Bərpa edilmiş tarixi abidələrdə mütəxəssisləri narazı salan məqamlar - iradlar nə qədər əsaslıdır

Fariz Xəlilli: Həqiqətən də tarixi abidələrin bərpası sahəsində problemlər var

Azərbaycanda mövcud olan tarixi abidələr tariximizin qədimliyinin və zənginliyinin göstəricisidir. Ölkəmizdə tarixin müxtəlif dövrlərinə aid abidələrin sayı həddən artıq çoxdur. Amma təəssüf ki, bu abidələrin heç də hamısı qeydiyyata alınmayıb. Başlıca problem isə qeydiyyata alınan və restavrasiya edilən abidələrimizlə bağlıdır.

Son dövrlər ölkəmizdə abidələrin bərpası həyata keçirilir. Çox təəssüflər olsun ki, bir çox halda qədim və orta əsr abidələri restavrasiya edildikdən sonra onun avrotəmir edildiyinin şahidi oluruq. Uzağa getməyək, gözümüzün qarşısında Şirvanşahlar Sarayı avrotəmir edilib, yəni burada həmin dövrə aid materiallar işlənməyib. Bu abidədə də qədimlik yox, müasirlik, orta əsr dünyasının ab-havası deyil, bugünkü atmosfer, ruh özünü göstərir.

Bir çox mütəxəssis hesab edir ki, Azərbaycanda restavrasiya edilən abidələrin əksəriyyəti bərpa standartlarına uyğun gəlmir. Əlbəttə, bu da səbəbsiz deyil. Bir sıra arxeoloq və tarixçilər hesab edirlər ki, bu gün ölkəmizdə restavrasiya edilən abidələrin böyük əksəriyyətinə naşı yanaşma var.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli də mətbuata bildirib ki, restavrasiya olunmuş abidələrin vəziyyəti çox pisdir. O iddia edib ki, adını restavrasiya qoyub abidənin tarixini siliblər.

Qeyd edilənə görə, restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və sairin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qoyaraq yenilənməsidir.

Ekspert vurğulayıb ki, ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub.

A.Məmmədli qeyd edib ki, Qax rayonunun İlisu kəndində yerləşən, bir növ, İlisunun simvolu olan Sumuq qalada aparılan restavrasiya işləri qənaətbəxş deyil. XVIII əsrə aid olan qalada Azərbaycanda, eləcə keçmiş Sovet respublikalarında məşhur olan, Yuli Qusmanın rejissoru olduğu "Qorxma, mən səninləyəm" filmi çəkilib. Bu gün filmdə gördüyümüz o abidədən əsər-əlamət qalmayıb desək, yanılmarıq.

A.Məmmədli "yayda Türkiyədən qonağım gəlmişdi. İlisuya heyran qaldı. Oranın təbiətinə, orada yerləşən abidələrə... Baxmayaraq ki, həmin abidələrin çoxu bu dəqiqə baxımsız durumdadır. Amma mən onu İlisunun rəmzi sayılan Sumuq qalaya apara bilmədim, utandım, bir növ, xəcalət çəkdim. Bu gün o abidəyə baxa bilmirəm. Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib - deyə bildirib.

Bundan başqa, ekspert qeyd edib ki, restavrasiya güdazına gedənlər sırasına Naxçıvanda yerləşən Əlincə qalasını, paytaxt Bakıda digər bölgələrimizdə yerləşən bir çox abidəni daxil etmək olar. "Necə düşünürsünüz, bunun qarşısını necə ala bilərik" sualına tarixçinin cavabı belə olub: "Biz bir vətəndaş mövqeyi ortaya qoymalıyıq. KİV, tarixçilər vətənini sevən insanlar bu işdə həmrəy olmalıyıq ki, bu işə yad olan insanlar cəlb olunmasınlar. Başda dövlət Mədəniyyət Nazirliyi bu məsələdə son dərəcədə diqqətli olmalıdır. Əks halda, digər abidələrimiz restavrasiyanın qurbanına çevriləcək. Balakəndə V əsrdə tikilmiş, Qafqazın ən böyük səddi olan 120 km uzunluqdakı abidənin bərpası ilə bağlı Mədəniyyət naziri ilə 2 dəfə görüşdüm. Memarlar gəlib, abidəyə baxış keçirdilər. Amma restavrasiya məsələsi üç ildir dayanıb. Heç bir metr yeri restavrasiya olunmadı. Mən belə başa düşürəm ki, həmin abidəyə tarixdən anlayışı olmayanları göndərəcəklər, elə bərpa olunacaqsa, heç olmasın. Heç olmasa, olduğu kimi qalsın.

Ekspert təklif edib ki, Azərbaycanda tarixi abidələr restavrasiya edilərkən onlara xüsusi münasibət olmalıdır. Bu həm ölkəmizdə turizm sektorunun inkişafına təkan olar.

Telman Kərimli: Nazirliyin icazəsi olmadan həyata keçirilən bərpa işləri zamanı nöqsanlar ola bilər bununla bağlı məlumat olursa, dərhal bu işin qarşısı alınır

MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Bakı-Xəbərə bildirdi ki, həqiqətən bu sahədə ciddi problemlər var. Həqiqətən tarixi abidələrin bərpası sahəsində problemlər var. Bunlar özünü bir sıra məqamlarda göstərir. Birincisi, kadr çatışmazlığında. Daha doğrusu, kadrların hazırlığında problem müşahidə edilir. Memarlıq abidələrinin bərpası ilə bağlı ixtisaslı mütəxəssislər azdır. Demək olar ki, onlar əsasən uyğun ixtisasa deyil, oxşar ixtisaslara sahibdirlər, onların çoxu ya davam etdirmirlər, ya da işləməyə yer tapa bilmirlər. Yəni abidələrin bərpası məsələsi adi inşaat məsələlərindən fərqlənməlidir. Tarixi, memarlıq abidələrinin bərpası işini əsasən adi inşaatla bağlı adamlar gördüyü üçün, bu cür problemlər yaşanır.

Abidələrin restavrasiyasında müasir inşaat materiallarından istifadə edilməsinə münasibət bildirən F.Xəlilli qeyd etdi ki, vaxtilə tarixi abidələrin tikintisində istifadə edilən materialları indi tapmaq çətindir, həmin materiallar burada yoxdur: Biz bir neçə dəfə ən məşhur şirkətlərin istehsal etdiyi abidələrin bərpasında istifadə edilən məhsullara internetdə baxmışıq. Həmin şirkətlərin buradakı distribütorlarına müraciət edirik, yoxdur deyirlər. İndi ən çox istifadə edilən qrasella İtaliyada istehsal olunan məhluldur, bərpa işində istifadə olunur. Amma tarixi abidələrin bərpasında istifadə edilən məhsullar Azərbaycanda yoxdur, gətirilmir. Biz gətirdikdə isə gömrükdə maneələr olur. Baxmayaraq ki, onlara biz bu materialları tədris məqsədilə gətirdiyimizi deyirik, vergi ilə bağlı problem çıxdı. Xaricdən ucuz qiymətə aldığımız məhsul burada çox baha qiymətə başa gəldi sonradan biz o məhsulu gətirmədik. Tarixi abidələrin bərpası məsələsində kadr, material problemi var, eyni zamanda da insanların özünün bu prosesi anlamasında problem az deyil. Tarixi memarlıq abidələrinə münasibətdə istər inşaat işləri görən şirkətlər, istərsə orada işləyənlər daha çox qayğıkeş olmalıdırlar. Amma onlar barmaqarası yanaşırlar. Abidənin bərpasında sementdən istifadə edirlər. Daha demirlər ki, onun tərkibində duz var, sabah bu, təbiətdəki suyu canına çəkib binanı aşındırıb məhv edəcək. Bu məsələlərə diqqət edənlər yoxdur. Ona görə bu sahədə problemlər var. Dövlət Xidmətinin o qədər çox kadrı, əməkdaşı yoxdur ki, hər yerə nəzarət edə bilsin. Bu işə mütləq ictimai nəzarət ictimai qınaq olmalıdır. İnsanlar hansısa bərpaçı şirkətin işində nöqsan görsə, mütləq o barədə aidiyyəti quruma müraciət etməlidirlər - deyə F.Xəlilli bildirdi.

Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun təmsilçisi, memarlıq üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis Telman Kərimli isə Bakı-Xəbərə bildirdi ki, təmsil etdiyi təşkilatın xətti ilə bərpa edilən abidələrlə bağlı heç bir problem yaşanmır, əsas problem Dövlət Xidmətindən Azərbərpadan xəbərsiz həyata keçirilən restavrasiya işləri zamanı baş verə bilir: Əslində, bərpa edilən obyektlərdə ilkin olaraq tədqiqat işləri aparılır, onun əsasında da layihə sənədləri hazırlanır. Amma araşdırma, tədqiqat işləri aparılmadan, layihələndirilmədən bərpa işləri aparılırsa, sözsüz ki, orada nöqsanlar olur. Tədqiqat işləri aparıldıqdan sonra tərtib edilən layihə əsasında bərpa işləri aparılırsa, nazirliyin Dövlət Xidmətində təsdiqlənirsə, biz çalışırıq ki, heç bir nöqsan olmasın. Belə hallar çox vaxt rayonlarda olur. Hansısa bir fiziki şəxs, yaxud təşkilat tərəfindən bizdən xəbərsiz bərpa işləri aparılarkən nöqsan müşahidə edildikdə bu halın qarşısını təxirə salmadan alırıq.

Nazirliyin nəzdindəki Dövlət Xidmətindən xəbərsiz yerlərdə bərpa işləri necə aparıla bilər?

T.Kərimli qeyd etdi ki, bu çox zaman təsadüfən baş verir, yəni bərpa işini aparan adam, təşkilat bunun tarixi abidə olmasından xəbərsiz olur: Tutalım, bir məsciddə bərpa işləri aparırlar, amma həmin məscidin tarixi abidə olduğunu bilmirlər. Məlumat bizə çatanda gedib görürük ki, burada xeyli görülüb, onun qarşısını alırıq. Yaxud da hansısa sahibkar bir ərazini özəlləşdirib, buradakı abidə onun şəxsi mülkiyyətinə daxil olub. Tədqiqat işləri aparılmadan, layihə tərtib edilmədən bizdən xəbərsiz orada bərpa işləri aparılır. Biz hadisə yerinə gedib onlara qaydaları izah edirik. Belə hallar olur. Biz isə həmişə onlardan tələb edirik ki, layihə olsun bərpa işləri layihə əsasında aparılsın. Bərpa işləri mütəxəssislər tərəfindən aparılmalıdır. Nazirliyin icazəsi olmadan həyata keçirilən bərpa işləri zamanı nöqsanlar ola bilər bununla bağlı məlumat olursa, dərhal bu işin qarşısı alınır - deyə T.Kərimli bildirdi.

 

İradə SARIYEVA

Bakı xəbər 2020.- 14 yanvar.- S.15.