“Çoxsaylı qəlpə
yarası ilə həyatda sağ
qalmağıma hələ də inana
bilmirəm”
Çavuş Zeynal Məmmədovu hələ Daxili Qoşunların Gəncə şəhərində
yerləşən “N” saylı hərbi hissənin patrul taborunda bölük komandirinin tərbiyə
işləri üzrə müavini vəzifəsində
xidmət etdiyim dövrdən
tanıyırdım. Bölüyün nümunəvi xidməti və intizamı ilə fərqlənən
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xatirimdə
qalmışdı Zeynal. İstər
atıcı əsgər, istərsə də manqa
komandiri kimi xidmət etdiyi dövrdə bacarığı və son dərəcə məsuliyyəti ilə
hər zaman fərqlənib.
“Poliqon”un
məlumatına görə, bu fikirləri DİN-in Daxili
Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor
Anar Əhmədovun Vətən müharibəsində qəhrəmancasına
döyüşərək yaralanmış hərbi
qulluqçularımızın həyat və döyüş
yolundan bəhs edən “Qazilərimiz” rubrikasında
çavuş Məmmədov Zeynal Gülməddin oğlundan bəhs
edərkən bildirib.
Məqaləni olduğu kimi təqdim edirik.
Tale
elə gətirdi ki, onunla bir də nə az, nə çox,
düz 9 ildən sonra Daxili Qoşunların Hərbi
Qospitalında görüşdük. Lakin
bu dəfə Vətən müharibəsinin
qəhrəman döyüşçüsü,
Şuşa uğrunda
gedən döyüşlərdə ağır
yaralanmış qazi hərbi qulluqçumuz kimi
qarşıma çıxmışdı Zeynal…
Çavuş
Z.Məmmədov 1991-cı il martın 23-də Sumqayıt
şəhərində anadan olsa da, Qazaxıstan
Respublikasının Aktau şəhərində
böyüyüb boya-başa çatıb. Orta təhsilini də məhz Aktaudakı orta məktəblərdən birində
alıb. Hələ onuncu sinifdə oxuyarkən
ali təhsilini Azərbaycanda almaq üçün doğma Vətənə qayıdan Zeynal bu arzusuna
çatmadıqda, heç olmasa hərbi xidmətini Azərbaycan
Silahlı Qüvvələrində yerinə yetirməyə qərar
verir. Beləliklə, müddətli həqiqi
hərbi xidmətini 2010-2011-ci illərdə Daxili
Qoşunların Gəncə şəhərində yerləşən
“N” saylı hərbi hissəsində keçir.
Uşaq
yaşlarından hərbi xidmətə böyük
marağı olduğundan, müddətli
həqiqi hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə
Qazaxıstana qayıtmaq istəmədiyini bildirən Zeynal qoşunların Quba
rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi
təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli
borcunu yerinə yetirməkdə davam edib. 2020-ci ilin iyul ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi
hissədə xidmətini davam etdirən çavuş Z.Məmmədov
yaralandığı günədək xüsusi
təyinatlı dəstənin həmlə qrupunda
atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi
dövrdə yüksək döyüş
hazırlığı, hərbi intizamı və nümunəvi
xidmətilə fərqlənən hərbi qulluqçu
kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı
ilə təltif edilib, eləcə də
hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə
mükafatlandırılıb.
İşğal altında olan müqəddəs torpaqlarımızı yağı tapdağından azad görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək hər bir xüsusi təyinatlı kimi Zeynalın da ən böyük arzusu olub. Məhz buna görə də Vətənə hədsiz məhəbbət və düşmənə sonsuz nifrət hissi ilə döyüşlərə qatılan çavuş Z.Məmmədov Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub. Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Lakin düşməni məhv edərək möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Acı məğlubiyyətlə barışmaq istəməyən ermənilərin olduğumuz mövqeləri minaatan və digər müxtəlif çaplı silahlardan intensiv atəşə tutmalarına baxmayaraq, irəliləməkdə davam edirdik. Buradakı bir yüksəkliyi məhz bizim qrup aldı. Bu döyüşdə dəstəmizin hərbi qulluqçularından yarımqrup komandiri kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş Abbasov Elvin Mədət oğlu isə ağır yaralandı. Onu da qeyd edim ki, oktyabrın 31-dək qrupumuz, həmçinin, işğaldan azad edilən ərazilərdə axtarış əməliyyatlarında da fəal iştirak edib. Bundan sonra növbəti tapşırığımız Şuşanın azad olunması oldu. Məhz bu baxımdan gizli yollarla düşmənin nəzarətində olan ərazilərdən keçərək, dörd gün Şuşa istiqamətində hərəkət etməli olduq”.
Daşlı-qayalı
bir ərazidə müdafiə olunaraq döyüşdükləri
mövqenin düşmən tankı tərəfindən atəşə
tutulması nəticəsində çoxsaylı qəlpə
yarası almasına rəğmən, hələ də həyatda
sağ qalmasının bir möcüzə olduğunu qeyd edən
qazimiz sonda qələbə çaldığımız
üçün böyük qürur hissi keçirdiyini
deyir: “Bizim tapşırığımız Xankəndidən
Şuşa istiqamətində hərəkət edən
düşmən qüvvələrinin qarşısını
kəsmək idi. Hələ noyabrın 5-də digər qruplarla birgə düşmənin Şuşaya doğru hərəkət
edən kolonunu – 1 ədəd PDM, şəxsi
heyət və ərzaq daşıyan 5 ədəd digər
texnikasını pusquya salıb
darmadağın etdik. Bu
zaman sağ qalıb qaçmaq istəyən erməni
silahlıları da daxil,
təxminən 103 nəfər canlı qüvvəsi cəsur
döyüşçülərimiz tərəfindən məhv
edildi. Bundan sonra bizim qrup
öz tapşırığına uyğun vaxt itirmədən
hərəkət edərək Xankəndi-Şuşa yolu üzərində özünə mövqe tutmalı idi. Bu məqsədlə
qarşımıza gizli bir
şəkildə Şuşa ətrafındakı
çətin keçilə bilən meşəli, sıldırımlı
qayaları aşmaq kimi
əsl xüsusi təyinatlı məsləyinə
uyğun bir
tapşırıq qoyulmuşdu. Üzərimizdəki
silah-sursat və bütün
ekipirovka ilə düşmənin xəbəri
olmadan, çətinliklə olsa da, yüksəklikdə
özümüzə mövqe tuta bildik.
Noyabrın
6-da təxminən saat 11:00-dan etibarən artıq Şuşa ətrafında
qızğın döyüş gedirdi. Qrupumuz ermənilərin
Şuşadakı silahlılara köməyə gələn
qüvvəsinin qarşısını qətiyyətlə
alırdı. Dəstəmizin cəsur
döyüşçülərindən baş
çavuş Kənan Kərimov və çavuş Zamiq Ağayev RPQ-7 qumbaraatanı ilə ermənilərin
2 ədəd tankını məhv etdilər.
Düşmənin canlı qüvvəsini isə biçib tökürdük.
Mən özüm snayperlə düşmənin
xeyli sayda canlı
qüvvəsini cəhənnəmə vasil
etdim. Bir müddət
sonra bizimlə açıq
döyüşə girməkdən qorxan
düşmən silah-sursatını da
atıb qaçmağa başladı. Bundan sonra uzaq
məsafədən mövqelərimizi tank
və minaatanlardan atəşə tutmağa davam etdilər.
Elə bu zaman
düşmən tankının atdığı mərmi
yaxınlığımızdakı böyük
qaya daşına dəydi. Bu
vaxt sağımda vuruşan
dəstəmizin əslən Xaçmaz rayonundan olan cəsur döyüşçüsü MAXE əsgər
Seyfullayev Fərid Xeyrulla
oğlu tank mərmisinin
və qaya daşının
qarışıq qəlpələrindən aldığı
ağır yaradan şəhid oldu. Mən isə çoxsaylı qəlpə
yarası aldım. Aramızda heç bir metr də məsafə
olmazdı. Bir anlıq şoka
düşmüşdüm. Lakin özümə gələndən sonra baxdım ki, əlim və
ayağım qan içindədir. Təsəvvür
edin, adi günlərdə
ayağımdan çətinliklə çıxan uzunboğaz çəkməmin bir tayı iplə bağlı vəziyyətdə
belə zərbənin təsirindən “yoxa
çıxmışdı”. Yaralı vəziyyətdə
meşə istiqamətində təxminən yüz
metrə kimi süründüm.
Sonra MAXE
əsgər Qafqaz Hüseynov
və digər döyüşçü
yoldaşlarım məni güllə və mərmi
yağışı altından çıxarıb,
yaralılarımızın saxlanıldığı otel kimi bir
evə gətirdilər. 3 gün burada qaldıqdan sonra,
noyabrın 9-u axşam oradan
təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə,
orada tibbi yardım
göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına,
oradan isə Bakıya, Daxili
Qoşunların Hərbi Qospitalına gətirdilər. Nə deyim, aldığım çoxsaylı qəlpə
yarası ilə həyatda sağ
qalmağıma hələ də inana bilmirəm.
Şükürlər olsun ki, həkimlərimizin sayəsində
sağlamlığım qismən bərpa olunub.
Lakin tam
sağalmağım üçün ambulator müalicəmi indi
də davam etdirirəm.
Əsas
odur ki, işğal olunmuş müqəddəs yurd yerlərimizi
yağı düşmən tapdağından azad edib, qələbə
çaldıq”.
Azərbaycan
Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci il
tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə
çavuş Məmmədov Zeynal Gülməddin oğlu
“Döyüşdə fərqlənməyə görə”,
“Füzulinin azad olunmasına görə” və
“Şuşanın azad olunmasına görə” medalları ilə
təltif edilib.
Daxili
Qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsində
“Gürzə” şərti adını daşıyan xüsusi
təyinatlı dəstənin komandiri vəzifəsini icra edən,
“Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”
və “Şuşanın azad olunmasına görə”
medalları ilə təltif edilmiş kapitan Cavid
Tağıyev (Vətən müharibəsi zamanı
Şuşa istiqamətində gedən döyüşlərdə
yaralanıb) dəstədə atıcı-snayper kimi xidmət
edən çavuş Z.Məmmədovu vətənpərvər
döyüşçü, eyni zamanda hərbçi peşəsinin
vurğunu olan nümunəvi hərbi qulluqçu kimi xarakterizə
etdi: “44 günlük Vətən müharibəsində dəstəmizin
cəsur hərbi qulluqçuları da fəal iştirak
etmiş, döyüş meydanında düşməni məğlub
edərək, əsl qəhrəmanlıq nümunələri
göstərmişlər. Bu
döyüşlərdə hərbi hissəmizin xüsusi təyinatlılarından 7 nəfəri
qəhrəmancasına şəhid olub,
28 nəfər silahdaşımız isə yaralanıb. Dəstəmizin
cəsur qazi hərbi
qulluqçularından biri də çavuş Zeynal Məmmədovdur.
Dəstəmizdə
az bir müddətdə xidmət etməsinə baxmayaraq,
nümunəvi xidməti, çalışqanlığı və
yüksək intizamı ilə kollektivin dərin rəğbətini
qazanmağa müvəffəq olub. Olduqca vətənpərvər,
vəzifə borcunu layiqincə yerinə
yetirən xüsusi təyinatlı kimi fəaliyyəti hər zaman
müsbət qiymətləndirilib. İgid
döyüşçümüz Vətən
müharibəsində qəhrəmanlıq nümunələri
göstərməklə, komandirlərin ona
olan etimadını bir
daha doğrultmuş oldu. Zeynalın timsalında bütün
qazi hərbi qulluqçularımıza
tezliklə sağlamlıqlarına qovuşmalarını
arzulayırıq”.
Sonda
bizdə dəstə komandirinin arzularına qoşularaq, adını
Vətənimizin şanlı tarixinə qızıl hərflərlə
yazan igid qazimizə bundan sonrakı həyatında ancaq
uğurlar diləyirik.
Bakı xəbər 2021.- 16 aprel.- S.12.