan saxtakarlığa, yalana, hiyləyə qarşı çıxırdı. İnsanları nadanlığa, cahilliyə qarşı mübarizəyə səsləyirdi. Nəsimi özü bu cahilliyin, savadsızlığın,    böhtanın qurbanı oldu:

 

Zahidin əfsanəsindən soydular nahaq məni,

 

Həq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.

 

Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,

 

Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.

 

Bildiyimiz kimi, Nəsiminin yaşadığı dövrdə Azərbaycan Teymurilərin işğalı altında idi geniş xalq kütləsi tərəfindən silsiləli şəkildə xalq üsyanları baş verirdi. Xalq boyunduruq altında yaşamağı qəbul etmirdi. Ağıllı sözün, fikrin mövcudluğu xalqı öz iradəsini göstərməyə təşviq edirdi. İmadəddin Nəsiminin bir-birindən dəyərli fikirləri bu fikirlərin toplandığı şeirlər, qəzəllər dildən-dilə düşərək, bütün Şərqi bürüyüb. Qoca Şərqin elə bir guşəsi tapılmazdı ki, orada Nəsimidən danışılmasın ondan qəzəllər, ilahilər oxunmasın.

 

O zaman bütün ədəbi-siyasi, fəlsəfi baxışları ilə düşünən beyinlərin rəğbətini qazanan hürufilik təriqətinin fəal təbliğatçısı Fəzlullah Nəimi ilə Bakıda görüş onda hürufilik haqqında böyük təəssüratlar oyadır. Nəsimi hürufilik təlimini qəbul edir.

 

Nəsimin ictimai-siyasi baxışları onun qələmə aldığı qəzəllərində özünü göstərir. Qəzəlləri ilə bərabər özü uzun, məşəqqətli bir yola çıxır. Elə bir yol ki, Nəsimini ölümsüz edəcək, edamına fərman verdirəcək, əbədiyyət üfüqlərində parladacaqdı.

 

Bir nüansı xüsusilə vurğulamaq lazımdır ki, Nəsimi Azərbaycan poeziyasında ictimai-siyasi fəlsəfənin banisidir. Şirvandan tutmuş Təbrizədək, Anadoludan Karamandan, Diyarbəkirdən, Ankaradan tutmuş Bursayadək, Hələbədək şeirləri sevilərək, dillərdə, ağızlarda gəzən Nəsimi sözünün gücü-qüdrəti bir çox elm-ədəbiyyat biliciləri tərəfindən yüksək qiymətləndirilmişdir. XVI yaşamış alim Lətifi  yazırdı ki, “Türk şeiri ilə ən əvvəl Nəsimi şöhrət tapmışdır”.

 

Allahu Əkbər, ey sənəm hüsnündə heyran olmuşam,

 

Qövsü qüzehdir qaşların, yayinə qurban olmuşam.

 

Nəsiminin bircə bu sözlərlə, bu inamla başlayan qəzəli onun dinsiz, imansız olmadığının əyani nümunəsidir. Bu misralar Nəsimiyə şər, böhtan atanlara tutarlı bir cavabdır.

 

Aydın fikir, dərin məna, rəngarəng obrazlar, bənzətmə əv məcazlar - budur Nəsimi sənətini sevdirən, onun şöhrətinə ellərə, dillərə düşürən. Onun şeirlərini oxuyan insan istər-istəməz fəlsəfi düşüncələrin təsirinə düşür, müqəddəs varlıq yaradılmışla bağlı dərin fikirlərə dalır. bu fikirlərin qoynunda axtardığını tapmağa çalışır.

 

Şair bütün kainata sual dolu nəzərlə yanaşır. Dünya insan mövzusu. Orta yüzillikləri düşündürən bu suallar şairi bütün yaradıcılığı boyu düşündürür. Nəsimi öz yaradıcılığında köhnə şərq qərb elmi düşüncəsini birləşdirən mütəfəkkir kimi ucalır. Bədii söz sənətinin bir-birindən gözəl incilərini yaradır. Azərbaycan ədəbiyyatı tarixini yeni bir üslub, deyim tərzi, yeni surət lövhələrlə zənginləşdirir.

 

Onun həyat sevgisi duyğularını əks etdirən nəğmə şərqiləri məzmunca da, dil-üslub etibarilə səmimi aydındır. Şairin bu qəbildən olan şeirlərində işlətdiyi istixarə, məcaz, bənzətmə bədii mübaliğələri çox əlvan rəngarəngdir. Ana dilindən alınan bu bədii ifadələr canlı dilimizin özü kimi aydın, gözəldir. Bulaq suyu kimi saf şəffafdır, dəniz incisi kimi parlaq dəyərlidir:

 

Üzünü məndən nihan etmək dilərsən, etməgil!

 

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

 

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,

 

Aşiqi bixaniman etmək dilərsən, etməgil!

 

Sufi dünyagörüşü ilə türk dünyasında önəmli yer tutan şairlərdən Cəlaləddin Mövlanə , Yunus Əmrə , Əlişir Nəvai Nəsimi ilə eyni dini baxışları paylaşırlar. Amma Nəsimi öz fikirlərini daha açıq hayqıraraq söylədiyi üçün onlardan daha fərqlənir. Bu məqamları Mövlanənin, Əmrənin, Nəvainin yaradıcılığı ilə yaxından tanış olarkən görmək mümkündür. Nəsiminin yaradıcılığı elmi kəşflərlə zəngin olan fikirlərə söykənir. “Sığmazamqəzəlinin təhlili dediklərimizin bariz nümunəsidir.

 

Özünün güclü sözü, dəyərli fəlsəfi fikirləri, aydın dünyagörüşü ilə zəngin poeziya nümunələri yaradan İmadəddin Nəsimi məhz bu ilahi istedadı ilə bu günümüzədək məhəbbət ehtiramla yad olunur, sevilir.

 

 

İlahə BAYANDUR (Əliyeva)

 

Tədqiqatçı

 

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi iləZiyalı Ocağıİctimai Birliyi tərəfindənNəsimi fəlsəfəsinin beynəlxalq təbliği istiqamətində tədbirlərin təşkili  layihəsi çərçivəsində çap olunur.

 

Bakı xəbər.- 2019.- 17 oktyabr.- S.14